Nizami Gəncəvinin
mərhəmət - sosial dövlət anlayışı
II hissə
"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi
(Əvvəli burada)
Altıncı beytin şərhi:
Anbarların qıfılını açdı
Şah dənin qiymətini çox yüksək görüb,
Anbarların qapısının qıfılını açdı.
Məsnəvinin süjet xətti yeni mərhələyə keçir: birinci addım - quraqlığın təsviri, ikinci addım - quraqlığın ortaya çıxardığı qıtlığın tanıdılması, üçüncü addım - Bəhramın mərhəmət hərəkatı üçün hazırlıqlar, dördüncü addım - dünyadan, o sıradan İrandan gələn xəbərlərin təhlili...
Beşinci addım dövlətin mərhəmət hərəkatının başlanğıc nöqtəsidir, Bəhram məsələni eninə-boyuna müzakirə etdi, məmurlar, işi bilənlər təkliflər, planlar hazırladılar, Bəhram qərar qəbul etdi - hərəkat əmri verdi: mərhəmətli dövlətin vəzifəsi dara/darlığa düşən xalqa əl uzatmaqdır...
Nizami bu məqamda ilk dəfə "şah" sözünə yer verir, onu misranın başına yerləşdirir, səbəb var: qərar, fərman, göstəriş veriləndə ən uyğun söz "şah"dır, şair Bəhram şah da demir, sadəcə, şah deyir, siyasi iradəni, hakimiyyətin gücünü ifadə edir, dünyada bir mərhəmət hərəkatı var, onun da başında şah özü durur, yəni qıtlıqla mübarizə şahın bir saylı vəzifəsidir, şahın gündəliyində bircə məsələ var, o da qıtlıqdır, bu söz mesaj verir: şahın əmri qanundur, yerinə yetirilməsi məcburidir, məsuliyyətsizliyə güzəşt yoxdur, cəzası ağırdır - Nizami mərhəmətli Bəhram şah obrazını bu ölçülərlə inşa edir, şah xalqın zor, dar günündə onun yanındadır, yardım hərəkatına özü başçılıq və nəzarət edir...
Şah ilk olaraq hansı addım atır? "Çon", elə ki, o zaman ki "gördü" ("did") - misradakı "gördü" feili, anladı, qavradı, təsbit etdi, gəldiyi ilk nəticə bu oldu mənalarını daşıyır.
Şahın ilk təsbiti budur: dəhşətli quraqlıq var, o, qorxunc qıtlığa, o da inanılmaz bahalığa yol açıb. Şah ağıllıdır, səbəb-nəticə bağını görür, anlayır ki, nəticə nəticə ilə yox olmaz, səbəbi ortadan qaldırmaqla sıradan çıxarılar. Quraqlıq şahın əlində deyil, ondan asılı olmayan hadisədir, ancaq qıtlığın nəticələrini azaltmaq imkanı var, qıtlıq azaldılsa, qiymətlər ucuzlaşar, xalqın yaşamaq imkanı artar.
Şah təsbit edir ki, dənə/ "dane" - "tum", "toxum" - taxıl, arpa bahadır, Nizami bu yerdə ərəbcə olan "ğədr" ("ölçü", "qiymət", "dəyər", bu sözün başqa mənaları da var) qəlibinə yer verir. Bu, sıradan bir bahalıq deyil, ərzaq çox bahadır, əlçatmazdır - şair qasıb qovuran bahalığı ifadə etmək üçün iki addım atır: a) məhz "bolənd" sözünü seçir - "uca", "hündür", "uzun", "yüksək". Bir qayda olaraq bu sözə bahalığı ifadə edərkən yer verilmir, Nizami bahalığın - dənin qiymətinin əlçatmaz olduğunu göstərmək üçün "bolənd" sözünü mətnə gətirmiş, bu yolla da bir neçə məsələni həll etmişdir: quraqlıq, qıtlıq qorxuncdur, bu halda, mərhəmət də çox önəmli - xilaskar dəyərdir; b) şair "bolənd" sözünə qafiyə yeri vermiş, onu açar sözə çevirmişdir: xalqın ən ciddi sıxıntısının səbəbi əlçatmaz bahalıqdır, bu həm də məsələnin həllinin başlanğıc nöqtəsidir, yəni toxumun - buğdanın, arpanın qiyməti aşağı salınmalıdır. Toxum, buğda ucuzlaşsa, insanların alım gücü artar, məhsul bollaşar, yaşamaq imkanı genişlənər.
