Mənzər Niyarlının "Qızıl qaval" və
"Vətəndən
vətənə" əsərlərinin
dil xüsusiyyətləri
Yazıçının düşüncəsinin
müəyyən bir hissəsi dil yaradıcılığına, dil quruculuğuna sərf olunur. Həmin yaradıcılıq
dilin müxtəlif qatlarında özünəməxsus
formada üzə çıxır. Bədii
mühitə və bədii qavrayışa obyektiv sənət ölçüsü ilə
nəzər salmağın
ilkin şərti elə dil faktorudur.
Mükəmməl dil
və üslub vərdişlərinə sahib olmadan
yazıçının özünü
tanıtmağı, özünü
təsdiqetmə qabiliyyəti
uğursuzluqla nəticələnə
bilər; şübhəsiz,
dil duyumu yüksək olan yazıçının sənəti
də, əsərləri
də sevilir, mütaliə olunur. Tanınmış və sevilən yazıçı
Mənzər Niyarlının
adını çəkdiyim
və oxuduğum bu əsərlərində
dil təsvir elastikliyi ilə seçilir, intonasiya da çevikləşir. Məzmun
və ideya ilə yanaşı, dil işləkliyi də yadda daha tez qalır.
Mənzər Niyarlının, həm
hekayələrini, həm
də romanlarını
ən uğurlu əsərlərindən saymaq
olar. Çünki yazıçının toxunduğu
çox mühüm sosial, həyati məsələlərdir. Vətəndən
vətənə yol gəlir. Bu yol insanı daxilən didən, parçalayan, gözü yollarda qoyan yoldur. Mənzər
xanım və ailəsi həmin hissləri keçirib. O bu hisslərin bütün təfərrüatı
ilə şahidi olub və qələminin
gücü ilə bədiiləşdirib. Yazıçının
ustalığı ondadır
ki, bu hadisələr fonunda güclü assosiasiyalar yarada bilir. O, təsvir etdiyi surətlərin gələcəyə ümidlərini
hər bir obrazın timsalında göyərdir.
"Qızıl qaval"da on üç hekayə toplanmışdır. Hekayələrdən
biri - "Qızıl
qaval" Seyid Şuşinskinin - Ağanın
xatirəsinə həsr
edilmişdir. Hekayədə
böyük sənətkara
sonsuz səmimiyyət,
istək ifadə olunur. "Vətəndən
vətənə" romanı
o taydan-bu taya köç edən ailələrin həsrətli,
ağrılı-acılı, dramatik taleyinə (İkiyə ayrılmış
Vətənin taleyi) həsr edilmişdir. Bir ovuc torpaq ayrılığın
rəmzinə çevrilir.
Gətirilən sitatda
da ən təmiz hissin vətən üçün qəribsəyən,
daima kədərlənən
insan duyğusu olduğu təsdiqlənir.
Bu əsərlərin dili
yalnız ifadə vasitəsi kimi deyil, həm də təsvir predmeti kimi öyrənilə
bilər, ona görə ki, dil özlüyündə bədiilikdən
kənar gerçəkliyin
tərkib hissəsidir
və həmin gerçəklik sənətkara
bu və ya digər dərəcədə
öz yaradıcılıq
elementlərini gah birbaşa,
gah da mürəkkəb yolla,
dolayısı ilə
həyata keçirməyə
şərait yaradır.
Təsvir
olunan obraz və personajların dili, hər şeydən öncə, onların fərdiləşdirici
xarakteri ilə əlaqələndirilir. Necə
deyərlər, xarakter
dilə keçir, onun əlamətlərini müəyyənləşdirir. Beləliklə, dil xarakterin bir hissəsinə çevrilir.
Mənzər Niyarlı çox
maraqlı mövzular seçib. Sovet dövləti dağılır,
insanlar çaş-baş
içindədir. Akademiyada
- elm ocağında təmiz
alim obrazı yaradır.
Akademiyanın müxbir
üzvlüyünə layiq
olmayanlar seçilir.
Almanlar dəqiq millətdir, ancaq burda yaşayırlarsa,
buranın ab-havasına
alışıblar... Ziyalı
pul qazanmaq üçün gizlicə
maşın yuyur, silir. Gerçəkliyi təsvir edir. Ölkədə yeni şirkətlər
yaranır, pul qazanmaq üçün bir çoxları ora can atır. "Murad şirkətdə işləyənlərin
müqəvva kimi duruşlarını, donuq,
etinasız baxışlarını
görməkdənsə, Oktayın
köşkündə oturmağı
üstün tutmuşdu...(15) Zavodlar, fabriklər bağlanır,
iş yerləri tapmaq müşkülə
çevrilir. "Evə
pul gətirməsən,
gəlmə!" - evin
xanımının tələbi.
Yazıq kişi nə etsin? Uşaqlar yemək istəyir. Problem onda idi ki, qadınlar bu şəraitdə işlə tez təmin olunur, hətta bir neçə günün içində geyimlərini,
ədalarını da dəyişirdilər.
