Məmməd İsmayıl poetikasının özəlliyi
Ustad şairimiz Məmməd İsmayılın noyabrın 1-də 84 yaşı tamam oldu. Mən onun əsərlərində, şeirlərində doğma Azərbaycan türkcəsini sevmişəm, mən Məmməd bəyin şeirlərində Vətən hayqırtısını duymuş,
obrazlı
desəm, Vətənə sevgi dolu misralarında böyük Turana yollanmaq üçün "kimlik vizası"nı almışam. Məmməd İsmayıl ruhu ilə,
canı ilə, sözü ilə əsl Vətən şairidir.
Ömrü
boyu
şeirlərini,
həm də taleyin diqtəsi ilə
yazdığını nəzərə alsaq,
Məmmədi Tale şairi də
adlandırmaq yerinə düşər. Zəngin ədəbi irs yaratmış Məmməd bəy bu gün xəstəhal olsa da, nəhayət ki, uca Tanrımızdan şəfasını bulmaqda və
sağalıb Vətənimizə
dönməkdədir.
Məmməd bəyin yaradıcılığına olan sevgimdən dolayı
ona həm şeir ithaf etmiş,
həm də barəsində
"Sətirlər" verilişinin ssenarisini yazmışam. Eyni zamanda bu günlər işıq üzü görəcək "Tale şairi:
Məmməd İsmayıl" adlı
xatirə-romanın da müəllifiyəm. Şairin doğum günü ərəfəsində
isə onun sırf yaradıcılıq xüsusiyyətlərinə
ötəri nəzər salmaq,
habelə
Məmməd İsmayıl poetikasının özəlliyindən bəhs etmək istəmişəm. Bu araşdırma,
təhlillərdən ibarət yazımı ilk dəfə olaraq məhz
"Ədəbiyyat qəzeti"nə təqdim edir, ustad şairimizə
doğum günündə
hüzurlu və
sağlıqlı
ömür diləyirəm.
Doğum günü ərəfəsində könlümdən keçdi ki, sevimli şairimizin poeziyasından, əsərlərinin poetik xüsusiyyətlərindən bir balaca laf edim. Məmməd İsmayıl şeiriyyatından yaza bilmək, həm Azərbaycan, həm də dünya poeziyasının dərin qatlarına vaqif olmağı şərtləndirir. O, öz şeirlərinin xüsusiyyətinə söhbətlərimizin birində ötəri də olsa, eyham vurmuşdu. Yaddaşımda qalan ən əsas məqam bununla bağlıdır ki, lap gənc yaşlarından Aşıq Ələsgər dəryasına baş vurmaqda mahir olub.
Bununla da klassik aşıq şeiriyyatından bəhrələnməsi, şairin şeirlərinin kamil səviyyəyə çatması ilə nəticələnib. Mübaliğəsiz bu, belədir. Çətin mətləbləri, çoxqatlı, çoxmərtəbəli fikirləri asan deyim tərzi, rəvan şəkildə izhar etmək xüsusiyyəti Məmməd İsmayılın məhz ənənəvi poeziyamıza vaqifliyi ilə bağlıdır.
Yaradıcılığında dastançılıqdan, bayatılarımızdan, xalq nəğmələrimizdən gələn irsin çağdaş poetik təfəkkürlə çulğalaşdığını görəndə, ortaya müəzzəm bir mənzərə çıxır.
Şübhəsiz ki, burada Tovuz danışıq dilinin, o yörəyə xas - ümumən, Qazax, Gəncə, Şəmkir bölgələrinə aid dialekt sözlərin misralara yol açması, Məmməd İsmayıl şeiriyyatını şəhdi-şirəli, koloritli və axıcı edir. Bu, böyük mirasdır ki, bu mirasa sahiblənmək yolunda Məmməd bəy papağını boşuna günə yandırmayıb, ciddi-cəhdlə özünü məhz bu formada ifadə etməyi bacarıb.
