Əmzikli sərhədpozan
Hekayə
44 günlük Vətən Müharibəsində
(27.09-10.11.2020) tarixi qələbənin əldə olunmasına və
məxsusi olaraq şanlı Azərbaycan sərhədçilərinə
Nahardan sonra hərbi hissənin meydançasında gəzintiyə çıxmışdım. Birdən gizir Fərmanzadə yaxınlaşdı. Hərbi təzim etdi, salamlaşdıq.
- Xeyirdimi, İlqar? - Gəlişinin məqsədini soruşdum.
- Məni də çağırıblar, - dedi və başı ilə çiynindəki səhra çantasına işarə elədi, yəni hazırlıqlı gəlmişəm, əmrə müntəzirəm.
- Get, növbətçidə qeydiyyatdan keç, gözlə.
- Baş üstə! - deyib getdi, yorğunluğu hiss olunurdu, bəlkə də, zastavadan yaxınlıqdakı kəndə qədər piyada gəlmişdi.
Gizir Fərmanzadəni bir neçə il olardı şəxsən tanıyırdım. Yardımlının dağlıq bölgəsində yerləşən sərhəd zastavalarının birində təsərrüfat işlərinə baxırdı. Əməliyyat zamanı tanış olmuşduq. Vəzifəsi təsərrüfat işlərini sahmanlamaq olsa da əsl əməliyyatçı idi, başı yaxşı işləyirdi, ali təhsilli zabitlərdən geri qalmırdı.
Sərhəd Dəstəsinin qərargahında qızğın hazırlıq gedirdi. İydəlidən Dəvəliyə bütün zastava rəisləri toplanmışdı.
Toplantıya çağrılan zabit və gizirlər qərargahın ərazisindəydi. Kimisi həyətdə siqaret çəkərək həmkarı ilə söhbətləşir, kimisi dəftərxanada hansısa sənədi dəqiqləşdirir, kimisi də iclas salonunda sakitcə oturub televizora baxırdı. Elə bu vaxt hamının səbirsizliklə gözlədiyi xəbər ucadan səsləndirildi:
- Diqqət! Diqqət! Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Ağbənd qəsəbəsini erməni işğalından azad etmişdir. Zabitlər bu xəbərdən həyəcanlandılar, dərhal sevinclərini büruzə verdilər.
- Urraaa...
- Yaşasın Müzəffər Ali Baş Komandan!
- Yaşasın rəşadətli Azərbaycan Ordusu!
- Yaşasın xüsusitəyinatlılar!
- Var olsun Sərhəd Qoşunları!
Yığıncaq çox çəkmədi. General rəşadətli ordumuzun keçirdiyi döyüşlərdən danışdı, hansı ki, bunlardan bəzilərini rəsmi mənbələrdən eşitmişdik.
Bununla da təyinatlar başladı. İşğaldan azad edilmiş bütün ərazilərə yeni təyinatlar oldu.
Hər dəfə adımın çəkilməsini gözləyirdimsə də, başqa adlar səslənirdi. Nəhayət, sonuncu iki zastavaya da təyinat oldu. Ən sonuncu zastava rəisi yerində öz adımı eşidəndə həyəcanım bir andaca keçib getdi, rahatlandım.
- Cənab Bərxudarlı! - General mənə müraciət edəndə artıq ayaq üstdəydim, farağat vəziyyətində nə deyəcəyini gözləyirdim. - Sizə mayor rütbəsi verilməsi haqqında təqdimat və əmr komandanın masası üzərindədir. Ali Akademiya təhsili almaq üçün Belorusiya Sərhədçi Akademiyasına göndəriləcəyiniz də cənab komandanın diqqətindədir. Lakin indi hamımız ən vacib olanı yerinə yetirməliyik. Komandan şəxsən sonuncu sərhəd zastavasının rəhbərliyini sizə etibar edir. Etimadı doğrultmalısınız.
- Azərbaycan Respublikasına
xidmət edirəm!