Toxum necə ucuzlaşdırılacaq? Bircə çıxış yolu var: dövlətin anbarının (bu söz orijinalda təkdə, tərcümədə cəmdədir, cəmlik nəzərdə tutulan mənadır) qapılarını açmaq.
"Anbar" sözü bu mesajı verir: Bəhram ağıllı, tədbirlidir, xalqını düşünmüş, ehtiyat qida toplamışdır.
Nizami deyir ki, şah anbarın qapısının bəndini açdı/bənddən açdı. Şair "açmaq" feilini birbaşa şaha aid etmişdir, yəni şah gedib əli ilə qapını açmadı, qapıların bəndinin/qıfılının açılması əmrini o verdi, bu, xalqı ölümdən qurtarmaq fərmanıdır.
Orijinalda olan, ancaq tərcümədə ixtisar edilmiş, məna pozuntusuna yol açmış bir incəlik var. Mətndə "bər qoşad" feili seçilmişdir, Nizami "baz kərd" ("açdı") demir, "bər qoşad" deyir - geniş, çox geniş, sonunadək açdı. "Geniş açmaq" feili Bəhram şah obrazının inşasında şairə/bizə bu imkanları verir: şah çox mərhəmətlidir, xalqı qurtarmaq üçün dövlətin bütün imkanlarını səfərbər etmişdir, hər kəsi, xalqın bütün təbəqələrini düşünür.
Beytdə iki feil var: "gördü", "geniş açdı", ikisi də şühudi keçmiş zamandadır, qətilik, şahidlik bildirir - şahın əzmini, iradəsini, mərhəmətini, xalq sevgisini ifadə edir - məsələni anladı, qərar verdi, hərəkətə keçdi.
Yeddinci beytin
şərhi:
Məktub göndərdi
(Ərzaq) ehtiyatı olan hər şəhərə,
Şah məktub göndərdi.
Bu, öncəki beytin davamı, mərhəmət hərəkatının ikinci addımıdır (tərcümədə misraların yeri dəyişik verilmişdir), elə buna görə də orijinalda "şah" sözünə təkrar yer verilməmişdir.
Nizami tərcümədəki "göndərmək" feilini deyil, "əmr vermək", "buyurmaq" feilini seçmişdir. Bu, şah anlayışına, dövlət idarəçiliyinə, siyasi iradəyə uyğun feildir.
Mətndəki "əmr etmək" / "buyurmaq" feili bu mənaları da əhatə edir: a) qıtlıqdan, bahalıqdan əziyyət çəkən xalqın vəziyyəti, ona yardım etmək Bəhram üçün əsas məsələdir; b) mərhəmət hərəkatına şah özü başçılıq edir; c) əmrin icrası şərtdir;
Bəhram hər şəhərə bir məktub göndərilməsini buyurur - əmr edir. Misrada mərhəmətli şah obrazını inşa edən iki yeni vasitə var: məktub bir şəhərə deyil, hər şəhərə göndərilir, məkan böyüdülür - Bəhramın mərhəmət hərəkatı hər kəsi, hər məkanı əhatə edir. "Məktub" sözü müəyyənlik əlaməti ilə işlədilir, "bir məktub" (bu, tərcümədə nəzərə alınmayıb), "bəlli məktub", o məktubda bircə məsələ var, o da qıtlığın nəticələrini aradan qaldırmaqla bağlıdır, yəni Bəhramın həll etməyə çalışdığı ən önəmli məsələ budur.
