Bişkekdə ElçininQatil

pyesinin premyerası keçirilib

 

Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Milli Rus Dram Teatrında çoxdan gözlənilən “Qatil” tamaşasının premyerası keçirilib. Xalq yazıçısı Elçinin məşhur psixoloji dramında sevgi, xəyanət, tənhalıq və xoşbəxtlik axtarışları kimi ədəbi mövzular yüksək bədiiliklə araşdırılır.

Qırğızıstanın Xalq artisti, tanınmış dramaturq və prodüser Nurlan Abdıkadırovun quruluş verdiyi “Qatil” tamaşası təsirli süjeti və düşündürücü hekayəsi ilə tamaşaçıları heyran edib. Tamaşada əsas rolları qırğız aktyorları – Kristina Foykina, Aleksandr Panin, Sayragul Esenbayeva, Aleksandr Alberyev-Stepanov, Vera Anisimova, Anton Yakovenko və İrina Nolfina ifa ediblər.

Elçinin ən məşhur pyeslərindən biri kimi tanınan “Qatil” dünyanın nüfuzlu səhnələrində nümayiş etdirilib. Psixoloji dram janrında maraqlı süjet xətti olan tamaşa teatr sahəsində yaradıcılıq eksperimentləri üçün geniş imkanlar açır.

“Qatil” ilk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında istedadlı rejissor Mehriban Ələkbərzadə tərəfindən səhnələşdirlib. Böyük maraqla qarşılanan tamaşa daha sonra Moskva, Sankt-Peterburq, London və İstanbul kimi şəhərlərin teatr səhnələrində nümayiş olunub. “Qatil”in əsasında Gürcüstan, Azərbaycan və Finlandiyadan olan rejissor və prodüserlər birlikdə eyniadlı bədii film çəkiblər.

Xalq yazıçısının nəsri kimi, dram əsərləri də bir çox xarici dillərə tərcümə olunub. Onun pyesləri Azərbaycanın hüdudlarından kənarda, Türkiyə, ABŞ, İngiltərə, İtaliya, Cənubi Koreya, Rusiya, Ukrayna, Gürcüstan, Kipr və digər ölkələrin teatrlarında uğurla tamaşaya qoyularaq, tamaşaçıların rəğbətini qazanıb.

“Qatil” tamaşasının Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Milli Rus Dram Teatrında keçirilən premyerası Elçinin böyük istedadını və Nurlan Abdıkadırovun orijinal rejissorluğunu nümayiş etdirərək, tamaşaçılara unudulmaz bir teatr axşamı yaşadıb.

Qeyd etmək lazımdır ki, “Qatil” Xalq Yazıçısının Qırğızıstanda tamaşaya qoyulmuş ikinci əsəridir. Hələ 2019-cu ildə T.Əbdülmömunov adına Qırğızıstan Dövlət Akademik Dram Teatrı Elçinin dramaturgiyasına müraciət etmiş və Xalq yazıçısının başqa bir məşhur pyesi olan “Şekspir”i böyük uğurla tamaşaya qoymuşdur. Qırğızıstanın Xalq artisti, rejissor N.Mendebairov quruluş verdiyi bu tamaşa indiyə kimi teatrın repertuarındadır.

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 noyabr, ¹42-43.- S.7.