Toplantı sona yetdi. Hər kəs aldığı tapşırığı yerinə yetirmək üçün qərargahın müvafiq kabinetlərinə üz tutdu. Mən də çıxmaq istəyirdim ki, hələ tribunadan aralanıb getməyən general yanına çağırdı. Ona yaxınlaşıb məruzə etmək istəyirdim, əli ilə işarə verib saxladı, ardınca getməyi tapşırdı. Biz birlikdə Dəstə komandirinin otağına gəldik. Komandirin geniş, işıqlı kabinetində divara böyük xəritə vurulmuşdu. Qərargahda xidmət keçməyimə baxmayaraq bunu birinci dəfəydi görürdüm.
- Bərxudarlı, - deyə general dərhal xəritəyə yaxınlaşıb tapşırığa keçdi. - Yaxın gəl, xəritə ilə tanış ol.
Gizir Fərmanzadə mənim sərəncamıma ayrılmışdı, zastavanın təsərrüfat işlərini sahmanlayacaqdı. Şəxsən tanıyırdım, işinə bələddim deyə sevindim. Zəhmli, ciddi, ən əsası da sədaqətli sərhədçi idi.
Kursantlar da öz tağım komandirləri ilə bizi vertolyotun salonunda gözləyirdi. Generalın dediyinə görə, kursant tağımının komandiri baş leytenant Cabbarlı əvvəlcə dağlıq bölgədə yerləşən zastavaların birində xidmət keçib, sərhədçi təcrübəsi vardı. Hərtərəfli sağlamdır, idmançıdır. Hərbiçilər arasında necə deyirlər: "Onunla kəşfiyyata getmək olar!"
Biz və qonşu zastavanın rəisi oturan kimi vertolyot havaya qalxdı. Araz boyu irəliləməyə başladı. Təxminən qırx dəqiqədən sonra Bartaz dayanacağındaydıq. Bortdan yerə endik, əşyalarımızı boşaltdıq. Vertolyot dərhal uçub geriyə qayıtdı, generalı Bakıya aparmalıydı.
Bizi
Milli ordunun zabiti qarşıladı. Vəziyyət
barədə qısa məlumat verdi:
- Zastavalara gecə ilə getməyinizin heç bir mənası yoxdur, - dedi. - Gavurlar gedəndə mundarlaya bilərdilər, gedərsiniz
ziyançılıq olar.
Səhər tezdən
minaaxtaranlar öz işlərini görər,
sonra gedib yerləşərsiniz.
Deməli,
Bartaz zastavası qəsəbənin lap yaxınlığında
yerləşir. Bizə
gecəni qalmaq üçün təklif
olunan yarımuçuq
evlər, zirzəmilər
təhlükəsiz idi,
çünki bizdən
əvvəl orda xüsusitəyinatlılar və
Milli ordunun əsgərləri
bir neçə gün qalıb döyüşə hazırlaşmışdı.
Biz zastavalarımıza getmək
istədiyimizi deyəndə
Milli ordunun zabiti yenə etirazını bildirdi.
- Hər şey ola bilər, - dedi. - Düzdür, ermənilər
son ana kimi zastavadaydılar.
Lakin onların çıxan
anda haralarasa mina qoyub-qoymadığını heç
kim görməyib, bilmir və sizə qarantiya verə bilməz.
Həmkarım razılaşsa da, mən
razılaşmadım.
Bizə
bələdçi ayrıldı.
Əşyalarımızla birlikdə
iki "URAL" markalı
maşına doluşaraq
yolumuza davam etdik. Səhərisi gün zastavaya KQM (Komanda-Qərargah Maşını)
rabitə maşınını
göndərəcəklərini bildirdi. Dəstə qərargahı, komendantlıq
və qonşu zastavalarla rabitə əlaqəsi yaradılana
kimi KQM-dən istifadə edəcəkdik.
Yolumuz nəsə çox uzun çəkdi.
Ağbənd zastavası deyilən
yerə yaxınlaşdığımızı
bildirib bələdçimiz
maşını saxlatdı.
- Bax, o ağ bina zastavadır, - deyərək əli ilə göstərdi, Ayın işığında
binanı aydın görmək olurdu.
Maşından endik və əşyalarımızı boşaltdıq.
Gizir Fərmanzadə ehtiyatlı sərhədçi
idi, böyük bir çadır götürmüşdü. Kursantların
ilk işi yolun kənarında çadır
qurmaq oldu. Çadır qurulandan sonra bələdçi bizə uğurlar arzulayaraq "URAL"-a oturub
getdi.
