Qars metafora kimi

 

 "Koroğlu", Aleksandr Puşkin Orxan Pamuk

 

"...o vədə yoldaşlarım məni

inandırmışdılar ki, orada qızaran

Qars şəhərinin yanğısıdır,

yəni orada rus Osmanlı davasıdır".

    C.Məmmədquluzadə. "Tərcümeyi-halım"

 

Yeddinci sinifdə oxuyurdum.

Qonşumuz rəhmətlik Mahmud kişi taxtın üstündə mütəkkəyə dirsəklənib, mənə hər axşam "Koroğlu"nun bir qolunu oxutdurardı. Hər axşam Koroğlunu onun dəlilərini Tokata, Boluya, İstanbula, Qarsa "göndərirdi", xəyalən xotkar, paşa qızlarını Çənlibelə "gətirirdi".

Bir yadımdadır ki, "Koroğlunun Qars səfəri"ndən bu hissəni oxuyurdum: Koroğlu "Aşıq paltarını geyindi, bir at minib Qarsa tərəf yola düşdü. Az getmişdi bilmirəm, çox getmişdi bilmirəm, elə təzəcə Alacalar dağının ətəklərinə çatırdı ki, bir gördü ki, Qars tərəfdən bir atlı gəlir".

Mahmud kişi sözümü kəsib dedi ki, ruslar buralara gələndə, heç bilirsən, bizim kənddən, Borçalıdan qədər adam qaçıb getdi Qarsa. Sizin qohumlardan indi orda yaşayan var. Siracın arvadı Tamara var ha, keçən il onun Qarsdan atabir qardaşı gəlmişdi kəndə.

Çox sonralar bildim ki, bu, professor Əli Kafkasyalı olub...

Beləcə, Qars təhtəlşüurumda uzaq, sirli doğma bir şəhər kimi, onun topoqrafiyası dastandakı kimi qaldı. Hətta inanırdım ki, Çənlibel hardasa mütləq Qars tərəflərdə olmalıdır. Axı, dastanda buna işarə var: "Elə ki, səhər açıldı, gün çıxıb dağlara yayıldı, uzaqdan, dağların başının üstündən Çənlibel dağlarının qarlı başları görünürdü".

1828-1829-cu illər rus-türk savaşı gedir. Sevgi cəbhəsində (N.Qonçarovanın razılığını ala bilmir) uğursuzluğu Aleksandr Sergeyeviç Puşkin  rus-türk cəbhəsində "unutmaq" istəyir yuxarılardan icazə almadan Qafqaza (Tiflisə) gəlir, burada general N.Rayevskini tapacağına orduya qoşulacağına ümid bəsləyir.

Türklərə qarşı hərəkətdə olan orduya çatmaq üçün İrəvan yolu ilə Qarsa yollanır. Ömründə ilk real sərhədlə üzləşir. A.S.Puşkinin yol qeydlərində - "1829-cu ildə Ərzuruma səyahət"də (1835) oxuyuruq: "Bu da Arpaçay! - dedi mənə bələdçi kazak. Arpaçay! Bizim sərhəd! Tərifi mümkün olmayan atımı sulara sürdüm. Ömrümdə heç yabancı torpaqlara ayaq basmamışdım. Sərhəd deyilincə içimdə sirli bir şeylər oyandı. Səyahət etmək uşaqlığımdan bəri sevdiyim bir xəyaldı. Uzun illər köçəri bir yaşam sürmüş, güneydən quzeyə, oraya-buraya daşınmış durmuşdum, amma bu əngin Rus torpaqlarının dışına heç çıxmamışdım. Qutsal ırmağa sevinclə daldım. Gözəl atım məni türk torpaqlarına çıxardı".

Puşkin yağışlı bir havada Qarsa girir.

"Dağlarla şevrələnmiş geniş bir ovalıqla irəliləyirdik. Bu dağların üstündə ağaran Qarsı gördüm. Mənim türk, onu göstərərək:

- Qars! Qars! - deyə bağırdı atını dördnala çapdı...

- Bu sırada göy buludlarla örtülmüş, yağmur yenidən başlamışdır. Fəqət umrumda deyildi mənim".

Səhərisi Qars qalasını gözdən keçirərkən təəccübünü gizlətmir: "Qarsı necə olub ki, ala bilmişik?"

Şair 20 sentyabr 1829-cu ildə Moskvaya qayıdır. Səfər öncəsi sevgi cəbhəsində yarımçıq qalmış "əməliyyatlar"a yenidən başlamaq fikrinə düşür. Səhər tezdən Qonçarovlar ailəsini ziyarət etmək qərarına gəlir. Qızın anası Natalya İvanovna onu könülsüz qarşılayır. Qız da anasından iznsiz onunla görüşə bilməzdi (bunun səbəbini ünlü puşkinistlər bütün detallarına qədər xırdalayıblar-təfərrüata varsaq, mövzudan kənara çıxmış olarıq). Molla Pənah Vaqifin dili ilə desək, "zərrəcə görmədi hörmət, izzətin,/qaldı elə peşman-peşman evində".

Sevgilisinin susqunluğu soyuqluğu şairin yaddaşında Qars obrazını oyadır. "Kars" toponimi rəsmlərində məktublarında "alınmaz qala" metaforasına çevrilir. 1828-cu ilin oktyabrında Yekaterina Uşakovanın albomunda çəkdiyi Natalya Qonçarovanın rəsmi altında "Qars" sözünü yazır, anasının rəsmini isə "Qarsın anacığı" sözü ilə şərəfləndirir.

