Müqəddəs yolçuluq
Bakı,14
iyul 2023-cü il.
Yay fəsli olmasına baxmayaraq, sübhün ilıq nəfəsi
duyulurdu. Səhər ala gözlərini açsa da, göy
üzü hələ də yuxulu görünürdü. Yer
üzünə xumar-xumar boylanan səhər ağ bulud
yorğanını üstündən atıb gözlərini
açdı.
Heydər
Əliyev Mərkəzi
qarşısında Mədəniyyət
Nazirliyi "Heydər Əliyev" Fondunun Azərbaycan
Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi
"VAQİF Poeziya Günləri"ndə iştirak etmək
üçün şair, yazıçılar, incəsənət
və mədəniyyət işçiləri
toplaşmışdılar.
Ard-arda üç böyük avtobus qapılarını taybatay açıb
yolçuları oturacaqlarına alırdı.
"Təcili yardım",
DYP maşınları
"İkarus"ların ardınca yola düşməyə
hazır vəziyyətdə idilər. Hamının
üzündən 30 illik Şuşa həsrəti oxunurdu.
Mən də hamı kimi, bu sevinci yaşayırdım.
Bizim avtobusda yazıçı,
şair, sənət adamlarından Güləmail
Murad, Arifə Əliyeva, Həyat Şəmi, Məlahət
Yusifqızı kinoaktyor Hacı Şamil, meyxanaçı
Namiq Məna və gənc aktyorlar da yer alırdı.
Saat 6:00
Maşınlar nərildəyib yola
düşdü.
Şuşa öz "zəvvar"larının
yolunu gözləyirdi.
Bəli,
məhz zəvvar.
Çünki o torpaqlar Kərbəla torpaqları kimi, müqəddəs
"ziyarətgah"a çevrilmişdi. O torpaqların hər
daşında, qayasında şəhidlərimizin qanı
çiçəkləmişdi. O yerlərə qazilərimizin
əl-ayaqları tökülmüşdü.
"Pir" di, "Ocaq"dı
Qarabağın hər bölgəsi. Biz
"zəvvarlar" da "Azərbaycan"ı ziyarət eləməkçün,
yola çıxmışıq. "Qarabağ Azərbaycandır!"...
Füzuliyə qədər gülə-gülə,
sevinc içərisində getdik. Elə
ki, Füzuliyə girdik, hamının üzündəki sevinc
hissi birdən-birə yox oldu. Hamı dəhşət içərisində
viranəyə qalmış binaların
uçub-dağılmış divarlarında şəhid
analarının ah-naləsini eşitdi. Mənim qulaqlarımda
tankların, topların, minamyotların tükürpədici səsləri
şəhid analarının fəryadını boğdu.
Avtobus yeni çəkilmiş asfalt yolla
şütüdükcə, pəncərədən
Füzulinin dar döngələri gözlərimin
önündə canlanırdı. Qanlı müharibə
gözlərim önündən kino lenti kimi gəlib
keçirdi:
"Uçulmuş binanın arxasında gülləsi
qurtarmış bir yaralı silahını dizləri üstə
qoyub, kürəyini divara söykəmişdi. Kim bilir, o nə
düşünürdü? Hər gün yuxusuz qalıb,
yolunu həsrətlə gözləyən
anasınımı? Ya, gözü yollarda qalmış
sevgilisinimi? Bəlkə də, ikiaylıq körpə
qızının gələcəyini? Kim bilir? Kim?"
Avtobus şütüdükcə xatirələr
arxada qalırdı...
Şuşanın Daşaltı kəndi.
Sıldırım qayalar.
Kapitan Nurzadə (aktyor Əli Nurun oğlu), Surxay Noçiyev bu
qayalıqlar arasında şəhid oldu. Cəlal Aslanov
yaralandı...
Bu da əzəmətli ŞUŞA...
Sürücü əvvəlcədən düşünmüş kimi,
maqnitofonu işə saldı, Xan Şuşinskinin səsi
hamını düşüncələrdən ayırdı.
"Şuşanın dağları
başı dumanlı..."
Amma bu dəfə Şuşanın "başı"
dumanlı deyildi. Açıq səma, aydın günəş
görünürdü. Şuşa, əvvəlcə,
gözlərimə tör-töküntü,
dağınıq göründü.
Bura mən uşaqlıq illərimin xatirələrini qoyub getmişdim.
O xatirələri qoyduğum yerdə tapa bilməyəcəyimdən
qorxurdum. Amma avtobusdan düşən kimi qorxu bir anın
içində məni tərk elədi. Uşaqlıq illərimdə
qoyub getdiyim dağlar, qayalar, tər-təmiz hava yerində
qalmışdı.
"Xarı bülbül" otelinə yerləşdik.
Şuşaya ekskursiya başladı.
Saatlı məscidi, Gövhər Ağa məscidi,
Mirmöhsün Nəvvabın ev-muzeyi sərgisi, Milli
xalçaçılıq muzeyi...