Çadırın hər iki tərəfində, hardasa
səksən-yüz addımlıq
məsafədə döyüş
mühafizəsi təyin
etdik.
Bizə
iki minaaxtaran qoşmuşdular. Sübh tezdən onları yuxudan oyatdıq. Zastava ərazisini yoxlamaq tapşırığını
alıb yerinə yetirməyə yollandılar.
Gizir Fərmanzadə də onlarla getdi.
Zastavanın müdafiə zolağı
Araz çayı boyunca uzanırdı. Bir-birindən iki kilometr məsafədə üç sərhədçi
qülləsi yerləşirdi.
Həmin qüllələrdə
xidməti təşkil
etdik.
Təxminən on-on iki gün olardı ki, əraziyə
köçüb xidməti
yoluna qoymuşduq. Bir gün axşamüstü
Dəstənin qərargah
rəisi zəng vurub məni KQM-na çağırtdı.
Hal-əhval tutandan sonra dedi:
- Mərkəzdən məlumat
göndəriblər. Lap yuxarının
tapşırığıdır.
- Buyurun, eşidirəm. - Özümü cəmləşdirdim.
- O taylı mənbəmizdən
siqnal var. Onu şəxsən nəzarətdə
saxlamalısan ki, dürüst
yerinə yetirilsin.
- Nə siqnaldı elə?
- Bu gecə siz tərəfdə
sərhəd pozulacaq,
yəni o taydan gələn olacaq.
- Heç olmasa, sərhədin pozulacağı
yeri deyibmi? Bizim ərazi böyükdür, hamımız
sərhəd boyunca düzülsək belə
üçdə birini
bağlaya bilmərik.
- Bu nə səfeh sualdı verirsən? Deyib ki, Ağbəndin qarşısından keçəcək.
O yolla həmişə
gedib-gəliblər.
- Aydındır. Özümüz
bir şey fikirləşərik.
Axşam
saatlarında şəxsi
heyəti yığdım.
Bölgünü keçirib
təlimatlandırdım və
xidmətə yollandıq.
Zastavada yalnız daxili naryadı saxladım. Gizir Fərmanzadə şərq
bölgəsində patrulluq
edən dəstələrə
nəzarəti öz üzərinə götürdü,
baş leytenant Cabbarlı qərb, mən isə mərkəzdə. Bu gecə
dünya dağılsa,
Ay paralanıb yerə
düşsə, xeyri
yoxdu, nəyin bahasına olursa, olsun sərhəd pozucusunu tutmalıydıq.
"Neçə nəfərdilər?
Nə gətirirlər?
Silahları varmı?"
Gic-gic sualları özüm-özümə yağdırdım
və gülməyim tutdu. "Silahsız sərhəd pozucusu olar?" Sualların heç birinə cavab tapa bilmədim.
Bu neçə gündə bircə çayın qırağına getməmişdik.
Eləcə aralıdan
durub gah gözlə,
gah da durbinlə müşahidə
eləmişdik.
Arazın
o tayında cəmi bir sərhəd qülləsi vardı, bura gəldiyimiz ilk gündən bunu müəyyənləşdirmişdim. İranlı sərbazlar sərhədi bizim kimi qorumurdular, Azərbaycan sərhədçilərinə
çox arxayındılar.
Səbrim
daralmaq üzrəydi,
səhərin açılmasına
iki saat qalardı, ya yox.
Gələnləri yaxşı görürdüm.
Biri kişi, o birisi isə qadın idi. Kişi çiyninə yol çantası keçirmişdi,
qadın isə uşağı qucağına
almışdı. Elə
bil çaşıb qalmışdılar. Bu nə
silah qaçaqmalçılarına
oxşayırdı, nə
narkotika tacirlərinə...
Nəhayət, kişi yol çantasını çıxardıb
qadının kürəyinə
keçirtdi. Sağollaşdılar.
Hər ikisi əlini göyə qaldırdı, deyəsən,
Allaha dua edirdilər.
