Şimşək
Hekayə
Gözəl may axşamı idi.
Bəli, may idi, yay deyildi. Yay axşamı idi, desəm, yalan demiş olaram, bir hərflik
yalan. Yalanın yekəsi, balacası olmaz, istər bir hərflik olsun, istər bir cümləlik, yalan yalandır. Bəzi bir hərflik
yalana bir cümləlik yalan belə çatmaz. Elə bu yalan
kimi. Bir hərflikdir, amma ilin fəsillərinin
yerini dəyişməyə
qadir olan yalandır.
Yay yox, may olduğunu dəqiq hardan bilirəm, yay olsa, biz tələbə yataqxanasında
deyil, rayonda - öz doğma yurd-yuvamızda olardıq.
Biz isə hələ də yataqxanadaydıq.
"Biz" deyəndə həm
tələbə yoldaşım,
həm də otaq yoldaşım Şakirlə özümü
nəzərdə tuturam.
Hə, gözəl yay axşamı
idi, oturmuşduq otaqda, Şakir həmişə olduğu
kimi, kitab oxuyurdu, mən isə həmişə olduğu
kimi olmasa da, pəncərənin yanında
durub tələbələrin
iki-bir, üç-bir
gedib-gəldikləri küçəni
seyr edirdim.
Buna "bekarçılıq" da deyirlər,
"istirahət" də.
Bilmirəm, mənim o
zamankı vəziyyətim
hansından idi.
Bilirsiniz,
fikir axını insandan deyil, insan fikir axınından
asılıdır. Fikirləşdim,
münasib bir həmsöhbət olsa (əlbəttə, qız olsa, daha yaxşıdır),
çıxıb, bağda
oturub söhbət eləyərdim.
Birdən,
hardansa, niyəsə,
sinif yoldaşım Məlahət yadıma düşdü. Bilirdim
ki, orta məktəbi bitirdikdən sonra o da məni kimi paytaxta gəlib, mərkəzin qaynar yerində yerləşən
mağazalardan birində
satıcı işləyir.
Deyə bilmərəm
ki, oğlanlarla oturub-durmağa
meyilli olduğunu eşitmişdim, ya haqqında bunabənzər
nəsə bilirdim, yox, heç nə bilmirdim, heç nə eşitməmişdim, bir onu bilirdim ki, bu qəşəng sinif yoldaşım şəhərdədi.
Bəs xəyalən həmsöhbət
(qız) arayaraq, niyə məhz Məlahət yadıma düşdü, niyə onun qara gözləri
gəlib gözümün
qabağında durdu? Bilmirəm, fələyin işlərini bilmək olmaz. Bəlkə də, həmin əsnada, Məlahətə
oxşar tələbə
qız gəlib-keçdi
küçədən, bəlkə
də, kimsə "Məlahət" deyə,
kimisə çağırdı?
Hər necə oldusa da, yadıma düşdü və özümdən asılı
olmayaraq, yəni qeyri-ixtiyari dedim:
- Məlahətə zəng
edim, vaxtı varsa, görüşək,
haradasa, bağda oturub laqqırtı vuraq.
Görünür, bu kəlməni
xeyli ucadan dedim. Şakir gözünü kitabdan ayırıb üzümə
zillədi.
- Məlahət kimdir? - ani pauzadan sonra soruşdu.
- Məlahət mənim sinif yoldaşım olub. Çox yaxşı qızdı...
Şakir
kitabı yana qoydu.
- De, rəfiqəsini də götürsün. Darıxıram,
mən də sizinlə birlikdə çıxardım.
- Əla fikirdir, deyərəm, özü kimi qəşəng rəfiqəsi varsa, onu da götürsün, -
bunu deyib qapıya tərəf yönəldim ki, gedim tələbə yataqxanasının
yeganə telefonundan zəng edib niyyətimizi Məlahətə
çatdırım.
- Dayan, - Şakir arxamca səsləndi, - ağlıma
gözəl ideya gəldi, - bağ-mağ boş şeydir. De, bura gəlsinlər. Bu xudmani otaqda romantik bir axşam
təşkil edə bilərik - iki qız, iki oğlan!
