Azərbaycan -
dünyam mənim
Zəmi
gördüm, oraqlandı
əllərim,
Bir də baxdım yad zəmidir,
biçmədim.
Çaylar gördüm, xan
Arazım deyildi,
Təşnəlikdən yansam belə, içmədim.
Körpü gördüm, iki
hicran arası,
Xudafərin deyildi o, keçmədim.
Bəm
dünyada nə namus var, nə qeyrət,
Demək,
yoxam, zilim məndən küsübsə.
Məni
Zərdüşt ocağında
yandırın,
Qarabağım, Milim məndən
küsübsə.
Bamsı
Beyrək qılıncıyla
doğrayın,
Siz dilimi, dilim məndən
küsübsə.
Sinən
üstə quş nəğməsi eşitsən,
Bil ki, mənim vətən deyən
səsimdir.
Bürkü vaxtı hiss etdiyin
sərin meh,
Nəfəsimdən axıb gələn nəsimdir.
Demirəm ki, Şah dağına
çevrilim,
Zərrə boyda qumun olsam, bəsimdir.
Ömrü
boyu məsləkimdən dönmərəm,
Yeddi milyard qılınc ensə təpəmə.
Min Everest
bağışlasa yadelli,
Dəyişmərəm bir xırdaca təpəmə.
Rədd
edərəm yüz okean versələr,
Xəzərdəki bir mazutlu ləpəmə.
De
hardasan, ay Qaraca çobanım,
Qoy sapanda, vətən səmtə at məni.
Ən qiymətli qızıl olsam belə mən,
Mis yerinə doğmalara sat məni.
Suya dönüm, torpağına
qarışdır,
Duza dönüm, xəmirinə
qat məni.
Ağac
olsam - büllur sular içində,
Yenə
sənsiz yarpaqların
solacaq.
Olsam belə qəhqəhələr
allahı,
Yenə
gözüm sənsiz
yaşla dolacaq.
Tək mən olsam bu dünyanın sahibi,
Yenə
evim Azərbaycan olacaq.
Sevdiyindən
qaçan qız
- Durmadan yağışlayan,
Ana torpağımıza
Bərəkət bağışlayan
Buludu sevirmisən?
- Bəli, sevirəm - dedin.
...Ancaq yağış yağantək,
Nöqtələyib sözünü,
Girdin çətir altına,
Sən şıdırğı yağışdan
Qorumaqçün özünü.
- Bəs bürkülü havada
Ən çox sevdiyin nədir?
- Külək... sərin bir külək.
Ancaq külək əsəntək
Qəzəbindən çağladın.
Pəncərələrlə birgə,
Hətta
nəfəsinin də
Qapısını bağladın,
Tozdan qorunmaq üçün.
- Söylə,
qızıl örpəkli
Nurlu günəşi necə?
- Onun da vurğunuyam...
Ancaq gün yandırantək,
Dərhal
qol-qanad açdın.
Sən qarşı ormandakı
Kölgəyə doğru qaçdın.
Sən
öz arzularınla
Söylə, haçan həmfikir
Olacaqsan,
haçan, qız?
Ay sevdiyi yağışdan,
Ay sevdiyi küləkdən,
Ay sevdiyi günəşdən,
Pərvazlanıb qaçan qız.
Bilməm
necə törəsən?
Bir gün öz sevdiyinə
"Səni sevirəm" desən,
İnanarmı, görəsən?
Bu
şeir yox, həqiqətdir,
İnanmayan inanmasın
Mənim
ad günüm
Bu gün
ad günümdü,
çeşməyi
taxdım,
Qanrılıb güzgüdə özümə
baxdım.
Saçım ağappaqdı, dümağdı
qaşım.
Qocalmış damarlı əllərim
ilə,
Məni
qucaqladı həştad
beş yaşım.
Oğlum
zəng elədi, ata, gəl dedi,
Gəlinin gözəl bir
süfrə açıbdır,
Gəl
ki, ad gününü birgə qeyd edək.
Dedim, qurban olum, hava
soyuqdur,
Sınama
sən qarla, yağışla məni.