Kişi
yamacda qaldı, qadın isə ehmal addımlarla çayın qırağına
düşdü. Əllərini
göyə qaldırmağı
ilə arxası üstə çaya düşməyi bir oldu. O qədər anidən oldu ki, həyəcanlandım. O, suya
batdı və tez də üzə
çıxdı. Güclü
axın onu ağuşuna alıb üzüaşağı gətirirdi.
Qadın gah suda batır, gah da yenidən üzə çıxırdı.
Qarnına bağladığı
uşağını bir
əli ilə yuxarı qaldırmağa çalışırdı. Hiss elədim ki, uşaq boğulmasın deyə qadın arxası üstə üzürmüş.
- Kömək edin! - Qışqırtısı qulaqlarımda
cingildədi.
Kimə
qışqırırdı? Kimi köməyə çağırırdı?
Səhərin bu alatoranında kimisə görmüşdümü? Bizim
burda olduğumuzu bilirdimi? Bilirdisə, niyə xəlvət, kor-koranə özünü
suya atırdı?
İndi bunun hayı deyildi. Gözümün qabağında onlar çayın ən gur buruqlarının cəngindəydi. Su qadınla uşağı
amansızcasına ağuşuna
alıb aparırdı.
Sahilə çıxmaq
şansları heç
qalmamışdı.
- Kömək edin! - Qadın var qüvvəsi ilə qışqırırdı.
- Balamı xilas edin!
Qadın
bir də suda batıb üzə çıxanda
uşağını görmədim,
ya boğularkən əlindən buraxıb, ya da güclü axın alıb aparmışdı. Heç
nə düşünmədən
silahımı yerə
qoyub qaya parçasının üstünə
çıxdım.
- Komandir, komandir, siz hara?
Əsgər arxamca çağırsa
da əhəmiyyət vermədim.
Var qüvvəmlə çaya
tullandım. Gur axın
məni ağuşuna
alıb apardı. Özümü cəmləşdirib
təkan verdim. Kiçik təkan üzüaşağı üzməyimi
sürətləndirdi. Başımı
qaldırıb baxdım.
Körpə suyun üzündə gedirdi. Məndən çox da aralıda deyildi. Daha bir təkan
verib ona tərəf üzdüm. Çatdıqda uşağı
görmədim. Suyun altına baş vurub bir də
üzə çıxdım.
Uşaq mənim bir addımlığımda
suyun üzündəydi.
Əl atıb tutdum. Onu köksümə
sıxaraq bir əlimlə sahilə yaxınlaşmağa cəhd
göstərdim. Çayın
dar yerini artıq arxada qoymuşduq. Arazın axını burda genişlənir, sürəti
azalırdı.
- Kömək edin! - Qadın hələ də suya batıb-çıxır,
çıxdıqca qışqırırdı.
Sahilə
az qalmış gizir Fərmanzadənin səsini eşitdim:
- Cənab kapitan!
O mənə müraciət
edirdi, deməli məni görürdü.
Başımı qaldırıb
sahilə tərəf
baxdım, cavab verməyə taqətim qalmamışdı, gur burulğan məni əməlli-başlı "əzişdirmişdi".
Gizirin səsini eşitməyimlə şappıltı
ilə suya tullandığını gördüm,
mənə tərəf
üzürdü. Çatıb
kömək eləməyə
çalışdı, əlimdən
tutub sahilə tərəf çəkdi.
- Qadına... - bircə bunu deyə bildim. - Qadına, anasına...
Ağzıma dolan lilli suyu tüpürüb sahilə yan aldım. Sahildən az qala "asılı
vəziyyətdə qalmış"
yulğun kolunun kökündən yapışıb
quruya çıxdım.
Əlimlə uşağın
üzünə yığılmış
köpüklü su ilə lilli çör-çöpü təmizlədim.
Körpə qorxa-qorxa
gözlərini açdı.
İlahi, sənin böyüklüyünə şükür,
o sağ idi, boğulmamışdı. Ağzındakı
əmziyə dolmuş
çirkli suyu sümürürdü. Əmziyi
dartıb ağzından
çıxartdım. O, dərindən
nəfəs alıb ağladı.
- Ağlama, gözəl bala. - deyib təskinlik
verməyə çalışdım.
