Bakı səni heç zaman unutmayacaq, əziz dost!
Aleksandr Qriçin xatirəsinə
Oktyabr ayının 30-da günəşli bir gündə acı bir xəbər məni büsbütün sarsıtdı, sinəmi göynətdi: Moskvada yaşayan dostum, keçmiş bakılı Saveli (Sava) Kolmanovski zəng vurub dedi ki, Amerika Birləşmiş Ştatlarının uzaq Los-Anceles şəhərində yaşayan yaxın dostumuz Aleksandr Qriç (Saşa) vəfat edib. Telefon əlimdə qurğuşuna döndü.
Dost itkisi həmişə ağır olur, yaşın səksəni haqlayanda ikiqat ağır olur; dostların sayı getdikcə azalır, illərlə qazandığın qəlb sirdaşlarını itirirsən bir-bir...
...Biz onunla 48 il əvvəl tanış olmuşduq - 1976-cı ildə. Yəqin adi bir təsadüf nəticəsində Yazıçılar Birliyinin o zamankı sədri İmran Qasımov hər ikimizin eyni gündə - yanvarın 20-də əmrimizi verib işə götürmüşdü: məni "Azərbaycan" jurnalının tənqid şöbəsinə, onu - "Literaturnı Azerbaydjan" jurnalının tənqid şöbəsinə.
İstiqanlı oğlandı; tanışlığımızın təşəbbüskarı o oldu. Elə ilk gün işdən sonra Malakan bağına gedib, tennis stolu arxasında "sınadıq" bir-birimizin xasiyyətini... Sonra da yaxınlıqdakı qəlyanaltıda "rəsmiləşdirdik" münasibətimizi.
Az bir vaxtda, sanki illərin dostuymuşuq kimi, dərdləşir, probemlərimizi bölüşürdük. Əlbəttə, bu münasibətlərimizin əsasında nə tennis stolu, nə də qəlyanaltılar dururdu; mənəvi bağlardı, mənəvi yaxınlıqdı bizi doğmalaşdıran.
Aleksandr Qriç istedadlı insandı, yaradıcılıq diapazonu da çox genişdi. "Vışka" qəzetində çalışdığı bir neçə il kifayət etmişdi ki, kəsərli qələmi olan bir jurnalıst kimi bütün respublikada tanınsın. "Literaturnı Azerbaydjan" jurnalına keçdikdən sonra isə yazıçılar mühitində həm jurnaldakı fəaliyyətinə, həm də Azərbaycan poeziyasından etdiyi tərcümələrə görə böyük hörmət qazanmışdı. Şairlərimiz, başda Rəsul Rza, Süleyman Rüstəm olmaqla, Bəxtiyar Vahabzadə, Fikrət Qoca öz əsərlərinin tərcüməsini ona etibar edirdilər. Qriçin tərcümələri arasında xeyli nəsr əsəri də var. Süleyman Rəhimov, Sabir Əhmədli, Mövlud Süleymanlıdan irihəcmli bir neçə əsəri peşəkarlıqla rus dilinə çevirib. Onun tərcümələri Azərbaycan xalqının məişətinə, obrazların milli xüsusiyyətlərinə yaxından bələd olması ilə fərqlənirdi. Saşa Bakıda anadan olmuşdu. Bakıda 6 nömrəli məktəbdə oxumuşdu.Və dünya şöhrətli Neft Akademiyasını bitirmişdi. Milliyyətcə yəhudi olan Qriç əsl bakılı idi. O, bütün həyatı boyu Azərbaycan mədəniyyətini, Azərbaycan ədəbiyyatını təbliğ edib. Hüseyn Cavid, Mikayıl Müşfiq kimi klassiklərimizi sevə-sevə, böyük məhəbbətlə rus dilinə çevirib; mən bunun canlı şahidiyəm. Aleksandr Qriçlə mənim dostluq münasibətimdən başqa, uzun illər yaradıcılıq əməkdaşlığımız da olub. Bu əməkdaşlıq onun mənə işlədiyi jurnal üçün tənqidi məqalələr sifariş verməsi ilə başlamışdı. Özü də bu məqalələri o, mənə təkidlə, rusca yazdırırdı. Məni inandırmağa çalışırdı ki, sənin çox normal, hətta deyərdim ki, özünəməxsus ruscan var, sadəcə, mən səni yüngülvari redaktə edəcəm, vəssalam.
