Milliləşən əruz
Əruz
vəzninin tarixi əruz elminin tarixindən daha qədimdir: tədqiqatçılara
görə, ərəb
poeziyası öz inkişafında səc və rəcəz dövrlərini arxada buraxdıqdan sonra, təqribən VI əsrdən
etibarən, əruzvəznli
poeziyaya qədəm qoyur. Əruz vəzninin nəzəri əsaslarını isə
Xəlil ibn Əhməd
sonralar, VIII əsrdə,
Hicrətin 150-ci ilində,
Miladi tarixlə 767-ci ildə yaradır. Ərəb dilində yazan azərbaycanlı şairlər hələ erkən orta əsrlərdən əruzun
sirlərinə bələd
olur, İmayıl ibn Yəsar, Musa ibn Şəhəvat,
Əbul Əbbas Əl-Əma kimi şairlər əruz vəznində öz dövrlərində belə
diqqət çəkən,
təzkirələrə daxil
ola biləcək, mətnlərinə
musiqilər bəstələnəcək
əsərlər qələmə
alırlar. Sonralar fars poeziyasında işlənən əruz vəzninin inkişafında
da azərbaycanlı şairlər
böyük rol oynamış, təkcə
elə Nizami Gəncəvi, "Xəmsə"sinin
vəzni ilə də bütövlükdə
Şərq ədəbiyyatında,
xüsusilə də farsdilli ədəbiyyatda məktəb yaratmışdır.
Belə ki, Nizamidən
sonra "Sirlər xəzinəsi", "Leyli
və Məcnun",
"İskəndərnamə" və s. mövzularda yazıb-yaradan şairlər,
öz əsərlərində
Nizami mövzularını
qoruduqları kimi, bu əsərlərin vəznlərini də qoruyub saxlamış, Nizami vəznlərində
yazıb-yaratmışlar.
Hələlik əlimizdə olan
faktlara görə, ən geci XIII əsrin ikinci yarısından etibarən
ana dilimizdə, Azərbaycan
türkcəsində, Azərbaycan
dilində əruz vəznində yazıb-yaradan
şairlərimiz, əruzun
dilimizə uyğunlaşması,
bu vəznin dilimizdə ram olması baxımından xeyli əziyyət çəkmiş,
amma nə qədər çətin
olsa da, bu işin öhdəsindən
gələ bilmişlər.
Ümumiyyətlə, əruzun bir vəzn kimi
Azərbaycan, o cümlədən,
türk dillərinə
uyuşması mürəkkəb
məsələdir. Çünki
Azərbaycan və o cümlədən, türk
dillərinin nitq axınında açıq
hecalar, ərəb dilinin nitq axınında
və bu dilə əsaslanan əruz vəznində isə qapalı hecalar üstünlük təşkil edir. Bu baxımdan, bu prosesin gedişatında, yəni əruz ilə Azərbaycan dilinin qarşılıqlı
münasibətlərində nə qədər istedadlı şairlər iştirak etsələr və nə qədər gözəl əsərlər yazsalar
da, əslində, Azərbaycan
dili ilə əruz vəzninin tam uyuşması mümkün
deyildir. Çünki
Azərbaycan dilində
əruz vəznində
şeir yaranan zaman, bu heca tipləri
qarşılaşarkən, Azərbaycan dilinin təbii tələffüz
qaydaları pozulur və nəticədə, vəznə xələl gəlir. Və bu, həmişə belə olacaqdır. Çünki nə əruz, nə də Azərbaycan dili öz təbiətlərini
dəyişən deyil...
Əruz
istər praktik baxımdan, türk - Azərbaycan dilində və istərsə də nəzəri baxımdan, ümumtürk
filoloji-elmi-nəzəri fikrində
mürəkkəb yol
keçmişdir. Bu mənada,
tədqiqatçılar, bəzən
Füzulinin "Nəzmi-nazik
türk ləfzi ilə ikən düşvar olur" mətləli qitəsini bu çətinliyin etirafı kimi də qəbul edirlər. Ümumtürk filoloji-nəzəri-estetik istiqamətində
isə Əmir Əlişir Nəvai və Zəhirəddin Məhəmməd Babur kimi
alimlərimiz ümumtürk
əruzunun nəzəri
əsaslarından bəhs
edən "Mizanül-övzan"
və "Müxtəsər"
kimi əsərlər
qələmə almış,
bununla da ərəb-fars
elmi-nəzəri fikrinin
qarşısına çıxaraq,
ümumtürk nəzəri-estetik
fikrinin heç də onlardan geri qalmadığını
söyləyərək, hələ
XV-XVI əsrlərdə ümumtürk
filoloji bayrağını
göylərə qaldırmışlar.
