Türkün Fələstin tərəfi

 

Elmi araşdırma

 

Fələstin - sivilizasiyaların qovuşduğu və bütün səmavi dinlər üçün müqəddəs bir məkandır.

Yəhudilərin Süleyman məbədi oradadır.

Hz. İsanın dünyaya gəldiyi Beytləhm oradadır.

Müsəlmanların qiblə olaraq yönəldiyi ilk məbəd - Məscidi-Əqsa oradadır.

Hz. Məhəmmədin meraca yüksəldiyi muallak qayası oradadır.

Hz. Peyğəmbərimizin cəddi Haşimin qəbri də oradadır....

 

***

Səlcuqlu sultanı Alparslanın dövründə Qüds fəth olunmuş və 1070-ci ildə burada Alparslanın adına xütbə oxunmuşdu.

Bir neçə il sonra, 1096-cı ildə Qüdsü səlcuqlulardan fatimi ərəblər, onlardan 1099-cu ildə xaçlılar, xaçlılardan isə, 1169-cu ildə Səlahəddin Əyyubi aldı. 1250-ci ildən 1517-ci ilə qədər Fələstin, Misir, Suriya və Hicaz da daxil olmaqla, bu torpaqlar məmlük türk dövlətinin əraziləriydi və məmlüklü sultanları tərəfindən idarə olunurdu. 1517-ci ildə Osmanlının süqutuna, yəni 1918-ci ilə qədər bu yerlər Osmanlı imperiyasının əraziləridir.

Az qala, min il boyunca bu torpaqlar türklərin - səlcuqluların, məmlüklülərin, osmanlıların hakimiyyəti altında olub. Hətta tarixdən öncəki çağlarda da, Fələstin Turanın qurucusu Alp Ər Tonqanın (Əfrasiyabın) fəth etdiyi ölkə kimi tanınır. Firdovsinin yazdığına görə, Alp Ər Tonqa (Əfrasiyab-Maduva) ərəb sərkərdəsini məğlub etmişdi. Azərbaycan və Anadolu fatehi kimi tanınan Alp Ər Tonqanın cahan hakimiyyətinə Misir, Yahudiya, Suriya da daxil idi. Tövratda da buna işarətlər var: "Əhdi-Ətiq"də yəhudilərə və babillilərə ünvanlanmış aşağıdakı xəbəri nəzərdə tuturam: "Quzeydən bir ordu gəlir. Dünyanın uclarından böyük bir ulus hərəkətə keçir. Atlara minib gəlirkən, kükrəyən dənizi andırır səsləri".

Bu sözlərin Sakalara aid olduğu çox qaynaqlarda etiraf edilib. Sakaların hökmdarı isə Alp Ər Tonqa idi...

Səlib müharibələri tarixən, ərəblərə qarşı deyil, daha çox türklərə qarşı baş verib. Və hədəfi Fələstin torpaqları - Qüds, yəni Yerusəlim olub. Buna görə də Avropa ədəbi qaynaqlarında müsəlman demək, daha çox türk deməkdir. Hətta Məhəmməd də, bəzən türk peyğəmbəri olaraq təqdim olunur. Səlib yürüşlərini təbliğ və vəsf edən Kamoens "Luziadlar" əsərində avropalılara xitabən yazırdı: "Ey avropalılar, ey almanlar, ey fransızlar, ey ingilislər, ey italyanlar, türklərlə mücahidə dururkən bir-birinizlə axmaqca nə boğuşursunuz, nə müharibə edirsiniz?.." Kamoens İspaniya Kralı Şarl Kentə qarşı Qanuni Sultan Süleymanla ittifaq bağlayan I Fransuaya xitabən deyirdi: "Yerusalemi müdafiə üçün üstün xristian ünvanını takındığın halda bunu təkzib və özünü aşağılayaraq o müqəddəs şəhərə xəyanət etdin! ...Ey avropalılar, ey xristianlar, madam ki, sizdə din qeyrəti qalmamışdır, barı, qızıl və sərvət hərisilə bir-birinizlə birləşib türklərə hücum ediniz!.."