Yazırdım, o da əl gəzdirib
çap edirdi. Bu minvalla
"Lit. Azerbaydjan"da rus
dilində bir neçə yazım çıxdı. Məni
o, redaksiyalarında təşkil
etdiyi "Dəyirmi
masa" ətrafında ədəbiyyatımızın
aktual problemlərinə
həsr olunmuş söhbətlərə də
dəvət edirdi. Nəhayət, bir gün mənə birlikdə Azərbaycan Dövlət Televiziyasında
veriliş aparmağı
təklif edəndə
başa düşdüm
ki, bu neçə ili mənə rusca məqalələr yazdıra-yazdıra o, məni
televiziya ilə rus dilində veriliş aparmağa hazırlayırmış. Qriç
- Saşa belə dost idi; belə İnsan idi.
Həmişə mənə deyərdi:
- Bilirsən, İntiqam,
biz jurnalımızda Azərbaycan
ədəbiyyatını yaymaqla,
onun gözəlliklərini,
incəliklərini oxuculara
çatdırmaqla məşğul
oluruq. Bu işi televiziya ilə görsək, daha səmərəli olar.Televiziyanın yayım
imkanları, özün
də yaxşı bilirsən ki, daha genişdir. Bir də, rusdilli tamaşaçıların
da zəngin Azərbaycan
ədəbiyyatı ilə
tanış olmağa
haqları var...
O zaman Qriç bu barədə çox danışdı; bilə-bilə
ki, dediklərinə heç
bir etirazım yoxdur... Amma məqsədi başqa idi; məni rus dilində
veriliş aparmağa razı salmaqdı.
Nəhayət, razılaşdıq... İlahi, o necə xoşbəxt idi. Televiziyada veriliş aparmaq Saşanın ən böyük arzularından biri idi. Düz 13 il, ara vermədən biz hər ay efirə çıxırdıq. Bu 13 ildə
Azərbaycan televiziyası
tamaşaçılarına "Bayatı" adlı ədəbi televiziya almanaxının 158 sayını
təqdim etdi. Bu ardıcıllıq, yalnız
Qriçin inadkarlığı
sayəsində mümkün
olurdu. Mən bir neçə dəfə redaktorların
naşılığından, Azərbaycan ədəbiyyatını
kifayət qədər
bilmədən verilişə
müdaxilə etmələrindən
təngə gəlib studiyanı tərk etmişdim. Saşa təmkinini itirməyib çəkilişi müvəqqəti
- 2 saatlığa dayandırıb,
fasilə istəmiş,
qəzəbim nisbətən
soyuyandan sonra məni studiyaya qaytarmışdı. İllər
arxası mən indi dostumun nə
qədər haqlı olduğunu başa düşürəm.
1992-ci ildə Qriç ailəsi ilə birlikdə Bakını tərk etdi. Seçimi Amerika Birləşmiş
Ştatlarının Los-Anceles
şəhəri idi.
O, vətəni Azərbaycana,
Bakıya, yaşadığı
küçəyə, binaya,
mənzilə çox
bağlı bir adamdı. Ən əsası da, dostcanlı
bir insandı. Hər şeyi qoyub çıxıb getmək?
Məni zəng vurub evlərinə dəvət etdi. Getdim. Xeyli söhbət etdik. Bakıdan getməyinin səbəbini mənə söylədi. İndi, Saşa bu dünyada yoxkən, ondan iznsiz bu səbəbi açıb deməyi düzgün hesab eləmirəm. Bircə onu deyə bilərəm ki, onun xətrinə doğma Bakısında çox bərk dəymişdilər, pis təhqir etmişdilər; alçaltmışdılar onu. Nə qədər elədimsə, fikrindən daşındıra bilmədim. Dedi: "Bakı artıq mənim şəhərim deyil".