Həmin rəsmin altında Uşakov çevrəsindən olan xanımlardan kimsə bu sözləri əlavə edib: "Ah, başıma gələnlər! Qars! Qars! Əlvida, işıq! Öləcəm!"

Şairin S.D.Kiselyova ünvanladığı 15 noyabr 1829-cu il tarixli məktubunda həmin metaforadan istifadə olunur, özü dırnaqsız-zadsız: "Tezlikləmi, Allahım, Qarsın yanından keçib Peterburqda Hotel d"Angeleterre"ə gələcəm? Ən azından gücüm yoxdur, amma istəyirəm".

Bu haqda maraqlananlar Aleksandr Puşkinin oncildliyinin 6-cı cildinə baxa bilər (Puşkin A.S. Polnoe sobranie soçineniy: v10t. Moskva, 1962-1966. t.6, 1967, s.104).

Şair müxtəlif üsullara vasitələrə əl atır, bu "alınmaz qalanı" - Natalya Qonçarovanı onun anasını ram etmək üçün bu metaforadan istifadə edir. "Qars"ın mühasirəsi real Qarsın mühasirəsindən uzun ağır çəksə , sonda "Qars" təslim olur - 18 fevral 1831-ci ildə nikah bağlanır.

Orxan Pamukun "Qar" romanının qəhrəmanı isə qarlı havada Qarsa girir: "Avtobus qara gömülmüş Qars küçələrinə saat onda, üç saat gecikəndən sonra Ka şəhəri tanımadı".

Maraqlıdır: Koroğlu da Qarsa axşam girir: "Oğlan qabaqda, Koroğlu dalda at sürüb axşama biraz qalmış özlərini yetirdilər Qarsa".

Ka Qarsda bələdiyyə sədrinin öldürülməsi, gənc qadınların müəmmalı intiharı haqqında qəzetdə araşdırma yapmaq üçün Qarsa gəlir. Ka 12 ildir Frankfurtda mühacir kimi yaşayır. Bir arzusu da Qarsda ilk eşqi olan İpəklə evlənib Almaniyaya qayıtmaqdır.

Qəhrəmanın adı ilə bağlı yazıçı "ipucu"da verir: "Bu yolçunun adı Kərim Alaquşoğlu idi. Amma bundan qətiyyən xoşu gəlmirdi. Odur ki, ona adının soyadının baş hərflərilə Ka deyilməsini istəyirdi". Onda türk transkripsiyası ilə assosiativ-simvolik əlaqə yaranır: Ka-kar-Kars.

O.Pamuk roman məkanı kimi Qarsı seçməsinin səbəbini belə izah edir: "Mənə elə gəlirdi ki, Qars Türkiyənin ideal metaforasıdır, tərtəmiz mikrokosmosdur. İstanbul Qars paytaxt əyalət, avropalaşmış arxaik şəhərlər kimi qarşılaşdırılır".

Qars sərhəd şəhəridir, ölkənin ucqarıdır, "dünyanın bitiyi yerdir". Rus türk savaşlarında əldən-ələ keçmiş bir şəhərdir. Fasiləsiz yağan qar onu ətraf dünyadan bir az da təcrid edir.

Orxan Pamuk Qarsı sosial, siyasi-mədəni, mənəvi qaramatda təsvir edir. Bu "qaramat"a qarşı bir təzad var, o da qardır. Gecələr hotel pəncərəsindən Qars gecələrini seyr edərkən qar dənələri onda məsumluq, saflıq hissi oyadır.

Şeir yazmağa 4 il ara vermiş Kanın burda gözlənilmədən təbii cuşa gəlir, bir-birinin ardınca 19 şeir yazır: "Beləcə, Ka həyatda ancaq ilham anlarında xoşbəxt ola bilən gerçək şairlərin duyduğu o dərin çağırışı hiss etdi. Dörd ildən sonra ilk dəfə ağlına bir şeir gəlmişdi. Şeirin varlığından, havasından, ədasından gücündən o qədər əmin idi ki, içi sevinclə doldu... Yağan qar altında yazacağı şeiri düşünərək tələsə-tələsə hotelə qayıtdı".

Qarsda yazdığı ilk şeirin adını "Qar" qoyur. Daha sonra Qars kitabxanasında qar dənələri haqqında düşünərək, "Mən Kayam" adlı şeirini yazır.

Qarsa yağan qar təbiət hadisəsi deyil, ilahi-mistik hadisədir. Ka üçün qar yaddaşın təfəkkürün modelidir, insan taleyinin metaforasıdır.

Kanın ölümündən sonra yaşıl rəngli şeir dəftəri qalır. O, bu dəftərdə qar dənəsinin rəsmini çəkib. Qar dənəsinin strukturu tale xətlərini rəsmini xatırladır. Bu xətləri xəyal, məntiq yaddaş kimi mənalandırır: "Hər kəsin həyatının arxasında bir xəritə, qar dənəsi var. Uzaqdan bir-birlərin bənzəyən insanların əslində qədər fərqli, qəribə, başa düşülməyən olduğunu fərdin özünəməxsus qar dənəsinin çözülməsi ilə sübut etmək olar".

Qarsın fərqli "mətnə" çevrilməsi üçün gərək metafora olsun.

Qars kimi, məsələn...

Qars metaforası hər üç əsərin janr yozumunu da dəyişir. Ona görə səyahətnaməni, dastanı siyasi romanı bir "sevgi mətni" kimi oxumaq olur...

 

Rüstəm KAMAL

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 noyabr, ¹42-43.- S.25.