İkinci misranın başında "ke" / "ki" bağlayıcısı var, göndərilən məktubun (eyni məzmunlu məktub hər şəhərə göndərilir) məqsədini açıqlayır, sadəcə iki misra arasında deyil, sıradakı beytlə də əlaqə qurur, "hər şəhər" ifadəsinin çərçivəsini cızır: o şəhərlərə ki, orada ehtiyat ərzaq var idi, az da olsa ("çizi"), ərzaq ehtiyatı olan şəhərlərə məktub göndərildi. "Çizi" ("bir şey", "bir az şey") qəlibi deyir ki, Bəhram dövlətin bütün imkanlarını səfərbər etdi (təbii ki, ölkənin bütün yerlərində ehtiyat anbarı olmaz), böyük, kiçik fərqi qoymadan hansı şəhərdə ehtiyat ərzaq anbarı varsa, oraya məktub göndərdi.
Səkkizinci beytin şərhi:
Əmin adamlar yığışsınlar
Ki, şəhərin əmin adamları yığışıb,
Bağlı anbarların qapılarını açsınlar.
Şahın mərhəmətinin ifadəsi üçün bu addımlar atıldı: Bəhram qıtlığın ortaya çıxardığı nəticələri müzakirə etdi, qərar verdi, hərəkətə keçdi, ərzağın çox az və baha olduğunu gördü - ən önəmli məsələ bahalıqdır təsbitini ortaya çıxardı, başlanğıc nöqtəsi olaraq ərzağı artırmaqla qiymətləri düşürmək yolunu seçdi, anbarın (anbarların) qapısını geniş açdı, qida ehtiyatı olan hər şəhərə məktub göndərilməsini buyururdu...
Nizami mərhəmətli Bəhram obrazının inşası üçün bu vasitələrə də yer verdi: ona şah dedi, siyasi iradəsini önə çıxartdı, qıtlıqla bağlı məsələ onun tək işi oldu, bütün feilləri şaha bağladı: "gördü", "geniş açdı", "əmr etdi" - işin başında Bəhram var, göstərişlərə əmr/buyruq - fərman dərəcəsi qazandırdı, hər kəsi nəzərə aldı, dövlətin bütün imkanlarını səfərbər etdi...
Mərhəmətli şahın, sosial dövlətin tanıdılması davam edir. Misra "ta" qəlibi ilə başlayır, beyti öncəki beytə bağlayır, "o məqsədlə" mənası yüklənir, şahın ərzaq ehtiyatı olan hər şəhərə məktub göndərilməsini buyurmasının hədəfini açıqlayır, biz bu yolla məktubun - əmrin məzmununu da öyrənirik.
Şah önəmli bir əmr verir, şəhərlərdəki qida anbarlarının açılması, xalqa ərzaq verilməsi işini sadəcə dövlət məmurlarına tapşırmır, şəhərin əmin insanlarından ibarət qurumun - şuranın yaradılmasını tələb edir. Misradakı söz "əminan" - "əminlər" biçimindədir, güvənilən, xalqın sayğı duyduğu, ağsaqqal saydığı insanlar mənasını daşıyır. Şah, birincisi, əmin insanların olmasını, ikincisi, onların çox olmasını istəyir, nəzarət imkanı formalaşdırır, xalqın güvənini artıracaq addım atır - qurumda hər kəsimi təmsil edən əmin insan var. O, buna niyə ehtiyac duyur? Səbəbləri sıralayaq: Ölkədə qorxunc qıtlıq, bahalıq var, gərginlik, qəzəb, ehtiyac son həddədir, insanları idarə etmək çox çətindir, kiçik bir səhv idarəçiliyi alt-üst edər, ərzaq gücü olanların əlinə keçər, qarışıqlıq ölkəni fəlakətə sürükləyər, idarəçilik nizamı çökər, şaha, dövlətə güvən itər...