Artıq
ayağımda taqət qalmayıb,
Qalsın
başqa vaxta, bağışla məni.
Sanmayın ürəyim o an
dinc idi,
Bəlkə oğlum kimi, gəlinim kimi,
Həştad beş yaşım
da məndən incidi.
De, kim innən
belə tapardı məni,
Qalxıb
yorğun-arğın girdim
yerimə,
Yuxu bircə anda apardı məni.
...Qəfil
səs eşitdim, ilahi bir səs.
Ayağım altına qoyub dözümü,
Bir anda bayıra atdım özümü.
Hər yer qaranlıqdı,
ancaq qarşıda,
Bir işıq yanırdı,
işıq içində,
Bir qadın durmuşdu ağ bir libasda,
Ona yaxınlaşdım mən
asta-asta.
Baxdım,
tanımadım, baxdım,
tanıdım.
Mən adi ağacdım, osa barımdı.
Beş
il bundan öncə
ölmüş yarımdı.
- Ema, bu sənmisən,
- deyə bağırıb,
Ağlaya-ağlaya cumdum irəli.
Qondu saçlarıma onun bir əli.
Dedi: - Qurban olum, mənsiz
ağrına,
Ad günün mübarək
- deyib bir anda,
Məni
məhəbbətlə basdı
bağrına.
Əlindən tutaraq çəkdim
otağa,
İşıq da bizimlə addımlayırdı.
Sevinclə, fərəhlə biz coşa-coşa,
Bir süfrə başında
oturduq qoşa.
- Ömrüm havayıdır,
vallah, havayı,
Mən kimə gərəyəm səndən savayı.
Axşamı bilirəm - o, günbatandır,
Ancaq mənim üçün sənsiz əzizim,
Hətta
dan yeri də bir
günbatandır.
Qadınsız ən dadlı təamlar belə,
Dilənçi əldəki yaxma
kimidir.
Qızıldan hörülmüş saraylar belə,
Qadınsız qamış bir
daxma kimidir.
Ömr edə bilmirəm adınsız evdə,
Özün de, mən necə
yaşayım axı,
Sənintək sevgili qadınsız
evdə?
- Mənsiz varlığından
artıq halıyam,
Məni
bağışla ki, artıq
bir azdan
Gəldiyim məkana qayıtmalıyam.
- Getmə, qurban olum, getmə, sən allah,
Sənsizlik nə vaxtdır
közləyir məni.
- Başqa yolum yoxdur, rüxsət almışam,
Yeraltı dostlarım gözləyir
məni.
- Mən qalan ömrümü bağışlayaram,
Vallah, mənlə keçən
bircə anına.
Hətta
Əzrailə qurban kəsərəm,
Məni
gətirməkçün sənin
yanına,
Sənsiz
ömr etməyə yoxdur taqətim.
- Yox, yox, qurban
olum, bu, mümkün deyil.
Mən daha yer üstə
çətin yaşıyam.
Özün ki bilirsən, beş
ildir ki, mən,
Yeraltı dünyanın vətəndaşıyam.
...Oyandım
yuxudan qan-tər içində,
Yenə
dörd divardı, osa yox idi.
Batmış bulaq idim, dərddən çağladım,
O ki, yer altdadır, necə
bilib ki,
Bu gün ad günümdür,
durub ağladım.
Mən onu bir daha
görməkdən ötrü,
Üzümü yuxuma döndər,
Allahım.
Ya da rəhm eləyib, məni
o səmtə -
Yarımın yanına göndər,
Allahım.
Sədaqət
44
günlük vuruşlarda
Neçə qatil erməninin
Dərisini soyub gəldi.
Səd heyf ki, bədəninin
İki ali əzasını
O Şuşada, Füzulidə,
Kəlbəcərdə qoyub gəldi.
Nişanlısı eşidəntək,
Sevincindən
Damarında qan atlandı,
Qəlb
evindən,
Sevdiyinin
evinədək
Göyərçin tək qanadlandı...
Sol gözünü, sağ qolunu
Görməyincə,
Düşmənlərə nifrətindən
Dərya
kimi çağladı
o.
