Üç büst haqqında ballada  

 

Müharibədə

Güllə-güllə seyrəlir

daş əlli səngərlərin boy göstərən sırası,

Zülmətlə sürmələnir

təntiyən gecələrin gözlərinin qarası...

Qaysaq bağlaya bilmir

daşın-dağın, torpağın güllə, qəlpə yarası.

Ömürlər qanad salır, ölümlər qanad çalır

Yer ilə Göy arası...

Atasız körpələrin nənnisini sel döyür,

ninnisini yel döyür.

Müharibə - bəşərin söndürülən çırası...

Müharibədə

Gecələr ağırlaşır döyüşlərə aparan

yolun-izin şələsi,

Dağlara kəmənd atır işğalçılıq tələsi.

Çənə-dumana dönür döyüşlərin nəfəsi.

Dağa-daşa çırpılır gözəllik piyaləsi...

 

***

 

Suç kimin suçuydu? Bu neçə ildə

İgid oğulları bayraq yerinə

Göyə qaldırmağa qollar yoxuydu.

Bakıdan dünyaya yollar varıydı,

Bakıdan Şuşaya yollar yoxuydu.

 

1992-nin mayında

Qala-şəhərə

döyükə-döyükə, töyşüyə-töyşüyə,

böyüyə-böyüyə gəldi yağılar

Təzə cığır düşdü Cıdır düzünə.

Bir ilmə üzüldü göy qübbəsindən,

Bir ağrı yayıldı göyün üzünə...

Əlləri üyüşən zamandan çıxıb,

Zamana dil verən gümandan çıxıb,

Dağları bürüyən dumandan çıxıb

Bir vaxtlar Şuşanın yan-yörəsində

Kül töküb, yurd olub ocaq çatanlar,

Yəhərli-yüyənli bir ata görə

                                    ata satanlar,

"Xan qızı" Natəvanın şeirlərinə

ömürlər isidən ocaq deyirdi,

Şuşadan dünyaya gedən cığıra

İşıqlar salası çıraq deyirdi,

Üzeyir bəyin

sənət dünyasından heyrətlənənlər

tünlükdən aralı diz çökürdü,

Bülbülün səsinin cazibəsində

                                    boyun bükürdü.

 

Zamanı bihuş görüb

ömrünü ermənilik nəfsinə qul elədi,

Qarabağda kəndləri

çökdürdü divar-divar, yandırdı, kül elədi.

Yolda-izdə, qarda-buzda,

çöldə-düzdə qocaları güllələdi,

qadınları güllələdi, uşaqları güllələdi...

 

Yüzlər, minlər əsir düşdü,

Uca dağlar, gur bulaqlar, gen dərələr,

"könül açan mənzərələr" əsir düşdü.

Qalada üç möhtərəmin

tuncdan büstü əsir düşdü.

Ermənilik elə bildi

Göyün altı, Yerin üstü əsir düşdü...

 

Niyə ətək sərəmmədi

Bəşər üç büstün üstünə?!

Necə çökdü, görəmmədik

bu şər üç büstün üstünə.

 

Dünyanın ayrı yelləri,

Sağ canı sayrı yelləri,

Saralmış sarı yelləri

əsir üç büstün üstünə.

 

Ovuc-ovuc kül ələdi,

Yolu daşa kürmələdi.

Gecə üzü Kür mələdi

Əsir üç büstün üstünə.

 

Qarabağda erməniyə

Göyün altı, yerin üstü

                        düşmən imiş,

Erməniyə düşmən imiş

Qarabağın

daşı-dağı, axar suyu,

gur bulağı, gen dərəsi,

"könül açan mənzərəsi",

Tarixləri tarixlərə ad eləyən,

Tərsə düşən tərs tişəni

                        künd eləyən

bir millətin dünənindən

bu gününə gələn büstü

                        düşmən imiş...

 

Gecənin gecə vaxtı

işğalın gözlərini qansızlıq sürmələdi;

ermənilik o gecə sözün də büstünü,

səsin büstünü,

musiqi möcüzəsinin büstünü

                                    güllələdi...