Kamoensin yazdıqlarından da göründüyü kimi, Fələstin torpaqlarındakı Qüdsə sahib çıxmaq üçün türklərə hücum etmək lazım idi...

 

***

Qəzzada baş verən son hadisələr və istər Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında, istərsə də "Böyük Fələstin mitinqi"ndə Ərdoğanın çıxışı yuxarıda xatırlatdığım həmin min illik dövrün səsi kimi eşidildi. Xaç yürüşü ovqatı ilə İsrailin yanında yer alan Qərb dövlətləri dünyanın geopolitik mənzərəsini yenidən nizamlamaq niyyətinə düşübsə, o zaman Fələstinin taleyi siyasi yaddaşa Osmanlı faktorunu gətirir. Çünki dünyanın ən qədim millətlərindən biri olan yəhudilərin də orada nüfuz sahibi olması mifoloji qaynaqlardan və Tövrat mətnlərindən sonra, yalnız Osmanlı amili ilə bağlıdır. Yəhudilərin Fələstinə hicrət ideyası sionistlərin XIX yüzilin sonlarında, daha dəqiq, 1897-ci ildə İsveçrənin Bazel şəhərində keçirilən I konqresində irəli sürüldü. Bunun üçün, yəhudilər İstanbulda məşrutiyyət qanununun elanından çox məmnun idilər. Ancaq Osmanlının rəyi, razılığı onlar üçün böyük şərt idi. Əli bəy Hüseynzadənin dediyi kimi, "Şu qədər ki, türkləşməyib və türkləşdirilməyib, yəhudilikdə azad buraxılmalarını və Fələstin qitəsinə yığıla bilmələri üçün Osmanlı dövlətinin riza və müsaidəsini başlıca şərt bilirlər..." Ərdoğanı belə ötkəm danışmağa vadar edən səbəblərdən biri də tarixdir. Yəni Fələstin məsələsində söz sahibi olmağa dünya dövlətləri arasında Türkiyədən ziyadə, heç bir dövlət bu dərəcədə haqq sahibi deyildir. Çünki Fələstin 1517-ci ildən etibarən, Osmanlı dövlətinin ərazisiydi. Dediyim kimi, əgər dünya siyasətində yeni və gözlənilməz geopolitik açılımlar baş verirsə, bütün kurallar və yasalar dövriyyədən çıxarılırsa, yeni siyasi prinsiplər diqtə olunursa, dünyanın insan haqları bəyannaməsi bir tərəf üçün keçərli, digər tərəf üçün keçərsizdirsə, o zaman Türkiyə də burada Osmanlı imperatorluğunun varisi olaraq, eyni zamanda, bu torpaqların tarixi sahibi kimi çıxış etmək haqqı qazanır...

Digər tərəfdən, indi dünyanın dəyişilən siyasi mənzərəsi fonunda baş verən proseslər XIX yüzildəkindən heç fərqlənmir. Mədəni sionizmin banisi kimi tanınan Ukrayna əsilli yəhudi esseist Ahad Ha-am 1891-ci ildə yazdığı "İsraildən gerçəklər" məqaləsində bildirirdi: "Yəhudilər sürgündəykən, köləydilər, indi isə özlərini sonsuz bir özgürlük içində gördülər. Bu böyük dəyişiklik onların bir kölənin kral olması örnəyində də görüləcəyi kimi, zülm və zorakılığa meyil etmələrinə səbəb oldu. Ərəblərlə qəddarlıqla davranırlar, torpaqlarına təcavüz edir, onları heç bir səbəb olmadan döyürlər. Heç kimsə də çıxıb, bu təhlükəli gedişə son vermələrini tələb etmir". (Sitat A. Cohenin "İsrail və ərəb dünyası" kitabından götürülüb - A.T.) Ahad Ha-amın 130 il əvvəl dedikləri indiki Qəzza hadisələrinə Avropa liderlərinin münasibəti ilə oxşardır, deyilmi? Onda necəydisə, indi də elədir. İndi də Qərb dövlətlərindən hansısa çıxıb, bu təhlükəli gedişə son verilməsini tələb etmir. 1891-ci ildə də beləydi, 2009-cu ildə də, indi 2023-cü ildə də. Ancaq tarixin iç qatında elə bu xaçpərəst qövmləri yəhudiləri Hz. İsanın qatili kimi zaman-zaman yamanlayıb və həmin zamanlarda onları Osmanlı sultanları himayə edib.