Bu şeirlərin gözəl, oxunaqlı olmasında Məmməd İsmayılın alimliyinin də payı böyükdür. 1998-ci ildə filologiya elmləri namizədi olmuş Məmməd İsmayıl, həm də Türkiyə "Çanaqqala 18 Mart Universiteti"nin professoru kimi əsərlərindəki siqləti, sanbalı tək şair qalxanı ilə deyil, paralel qaydada, həm də alim qələmi ilə mühafizə edib. Şairin fikirlərində ağır məna yükü oxucunun təfəkküründə ağır daş kimi asılıb qalmır, əksinə, rəvan deyim tərzi, sığallı, tumarlı söz düzülüşü ilə aydınlığa qovuşur. Məmməd İsmayıl poeziyasında gəlişigözəl sözlər, misralarının axıcılığı oxucunu aldatmağa hesablanmayıb, yəni, lazım gəlsəydi, bu poetik fəndlərdən istənilən qədər istifadə edər, bu "aldanış"dan kiminsə, tükü də dəbərməzdi. Zira, o, şeir yazmağın qaydalarını, şablon struktur üzərində işləmək üsullarını dərindən bilir və onun üçün şeir qurmaq bir su içimi qədər asandır. Amma bu yolla getməyib, əksər şeirlərinin ilhamla, təblə yazılmasına rəğmən, misraları məna və məzmun qüvvətindən xali qalmayıb. Şairin hər bir şeirində təzə söz, yeni ifadə və deyim vasitələrini görmək mümkündür.
Təsadüfi deyil ki, mütəfəkkir şairimiz, ruhunu hörmətlə andığım Bəxtiyar Vahabzadə Məmməd İsmayılın 50 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə onun misralarını təhlil edərkən, bu özəllikləri xüsusi vurğulamışdı.
Bəxtiyar müəllimin fikri
belə idi:
"Bura gəlməmişdən qabaq
Məmməd İsmayılın
kitablarını varaqladım və bir neçə misal
götürdüm: insan yaşlananda oğul-uşaq
asılır şairin çiynindən və onu
uçmağa qoymur. Bunu poetik şəkildə bu cür deyir
Məmməd İsmayıl:
Dönər
budaqlara ömrün illəri,
Asılar
çiynindən oğul-uşaqlar.
Yəni,
oğul-uşaq səni çox da uçmağa qoymur, deyir,
"hara gedirsən, məni dünyaya gətirmisən,
yaşatmalısan".
Yaxud da
1941-45 davasından sonra namuslu
qadınlarımız kişi nəfsini öldürdülər,
övladlarını böyütdülər, mən bunu proza
ilə deyirəm, görün, şair necə deyir?
Ağlımız
təzəcə kəsirdi onda,
Bir həsrət didirdi ürəyimizi.
Bir ad dolaşırdı söz
arasında,
Ümiddən asılan qılınc
kimiydik.
Analar
qınından sıyırıb bizi
Qoymuşdu nəfsiylə öz
arasında.
Bu yerlə, bu göylə, bu dünya ilə,
Eşqiylə, əhdiylə öz
arasında.
Şeiri
bu cür yazarlar, sözü belə deyərlər.
Bir misal da gətirim:
Bir
qızı sevəndə necə deyirik? Ay qız, "səni
sevirəm". Bəs, xalq nə cür deyir?
Əzizim,
mənəm sənsiz,
Deyib-gülmərəm sənsiz
Dağda
ahu mələsə,
Bil ki, o
mənəm, sənsiz.
Görün
şair Məmməd İsmayıl necə deyir?
"Ürəyim bir gözələ müstəmləkə".
Görün, necə müasir deyim tərzidir.
"Müstəmləkə - yəni
tutub ürəyini".