Sevdiyini
qucaqlayıb,
Hönkür-hönkür ağladı o.
Oğlan
dedi: - Qara
gözlüm,
Gəl
ayrılaq, iç dünyanı,
Səadətlə naxışla sən.
İndən belə öz ömrünü
Daha sağlam, daha gümrah
Bir oğlana bağışla
sən.
Görürsən ki, yarımçığam,
İstəmirəm mən toy günü,
El-obanın qarşısına,
Sənlə birgə yarım
çıxam.
Tufan kimi çağlayaraq,
İniltiylə ağlayaraq
Söylədi qız:
-
Gözlü vaxtı sevdim səni,
Qollu vaxtı sevdim səni.
Mənin
sevgim yetişibdir,
Kal deyiləm.
Hər ötənə
Dəyərinə, dəyməzinə
Satılası mal deyiləm.
Ömrüm duman, çəndə
qalıb.
Qıfıllanmış ürəyimi,
Səndən başqa kim açacaq,
Açarı ki, səndə qalıb.
Daim həmdəm olsam belə
Mən sağ aca.
Yaşıl ağac susuz ikən,
Öz suyumu verərmiyəm,
Mən qurumuş bir ağaca?
Ürəyini hər yetənə
Verən
kəsdən yar olammaz.
Yad ağacın kölgəsinə,
Sığınan bir ağac üstə
Ömrü boyu bar olammaz.
Mənim
bir cüt gözlərimin
Giləsini oğrasalar,
Mənim
bir cüt qollarımı
Biləyindən doğrasalar,
Yenə
səntək sevdiyimdən
Ayrı
düşə bilmərəm
mən.
Bu dünyada milyon-milyon
Qəza
vardır,
Hər insanın bədənində,
360 əza vardır.
Anlayıram cəbhələrdə
Günlərini dərdlə, qəmlə
Bitirmisən.
Öz əzalar toplumundan
Sən cəmisi ikisini itirmisən,
Qəm eyləmə, qurban olum.
Babam tarix
müəllimiydi,
Unutmuşam, o zamanlar,
Yaşı qırx beş,
əllimiydi.
Əzablardan doyub gəlmiş,
Bədəninin bir parçasın
Cəbhələrdə qoyub gəlmiş
Bir əsgərlə görüşəndə,
Dərddən libas geyərdi
o.
Mənim
balam, qəm eyləmə
Deyərdi o.
Bu iztirab de nədəndir?
Bizim ana
dediyimiz
Bu müqəddəs məmləkət
də
İrəvandan Kərkükədək,
Qarabağdan Təbrizədək,
Zəngəzurdan
Dərbəndədək,
Sağda,
solda hər bəndədək,
Gör nə qədər əzalardan
Məhrum
olmuş bir bədəndir.
Görürsən ki, bu məmləkət
Nə haydadır.
Millət
özü yarımçıqdır,
Bir hissəsi o taydadır,
Bir hissəsi bu taydadır.
Düz
deyirdi mənim babam...
Siz qəzəbdən
Çatım-çatım çatıldınız.
İtgin
düşmüş
O əzalar toplumunu
Qaytarmaqçün
Döyüşlərə atıldınız.
Sanma ömrü
Dərdlə, qəmlə bitirmisən.
Sən cəmisi iki əza itirmisən,
Bəs məmləkət?
Sən millətin yaddaşından
Çıxarmısan?
Bir gözünü itirsən
də,
Yüz erməni gözlərini
Çıxarmısan.
Sən alovsan, sönməmisən.
Tanrımıza şükürlər ki,
Cəbhələrdən sən Şuşasız,
Sən Laçınsız, Kəlbəcərsiz,
Qarabağsız, Zəngəzursuz
Dönməmisən.
Heç
vaxt demə,
"Yarım qalıb, yarım gedib.
Mənim
bədən ağacımdan
Qol adında, göz adında
Barım
gedib".
Sən gövdəli bir ağacsan,
Barın
mənəm,
Heç
vaxt demə yarımçığam,
Yarım
yoxdur.
Ölənəcən yarın mənəm.
Zeynal VƏFA
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, ¹42-43.- S.13.