Türkiyə bu prosesdə "Ədalət mülkün təməlidir" düsturuna iman gətirən Osmanlının varisi sifəti ilə səsini qaldırır. Amerikanın tez-tələsik öz hərb gəmilərini Ağ dəniz sahillərinə sürməsi də, Rusiyanın Amerika ilə adekvat ritorikada danışması da, xristian dünyasının liderlərinin - Amerika prezidenti Baydenin, İngiltərənin Baş naziri Sunakın, Fransa prezidenti Makronun, Almaniya kansleri Şoltsun, İtaliyanın baş naziri Meloninin, Yunanıstanın Baş naziri Miçotakisin ard-arda Təl-Əvivə gəlib, Netanyahuya dəstək olmasını görüb, ən yeni tarixdə xristian dünyasının siyasi yaddaşına bütün mənalarda heyrət etməmək olmur. Yəhudiləri öz mənafelərinə görə qovanlar, sonrakı əsrlərdə yenə də öz mənafeləri üçün və Osmanlının dövlət yapısını zədələmək məqsədi ilə onların Fələstin torpaqlarına yerləşdirilməsini təmin edən, sionist hərəkatlara rəvac verən elə bu liderlərin mənsub olduqları ənənəvi antisemit dövlətlər olmamışdımı?

İran da bura biganə deyil. İran baxımından məsələ, məncə, təkcə din amili ilə bağlı deyil, tarixi yaddaşla əlaqəlidir. Axı Yerusəlimdəki (Qüdsdəki) yəhudi məbədinin qurulması barədə qərar Astiaqın süqutundan sonra - II Kirin (Keyxosrov) zamanında, Daniyal peyğəmbərin Keyxosrova təlqinlərinin nəticəsində verilib. "Tövrat" da bunu təsdiq edir: "Midiya elindəki Ahameta Qalasında bir tomar bulundu. Tomarın içində bunlar yazılıydı: "Kral Koreş (II Kir), krallığının birinci ilində, Tanrının Yerusəlimdəki Tapınağına ilişkin belə buyruq verdi: "Bu tapınağın yenidən qurulması üçün təməl atılsın". Beləliklə, Yerusəlim Yaxın Şərq torpaqlarında kəyanilərin-əhəmənilərin-farsların iltifatı hesabına dünya yəhudilərini öz başına yığa bilir. Yəhudi məbədinin təməlləri fars hökmdarının əmri ilə atılır...

Yuxarıda ənənəvi antisemit dövlətlərdən danışdım. Antisemitizmin Avropa mənşəli bir hərəkat olması indi, az qala, unudulmaq üzrədir. XI-XIV yüzilliklərdə Fransa, İspaniya kimi böyük dövlətlərin kilsələri öz xaçpərəst təəbəsinə yəhudilərlə dost olmağı, onlarla münasibətlər saxlamağı yasaq etmişdi. Fransada kral VI Karlın zamanında yəhudilər bu ölkədən çıxarılmışdı. İspaniyada inkvizasiya tonqalları, həm də yəhudilər üçün qurulurdu.