- Bura gəlsinlər?
- Hə, qızlar gələnə qədər,
biz çıxaq, yolun
o tərəfindəki ərzaq
dükanından çörək,
kolbasa, pendir, yanında da bir şüşə qırmızı
şərab alaq. Maqnitofonumuz da var, yeyib-içib,
rəqs edib, əylənə bilərik.
- Əla ideyadır! - deyib çıxdım.
Əllərim əsə-əsə Məlahətin nömrəsini
yığdım. Hər
şeylə maraqlananlar
əllərimin niyə
əsdiyini soruşmamış,
özüm deyim ki, bir az həyəcanlı
idim, məktəbi bitirəndən Məlahətlə
danışmamışdım. Qaldığı evin telefonunu da bir başqa sinif yoldaşımız qızdan
götürmüşdüm. Götürəndə düşünmüşdüm,
bilmək olmaz, bir də gördün
o qız mənə hardasa, lazım oldu. İşin gedişatı göstərir
ki, gümanım məni
aldatmamışdı, düz
düşünmüşdüm.
Xəttin
o başında Məlahətin
cingiltili səsi eşidildi.
- Alo!
- Salam, Məlahət!
- Salam. Kimdir?
- Tanımadınmı, mənəm.
Adımı deməyə ehtiyac
qalmadı, Məlahət
məni tanıdı.
- Nə yaxşı yadına düşdüm.
- Sən həmişə yadımdasan...
-Yaxşı, bir...
- Ciddi sözümdür.
- İnanmıram.
- İnan!
- Yaxşı, eləsə,
bəs niyə indiyə qədər zəng eləmirdin?
- İndi
zəng elədim ki, görüşək.
- Görüşək?
- Hə, rəfiqələrindən
birini də götür, tələbə
yataqxanasına gəl,
otaq yoldaşım - qəşəng bir oğlan da var, səni onunla da tanış eləyərəm.
- Deyirsən, rəfiqəmi
də götürüm?
- Hə, də, kişi məclisində tək darıxarsan.
Araya gərgin sükut çökdü.
- Nə bilim, vallah...
- Bilməyə ehtiyac yoxdur, rəfiqəni də götür gəl, dostumla birlikdə gözləyirik.
Yenə
gərgin sükut.
- Yaxşı, gələrik.
İndi saat neçədir?
Altıya qalıb on beş dəqiqə... saat səkkizin yarısında görüşək,
yataqxananın girişində
bizi qarşıla.
- Oldu, danışdıq.
Dəstəyi asıb otağa
qayıtdım.
Şakir
artıq saxlama köynəyinə ütü
çəkirdi.
- Nooldu?
- Gəlirlər.
- Əjdahasan!
- Amma əjdahanın bir şərti var, sinif yoldaşımla münasibətdə
qırmızı xətti
keçmək mənə
yaraşmaz. Belə
ki, babam demiş, şərti şumda kəsək ki, xırmanda
dava düşməsin.
- Mən istənilən şərtə razıyam.
- Sinif yoldaşım sənə, rəfiqəsi
mənə.
- Danışdıq!
Sonra adama beş-on manat atışdıq, gedib ərzaq dükanından dediklərimizi
aldıq, ortası şərablı gözəl
bir süfrə açdıq.
Sonra xəyalımızda olmazı
plan qura-qura, oturub qızları gözlədik.
Sonra mən gedib tələbə yataqxanasının
girişində qızları
qarşıladım.
Sonra qızlar gəlib çıxdılar. Vədələşdiyimiz
vaxtdan cəmi üç dəqiqə ötürdülər.
Məlahətlə çox isti görüşdük, onu
bağrıma basıb,
üzündən ehmalca
öpərək qulağına
pıçıldadım, "sinif yoldaşı dediyin bacıdır". Bunu dedim ki, işini indidən bilsin, seçimini düz eləsin.
İnsafən, deməliyəm ki, Məlahətin
rəfiqəsi çox
cazibəli, suyuşirin
qız idi, görən kimi quşum qondu, onun əlini sıxıb adımı deyəndə, elə bil qızın incə barmaqları ovcumun içini qıdıqladı. O da öz
adını dedi:
- Seva!