Əmziyi
silib yenidən ağzına qoydum. Körpə bayaqkı iştahla sümürməyə
başladı. Dünyadan
xəbərsiz körpənin
məsum baxışları
mənə dikilmişdi.
Xoşbəxtlikdən uşağın
yalnız üst paltarı islanmışdı,
altdan seylofan ilə bələnmişdi.
- Cənab kapitan! - Gizirin səsiydi.
Uşağı yerə qoyub arxaya çevrildim. O, qadını çəkə-çəkə
sahilə yaxınlaşırdı.
Cəld suya tullandım. Qadını quruya çıxartmağa
ona kömək etdim. Biz sahilə çıxdıq. Qadın
boğulmuşdu, huşu
özündə deyildi.
Onu üzüaşağı
uzadıb ayaqlarını
yuxarı qaldırdım.
Gizir iki-üç dəfə ürəyinin
üstündən basan
kimi köpüklü
su ağzından püskürüb axdı
və qadın ayıldı.
- Oğlum hanı? - Ayılan kimi birinci bunu soruşdu.
- Burdadı, xilas eləmişik - dedim.
Bunu eşidən kimi yenidən gözünü
yumdu.
İndi
hiss etdim ki, bütün
bədənim titrəyir,
cumculuq su içindəyəm. Tir-tir
əsməyə başladım.
Əməliyyatın başa çatması barədə
patrul qruplarına xəbər verib zastavaya qayıtdıq. Qayıdan kimi Dəstə qərargahına
məlumat ötürdüm.
Onlar sərhəd pozucularını Bakıya
aparmaq üçün
maşın göndərdilər.
İmkan var ikən qadını yanıma çağırdım.
- Özünüzə gəldinizmi?
- deyə soruşdum.
- Vətən torpağına
ayağınız dəydikdə
rahatlıq tapdınızmı?
O, sualıma cavab vermədi. Soyuq, inamsız baxışlarla
məni süzürdü.
Birdən:
- İndi
bizə nə edəcəklər? - deyə
həyəcanla soruşdu.
- Məni tutacaqlar? Oğlumu əlimdən alacaqlar?
- İrana necə getməyimizi?
- Elə hamısın. Başınıza gələnləri
danışın.
- Kənd qızıyam. Qonşu kənddən olan bir oğlanla
ailə qurdum. Oğlan Rusiyada yaşayırdı, alverlə
məşğul olurdu.
Məndən on beş
yaş böyük idi. Toydan sonra
məni yaşlı anasının yanında qoyub qayıtdı Rusiyaya. Üç il ailəli olduq, o, orda, mən burda.
- Heç gəlmirdi?
- İldə bir dəfə gəlirdi, on gün qalıb qayıdıb gedirdi.
- Zaqsınız varıydı?
- Yox, zaqs götürməmişdi,
eləcə molla kəbiniylə ailə qurmuşduq. Vaxtı olmurdu, gələn kimi də qayıdıb
gedirdi. Sözümüz
çəp gəldi,
dedi, çıx get atanın evinə. Boşandıq.
- Atanın evinə qayıtdın?
- Yox. Ora qayıda bilməzdim. Bu, mənim üçün ölümdən
betərdi. Gedib atama, qardaşıma gözdağı olmayacaqdım
ha... Gəldim şəhərə.
Elə avtovağzalda soraqlaşdım. Bir kişiyə
kafesində işləməyə
adam lazım idi. Məni gətirdi kafeyə, orda qalmağıma yer də düzəltdi.
Əvvəlcə qabları
yuyurdum. Sonra ofisiant keçdim. Bir il kafedə
işlədim.
- Heç olmasa işlədiyinin pulunu verirdilərmi?
- Min manat pul yığmışdım.
Hara gedirdim ki, xərcləyəm.
Orda yeyirdim, orda yatırdım. Kafeyə hərdən bir xanım gəlirdi yemək yeməyə. Yediyinin üstündən həmişə
mənə bir-iki manat artıq verirdi. Dostlaşmışdıq,
gec-gec gələndə
darıxırdım. İmkan
olanda söhbətləşirdik.