Buna rəğmən, tarix fərqli interpretasiyada təkrar olunur. Fələstin problemini çözmək üçün Avropa liderlərinin müsəlman qırğınlarına yol açmaqda olan laübalı münasibətləri, bunu körükləndirmək üçün onların İsrail ziyarətləri yəhudilərə gərəkdirmi? Bu mənada, Ərdoğan haqlıdır: "Bugün sırtını dayayarak efelendiği güçler yarın gittiğinde İsrail halkının güven, merhamet arayacağı ilk yer 500 yıl önceki gibi Türkiye olacaktır." Ərdoğan bunu deyərkən, Türkiyənin tarixi təcrübəsinə istinad edir...

Fələstin istəyir? - Mərkəzi Qüds olan öz bağımsız dövlətini qurmaq istəyir. Avropalılar da XX yüzilin əvvəllərində Fələstində mərkəzi Qüds olmaqla, bir xristian dövləti qurmaq istəmişdilər.

Əslində belə anlaşılır ki, Qərbin yeni Yaxın Şərq layihəsində mərkəzi Qüds olmaq üzrə fərqli bir xristian dövlətinin reallaşması hələ növbə gözləməkdədir. Belə bir ideya 1917-ci ildə də var idi. Atatürk də bunu bilir və 30 sentyabr 1917-ci ildə yazdığı raportunda buna işarət edirdi. Bütün ərəb aləmini öz nəzarəti altına alacaq belə bir xristian dövlətinin yaranması onu narahat edirdi. Bunu önləmək üçün 1917-ci ildə 7-ci Ordu Komandanı Mustafa Kamal hərbi nazir Ənvər Paşa və daxili işlər naziri Tələt Paşaya ünvanladığı raportunda Sina-Fələstin Cəbhəsinin bir Osmanlı-Türk komandanı olaraq onun əmrinə verilməsini istəyirdi. O illərdə Mustafa Kamal Paşa bu torpaqlarda türklərin verdiyi mücadiləyə İldırım Orduları sırasında qatılmışdı və 1917-ci ildə Mustafa Kamal İldırım Orduları sırasından baş ordu qərargahına gətiriləndən 3 həftə sonra Qəzza zolağı ingilislərin nəzarətinə keçmişdi. Bu, həmin Qəzzadır. Onunla bağlı bir zamanlar Mustafa Kamal Paşa Atatürk narahat idi. Qəzzanı türklərdən almaq üçün Atatürkün komandan olduğu türk ordusuna qarşı ərəblərlə ingilislər birləşib, eyni cəbhədə vuruşmuşdular. Qəzza tarixdə ilk dəfə o zaman süqut etmişdi.

Türkiyə prezidenti "Ey Batı, size sesleniyorum, siz yeniden bir hilal-haçlı mücadelesi mi estirmek istiyorsunuz?", yəni siz yeni bir səlib müharibəsinəmi başlamaq istəyirsiniz? - deməklə, İsrailə yan almış Qərb dövlətlərinin başçılarına xitabında, həm yəhudilərin, həm də avropalıların yaddaşına müraciət edir. Bu, həmin Qərbdir, bir vaxtlar yəhudiləri Avropadan qovmuşdu. Avropadan qovulanda yəhudilərə sahib çıxan tək məmləkət isə, Osmanlı ölkəsi idi. Ərdoğan yaddaşı yeniləyir: xaçpərəst dünyası yəhudiləri Avropanın müxtəlif ölkələrindən sürgün edəndə, Sultan II Murad Osmanlının qapılarını onların üzünə açdı. Türk torpaqlarında sakin etdi. II Bəyazid öz zamanında yəhudiləri Selanikdə barındırdı. Fatih Sultan Məhməd İstanbulu fəth edəndə yəhudiləri Anadoludan İstanbula köçürüb onlara arxa durdu. 1906-cı ildə Əli bəy Hüseynzadə yazırdı: "Bəni-İsrail, xristian ölkələrində gördügü zülm və sitəmlərə heç bir zaman Şərqdə məruz qalmamışdır. Hətta İspaniyadan qovulan, ya sair ölkələrdən gördükləri zülm səbəbilə qaçan musəvilər, Osmanlı səltənəti tərəfindən məmnuniyyətlə qəbul olunub". Türkiyə prezidentinin sözünü kəsərli və etibarlı edən də tarixin bu səhifələridir.

