Mənim Şuşa dastanım
Zəfər poeması
Şuşa adlı...
Sevgili dərdim çıxır
hər yerdə qarşıma,
sevgili kədərim çökür
üz-gözümə,
sevgili gözyaşları axır
gözlərimdən,
sevgili ağrılar ağrıdır
ürəyimi,
sevgili sancılar doğrayır içimi,
sevgili ayrılıqlar sarılır
boynuma,
sevgili,
sevgili,
sevgili
hamısı Şuşa adlı.
***
Ayrılığın ilk günü...
Bir şəhər hər yerindən tərk edilirdi -
göyündən,
sularından,
yollarından, evlərindən...
Evlərin pəncərə gözləri
ayrılığa açılırdı,
ayrılıq sarmaşıq kimi
sarmışdı
pəncərələri,
qapıları,
pilləkənləri,
ümidləri...
Kiminin qayıtmağa ümidi varıydı,
kiminin yox.
Kimsə,
nə vaxtsa qayıdacaqdı,
kimsə
yox.
Bir şəhər sabahlarından
tərk edilirdi,
dünənindən,
keçmişindən
və xoşbəxtliyindən.
Daha bu şəhərin doğma sakinləri,
bu şəhərin yollarından
keçməyəcək,
o göylərə baxmayacaq,
o çöllərdə qaçmayacaq,
o sulardan içməyəcəkdi.
Çox
şeylər olacaqdı,
bu şəhər uzun bir ayrılığa qədəm qoyurdu,
bu şəhəri bütün
şəhər tərk
edirdi.
***
Bir yola çıxdıq
Bir yola çıxırdıq,
bir uzun yola.
Heç
bilmirdik bu yollar hara aparır,
hara aparacaq,
harda qırılacaq,
harda düşəcəyik yolların
təkindən,
yolların tərkindən.
Eləcə gedirdik,
qaçırdıq, yüyürürdük.
Ardımızca əcəl qovurdu
bizləri,
zaman qovurdu,
ayrılıq qovurdu,
ölüm qovurdu.
Nəyiysə çözməyə gedirdik,
anlamağa gedirdik,
vətənsiz yaşamağa gedirdik.
Getdik də...
***
Dünyadan sıyrılıb getdik,
istəmədən getdik,
istəmədən dağıldıq,
istəmədən tərk etdik...
Bizdən
asılı heç nə yoxuydu,
bir duracaq yer yoxuydu,
elə
biz də yoxuyduq.
Biz hardaydıq?
- bilmirəm.
Hara gedirdik
- bilmirəm.
- İrəlidə bizi nələr gözləyirdi
- bilmirəm
- Biz varıydıqmı
bilmirəm...
Amma deyəsən biz yoxuyduq.
***
Bu şəhərin ümidini
də öldürüb
gedirdik,
sabahlarını da öldürüb gedirdik,
elə özümüzü də
öldürüb gedirdik,
bəlkə heç bilmədən
bu şəhəri də öldürüb gedirdik.
***
Bizim ev...
Bizim ev ardımızca qaçmaq istəyirdi,
dartınırdı,
çırpınırdı,
bünövrəsində laxlıyırdı,
amma özülündən qopa
bilmirdi.
Çevrilib baxdım,
pəncərə gözlərindən yaş gəlirdi,
bacasından ah tüstüləyirdi,
divarları çat verib qopurdu,
ağrısından əyilib ikiqat olmuşdu,
yenə
də durduğu yerdən qopa bilmirdi.
Bir ev adam kimi,
atam kimi,
babam kimi ağlayırdı,
için-için,
korun-korun,
yana-yana
ağlayırdı.
O bizim eviydi,
o bizim qapıydı,
bizim pəncərəydi,
bizim uşaqlığımız,
bizim hər şeyimiziydi...
Biz bizim evdən qopurduq,
qopub uzaqlaşırdıq,
getdikcə evimiz uzaqda qalırdı,
sevincimiz,
xoşbəxtliyimiz uzaqda qalırdı,
hər şeyimiz uzaqda qalırdı.
Biz də uzaqda qalırdıq -
bizim evə,
bizim yerə,
bizim göyə,
bizim olan hər şeyə.
***
Buludların üstündən keçirdik,
buludluyduq.
Yağışların içindən keçirdik,
yağışlıydıq.
Payızların, qışların içindən
keçirdik,
payızlıydıq,
qışlıydıq...
***
Səslər, ah... o səslər
yandırırdı ürəyimi,
yaxırdı ürəyimi
- Şuşam oyy, Şuşam oyy...