Şah əmr verir: şəhərin əminləri bir araya gəlsinlər. Yığışmağın - bir araya gəlməyin anlamı budur: şah onlara məsuliyyət yükləyir, dəyər verir, imkanlarından istifadə edir, bu yolla, hakimiyyətlə xalq arasında bağ qurur, siyasi yükü bölüşür, toplaşın, müzakirə edin, doğru plan qurun, ərzağı elə paylayın ki, hamıya çatsın, xalq əmin olsun ki - bunu yalnız dövlət məmurları edə bilməz - dövlət dar günündə onun yanındadır, şah ədalətli, mərhəmətlidir.
Şahın bir əmri də var - beytdə iki feilə yer verilib, ikisi də əmr biçimindədir, deyir ki, oturmaq deyil, hərəkət vaxtıdır, dövlətin siyasətini gerçəkləşdirin - bağlı anbarın qapısını geniş açın. Burada önəmli söz geniş açın - geniş açsınlardır: a) anbarda nə varsa, versinlər; b) hər kəsə versinlər - bu iki ölçü də mərhəmətli şah, sosial dövlət anlayışının inşasında yerini tutur. Mesaj budur: Bəhram ağıllı, tədbirli, ədalətli, mərhəmətlidir.
Doqquzuncu beytin
şərhi:
Nəvaziş göstərsinlər
Varlılara dəni münasib qiymətə satsınlar,
Pulsuzlara isə (pulsuz) verib nəvaziş göstərsinlər.
Nizami ərzaq ehtiyatı olan hər şəhərə məktub göndərilməsi əmrini ağıllı, tədbirli, ədalətli, mərhəmətli şah obrazının inşasına yönəldir. Məktubun məzmununu müəyyən edən də, göndərmə əmrini verən də şahdır, məktubun birinci əmrinin - təlimatının iki bəndi var idi: şəhərin əminləri yığışsınlar, anbarın qapısını geniş açsınlar. Şahın ikinci əmri də var, o, dənin/toxumun - ərzağın paylanılması üçün iki ölçü qoyur: ədalət, mərhəmət. Bəhram seçici yanaşır, şəhər əhalisini iki yerə ayırır: zənginlər, yoxsullar.
Nizami hər təbəqəyə bir misra ayırırb:
- Öncə varlılarla (bu söz təkdədir) bağlı ölçü açıqlanıb: zənginlər aldıqları toxum/dən üçün pul ödəyəcəklər, ancaq onlara da mərhəmət və ədalətlə yanaşılacaq: şəhər əminləri varlılarla - varlılar üçün "beh" (daha yaxşı/uyğun, münasib) nırx - qiymət müəyyən etsinlər. Burada daha yaxşı deyilərkən dövlətin deyil, varlıların çıxarı nəzərdə tutulur, yəni fürsətdən istifadə edilərək nə varlılar soyulsun, nə də dən havayı verilsin - tarazlıq qorunsun, orta yol seçilsin;
- İkinci misra yoxsullarla bağlıdır, Nizami onlara "biderəm" / "derhəm" deyir - "derhəm" qızıl, ya da gümüş sikkədir. Şahın onlara münasibəti özəldir. Şair bu ayrıcalığı ifadə etmək üçün vasitələr seçir: varlılarla bağlı misrada bir, yoxsullarla bağlı misrada iki feil var, şah onlara yoxsul demir, dirhəmsizlər deyir, iki feil şahın iki təlimatını/əmrini yüklənir: versinlər, sonra "və" bağlayıcısı gəlir, feilləri sıralayır, bir-birinə bağlayır, versinlər, üstəlik, nəvaziş göstərsinlər, yəni utandırmadan, qəlblərini qırmadan, xəcalət duyğusu yaşatmadan versinlər, verdiklərini ən gözəl biçimdə təqdim etsinlər. Bu da var: beytdə varlılarla yoxsullara veriləcək dənin miqdarında fərq olduğunu göstərən bircə əlamət də yoxdur - verilən miqdar eynidir. Şah bu ölçülərlə ədaləti, tarazlığı, mərhəməti qoruyur, güvəni, sevgini, ümidi artırır.