Ərdoğan tarixi həqiqəti söylədi: "Antisemitizm ortaya çıkmamış tek coğrafya, tek devlet biziz". 115 il əvvəl Bakıda Əli bəy Hüseynzadə bunu bir az da dərindən ifadə etmişdi: "Antisemitlərin iddiasına gəlincə, zənn etməm ki, sionizmdən türklər üçün bir zərər hasil olsun! Biləks avropalıların gələcəkdə Suriya tərəfindən gözlənilən hücumlarına qarşı qövmi-yəhudun dəxi osmanlı əsgərinə pişdarlıq (öndərlik) xidmətində buluna biləcəkləri daha ziyadə ümid doğurur". Əli bəy Hüseynzadə bu sözləri yazanda antisemitizm Rusiyanın dövlət siyasəti səviyyəsindəydi. Və bu sətirlərin yazıldığı günlərdə Peterburq və Moskva küçələrində Həqiqi Rus İttifaqının, Mixail Arxangel Cəmiyyətinin qara üzlü (və qarayüzlü) terrorçuları iqtisadçı Herzenşteyni, Yollosu qanına qəltan edir və Hüseynzadənin şəxsində Azərbaycanın milliyyətçi mətbuatı yəhudilərin haqqını müdafiə edirdi. Hətta "Bunların qəbahəti vəhdaniyyət yolunda peyğəmbərlərin əksəriyyətini yetişdirən İsrail qövmünə mənsub olmaqdır... Ey Musanın əsayi-əjdərhanümudi! Nərədə qaldın?!" deyə Hz. Musanın sehrli əsasını Rusiyada Avropanın müxtəlif ölkələrində qətlə yetirilməkdə olan yəhudilərin köməyinə çağıran Əli bəy Hüseynzadə yazırdı: "Yəhudilər daima türk dostu olmuşlar bu halda qalacaqlarına şübhə etməməlidir!..."

Ərəb Turan amili. Hz. Məhəmmədin təliminə görə, ərəbin ərəb olmayana Allah sevgisinin dərəcəsindən başqa heç bir üstünlüyü yoxdur. Yəni peyğəmbər ərəblərə millətçiliyi qadağan edir. Yəhudi dini isə, fitrətən, millətçidir. Onun Allahı Yahova da yalnız yəhudilərin Allahıdır. İslam isə, ümmət fəlsəfəsinə söykənir. Amma XVIII yüzilin sonlarından etibarən, ərəblər arasında türklərə qarşı yeni bir millətçilik dalğası qabardı. Bu dalğanın Qərb dövlətləri tərəfindən hərəkətə gətirildiyini hamı bilir. Tutaq ki, Fələstin Hicazı ingilis, fransız ordularının işğalından xilas etmək üçün İstanbulda verilmiş cihad çağırışına, ilk növbədə, elə ərəblərin özü etina etmədi. Məkkə əmiri Şərif Hüseyn Paşa 1917-ci ildə ona Suriya, İraq Hicazdan ibarət müstəqil bir Ərəb dövlətinin krallığını vəd edən ingilislərin vədinə uydu onu Məkkə əmirliyinə gətirən Osmanlı xanədanına xəyanət etdi. Karl Brokkelman "İslam ulusları devletleri tarihi" kitabında yazır: "1917-ci ilin dekabrında ingilislər Fələstinə girə bildiləringilis casusu Lavrence Məkkə şərifi Hüseyni bağımsız bir dövlət qurma ümidi ilə Osmanlı dövlətindən ayrılmağa qandırmışdıTürkiyə I Cahan savaşına girincə, Osmanlı Şeyxülislamının qutsal cihad çağırışına Şərif Hüseyn qatılmayacağını İngiltərə hökumətinə həmən bildirdi". Bu məyusedici faktlar Azərbaycan ədəbiyyatında da öz əksini tapıb. Hüseyn Cavidin "İblis" faciəsində elə həmin hadisələrin təzahürüydü ki, sevincini gizlədə bilməyən ərəb zabiti: "Açıvarmiş hüdudu bolqarlar, / Kövkəbi-tale, eyləmiş üful, / İngilislərlə dolmuş İstanbul" - deyir. Bu, ingilislər tərəfindən qızışdırılmış ərəb millətçiliyinin törətdiyi fəsad, krallıq mənsəbi naminə ümmət fəlsəfəsinə arxa çevirmiş bir ərəb millətçisinin tarixi xəyanətiydi. "İblis" faciəsində İstanbulun ingilislər tərəfindən işğalına sevinən ərəb zabitinin ruh halına heyrət edən yaralı türk zabitinin dediklərində buna işarət olunur: "Ah ərəb, cismi, ruhu, qəlbi ərəb, / Həm məmnun... nədir bu halə səbəb?"