Şuşada 36 il öncə olmuşdum. Həmin
yerlər elə bil bir az yaşlaşmışdı. Ya mən
yaşa dolduğum üçünmü, bu yerlər mənə
ilk baxışdan qəribə göründü?!
Üzü yoxuşa qalxdıqca
kölgəm ayaqlarım altında
qalıb əzilirdi. Başa düşdüm ki, yoxuş həmin
yoxuşdu, illərsə, o illər deyil...
Axşama
doğru Vaqifin möhtəşəm muzey-məqbərəsi
önünə gəldik.
Xatirələr məni yenə
əvvəlki illərə qaytardı.
Vaqifin məzarına 36 il əvvəl qoyduğum güllərin
ətri gəldi burnuma, sanki. Bu hissləri yenidən mənə
yaşatdığı üçün ürəyimdə
Allahıma şükr etdim...
Hava qaralmışdı.
Xan qızı Natəvanın
evinin qarşısında təşkil
olunmuş "Dövri-Səda" adlı konsertə gəldik.
Yaddaşlara dərin iz buraxan möhtəşəm bir konsert oldu...
Şuşanın gecəsi də
bambaşqadır. Yol yorğunu
olmağımıza baxmayaraq, heç kim yatmaq haqqında
düşünmürdü. Hərə bir yanda dəstələşib
"Qarabağ" otelinin qarşısında çay
içir, söhbət edir, əylənirdi...
15 iyul 2023-cü il.
Şuşada açılan ilk səhərimiz.
"Xarı bülbül" oteli bizi əsrarəngiz həyətində
xarı bülbüllərlə qarşıladı. Dünənki
yorğunluqdan əsər-əlamət qalmamışdı.
Hamımız Xan qızı Natəvanın
evinin qarşısında keçiriləcək "Vətənim
Qarabağ" poeziya saatına toplaşdıq. Tədbirin
birinci hissəsi başa çatdıqdan sonra, Cıdır
düzünə gəldik. Sözlə ifadə olunmayan həyəcan
yaşadıq. 44 günlük müharibədə
canlarından keçən şəhid və qazilərimiz
gözlərimizin önündə dayandı. Ayaqlarımı
torpağa basmaq istəmirdim. Kaş quş olaydım, qanad
çalıb, havada dayanaydım. Döyüşçülərimizin
şəhid olduğu yerlərə döşənmiş qərənfil
güllərin, elə bilirdim, xətrinə dəyirəm.
Xan qızı Natəvanın
ruhu eşidəcəkmiş kimi: "Bax,
Xan qızı, sənin "qərənfillərin" öz
qanına boyanıb..." - deyə pıçıldadım.
Göz yaşlarımı saxlaya bilmirdim. Elə bil, ürəyim
köksüm altda öz qanında boğulurdu. Kənara
çəkilib özümü ələ aldım.
Başımı qaldırıb dağlara baxdım. Dərindən
nəfəs aldım.
Burnuma qəribə bir qoxu gəldi - kəklikotu. 36 il idi, bu qoxunun həsrətini
çəkirdim.
Amma 30 ildir, bu "kəklikotu"
kəkliksiz qalmışdı. Yağı düşmən
meşələri heyvanlara, göyləri quşlara, düzləri
"kəklikotu"na, "cincilim"ə, "gəlin
barmağı"na həsrət qoymuşdu...
Cıdır düzündən birbaşa
Xan qızının evinin qarşısına - poeziya
saatımızın ikinci hissəsinə toplaşdıq.
O əlamətdar gündə
mənimçün həyəcanlı
olsa da, səhnədən durub: "Əziz Şuşa, sən
azadsan" şeirimi demək mənə də nəsib oldu.
Həmin
unudulmaz gündə yaradıcılığımın ən dəyərli,
ən məsuliyyətli anlarını yaşadım.
Həmin
bağda, həmin həyətdə Xan qızının viranəyə
qalmış sarayının divarlarına baxdıqca qəlbimin
başı sökülürdü. Çox məsuliyyətli
bir işin altına girəcəyimi düşünmədən
"Natəvan" əsərini yazacağıma
öz-özlüyümdə qərar verdim.
16 iyul 2023-cü il.
Şuşadan Bakıya qayıtmağa
hazırlaşırdıq. Ürəyimdə
bir nisgil qalmışdı. Şuşa qalasına, İsa
bulağına getmək...
Şükürlər olsun ki, İsa
bulağından su içmək də bəxtimizə
yazılıbmış. Amma bulağın suyu əvvəlki
deyildi. Düşündüm ki, yəqin İsa bulağı
yağı düşmənə görə dadını
itirib. Bizim gəlişimizdən xəbərsizdi.
"Şuşa, sən azadsan", İsa bulağı, biz gəldik!
Budur, Bakıdayam, evdə oturub söz verdiyim kimi, "Natəvan" əsərimi
işləyirəm...
"Xurşudbanu həyat yoldaşı Xasay
xanın əmisi, qoca knyaz Araula kəklikotulu çay dəmləyir".
Şuşadan yığdığım, tütyə kimi
saxladığım kəklikotuna baxıb köks
ötürürəm...
Əfşan Yusifqızı
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.19.