Güzgü yazı
Şair Nəcməddin Mürvətovun
70 illiyinə
"Bəzi dərdlər faydalıdır.
Öncə üzər, sonra öyrədər,
daha sonra sevindirər..."
İnsan
öz-özündən uzaq
düşə bilər,
hətta insanın ayrılıb özündən
çıxmışlığı da olur, Allah eləməmiş,
sadəcə, intihar yox, öz-özünü
öldürmüşlüyü də. Sözümün canı bu deyil
əslində. Bu yerdə
axtardığım Sözü
qovuram ki, təngnəfəs
olsun, ləngisin, mən də ona çata bilim.
Mətləbə yaxınlaşıram. Onu, yəni haqqında söz açacağım söz
adamını deyirəm,
onun qədər olmasa da, onun esselərinə bənzəyən
essevari nəsə uydururam, özümdən
bu yerdə:
"Adam kimi adamdı. Unikallığı da var. Danışdıranda
hiss etdirir. Müsahibini
özü seçir.
Daha hər adama baş qoşmur. Vaxtını fövtə vermir daha. Gözəl analizetmə bacarığı
var, sanki gözlərində
rentgen gizlədib, kimə baxsa, rentgenini qoşur beyninin enerjisinə, cavab kartı dilinin altında yüklənir. Danışsa,
qan eləyər. Danışmır, dedim axı, vaxtını fövtə vermir. Qələmi əlinə alıb özüyçün
yazır. Şeirə
əziyyət vermir belə yerdə. Daha çox esselərə baş vurur, esse yazılarında
bir başqa sarkazm da olur. Olmasa, olmazlarındandır.
Bir az şirinlik və doğmalıq da qoşur gözünə,
olur, əməlli-başlı
təxəyyül yazısı.
Güzgü yazı..."
Dünyanın dərdini şairlər
qədər siyasətçilər
də çəksəydi,
qan su yerinə
axmazdı, əksinə,
bu dünyada din, dil, irq ayrı-seçkiliyi
olmazdı...
İnsan
hara getsə, özünü
də çəkib ora aparır. Amma hər qoyub getdiyi yerdə özündən bir parça qoyur və beləcə hər dəfə də özündən bir daha parça
itirir. İnsan, əslində, qazandıqlarını
da bir gün beləcə itirə-itirə
gedir. Fərqi ondadır ki, hansısa yaşa qədər qazanırsan və yaşının müəyyən
bir həddindən sonra da başlayırsan, bir-bir itirməyə. Əsas odur ki, qazandığın yaşın
illəri, itirdiyin yaşın illərindən
daha çox olsun! Əminliklə deyə bilərəm ki, qəhrəmanımın qazandığı
illərin yaşı
daha çoxdur. O, 70 yaşında da qazananlardandır,
onun qazandıqları
isə yaxşı Şeirlərdir. Onlardan biri, lap elə birincisi, qəlbə toxunaqlı "Babamın
evinin daşı"dır.
Şeir müəllifin
bu günəcən yaradıcılığı ilə
kərpic-kərpic ucaltdığı
Söz qalasına yapdığı əsl nəfəslik kimidir:
Usta, ehmal tərpən, xətrinə dəymə,
Qoy, qaytar yerinə, olma ha, naşı.
Divara tarazla, zərrəcə əymə,
İnciyər babamın evinin
daşı.
Və ya
Diz çöküb, yalvarıb-yaxarsam,
görən,
Keçər günahımdan, bağışlar
məni?
Qaytar qoy yerinə, ay divar hörən,
Azaldım özümə sonsuz
tənəni.
"Babamın evinin daşı"
Bu şeirlə sizi baş-başa buraxıram
və burda da qaçıram mətləbdən.
Əslində təkcə
elə bu şeirə dünyanın
sözünü yazmaq
olar. Qoy onu mən yazmayıb,
elə həmin şeirin bir oxucusu kimi məftununa
çevrilib qalım.
Çünki, bilirəm
ki, o şeirin vurğunları
çox olacaq. Və hər biri də həmin
şeiri özü üçün bir başqa yöndən kəşf edəcək. Əsas odur ki, müəllif oxucuya ən gözəl duyğuları yaşada biləcək poeziya nümunəsi yarada bilib...
...Aha.
İndi isə, onun haqqında yazdığım
essedən daha bir parçanı qələmə alıram:
"Bir dəfə, elə bu yaxınlarda söhbətimiz əsnasında,
mənə sual edir: - Bakıdan kimi istəyirsən, dəvət edim? - Cavabım qəfil olsa da, qəti olur, deyirəm: - Heç kimi!..
Sual edir: - Niyə?.. "Bilmirəm!" - deyirəm,
həqiqətən də,
bilmirəmmi?
Araya sükut çökür,
düşünürəm, "yəqin xətrinə dəydim". Sonra qəfil
cavabımı araşdırıram
özlüyümdə. Özümə
haqq qazandırmaq istəyirəm bəlkə
də. Ürəklənirəm.
