Külli-aləm,
bəni-Adəm,
göyün yeddi qatı,
torpağın altı...
hansı
bilər? -
görən, Allah təkdi,
yoxsa, Onu təkləyiblər?..
***
Şəhərə duman yağıb,
elə bil yumurtanın sarısını çıxarıb,
yerinə
Bakını salıblar,
hər yan
ağ,
ağ,
ağ...
Küçədə üç adamla
öpüşdüm bu gün.
biri də adımı düzgün demədi,
duman,
yağ,
yağ,
yağ...
***
"İnsan
niyə ikiüzlüdü, axı?!" -
ilk dəfə
sevdiyinin
o üzündən,
bu üzündən öpəndən
sonra
üçüncü üzünü
axtarmışdı
dodağı...
***
Baxırsan
ki:
axşam
yazdığı iki sətir
səhər müəllifə qoşulub
çörək dalınca gedir...
Baxırsan ki:
Yer adlı bu şar
hələ çox hərlənəcək
nə qədər ki,
təzyiqi var...
Baxırsan ki:
əməllicə uzanıb ömür
-
deyirlər, daha heç kəs
bir-birindən ötrü ölmür...
Baxırsan ki:
dünən bir baxışa
bənd olanlar
bu gün əsiridi baxış sayının,
İlahi,
bağışla,
bu gəlişimdə imkan olmadı -
nə sənin üzünü doyunca görüm,
nə də dünyanın...
***
Dünyanın
o başında -
səni
neçə şahlar
satıb,
Qadın,
necə
şairlər qələmə
alıb,
səni
bütün kişilər
sevib-aldadıb,
Qadın...
Dünyanın bu başında
-
mənə ancaq üzr istəmək qalıb
sənin qarşında...
***
Dünən
bir yağış yağdı -
Uşaq
noğulu,
damlaları tərli,
yol yorğunu;
Yerə
düşən kimi
biri qaçıb
dənizin kirli üz-gözünü
təmizlədi,
islanmasın deyə,
tindəki heykəl
əlindəki kitabı
qoltuğunda gizlədi...
Deyirəm, imkan olsa,
bir gün yığışıb
-
mahnı
kimi
təzədən sifariş verək
bu yağışı!
Dünən bir yağış
yağdı -
dizimdəki quru yelə,
adam qocalanda
axsamır ha,
sadəcə, ayağını sürüyür
son mənzilə...
***
Mənimki
tək adamlarla yox,
heç
heyvanlarla da tutmur...
Bir məktəb payızı
-
kəndimizdən köçməsinlər deyə
qara daşı o üzünə
çevirdim,
amma durnalar geri dönmədi...
Bir əsgər yayı -
azdığım səhrada
boz küçüklə rastlaşdıq
-
mən sevincdən hürdüm,
amma o, şeir demədi
(ta üçüncünü dənəmədim)...
İndi axşamlar
sahilə
gedirəm,
oturub qumun üstündə
dənizdə batan
qayaya dua edirəm...
Qulu
Ağsəs
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, ¹42-43.- S.11.