Bəxtiyar
Vahabzadənin bu qısa təhlili ilə Məmməd
İsmayıl poeziyasına böyük pəncərə
açmaq mümkündür. Doğrudur, o pəncərə
pərdəsiz deyil, gərəkdir ki, pərdəni
qaldırıb, geninə-boluna o şeirlərin mənasından
hali olasan. Bunun üçün özünə
qayıdışımız əsas şərtdir. Folklorumuzu
bilmək, zərbi-məsəllərə, atalar sözlərinə,
nağıllara, el təfəkküründən
süzülüb gələn deyim və dialekt sözlərimizə,
ədəbi dilimizin normalarına yaxşı bələd
olmaq, o pəncərələrin taybatay açılmasına
zəmanət verir. Bu halda, Məmməd İsmayıl
poeziyasının təqdirə-şayan tərəfləri
görünməyə başlayır. Məmməd
İsmayıl poetikasını özəl edən cəhətlərdən biri
də onun geniş
mütaliəsi, dünya poeziyasını yaxşı mənada
ələk-vələk etməsi, V.Hüqodan
tutmuş, A.Bloka kimi hər birinin irsini mükəmməl mənimsəməsidir.
Belə
olmasaydı, illər uzunu yabançı oxucuların könlünə
yol tapmaz, dünyanın çeşidli ökələrində
müxtəlif ödüllərə layiq görülməzdi.
Məmməd İsmayıl az şairlərimizdəndir ki,
şeirləri Türkiyə, Rumıniya, Fransa, Albaniya, Moldova,
Rusiya, Ukrayna, Belarus və digər ölkələrdə
müntəzəm dərc edilib, əsərləri müxtəlif
dillərə tərcümə olunub. Professorun 30-dan çox
ölkədə keçirilən konfrans və festivallarda
Türk və Azərbaycan ədəbiyyatını təmsil
etməsini nəzərə alsaq, poeziyasının sərhəd
tanımamasını görərik. Məmməd
İsmayıl poeziyasının, poetik təfəkkürünün,
özünüifadənin rəhnində milli
düşüncə, klassik irsimizə sevgi, ənənələrlə
çağdaşlığı qovuşdurmaq
bacarığı, "Dədə Qorqud", "Manas"
kimi türk eposlarına dərindən bələdçiliyi
dayanır. Coşqun təbiəti, daxili vulkanlığı və
şair kimliyi də həmin komponentlərin mayasını təşkil
edir.
Hə, dostlar, ən vacibi qaldı... Bəlkə də, indi deyəcəyim
sözlərin məsələyə az dəxli var, amma
vurğulayım ki, görünməyən iz və cizgilərlə
şairin birbaşa poetik damar və təfəkkürünə
təsir göstərən amil tamam başqadır. Bunu
özünün tez-tez sitat gətirdiyi ünlü rus
şairi A.Blokun təbiri ilə desəm, lap yerinə
düşər: "Şairin karyerası yox, taleyi var". Bəli,
məhz onun mürəkkəb və maraqlı taleyi
bütün misralarını fərqli edir.
Əziz
oxucular, inanın ki,
şairin poetik sözünü adi sözdən fərqləndirən
meyar məhz budur: Tale!
Yəni,
Məmməd İsmayılın
Şərq poetikasının əsas
ülgülərinə - qafiyəyə, bəlağətə,
şeirin forma və strukturuna bələdçiliyi nə qədər
önəmlidirsə, sıradan bir tale yaşamaması da o qədər
əhəmiyyət daşıyır. Çünki istər vətənpərvərlik,
istər məhəbbət mövzusunda yazdığı
şeirləri qələmi ilə yox, məhz taleyin tişəsi
ilə yazıb Məmməd bəy. Müxtəsəri, demək
istədiyim budur ki, bəlağət, fəsahət, qafiyə,
vəzn, ölçü-biçi, poetik söz nə qədər
yerində olmalıdırsa, şairin taleyi də o qədər
özəlliyi ilə seçilməlidir. Gərək, taleyin
o səviyyədə olsun ki, sənə qürbət...
yaşatsın. Bir sözlə, hər azərbaycanlı, hər
türkdən şair çıxar, amma şair taleyi
yaşamaq hər kəsə nəsib olmaz. Mən Məmməd
İsmayıl poeziya və poetik təfəkkürünü məhz
1 noyabr 1939-cu ildən bu yana, sıradan olmayan taleyinə borclu
sayıram. Böyük zəhmət, böyük əziyyətlə,
gərgin alın təri ilə heç də həmişə
alın yazısını silmək olmur!
...Və belə baxanda, nə yaxşı
ki, olmur!
Turan UĞUR
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, ¹42-43.- S.12.