Bu məqamda, yəni əruzun Azərbaycan poeziyasında milliləşməsi
yolunda isə şairlərimiz başqa yolla getdilər. İlk dövrlərdə ərəb-fars
kəlmələrinə daha
çox müraciət
edib, eyni zamanda əruzun dilimizə daha çox yatımlı olan qəliblərində yazıb-yaratdılar...
Məlum
olduğu kimi, hər bir vəznin
təşəkkülü və inkişafında dil əsas rol
oynayır. Bu mənada,
dediyimiz kimi, bu dairədə, Azərbaycan dili ilə əruz vəzninin qarşılıqlı
əlaqələri də
istisna deyildir. Amma bu da vardır ki, əruz poeziyamıza daxil olduğu ilk əsrlərdə bizim şairlərimiz əruz vəznində ərəb-fars
dillərində çoxdan
yazıb-yaratdıqları üçün,
artıq bu vəznin sirlərinə bələd olmuş, bu vəzn onlar
üçün alınmaz
qalaya çevrilməmişdir.
Əruzun isə sirləri olduqca çoxdur... Ən azından on doqquz bəhri və hər bəhrin onlarla növü vardır ki, bütövlükdə
ərəb-fars əruzlarında
bu növlərin sayı bəlkə də mini ötür. Azərbaycan şairləri
təbii ki, bu bəhrləri, növləri
bilmiş, amma öz yaradıcılıqlarında
onların bir qisminə - Azərbaycan dilinə yatımlı olan qisminə müraciət etmişlər.
Əruzun Azərbaycan
dilinə yatımlı
olan bəhrləri və növləri hansılardır və ümumi əruzun on doqquz bəhri və yüzlərlə növü arasında niyə məhz bəziləri, daha doğrusu, on iki bəhri və üç yüzə qədər əsas qəlibi Azərbaycan dilinə daha çox yatımlıdır
sualına isə cavab vermək həm çətindir, həm də asan. Asandır ona görə ki, sadəcə, "bu qəliblər, bu bəhrlər dilimizə daha çox uyğundur" deyib ciddi cavabdan yan qaçmaq olar və qaçırıq.
Çətindir ona görə ki, bu uyğunluğun köklərinə
getmək və onun mahiyyətini açmaq lazımdır.
Təbii
ki, çətinlikdən qaçmaqla
çətinlik həll
olunmur. Biz bu məsələnin kökünə
gedib, əruzun hansı qəliblərinin
Azərbaycan şeirində
niyə, hansı səbəbdən daha çox işləndiyinin
bəzi sirlərini öz düşüncələrimizə
görə aça bilərik. Bunun üçün
isə ilk növbədə
Əkrəm Cəfər
tərəfindən müəyyənləşdirilən
əruzun Azərbaycan
şeirində işlənən
bəhrlərinə və
onların ən əsas növlərinə
bir daha nəzər salaq.