 

Bir gürşad başladı yazın yaz günü,

Dünya genişiymiş, dünya darıymış.

Üç əsgər... Üç əsir... Bir də ki, yollar.

Şuşadan Tiflisə yollar varıymış.

Bilən olmadı ki, bilinmədi ki,

Yollar heyrətindən donubdu niyə.

Döyükə-döyükə göylərə baxdı,

                                    ilin bu vaxtı

lənətlər oxudu möhtəkirliyə...

 

İşğalın əlləri çox uzunuymuş;

Dünyanın gözünə kül üfürdülər,

Şuşadan Tiflisə kəmənd atdılar.

Yaralı torpağın əlindən alıb,

Yaralı büstləri pulla satdılar...

Elə o gün

bəşərilik ilmələri düşdü düyün.

Ermənilik bu büstləri

Satdı dəyər bilənlərə

                        qazanc üçün...

 

Gizlincələr yedəyində haraları dolaşdı

yaralı büstlərimiz,

Vətəndən ömür qədər aralı büstlərimiz...

Siyasətdə - cinayət,

Cinayətdə - siyasət,

Tarixə bir yük olur

o da, bu da, nəhayət.

Pas atmır, pas bağlamır cinayətin kilidi.

Siyasətlə açılır siyasətin kilidi...

 

Can ruha həsrətiydi, həsrətiydi ruh cana...

Yağış kəsdi, Gün çıxdı, gerçəklər üzə çıxdı;

Yaralı büstlərimiz

səbrlə qaytarıldı, geri - Azərbaycana!..

 

***

 

2020... 27 sentyabr...

Sərin payız gecəsi,

Səngərini aşanda

yağılığın nəfəsi

Vətənin, torpağın, dövlətin -

Azərbaycan adında

bəşəri məmləkətin

adına dönənlərim,

Tağların, Azıxın, Qobustanın

yaddaşından qor alıb

igidliyin, ərliyin

(dönməz hünərvərliyin)

oduna dönənlərim

28 il

əli əldən, qolu qoldan,

yolu yoldan, eli eldən

ayrı salan

səngərdən sıyrıldılar.

Od kimi sıyrıldılar,

İşğalın zəncirini

qırıb-parçalayası

ad kimi sıyrıldılar...

Tarixin köynəyindən,

Köynəyinə sığmayan

ovunmaz göynəyindən

el kimi, oba kimi,

yurd kimi sıyrıldılar.

Başlıbel, Bağanıs-Ayrım,

Qaradağlı, Meşəli, Xocalı

faciələrinin

gözünə iy salası

mərd kimi sıyrıldılar.

 

Düşmənin sədlərini

çığnadılar, keçdilər,

Qələbəyə aparan

çətin yollar seçdilər,

İşğalçının ruhuna

dərd köynəyi biçdilər,

Ölümləri öldürüb,

ölümsüzlük içdilər...

 

Yolsuz izlər keçdilər,

İzsiz düzlər keçdilər,

Düzsüz çöllər keçdilər,

Evləri dizə çökmüş

neçə ellər keçdilər.

Bir dan üzü yağının

kif atmış niyyətini

haqlamağa keçdilər,

Sonuncu nəfəsini

dağlamağa keçdilər...

 

İllər ömürlərin qılıcı imiş,

İllər diləklərin qılıncı imiş,

Bu qılıc illərin, qılınc illərin

əlindən sürüşən yollar yaşıymış.

Bir vaxtlar Qalanın nazını çəkən

nazbalınc yolların bağrı daşıymış.

 

Bu yaşlı yolları, daşlı yolları

döyüşə-döyüşə mum elədilər,

Yağı səngərini çor güllələrlə

                                    şum elədilər.

Qalanı çiynində saxlayan dağın,

Qalanı göylərə bağlayan dağın

Daş əli, daş qolu Ay işığında

Əsgər qüdrətinə nərdivan oldu.