O, alverlə məşğul
olurdu, deyirdi hərdən İrana gedib-gəlir. Xahiş elədim, mənə kömək eləsin. Bir gün sevincək gəldi. Dedi, sənə kömək eləyəcəm. Məni
kafedə işdən
çıxartdı. Əvvəlcə
o qalan evə getdik. Sonra mənə bir kirayə ev axtarıb tapdıq. Çox sevinirdim, nə desəydi, razılaşacaqdım.
Dedi, İrana getmək üçün
gərək hicaba girəsən. Bilmirdim hicaba necə girmək olur. O, hər şeyi mənə başa saldı. Razılaşdım.
Gətirdi Molla Bəkirin yanına.
- O kimdir?
- Məscidin baş mollasıdı, əlaqələri
genişdi. Məni bir gecəlik özünə siğə
elədi. Sabahısı
günü dini paltar alıb geyindirdi, məscidə gətirib hicabımın duasın oxudu, ruzi-bərəkət duası
yazıb verdi. Onun Təbrizdə dükançı tanışları
var. Bir də bir kağız yazdı ki, gedəndə onlara göstərim.
- Kağıza nə yazmışdı?
- Heç açıb baxmadım. Yəqin ərəb hərfləri
ilə yazmışdı.
Mən onu oxuya bilmirəm. Beləcə, yolum açıldı. Mənə
kömək eləyən
xanıma qoşulub getdim İrana. Plasmas qab-qaşıq alıb gətirdim. Dördüncü
dəfəydi, gedib-gəlmişdim.
Dedilər ki, Molla Bəkir səni axtarır. Getdim yanına. Soruşdu ki, ərə getmək, ailə qurmaq istəyərdin? Dedim yaxşı adam olsa, hansı qadın ərə getmək istəməz. Elə orda məsciddə
məni Kərim adlı bir kişi
ilə tanış elədi, İran vətəndaşıydı.
Molla Bəkir kəbinimizi kəsdi, biz ər-arvad olduq, gəldik mən qaldığım kirayə.
Bir müddət yaxşı
dolandıq. Kərim də işləyib qazanırdı, mən də iki-üç aydan bir gedib-gəlirdim.
- Kərim nə işləyirdi?
- Onun nə işlədiyin soruşmurdum. Özü deyirdi ki, xırda ticarətdi, dükan işidir, Bakıda olan İran dükanlarının
əlaqəsin qurur. Harda mal yaxşı satılır, harda zəif... burdan ora, ordan bura...
Nə isə... Bir gün gəldi ki, bələdiyyədən iki
sot torpaq almışam,
gedək sənin adına yazdıraq. Getdik bələdiyyəyə,
pasportumu verdim, yazdılar. Sonra Kərim orda bir otaqlı
ev tikdi, kirayədən çıxıb
öz evimizə köçdük. Həmin
gün dünyanın
ən xoşbəxtiydim,
mənim də ailəm, evim vardı. - Evimizə köçəndən iki-üç
ay sonra oğlumuz oldu.
- Allah
salamat eləsin.
Adını Rza qoydu. Kərim dedi ki, rəhmətlik ağamın
(onlar atalarına
"ağa" deyirlər)
adın qoyuram, ruhu şad olsun.
- Deyəsən, Kərim sizə qarşı yaxşı olub? Heç bir sözündən çıxmamısınız?
- İnsafən, çox yaxşı davranırdı,
mehribançılıq göstərirdi.
Elə ki, sənədləri
hazırladıq, dedi gedək. Yığışıb
getdik Təbrizə.
Bir ay qaldıq orda.
Ona kimi hər şey yaxşıydı.
Elə ki, qayıtmaq istədik, pandemiya düşdü, yollar bağlandı. Kərim dedi ki, Əfsanə, heç ürəyini sıxma, ora da öz evindi, bura da. Qalaq, anama gəlinlik elə. Şükür Allaha, yeməyə çörəyimiz, geyməyə
paltarımız. Qaldıq.
Günlər keçdikcə
gördüm Kərimin
mənə qarşı
davranışı dəyişib.
Üstümə qışqırır,
acılayır. Elə
bildim anasının yanında özünü
göstərir. Kişidi
də, kişilərin
hamısı belədi.