Həzəc bəhri
məfA'İlün məfA'İlün məfA'İlün
məfA'İlün
4 4 4 4
məfA'İlün məfA'İlün fə'Ulün
4 4 3
məfA'İlün məfA'İlün
4 4
məfA'İlün fə'Ulün məfA'İlün
fə'Ulün
4 3 4 3
məfA'İlün fə'Ulün
4 3
məf"Ulü məfA'İlü məfA'İlü
fə'Ulün
3 4 4 3
məf"Ulü məfA'İlün məf"Ulü
məfA'İlün
3 4 3 4
məf"Ulü məfA'ilün fə'Ulün
3 4 3
Rəməl bəhri
fA'ilAtün fA'ilAtün fA'ilAtün
fA'ilAtün
4 4 4 4
fA'ilAtün fA'ilAtün fA'ilAtün
fA'ilün
4 4 4 3
fA'ilAtün fA'ilAtün fA'ilün
4 4 3
fA'ilAtün fA'ilAtün
4 4
fA'ilAtün fə'ilAtün fə'ilAtün
4 4 4
Mütədarik bəhri
fA'ilün fə'il fA'ilün
fə'il
3 2
3 2
fA'ilün fA'ilün fA'ilün
fə'il
3 3 3
2
Rəcəz bəhri
müstəf'ilün müstəf'ilün
müstəf'ilün müstəf'ilün
4 4 4 4
müstəf'ilün müstəf'ilün
4 4
müftə'ilün məfA'ilün müftə'ilün məfA'ilün
4 4 4 4
Müzare
bəhri
məf'Ulü fA'ilAtü məfA'İlü
fA'ilün
3 4 4 3
məf'Ulü fA'ilAtün məf'Ulü
fA'ilAtün
3 4 3 4
məf'Ulü fA'ilAtün
3 4
məf'Ulü fA'ilün məf'Ulü
fA'ilün
3 3 3 3
məf'Ulü fA'ilün
3 3
Münsərih bəhri
müftə'ilün fA'ilün müftə'ilün fA'ilün
4 3 4 3
məfA'ilün fA'ilün məfA'ilün
fA'ilün
4 3 4 3
Müctəs bəhri
məfA'ilün fə'ilAtün məfA'ilün
fə'ilAtün
4 4 4 4
məfA'ilün fə'ilAtün məfA'ilün
fə'ilün
4
4 4 3
Mütəqarib bəhri
fə'Ulün fə'Ulün fə'Ulün
fə'Ulün
3 3 3 3
fə'Ulün fə'Ulün fə'Ulün
fə'ül
3 3 3 2
Xəfif
bəhri
fə'ilAtün məfA'ilün fə'ilün
4 4 3
Səri
bəhri
müftə'ilün müftə'ilün
fA'ilün
4 4 3
Beləliklə, bu qəliblərə
baxdıqda ilk növbədə
nəyi görürük?
Onu görürük
ki, bu qəliblərin
əksəriyyəti hecaların
sayı baxımdan hecavəznli şeirimizin
16, 15, 14, 13, 12, 11 və s. ölçülü
şeirləri ilə
üst-üstə düşür.
Deməli, buradan ən azından belə bir nəticə
çıxartmaq olar
ki, dilimizin nitq axınında istər hecada və istərsə də əruzda 16 hecadan böyük şeir olmadığı kimi, yenə də istər hecada və istərsə də əruzda heca baxımında ən çox yayılan ölçülər
də elə
11-16-liqlardır. Doğrudur, Azərbaycan əruzunun bəhr və qəliblərindən xəbərdar
olanlar Azərbaycan əruzunda kamil bəhrinin də işləndiyini və onun təfilələrinin
beş hecadan ibarət olduğunu, misrasının isə iyirmi heca olduğunu
söyləyə bilərlər.
Kamil bəhri
Yetər,
ey fələk, bu cəfa, yetir
məni-zarə sərvi-rəvanimi
mütəfA'ilün mütəfA'ilün
mütəfA'ilün mütəfA'ilün
5 5 5 5
Amma qeyd edək ki, bu bəhr poeziyamızda
geniş yayılmamış
və şairlərimiz
bu bəhrdə tək-tük şeir yazmışlar. Cünki bu qəlibin istər misra həcmi, istər heca düzülüşü,
istərsə də bölgü quruluşu Azərbaycan dilinə yaddır. Ümumiyyətlə,
bizim təqdim etdiyimiz qəliblər istər bütövlükdə
əruzun və istərsə də Azərbaycan əruzunun ancaq bir hissəsidir,
bir fraqmentidir. Məsələn, bütövlükdə
əruzda elə bəhrlər və qəliblər vardır
ki, onların da heca quruluşlarının düzülüşləri,
misra həcmləri, bölgü sistemləri Azərbaycan dilinin nitq axını ilə uyğun gəlmədiklri üçün
onlar da Azərbaycan şeirində işlənməmişlər.