İngilislər Şərif Hüseyn Paşanı aldatdılar onu cəmi səkkiz il mövcud olmuş kiçik bir parçadan ibarət Hicaz ölkəsinin kralı, oğlu Abdullahı İordaniya kralı, digər oğlu Feysəli isə İraq kralı elan etdilər. Beləcə, Qərb ərəb dünyasını bir ailənin arasında böldü. Osmanlının ümmət fəlsəfəsi bu torpaqlarda həmin illərdə tənəzzül etdi. Sonralar Ərəbistan krallığına vəhabi Səud gətirildi.

İngiltərənin xarici işlər naziri Artur Balfurun 1917-ci ildə Fələstində yəhudilər üçün milli ocağın yaradılmasını vəd edən məşhur "Balfur bəyannaməsi"nə əsasən, Avropa ölkələrinin dəstəyi ilə sionistlərə Fələstində milli vətən arzularını gerçəkləşdirmək nəsib oldu. Məhz bu dönəmdə Fələstin torpaqlarında gələcək İsrail dövlətinin təməlləri atıldı. Digər tərəfdən, 1918-ci ildə artıq Kərkük Mosul ingilislər tərəfindən tutulmuş, Hələb təslim olmuş, fransızlar Beyrutu işğal etmiş 30 oktyabr 1918-ci il tarixli Mondros müqaviləsinə əsasən, Osmanlı dövlətinin I Dünya müharibəsindəki məğlubiyyəti təsdiq edilmişdi. Amma doğrudan da, Ərdoğanın dediyi kimi, 100 il əvvəl Kərkük bizim üçün idisə, Qəzza da bizim üçün o idi. İndi Qüdsün, yaxud Fələstinin, yaxud Qəzzanın "bizə dəxli var?" deyənlərə Hüseyn Cavid məhz Qüds, Bağdad uğrunda çarpışmaq istəyən "İldırım orduları" zabitlərindən birinin ürək sözlərini bu sətirlərlə ifadə etmişdi: "Türk oğlu sözündən dönməz, / Məhv olur da sürüklənməz. / Həp yüksəlmək dilər, enməz, / Çarpışır yaşar..." qəribədir ki, Hüseyn Cavid Turana çağırış edən "Turana qılıncdan daha kəskin, ulu qüvvət / Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət" sözlərini Bağdad civarında savaşan, Fələstin İraq səmtlərini tərk etmək məcburiyyətində qalan türk ordusu zabitinin dilindən demişdi.