Düz dedim, içimdən gəldiyi kimi dedim. Bu vaxta qədər "böyük şəhərlərdən"
nə qədər qonağı olub müsahibimin. Onları gözəl qarşılayıb,
gözəl də yaradıcılıq gecələrini
keçirib. Üstəlik,
məktəblilərin də
iştirakını lazımınca
təmin edib, onlara ədəbiyyatı beləcə sevdirdiyini düşünüb. Bunu
bacarıb da.
Gözəl pedaqoq, əsl təşkilatçı, şah
Sözün layiqli keşikçisi... Bu il 70 yaşı
olacaq, baş kənddən qonaq çağırmaq nəyinə
lazım, indi onun özünü Sözün taxtına çıxarıb taclandırmaq
gərək. Bu dəfə
də belə olsun! Ürəyincə bir məclis qurulsa, isti, doğma, özünü,
insanlığını sevdikləri,
qələmini dəyərləndirdikləri
yığılsın bir
araya, elə onun özünü qonaq aparsın. Bu dəfə də onun pişvazına çıxsınlar, sazlı-sözlü
bir gecə olsun, olsun, olsun,
olsun!.. Olmazlar olsun".
Amma o neyləmək istəyir? Hətta 70 illiyinin astanasında da "yazar qonaq" axtarışına
çıxıb. Dəvət
edəcəyi qonağının
da hamının ürəyincə
olmasını istəyir.
Belə yerdə nə deyiblər? - "Belə adamdan qarışqaya da zərər
dəyməz". Hələ
üstəlik, belə
adam bir Söz adamı ola, həmin Sözün etibarlı təəssübkeşi
ola. Necə? Bax, belə!
Yanındayam güllələnmiş heykəllərin,
Seyr edirəm, qəlb ağrımla hər birini.
Kökslərində yaraları necə dərin,
Hardan bilsin yağı, dahi dəyərini?!
"Heykəllərin günahı
nə?"
Daha biri:
Həsrətiylə sinəmə dağdı Vətən ayrılığı,
Uzun illər beləcə, dərdlə ötən ayrılığı,
Şükür, Allaha, hamı gördü bitən ayrılığı.
Saysız
istəklərimə kamımı
aldım Şuşada,
Öz gözümdə elə bil xeyli ucaldım
Şuşada.
"Şuşada"
Bu il,
2023-cü ildə... 70 yaşına
bir bayram hədiyyəsi gəlmişdi
Tanrıdan. Şuşaya
getmişdi, hətta Şuşaya getmişdik.
"Vaqif" Poeziya günləri çərçivəsində
yol yoldaşı olmuşduq... Bəli, daha nə olacaqdı
ki? Dostluqdan, qardaşlıqdan
irəli, yol yoldaşlığımız da olmuşdu və çox da gözəl təəssüratlarla dönmüşdük
Şuşamızdan...(bu
yerdə gülümsünürəm)
İkimizin yaradıcılığında
da şeirlənmişdi o günlər.
...Gəlirik əsas mətləbə. Şairlərin
kövrək dünyasına:
Tənhalıq hissini köksündən
qopar,
Hünərim yetər ki, yaşadam
səni.
Qəlbini almağa təbim
yol tapar,
Şeirimdə eylərəm baş
adam səni.
"Tənhalıq"
Onun
"baş adamı"
da bir müəmma, tilsim, hələ yer üzünə göndərilməyən mələkdir...
Bircə onu deyə bilərəm ki, şairin bəxti onda gətirib ki, ömrünün bütün
dönəmlərində yazdığı
şeirlərin bir
"baş adamı"
var. Həmişə onu
dindirib danışdırır,
sual verib, cavab alır, hərdən sükuta qurban verir, hərdən
də, hay-harayla qarşılayıb yola salır. Şair öz "baş adamı"na xəyanət
etmir, ondan usanmır, bezmir, yorulmur, uzaqlaşmır. Yer Günəşin başına fırlanan kimi, o da öz qəhrəmanının başına
fırlanır.
Nəhayət, mətləbə vardım,
kitabları qarşımdadır.
Kitablarının adları
da bir başqa poeziyadır.
Biri,
"İlk sözü"dür, biri, "Ömür adlı pay".
Biri,
"Ürəyinin sifarişi"dir,
biri, "Səsi, ünü, harayı".
Biri,
"İnsanlıq öyrədən
elmdir", biri, "Yaxşılar azalmasın".
Biri, bu "Dünyanın zərrəsi"dir, biri,
"Təkcə haqq deyib yaşadı"ğı.
Biri,
"Gələcəyə, sabaha ümid"dir, biri, "Etiraf".
Biri,
"Dünyamıza sözü"dür,
biri, "Varım, dövlətim".
Biri,
"Şairlərin olmayan
sirri"dir, biri,
"Məni ürəyimlə
burax baş-başa"sı.
Biri,
"Otuz il, qırx dörd gün"dür,
biri, "Zəfərə
aparan inam"ı.
Və daha nələr... daha nələr...
70 yaşının qədəmi
mübarək, şair!
Ay Bəniz ƏLİYAR
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.20.