Bir-iki ay da keçdi,
gördüm yox, Kərim həmin Kərim deyil, hərdən mənim də yeməyimə, çayıma nə qatırdısa, gic kimi olurdum, daş
kimi yatırdım...
- Yeməyə, çaya gəlin kimi sən baxmırdın?
- İranda bişirmək arvadların işidi, çəkib süfrəyə
gətirmək kişilərin.
Bir neçə dəfə
gördüm ki, nəsə
qatır. Dedim, Kərim nə eləyirsən? Dedi ki, ədvadı, yeməyə
dad verir. Sonra da üstümə
ad qoydu ki, gicsən, başıxarabsan,
səni aparıb qoyacam dəlixanaya. Mən də qorxurdum. Bir gün xəlvətə salıb
oğlumu da götürüb
evdən qaçdım.
Soraqlaşa-soraqlaşa getdim
Molla Bəkirin adamının yanına. Məni neçə gün evinin zirzəmisində gizlətdi.
Xəbərimiz vardı
ki, burda dava gedir. Dedi, qorxma,
səni aparıb ötürəcəm Azərbaycana.
Ordan gətirdi Qaraçılar kəndinə,
bir adama təhvil verib qayıdıb getdi. Burda da çox qala bilməzdim, qonşulardan kim xəbər tutsaydı, sərbazlara xəbər verəcəkdi. O adam da gətirib çayın qırağından yola salıb qayıtdı. Dedi, üzünü tut Allaha, get. Gerisini də siz bilirsiniz.
Qadın
başına gələnləri
danışıb qurtardı,
imdad dolu gözlərini gözümə
zillədi.
- İndi
necə olacaq? - Yalvarıcı baxışları
gözümə dikilmişdi.
- Məni tutacaqlar? Oğlumu alıb yetimxanalara verəcəklər
ki, türmədən çıxandan
sonra onu tapmayım? Yox! Yox! Mən oğlumu
heç kimə verməyəcəyəm! Türmədə
də yanımda saxlayacayam!
Bilmədim nə cavab verim. Masanın üstündəki siqaret qutusundan bir gilə çıxardıb
yandırdım. Sonra pultu
götürüb televizoru
işə saldım. Səhər xəbərləri
yekunlaşmaq üzrəydi.
- Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyevin sərəncamı
ilə Milli Məclisin
"Vətəndaşlıq haqqında" qanuna etdiyi əlavə və dəyişikliklər
bu gündən qüvvəyə minir. - Aparıcı bunu dedikdən sonra bəzi izah və şərhlər verməyə başladı.
- Anan namaz üstəymiş, Əfsanə!
İkimiz
də sevincdən yerimizdən dik qalxdıq. Ürəyimdən
keçdi ki, onun boynunu qucaqlayıb təbrik edim. Deyəsən, o da istəyirdi
ki, boynunu qucaqlayım,
başını sinəmə
sıxım. Gör, neçə vaxtdı çöllərdəydi, qardaş
qayğısından kənardaydı,
ata nəvazişinə
həsrət qalmışdı.
Doğma Vətənə
qayıtmağı möcüzə
kimi görünürdü,
yəqin Əfsanə
yuxu gördüyünü
zənn edərdi. Birdən gözümə
sataşdı ki, üzündə
şıram var, təzəydi,
kəndə ölü
düşəndə üzünə
şıram çəkən
arvadların əməlinə
oxşayırdı.
- O nədir elə? - Sifətindəki şırama
işarə elədim.
- Heç - deyib üzünü o yana çevirdi, başa düşdüm ki, çay
uşağı əlindən
alanda əlini üzünə çəkib.
Xatırlatmağı artıq
bildim, onsuz da qəhərlənmişdi, bir
himə bənddi ağlasın.
- Bəxtin kəsdi ki, dəyişikliklərdə düşdüyün
vəziyyət də nəzərə alınıb.
Sevincdən əlləri ilə
üzünü bağlayıb
üzü o tərəfə
döndü. Hönkürtüsü
otağa başına
götürdü. "Qoy
doyunca ağlayıb sakitləşsin", öz-özümə
bunu deyərək siqaret yandırıb otaqdan çıxdım.
Əli bəy AZƏRİ
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.14-15.