Beytdə üç feil var, üçü də əmr biçimdədir, ikisi qafiyə mövqeyindədir, mesajlar bunlardır: qıtlığın ortaya çıxartdığı nəticələri aradan qaldırmaq uğrunda mübarizə dövlətin, şahın ən önəmli işidir, sıxıntı bu ölçülərlə həll olunacaq: yardım, ədalət, mərhəmət, tarazlıq - Bəhram ağıllı, tədbirlidir, işi bilir, usta idarəçidir.
Onuncu beytin
şərhi:
Quşlara versinlər
Anbarxanalarda
yerdə qalan (dənləri isə),
Ehtiyac vaxtı
quşların qabağına töksünlər.
Bu, mərhəmətli şahı, sosial dövləti, mərkəzində insan olan, hər şey insan üçündür deyən anlayışı ifadə edən zirvə beytdir deyə bilərik. Bəhramın, dövlətinin mərhəməti sadəcə insanları deyil, quşları da əhatə edir. Nizami niyə heyvanları nəzərə almayıb deyə bilərsiniz. Səbəb aydındır: qıtlıq heyvanların kökünü kəsib, bir də dən quşların yemidir.
Şair sözə "və" qəlibi ilə başlayır, bağlayıcının misrada iki işi var: şahın məktubda göstərilən əmrlərini əhatə edən beytləri bir-birinə bağlayır, əmrlərin bitdiyini göstərir, son nöqtəni qoyur.
"Ançe", nə, hər nə, hər nə ki - yəni anbardakı ərzağı öncə insanlara paylayın, sonra o dənlər ki yerdə qalacaq onları...
"Anbarxanadan" - Nizami bu sözdən iki dəfə "anbar" biçimində istifadə etmişdi, ilk dəfə "anbarxana" qəlibini seçir: anbar böyükdür, göz-gözdür (ev-ev), buğda, arpa, noxud - fərqli dənlərin öz yeri var.
"Baz" - bu sözün məna çaları çoxdur, mətndə "onu da" mənasını yüklənmişdir - insanlara paylanandan sonra yerdə qalanlar var ha, onu da...
Şah "qalan" (yerdə qalan, artıq qalan) deyir, bu söz anbarda mütləq bir şey qalmış olacaq vurğusu daşıyır, onu - son dənəni, dənə qırıntısını belə israf etməyəcəksiniz.
İki daşın arasında quşları da düşünən bir mərhəmətli şah var, o, əmr - təlimat verir - məktuba yazdırır, rəsmi dövlət sənədi, fərman dərəcəsi qazandırır: onu, o dənləri də quşların qarşısına qoysunlar. Feil əmr biçimindədir, şahın buyruğudur, yerinə yetirilməsi zəruridir, əmin insanlara ünvanlanmışdır.
Ağıllı, tədbirli, mərhəmətli Bəhram quşlarla bağlı bir incəliyi də düşünmüşdür: misrada "vəqte niyaz" qəlibi var, şah yerdə qalan dənləri dərhal quşlara səpin demir, anbarda saxlayın, müşahidə edin, quşların ehtiyacı olanda onlara verin, uyğun/ehtiyac olmayan zamanda versəniz, israf olar, sonra da quşlar acından ölər.
Beyt deyir ki, bunlar mərhəmətin əlamətləridir: hər zaman, özəlliklə dar, zor zamanlarda insanları, quşları ... düşünmək, onlara dəyər vermək, qorumaq, yardım göstərmək...
On
birinci beytin şərhi:
Heç
kəs ölməsin
Ki, onun
dövründə aclıqdan,
Heç
kəs ölməsin, mərdlik bax belə belə olar!