Şuşam ağrıyırdı,
hər yerdə ağrıyırdı,
içimdə bir Şuşa ağrıyırdı.
Hər kəsin,
Şuşalı hər kəsin
içində,
gözündə,
könlündə bir Şuşa ağrıyırdı,
dağınıq yollarda min Şuşa
ağrıyırdı.
***
Gedənlərin ardınca su səpən də olmadı,
buludlar
da içində ağladı,
Şuşa da içində ağladı,
ağaclar da,
sular da içində ağladı.
Sular içində ağladı.
***
- Sən bilirmisən, dostum,
Şuşa
yetim qaldı, dedim
- Biz də Şuşadan yetim qaldıq, dedi.
- Biz Şuşasız öləcəyik,
dedim.
- Biz artıq ölüyük,
dedi.
***
Zamana
dur, dedim,
zaman dayanmadı.
Dumana çəkil, dedim,
duman çəkilmədi.
Həsrətə bit, dedim,
həsrət bitmədi.
Ağrıya səngi, dedim,
ağrı səngimədi, səngimədi…
***
Bir şəhərin ağrısı,
zamanın ağrısıydı,
zamanın ağrısını çəkdik.
Bir şəhərin ağrısı,
sabahların ağrısıydı,
sabahların ağrısını çəkdik.
Bir şəhərin ağrısı,
yolların ağrısıydı,
yolların ağrısını çəkdik.
Ağrıları rəsm kimi çəkdik taleyimizə,
şeir
kimi çəkdik gözlərimizə,
musiqi kimi çəkdik duyğularımıza.
Bir şəhəri çəkdik
ayrılıqlara.
***
Kimsə
söylədi ki, biz dönəcəyik,
yenidən o yollarda yüyürməyə,
biz dönəcəyik yenidən
sevilməyə, sevməyə,
biz dönəcəyik yenidən
yaşamağa,
yenidən var olmağa.
Biz dönəcəyik, yenidən
doğulmağa.
***
Kimsə
söylədi ki, kaş
əcdadlarımızın
qəbirləri
sağ qalaydı.
Qəbirlər sağ,
ağaclar sağ,
evlər
sağ qaldımı?
Yoxsa qəbirlər də öldü?
Yoxsa başdaşları da öldü?
Yoxsa qəbirləri də öldürdülərmi?
***
Döndüm ki, qəbirlər arxamızca
boylanır,
döndüm ki, başdaşlarının gözlərindən yaş
gəlir,
döndüm ki, Şuşa boyda
qəbristanlıq yalqız
qalıb.
Şuşanı da götürmək istədim,
özümlə aparmaq istədim,
amma qollarımın arasından
yağış
kimi axdı, Şuşam.
***
Dedim ki,
ay Şuşam xoşbəxtlik
bildiyim sənsən,
anam dediyim sənsən,
sevgi bildiyim sənsən,
yaşam
bildiyim sənsən -
öldüyüm də sənsən.
***
Bu dəm anam dilləndi,
həm də necə dilləndi,
- Səni Allaha əmanət verirəm, Şuşam.
Analar Şuşanı Allaha əmanət etdi.
Allah bu əmanəti
nə vaxtsa geri qaytarmalıydı,
nə vaxtsa...
Şuşa anaların əmanətiydi
Allaha!
***
Sonra şeirlərə sığındım,
sətir
aralarında ovundum,
anamın
dizlərində təsəlli
tapdım.
Anam Şuşaydı,
analar Şuşa olmuşdu bu ayrılıqda
...Şuşalar hər yerdəydi,
içimizdə, çölümüzdə,
Bakıda,
Almaniyada,
Amerikada,
Türkiyədə,
Hər yerdə, hər yerdə...
***
Çinardan keçən bir
qatar da varıydı,
bizi arzularımızın arxasınca
aparan qatar.
O qatar gəlməliydi,
bizi Ağdama,
Ağdamdan Şuşaya aparmalıydı.
Amma bu özləm, bu həsrət çox çəkirdi,
bir ömür çəkirdi,
bir qərinə çəkirdi,
qatar gəlmirdi...
Şuşadan başqa bizi gözləyən yoxuydu,
amma Şuşanı gözləyənlər
çoxuydu, lap çox.
***
Telefonum
zəng çaldı,
dostumuydu,
- Elçin, Talıb əminin oğlu Leysan da,
- Nə, Leysan?
- Hə, Leysan da,gözləmədi o qatarı,
- ...