Səsi
də özü kimi yapışqanlı idi.
Otağa
gəldik. Qızları
Şakirlə, Şakiri
qızlarla tanış
elədim.
Gözlərindən duydum, sinif yoldaşım Şakirin çox xoşuna gəldi. Məlahəti də, əvvəlcədən yönəltmişdim
deyə, otağa girən kimi meylini Şakirə saldı.
Biz süfrə arxasında əyləşəndə, artıq
şər qarışmışdı.
Yedik-içdik. "Yedik-içdik"
deyəndə ki, qızlar,
demək olar ki, yemədilər, dedilər,
biz təzə şam
eləmişik, axşam
çox yemirik ki, çəkimiz artmasın.
Amma qırmızı şərabdan
imtina etmədilər,
süzdükcə içdilər,
içdikcə süzdülər.
Bir vaxtdan sonra Şakirin
maqnitofonu işə düşdü, həzin musiqi sədaları otağa yayıldıqca dumanlı başlara təsir elədi.
Durduq qızların belindən sarılaraq rəqs elədik. Məlahət də, Şakir də işlərini əvvəlcədən bilən
adamlar kimi yerlərindən duran kimi bir-birinə tərəf getdilər, heç bizə tərəf baxmadılar.
Bir müddət sığınıb
yapışaraq rəqs
etdikdən sonra Məlahət dedi:
- Gəlin, işığı
söndürək. Qaranlıqda
oynayaq, belə daha romantik olar.
Dediyi kimi də elədi,
cümləni tamamlayar-tamamlamaz,
qapının yanındakı
düyməni basıb
işığı söndürdü.
Otağımız birinci
mərtəbədə yerləşdiyindən
içəriyə yalnız
küçədəki gecə
çıraqlarının işığı düşürdü.
Bu da doğrudan da, romantik
bir ovqat yaradırdı.
Gecənin qaranlığından xoflanan adamlar kimi bir-birimizə daha da sarıldıq, elə sarıldıq ki, otağın alatoranlığında
kənardan baxan adam elə bilərdi,
otaqda dörd nəfər yox, ikicə adamdı, hər biri ortalıqda
özü üçün
fırlanır.
Bir müddət beləcə
rəqs elədik. Başlarımız, bədənlərimiz
bir-birinə elə yapışmışdı, deyərdin,
bunları bir-birindən
ayırmaq heç vaxt mümkün olmayacaq. Amma...
Amma intimliyin pik məqamında gözlənilməz
bir hadisə baş verdi.
Sakir qəflətən qızı
buraxdı, otağın
qaranlığında sürətli
addımlarla eyvana tərəf yönəldi,
eyvanın şüşəli
qapısını açıb
çıxdı, sonrasa,
məhəccərdən tullanıb,
arxaya baxmadan getdi. Hara getdi, bilmədik, arxasınca baxa-baxa qaldıq.
Çaş-baş qalmış Məlahət
işığı yandırdı.
Heç nə demədi, bizə ötəri bir nəzər saldı. Sonra
işığı yenidən
söndürdü.
- Artıq gecdir, gedə bilmərik, burada qalmalı olduq, - dedi. Sonra soruşdu: - Onun çarpayısı hansıdır?
Gözümlə Şakirin çarpayısına
işarə etdim.
Dinib-danışmadan donunu çıxardı və yorğan altına girdi.
- Gəl, yanıma uzan! - Sevaya əmranə səslə deyib, divara tərəf
çəkildi.
Mən də öz çarpayımda üzüdivara
uzanıb yatdım.
Aradan nə az, nə
çox, düz əlli bir il keçdi.
Bu dəfə may axşamı
yox, yay axşamı idi, işdən yorğun-arğın gəlib
nəvələrimin hay-küyündən
yayınaraq öz otağıma çəkilib
kompüterin qabağında
qurdalanırdım. Birdən
telefonuma zəng gəldi, zəngin səsindən bildim ki, vatsapıma zəng edirlər. amma nömrəni tanıya bilmədim. Deyəsən,
xaricdən idi. "Yes"düyməsini basıb
açdım.
- Alo!
- Salam!
- Salam! Kimdir?