Güllələr düşmənin dirənişinin

canına daraşdı, bu dirənişin

                                   bənizi soldu,

Qüdrəti qınından sıyrılan görcək

göygözlü göylərin gözləri doldu...

 

Ömrünü öz əliylə dağlayan qaranlığın,

Qara niyyətlilərin

torlaşan gözləriylə ağlayan qaranlığın

gərili qollarını əyim-əyim əyənlər,

"Min-min illik tarixi min illərə bağlayan

qara bağım!" - deyənlər,

Qara bağlara dəyən qara daşlar görəndə

"Qarabağım!" - deyənlər

gecənin gecə vaxtı işğal ilmələrini

tıncıxan güllələrin səsinə kürmələdi,

Cəsarət sıldırımı

dikələn qələbənin nəfəsinə kürmələdi.

Döyüşlər gedirdi dağ yamacında,

Tarixin günə tamarzı qalan

                                    ağ yamacında.

Döyüşlər gedirdi, ötən illərin

yükünü çiynindən atası döyüş

(dünənin sabaha butası - döyüş)...

Döyüşlər gedirdi...

Ruh döyüşüydü,

Ruhsuz doğulan

ruhsuz bədənlərlə ruh döyüşürdü,

 

Tarixə tarixi görk döyüşürdü,

Tarixin adından Ərk döyüşürdü...

Əsgər döyüşürdü, son döyüşüylə

işğalı dağlarda dağ etmək üçün.

Döyüş qurtuluşdu... Qala-səhərin

işğal dumanını dağıtmaq üçün...

Əsgər döyüşürdü... Yaralı daşlar

Əsgər qüdrətinə gürz olacaqdı.

Əsgər döyüşürdü, döyüşdən sonra

Dağlara-daşlara, dağda daşlara

Tarixi Qələbə göz olacaqdı!..

 

Bu döyüş nə döyüşüydü,

Sarğısı yellər olan yaralı daş bilərdi,

Döyüşçü sinəsini daşa qardaş bilərdi.

Daş da, daşa qardaş da

ayağa dura bilsə dirəşən səngərləri

iki yerə bölərdi,

Şəhidlərin qanını kirpiyiylə silərdi...

 

Dan yeri sökülürdü,

Üzə duran gecənin qaməti bükülürdü.

Gecənin gecə vaxtı göylərdən ulduz axdı,

Güllələr işığını göyün üzünə sərdi,

Sərdi, Cıdır düzündə bir Qələbə cücərdi!..

 

Daş-daşın, iz-izin əlini sıxdı,

Cığırlar çiynindən yükünü tökdü.

Barmaqlar tətikdən üzülməsə

Şükranlıq kimi

Əsgərlər diz üstə torpağa çökdü:

Salam, ruhumuzun şəhəri, Şuşam!

 

28 ilin can möhnətindən

Sıyrılan yolların gözləri doldu.

Üzün torpaq ilə gözəl təması

göylərə deyilən salavat oldu:

Salam, ruhumuzun şəhəri, Şuşam!

 

Əridi bir doğma nəfəs duyunca

Göylərin nisgili, torpağın qəmi.

Üç büst, əsirlikdən qayıtmış üç büst

Qayıtdı Şuşaya vətəndaş kimi! -

Salam, ruhumuzun şəhəri, Şuşam!

 

***

 

Yerin beli burxulub,

Yer daşı saxlayammaz.

Daşa dəyən daşları

yanaşı saxlayammaz.

 

Satılnan aldatdılar,

Qollarını çatdılar,

Bir dəryaya atdılar,

sirr yaşı saxlayammaz.

 

Saçını yolan ölüm,

Saralıb-solan ölüm,

Dərdinə dolan ölüm

bir başı saxlayammaz...

 

***

 

Zəfərdən bəri

Şuşaya gələnləri

Azərbaycan dünyasıtək qarşılayır

Natəvanın sözü,

Bülbülün səsi,

Üzeyirin bəstəsi...

 

Avqust 2023

 

Rəşid FAXRALI

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 noyabr, ¹42-43.- S.31.