- Amma o qatar gələcək, mütləq gələcək
...
Biz Ağdamda düşüb,
ordan o vaxtkı kimi Şuşaya gedəcəyik,
Leysan getməyəcək
- Əbülfət də,
- Seyid Fikrət də,
- Qəmər nənə də,
- Atalarımız da getməyəcək.
- Eh, dostum, eh! Bəs Sabir nədən öldü?
- Şuşasızlıqdan!
***
- Şuşa qayıdacaq, dostum, mütləq qayıdacaq
...biz o qayıdışı görəcəyik,
biz Şuşaya gedəcəyik,
Şuşaya Salam deyəcəyik,
Sabirin adından,
Vaqif müəllimin adından,
Qəmər nənənin adından,
Səfurə xalanın adından
...şəhidlərin adından.
***
İtən illərin ardından,
qeyb olan ömürlərin ardından,
yoxa çıxan xoşbəxtliklərin
ardından
bir uşaq qaçır,
bir uşaq yüyürür mən adlı,
Qəmər nənəsi uzaqdan
o uşağı səsləyir
- Elçin, Şuşa səni çağırır!
***
Səhər yola çıxırıq,
Şuşaya gedirik, dedi dostum.
Bilirdim gedəcəyimi,
amma həm də bilmirdim sanki.
Şuşa bizi gözləyirdi,
Şuşa gedənlərini gözləyirdi,
Şuşa balalarını gözləyirdi.
…Şuşa geri qayıtmışdı.
Şuşa qanlar bahasına
azad olmuşdu,
Şuşa azadıydı.
Biz azad Şuşaya gedirdik.
Anam ağlayırdı, qızım
ağlayırdı,
can dostum
ağlayırdı,
Şuşa ağlayırdı.
Ağlama,
dedim Şuşam.
Biz gəlirik, gəlirik gözlərinin yaşını
silməyə,
gəlirik qoxunu almağa,
gəlirik sənə qurban
olmağa.
Qurbanın olum, Şuşam!
***
Hərəmiz ayrılıqda bir
Şuşa hekayəsi
yaşadıq,
bir Şuşa nağılı
dinlədik,
bir Şuşa dastanı oxuduq,
bir Şuşa şeiri yazdıq,
bir Şuşa əlifbası
öyrəndik -
ayrılıqların əlifbası!
***
Həqiqətə gedən yoldaydıq,
sevgiyə gedən yoldaydıq,
uşaqlığa gedən yoldaydıq,
Şuşaya gedən yoldaydıq...
***
...Neçə illərin həsrətindən sonra,
neçə ömürlərin ayrılığından
sonra,
neçə ayrılıqların ağrısından sonra
Şuşaya çatdıq.
Şuşa qucaq acıb bizi qucaqladı,
yüzlərlə, minlərlə Şuşa
bir Şuşaya qovuşdu,
vətən bütün oldu,
vətən tam oldu,
vətən bir can oldu.
Şuşa atam kimi ağladı,
- can Şuşam!
***
Dedim görən, evimiz yerindəmi?
Yerindəydi.
Dedim, görən Cıdır düzü yerindəmi?
Yerindəydi.
Dedim görən məscidimiz yerindəmi?
Yerindəydi.
Dedim görən, o qəbristanlıq
yerindəmi,
dedim görən yolumuz yerindəmi?
Yerindəydi, yerindəydi.
Bircə
Şuşadan gedənlər
yerlərində deyildi,
hərəsi uzaqlarda, lap uzaqlarda
qəbir
olub qalmışdılar.
Qəbirlərdən də Salam aparmışdıq Şuşaya!
***
Bir vətən necə sevilir?
Səndən sonra anladıq.
Bir vətənin adı necə sevilir?
Səndən sonra anladıq.
Səndən sonra çox şeyi anladıq…
Anladıq ki, Şuşa həm
də səsdir.
Cıdır düzünün, Xarı
bülbülün səsi,
keçmişimizin, əcdadlarımızın səsi
musiqinin,
şeirin səsidir.
***
Vətəni sevmək çox
şeyi öyrədir
adama,
onu qorumağı öyrədir,
onun uğrunda vuruşmağı,
onun uğrunda ölməyi öyrədir.
Səndən gedənlər ruh
olub qayıtdılar,
səndən gedənlər ölüb
qayıtılar,
səndən gedənlər Şuşa
olub qayıtdılar, Şuşam!
Elçin İSGƏNDƏRZADƏ
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, ¹42-43.- S.4-5.