Vida günü gəlib çatdı. Köhnə dostlarından Bahadur Qayıbovla Saşanı yola salmaqçün aeroporta gəldik. Keçirdiyim hissləri qələmə almaq, düzü, çətindir mənə.
Ağır keçən
belə bir ayrılıqdan 2 il sonra Qriç Bakıya gəldi. Sonra bir də gəldi; arvadı Lyuda ilə... Və mən başa düşdüm ki, dünyanın
ən zəngin, ən məşhur şəhərlərindən biri
olan Los-Ancelesdə yaşasa da, Saşa Bakısız dura bilmir; ömrünün axırına
kimi də Bakı üçün, Əzizbəyov küçəsindəki
qotik üslubda tikilmiş evləri üçün burnunun ucu göynəyəcək.
Bu ev də, üstünə zəmanənın
rəngi çökmüş
daş divarları da hər axşam Qriçin yolunu gözləyəcək...
Uzun illər ürəyimdə
gəzdirdiyim bir gizlini bu gün
açmaq istəyirəm:
düzü, bir neçə il Saşanın
yolunu gözləyirdim.
Xüsusən, 1990-cı ilin
ortalarında və sonunda; ta ki, 2005-ci ilə kimi. Bu, o dövr idi ki, Qriç Los-Anceles-Bakı yolunu su yolu
eləmişdi; Azərbaycanın
ümummilli lideri, Prezident Heydər Əliyev haqqında 5 seriyalı film çəkirdi.
1997-ci ildə o, hətta
Azərbaycan Prezidenti Heydər Əliyevi iyulun 27-si, avqustun 6-sı tarixində İtaliya və Amerika Birləşmiş
Ştatlarına rəsmi
səfərlərində müşayiət
etməyə dəvət
olunmuşdu. Amerikada Heydər Əliyev çıxışlarının birində Qriç haqqında demişdi:
"...Onun Azərbaycan
mədəniyyəti sahəsində
xidmətləri danılmazdır.
Bizim ana dilimizi, ədəbiyyatımızı yaxşı
bilir. Bu yaxınlarda
o, Bakıya gəlmişdi,
mənimlə görüşmüşdü.
Mən onu özümlə nümayəndə
heyətinin tərkibində
bura (Amerikaya -
İ.Q.) gətirdim".
Heydər
Əliyev haqqında həmin filmi - "Prezidentin
qeyri-rəsmi portreti"
filmini Qriç tamamladı da, film Heydər
Əliyevin 75 illik yubileyi ərəfəsində
nümayiş də etdirildi və Prezident tərəfindən
yüksək qiymətləndirildi
də. Serialın azərbaycanca diktor mətnini yazmağı Qriç məndən xahiş etmişdi. Belə ki, az da olsa, həmin serialda mənim də xidmətim var.
Bir neçə il sonra -
2004-cü ildə Qriç
ümummilli liderimizə
"Həyat, tale və
epoxa" adlı daha bir sənədli
film də həsr etdi.
İllər ötür, yaş
üstünə yaş
gəlirdi; 60; 70; 75... Saşa
Bakıya daha az-az gəlirdi; tədbirlərə dəvət
olunanda. Bizim telefonla əlaqələrimizin
sayı isə artmışdı. Təxminən
son iki ildə mən onun səsində,
danışığında nəsə, bir dəyişiklik hiss edirdim.
Amma heç nə demirdi. Əhvalını
da soruşanda: " ...hər
şey yaxşıdır,
hər şey qaydasındadır", - deyirdi.
Amma qaydasında deyilmiş;
Saşa ağır xəstə imiş, mənim fikir eləməyimi istəmirmiş...
3 noyabr 2023-cü il
Xəstə olduğunu bilsəm
də, onun ölüm xəbəri gözlənilməz və
ağır oldu; məni büsbütün
sarsıtdı, sinəmi
göynətdi.Telefon əlimdə qurğuşuna
döndü...
İntiqam Qasımzadə
Ədəbiyyat qəzeti.- 2023.- 4
noyabr, №42-43.- S.8.