Yazıçı Mənzər Niyarlının
bədii əsərlərinin
dili - sənətkarlıq
xüsusiyyətləri çoxdan
diqqətimi cəlb etmişdi; dilin bütün səviyyələrində.
Leksik səviyyədə: dialekt
sözləri: tösmərək,
xeylək, nə dədəmi, nə möməmi, heç kəsi öldürmə
("Vətəndən vətənə",
s.62),
Çayını, qəndini hələm
nəzərdə tutmuram.
(10),...bilik dağarcığı Muradın
dolanışığı fırıqdı. (13), anam
day işləmir...(17)
Fərdi
yaradıcılıq; təsvir
olunan dövrün terminləri: mən, vallah, geyinbaz deyiləm (10), yeni alınmalar:
firma, özəl ocaqlar, alman şirkətləri,
kolbasa buterbrod, bankrot və s.
Dövr
elə idi ki, qazanc dalınca xarici ölkələrə
gedirdilər. Yazıq
kişilər, yarı
canları da uşaqlarının
yanında.
Atalar sözləri və məsəllərdən yerli-yerində
istifadə: Ağlamayana,
məsəl var, deyərlər,
pəpə verən olmaz. (10), Axır ki, başa düşdüm
ki, bu həna o hənadan deyil, əlimi mundar qana bulamaq istəmədim
(16).
Frazeoloji
səviyyədə: frazeoloji
vahidlər Mənzər
Niyarlının təhlilə
cəlb etdiyimiz əzərlərində obrazların
xarakterinin açılmasına,
bəzi hadisə və epizodların poetik təsvir olunmasına şərait yaradır. Bu ifadələr
surətlərin daxili
aləmini, keçirdiyi
emosional durumu, nigarançılığı çatdırır. Məs.:
Uşaqlar əsim-əsim
əsirdilər (4), ...nədənsə,
ət satanın quşu qonmuşdu bu gənç alimə (5), gözünün
qurdunu öldürdü
(5), zəncir çeynəmək,
ürəyindən qara
qanlar axmaq, yerin də qulağı
var (10), mən girən
kol deyil (14), başladı səfeyləməyə.
İşdən sonra ilim-ilim itirdi (16), Leyla xalanın gözləri yol çəkirdi ("Vətəndən vətənə",
s.35) və s.
Müqayisəli cümlələr: Muradın
kefi kök idi. İsti qadın bədəninin hərarəti canına yağ kimi yayılırdı.
(5); Elə bil Seyidin qəlbinin büllurluğunu, paklığını
bu gün yanıb közərməkdə
olan tonqalın kənarında kəşf
elədi ("Qızıl
qaval", s.182).
Adətən, bədii əsərlərdə
təsvir olunan hadisələrin qeyri-müəyyənliklə
ifadəsi zamanı subyekt, zahirən, asan dərk edilir, əslində isə, konkret olaraq icraçı şəxsi tapmaq çətinliyi meydana çıxır. Bu əsərlərin
müəllifi belə
məzmun daşıyan
cümlələrdən ona
görə çox istifadə edir ki, obraz, əvvələn, fikri başqasının üstünə atır, ikincisi isə, qeyri-müəyyənliklə diqqəti
əsas məsələyə
istiqamətləndirir. Məs.:
O dəfə Ərdəbildən
ayaqqabı da aldılar
(Vətəndən vətənə,
s.46), Vallah, deyillər,
Tehranda hamı başıaçıq gəzer._Yox, bacı, Ərdəbildə belə
şeylərə pis baxellar ("Vətəndən
vətənə", s.37)
Danışıq sintaksisi: Bir-iki
ay hərləndim xaxolların
içində (17). Rusiyetdə
baş çıxarmayanlar
geri dönür, birbaş evinə gəlir, dəhşət,
uşaqlarını tanıya
bilmir, onlar bir dəri, bir sümük olmuşlar (170). Təsirli,
ağlamalı səhnələr:
Hərəsinin yalan olmasın, nəlbəki boyda gözləri... Mənə sarmaşıb
ağladılar, getmə,
ata, dedilər, bizi atma. Çörək
al bizə. - Ürəyimin
başı göynədi.
Yaz qapımızın
ağzındadır ("Vətəndən
vətənə", s.45);
Obrazın danışığında Cənubi Azərbaycan şivəsi elementləri:
Novruz bayramı günü gedərux... bayramına mübarək deməlıyıq._Lələm sənə təzə paltar aleb? ("Vətəndən vətənə",
s.45)
Dialoq cümlələri: - Bəs
sən onu harda görmüsən? - Çay qırağında
("Vətəndən Vətənə",
s.41), - Bir-iki günə
mən də gedirəm. - Hara? - Tümenə
("Qızıl qaval",
s.202).
Müəllifin işlətdiyi ritorik
sualların "sirri"
mətnlərin gedişində
aydınlaşır. Belə
cümlələr hər
iki əsərin dilində təsdiq və inkarlığın
ekspressiv ifadəçisi
kimi çıxış
edir.