Belə bəhr və qəliblərə elə kamil bəhrinin də daxil olduğu birinci və ikinci dairələrin digər bəhrlərinin
- təvil, mədid, bəsit və vafirin adlarını çəkmək olar. Bu bəhrlər əsasən
ərəb əruzunun
bəhrləridir ki, bu
bəhrlərin quruluşları
türk dillərinin quruluşları ilə üst-üstə düşmədikləri
üçün, türk
dilli şairlər bu bəhrlərdə çox az əsər
qələmə almışlar.
Bu sözləri təqribən
fars əruzçularının
sonradan yaratdıqları
cədid, qərib və müşakil bəhrləri haqqında
da demək olar.
Azərbaycan əruzunda işlənən
bəhr və qəliblərdən də
danışarkən biz, bölgü
baxımından eyni olub, ancaq hecalarının
düzülüşləri fərqli olduqları üçün fərqlənən
bəzi qəliblərin
üzərindən keçdik.
Cünki bu qəliblər əruz nöqteyi-nəzərindən bir-birlərindən
fərqlənsələr də,
bizə lazım olan məqama - bölgü quruluşlarına
görə fərqlənmirlər.
Bu mənada, onu demək istəyirik ki, əslində müxtəlif
bəhrlərdə dilimizə
uyğun misra həcmi və bölgülərdə olan
qəliblər heç
də az deyildir və onların ən əsaslarını göstərdik.. Bu qəlibləri Azərbaycan
əruzu üçün
doğmalaşdıran səbəb
əgər ilk növbədə
onların heca düzülüşlərinin Azərbaycan
dilinin heca düzülüşü ilə
yaxınlığıdırsa, daha sonra misra
həcmləri və bölgü xüsusiyyətləridir.
Bu isə o deməkdir
ki, Azərbaycan dilinin
sintaqmatik quruluşu heca ( Tərlan
Quliyev. Hecavəznli şeirin strukturu, 13 may
2023-cü il, Ədəbiyyat Qəzeti) və sərbəst (Tərlan Quliyev. Təbiilikdən doğan sərbəst, 29 iyul 2023-cü il, Ədəbiyyat
Qəzeti) vəzinlərin
yaranmasında hansı
həlledici rolu oynayırsa, azərbaycandilli
əruzvəznli şeirin
yaranmasında da həmin
rolu oynayır. Yəni bütövlükdə
Azərbaycan dilinin sintaqmatik quruluşu istər heca, istər sərbəst və istərsə də əruz olsun Azərbaycan şeirinin əsasında duraraq, onun ən
azından misra həcmini və ritmini müəyyən edir. Yəni məsələn, əgər
Səməd Vurğun
şeirində 16-lıq varsa
və o 4 4 4 4 bölgü
quruluşuna malikdirsə,
əruzda da bu bölgü ilə üst-üstə düşən
məfA'İlün məfA'İlün
məfA'İlün məfA'İlün,
müstəf'ilün müstəf'ilün
müstəf'ilün müstəf'ilün, fA'ilAtün
fA'ilAtün fA'ilAtün
fA'ilAtün və s. kimi qəliblər vardır. Əruzda isə Azərbaycan dilinin sintaqm quruluşunun əruzun bölgüləri ilə
gözəl şəkildə
üst-üstə düşməsi
məqamını biz Əliağa
Vahid yaradıcılığında görürük ki, Vahidin
sevilməsinin səbəblərindən
biri də bizcə, məhz budur.
Əruzda
da gördüyümüz kimi,
Azərbaycan qəliblərin
yaranmasında 4 və
3 bölgülü, əruz
dili ilə desək təfiləli ritimlər və onların müxtəlif kombinasiyaları əsas rol oynayır. Bu mənada, buradan, dediyimiz kimi, əsas belə bir nəticə çıxır ki, əruzu
heca ilə yaxınlaşdıran, ümumiyyətlə,
hecanın, sərbəstin,
əruzun da əsasında
duran Azərbaycan dilinin sintaqmatik quruluşudur, ritmidir. Cünki bütövlükdə
Azərbaycan şeirinin-
hər üç vəznin əsasında Azərbaycan dilinin sintaqmı, 3,4, (5=3+2...), 6 hecalı
ritmik parçalar durur.
Tərlan QULİYEV
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.18-19.