- Mənəm, Məlahət?
Qulaqlarıma inanmadım, amma
səsini tanıdım.
- Məlahət?
- Bəli, mənəm. Necəsən? Nə var, nə yox?
- Sağ ol, yaxşıyam.
Sən necəsən?
Haralardasan?
- Mən Kanadadayam. Artıq neçə ildir, bura köçmüşük.
Kanadada olduğunu eşitmişdim,
sinif yoldaşlarımızdan
kimsə mənə demişdi.
- Kanadada neyniyirsən? Nə işlə məşğulsan?
- Burda da satıcı işləyirəm. Yoldaşım
inşaat işlərinə
baxır. Uşaqlar da
burdadırlar, hərə
bir işlə məşğuldur. Nəvələr
oxuyur.
- Nə yaxşı yadına düşdüm?
- Səndən bir şey soruşmaq istəyirəm. Bu sual bir ömürdür məni rahat buraxmır, Şakirdən
soruşmusanmı, nə
deyir, o gecə niyə qaçdı?
- Sözün düzü, o
hadisəni çoxdan
unutmuşam, soruşduğum
yadımda deyil. Telefon nömrəsini verim, özün soruş. Vatsapı da var.
Gərgin
pauza.
- Yaxşı ver, soruşum. Cavabı bilməsəm, bu sual məni qəbrə qədər izləyəcək.
Şakirin telefonunu ona verdim, xudahafizləşib telefonları qapatdıq.
İki gündən sonra Məlahətin zəngi yadıma düşdü,
qəribə də olsa, mən də maraqlandım, görəsən, Şakir
Məlahətin cavabında
nə dedi?
Etmədim tənbəllik, Məlahətin
vatsapına zəng vurdum. Salam-kəlamdan sonra söhbəti məsələnin üstünə
gətirdim.
- Şakirə zəng elədin?
- Elədim.
- Nə deyir, o gecə niyə qaçdı?
- Deyir, qaçdığım
yadımdadır, amma niyə qaçdığımı
bilmirəm.
Məlahətlə bu söhbətimizdən
sonra xeyli vaxt keçdi. Bir gün hiss etdim ki, bu sual mənim
də yaxamdan yapışıb, rahat buraxmır. Olmadı. Bir axşam telefonu götürüb Şakirin
nömrəsini yığdım.
Hal-əhval tutduqdan sonra, guya sözarası
soruşdum.
- O gecə niyə qəflətən, qızı
buraxıb getdin?
Araya çökən gərgin
sükut xeyli çəkdi. Şakir haçandan-haçana dilləndi:
- Bilirsən ki, o vaxt mənim
evlənmək, ailə
qurmaq yaşım idi. Universitetə də gec daxil olmuşdum. Məlahəti görəndə
bildim ki, axtardığımı
tapdım. Daha doğrusu, bəxtim məni tapdı. Amma sonra... Hər şey musiqidən oldu... Yüz ilin sevgilisi kimi o köksümə sığınanda... ələlxüsus
da, işığı söndürüb,
başını başıma
söykəyib, ehtiraslı
nəfəsiylə boynumu
pöşüləyəndə içimdə, daha doğrusu, onurğamda nəsə şimşək
sürətiylə yanıb
söndü, anladım
ki, ömrümdə ilk dəfə
qənşərimə çıxan
bəxtim məni yaman yerdə yaxaladı... onun əlindən canımı
qurtarmağın yeganə
çarəsi tez çıxıb getməkdir...
Getməsəm, ömürlük
qalacam və həmin şimşək məni hər gün yandıracaq... tamam kül olana qədər məndən əl çəkməyəcək... Amma sonra, sonra yox
ey, eyvanın məhəccərindən çölə
atılan kimi peşman oldum, lakin artıq geriyə yol yox idi.
- İndi
də peşmansan?
Yenə
gərgin sükut.
- Hə, peşmanam... Çox peşmanam... əsl ömür o şimşəyin odunda yaşamaqdır...
Sonra sağollaşıb telefonları
qapatdıq, amma bilmirəm, o sual məni daha çox narahat edirdi, yoxsa, bu cavab...
İmir MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.30.