Budaq cümlələr bəzən
yarımçıq şəkildə
təqdim olunur: Elə gözəl görünürdü ki... ("Vətəndən vətənə",
s.39)
Qoşulma cümlələr: Ət də aldılar: dolmalıq, xuruşluq, mer-meyvə də. (5), Yüz iyirmi min məvacibi olan (əvvəllər bundan da az idi) instituta təyinatla göndərilmişdi. Universiteti qurtaran kimi. (7), Axı onların nəyinə lazımdı: tərcüməçi qız olsun, özü də iyirmi beş yaşından yuxarı olmamaq şərtiylə (12), Nə qədər dost-tanış var. Biznesmendən tutmuş, vəzifəli şəxslərə kimi. (13), Tort üçün alınacaq un, yağ, qatılaşdırılmış süd qalmışdı, bir də göy-göyərti… (25), Onlara gəlib-gedən bircə Sadiq idi. O da imtahan vaxtı, semestrdən o biri semestrə kimi. (25), Səhər xırmanda ol! - deyib, atına qamçı çəkdi. Kəndxuda da onun ardınca ("Vətəndən vətənə", s.65), Bakıdakı məktəbim yadıma düşdü. Ora təzə-təzə isinişmişdim. Sinif yoldaşıma, müəlliməmə ("Vətəndən vətənə", s.61);
Qoşulma-xüsusiləşmə: Nənəmin bişirdiyi plovun dadından doymaq olmur. Xüsusən də, səbzi plovun. ("Vətəndən vətənə", s.62)
Yazıçının "Elə bil çay da susmuşdu" hekayəsi. Bu hekayədə qoşulmalardan nisbətən çox istifadə etmişdir: Maşınını keçən il almışdı. Köhnəni satandan sonra. (32), Tez-tez mədəsi ağrıyırdı. İşdə də, evdə də. (33), Arxadan da Agaların maşını gəlirdi. İçində də arvad-uşağı (32), Həmin məhkəməlik işindən sonra, bir dəfə də olmuşdu kəndlərində. Anası öləndə (33), kəndləri hərdənbir yadına düşürdü. Özü də elə bu vaxtlar. İstilər düşəndə (33).
Sintaktik səviyyədə: sintaktik bütöv yaradan mətndən sonra bir sözdən ibarət olan cümlənin işlənməsi: Tapdı. Çevrildi. Az qalmışdı ki... Görüşdülər, öpüşdülər (12) və s.
Mənzər xanım mətni təkrarlar vasitəsilə
yaradır. Təkrar vasitəsilə bədii ifadə daha təsirli verilir, intonasiya yüksəlir və məna qabarıqlaşır. Bir sözlə, çoxsaylı
təkrarlar intensivlik,
şiddətləndirmə çalarlarını artırır,
başlıca məsələni
diqqətə çatdırır.
Bu vasitə ilə Mənzər xanım oxucunun diqqətini əsas hadisəyə, epizoda, xarakterə, zamana, məkana, müxtəlif fikirlərə yönəldə
bilir: - Bu nə deyir? Deməli, başqalarının
əvəzinə, o yazmalıdır?
Deməli, o öz fikirlərini, sözlərini
kiməsə satmalıdır.
Murad görmüşdü
ki, əşya satarlar,
ev satarlar, pal-paltar satarlar. Ancaq sözü, fikri satmaq...(14)
Üslub
yeniliyi Mənzər xanımın hekayələrində
aydın görünür.
Burada yazar dilin balansını - tarazlığını diqqətlə
gözləyə bilir.
Baxın, bu hissədə dil axar su kimi
süzülüb gedir:
Ailəmizin cənuba köçdüyü həmin
il yaz ayına düşmüşdü. Yadımdadır,
o vaxt hər yerdə olduğu kimi, İçərişəhərin
dar, ensiz küçələrindən yazın
qoxusu gəlirdi. Qonum-qonşular və biz uşaqlar yazın gəlişini səbirsizliklə
gözləyirdik. Bu, səbəbsiz
deyildi, axı qarşıdan əziz bayramımız - Novruz gəlirdi.
İçərişəhərin Qoşa
qala qapısının
yaxınlığında yerləşən
evimizdən xeyli aralı, dənizə doğru bir neçə yol uzanır. Enli və ensiz yollar...("Vətəndən vətənə"... Bakı,
Mütərcim", 2019, s.11)
Bu nəsrdəki lirik ovqat, səmimi düşüncələr şeiriyyəti
yüksəldir, eləcə
də həmin əsərlərin gedişində,
hadisələrin inkişafındakı
psixologizmi şərtləndirir.
Beləliklə, yazıçı
xanımın əsərlərinin
dilini onun motivlərinə, yaratdığı
obraz və personajların xarakterinə
görə müəyyənləşdirə
bildik.
Sonda, qeyd edərdik ki, yazıçının yaratdığı
bədii xarakterlər
filologiyamızın bu
və ya digər məsələlərinin
geniş kontekstdə tədqiqi üçün
hərtərəfli material verir.
İsmayıl KAZIMOV
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.28.