Burada bir haşiyə çıxmaq istəyirəm: Əli bəy Hüseynzadə ilə bir yerdə İstanbul Universitetində təhsil almış, İttihad Tərəqqi Cəmiyyətinin qurulmasında onunla bir yerdə iştirak etmiş İstanbul Universitetində Hüseyn Cavidin müəllimi olmuş Rza Tevfiq Mim Kemal Ökenin "Sionizm Fələstin sorunu" kitabında bildirildiyinə görə, 1909-cu il mart ayının 11-də İstanbuldakı Gənc Yəhudilər Dərnəyindəki çıxışında özünü sionist adlandırsa da, yəhudilərlə çox yaxın irtibatda olsa da, Fələstinin türklərdən çox, musəvilərin ana vətəni olduğunu bəyan etsə , yəhudilərin Fələstində "ortaq ana vətənimizi" dirçəltmək üçün türklərlə bərabər çalışmalarını tövsiyə edirdi onlara muxtariyyət verilməsinin qəti əleyhinə idi. Diqqət yetirilməli məqamdır. Rza Tevfiq Fələstinin yüksəlişini yəhudilərin ərəblərlə deyil, türklərlə işbirliyi yapmalarında görürdü.

100 il əvvəl Azərbaycanda milliyyət platformasında dayanan mütəfəkkirlərimiz yəhudilərlə dost olub. Yəhudilər bizə dost olub. Bunu, xüsusən, Əli bəy Hüseynzadə dönə-dönə iqrar edib. Görünür, burada Xəzərlərlə genetik irtibatımız da istisna deyilmiş. Milad öncəsi 580-ci illərdə Babil kralı II Nebukadnezar Qüdsü ələ keçirəndə yəhudiləri sürgün etmiş, yəhudilər o zaman iskitlərin güclü olduğu Xəzər dənizinin sahillərinə -türk mənşəli xəzərlərin ölkəsinə sığınmışdılar Zəki Vəlidi Toğanın qənaətinə görə, xəzərlərin yəhudi dinini qəbul etməsi həmin dövrlərə təsadüf etməkdədir həmin amillə bağlıdır.

Qəzzanın tabusu ərəblərə, yəhudilərə aiddir. Qəzzanın tabusu İslam bayrağını bu yerlərdə 1071-ci ildən 1917-ci ilə qədər dalğalandıran türklərə məxsusdur. Ərdoğan həmin mənəvi irsin varisi kimi danışır. 1917-ci ildə Qəzzanın ingilislər tərəfindən işğal edilməsi Osmanlı imperatorluğunun süqutunu tezləşdirdi. İndi isə, Fələstində baş verən qanlı faciənin fonunda "Tövrat"ın Samuel qismi dövriyyəyə girir. Üç min il bundan əvvəl gəlib-keçmiş Amalek qövmü xatırladılır. Samuel yəhudi kralı Saula Rəbbin sözlərini xatırladır: "İndi get, Ameliklilərə saldır. Onlara aid hər şeyi bütünlükdə yox et... Qadın, kişi, çoluq-çocuq, öküz, qoyun, dəvə, eşşək,... hamısını öldür!" çağırışı yenidən xatırladılır. Vəziyyət bu dərəcədə vahiməlidir. Məsələ multikultral çevrədən, hətta dini kontekstdən çıxıb, qorxunc bir şəkil alıb.

Fələstinin türklərə dəxli varmı? Bəlli coğrafiyanın çevrəsində daha qədimlərdən - Tövratdakı tarixlərdən əvvəlki çağlarda əcdadlarımızın izinə rast gəlinməkdədir. Amma biz qəbləl tarixə (yəni tarixdən əvvəlki tarixə) deyil, 1071-ci ildən başlayan yeni türk tarixinə istinadən bilirik ki, Malazgirddə Anadolunun qapılarını türklərin üzünə açmış, Azərbaycanın qapılarını Bizansın üzünə qapamış Alparslanın sərkərdələrindən biri - 1070-ci ildə Fələstində türkmən bəyliyini quran Atsız bin Uvak əl-Xarəzmi Qüdsdə səlcuqlu sultanı Alparslanın adına xütbə oxutmuşdu...

 

1 noyabr 2023

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 noyabr, ¹42-43.- S.16-17.