Öncəki
beyt "və" bağlayıcısı ilə
başlamış, şahın əmrlərinin bitdiyini xəbər
vermişdi. Bu beyt isə şahın addımlarının -
qıtlığın ortaya çıxardığı
qorxunc vəziyyəti anladı, çıxış yolu
tapmaq üçün müzakirə etdi, işi bilənlərlə
ölçülüb-biçilmiş plan hazırladı,
anbarın qapısını geniş açdı, ərzaq
ehtiyatı olan şəhərlərə məktub göndərdi,
əmrlər verdi: əmin/güvənilən insanlar şura
yaratsınlar, anbarların qapısını geniş
açsınlar, dəni varlılar uyğun qiymətə
satsınlar, yoxsullara pulsuz versinlər, onlara qayğı ilə
yanaşsınlar, yerdə qalan dəni ehtiyac vaxtı
quşlara səpsinlər - məqsədini izah edir.
Beytdəki
hər söz, qəlib, vasitə mərhəmət deyir:
- Misra
"ta" qəlibi ilə başlayır, "o məqsədlə",
"ta ki", "bu hədəf gerçəkləşsin
deyə" anlamlarını yüklənir, şah sayılan
addımları bu məqsədlə atdı ki... Onun bir məqsədi
var - mərhəmətli olanın insanlarla bağlı gözəl
məqsədləri, arzuları, xəyalları, əməlləri
olar, o oturmaz, hərəkət edər, tənbəl olmaz,
çalışar, yığmaz, paylayar, mərhəmətli
insan gözəl sözlər seçər, bu sözlər
yaralı qəlblərə şəfa, ümid, cəsarət
verər, mərhəmət işıqdır,
qaranlıqları yox edər;
- "Dər
əyyame u", Nizami ərəbcə olan "youm"/
"yəvm" sözünün cəmini seçir:
"günlər" - onun zamanında, hakimiyyət illərində
- Bəhram özünün, hakimiyyətin qalıcı
olmadığını bilir, o gələr, gedər, bu
gün var, sabah yoxdur, belədirsə, tarixdə, insanların
qəlbində silinməz iz qoymağın bir yolu var: mərhəmətli
olmaq, mərhəmətə uyğun işlər görmək;
-
Qidasızlıqdan/aclıqdan - Bəhramın hakimiyyət illərində
ondan asılı olmayan bir hadisə baş verdi - quraqlıq
qıtlığa, qıtlıq bahalığa, bahalıq
aclığa, yoxsulluğa yol açdı. Bəhram
ağıllı, iradəli, güclüdür, o, bu qorxunc
hadisəyə yox oluş, hər şeyin sonu kimi baxmadı, əksinə,
onu imtahan kimi dəyərləndirdi, fəlakətin içindəki
neməti gördü, şəri xeyirə çevirmək
imkanı qazandı, hər şərdə bir xeyir var
anlayışı ilə hərəkət etdi, bildi ki,
imtahanda iki yön olur: sıxıntı və fürsət -
o, qıtlıq fəlakətini mərhəmətli şah,
sosial dövlət anlayışının inşasına
yönəltdi, xalqın qəlbini qazandıracaq imkana
çevirdi;
-
İkinci misranın ilk sözü "kəs"dir - kimsə,
mərhəmət anlayışının inşası
üçün seçilmişdir. Bu söz mərhəməti
necə tanıdır? "Kəs" deyir, sayı ən aza
endirir: heç bir kimsə, bircə insan belə, sayın
azlığı mərhəməti çoxaldır - Bəhram
sayılan işləri ona görə etdi ki, o dərəcədə
mərhəmətlidir ki, bircə nəfərin də
aclıqdan ölməsini, hakimiyyət illərinin
ölümlə xatırlanmasını istəmir, əksinə,
xilaskarlıq missiyası yüklənir, xalqı
ölümün pəncəsindən qurtarır;
-
"Ölməsin" deyir, yəni yaşasın, hər kəs
diri qalsın, şair xilaskarlıq anlayışına
uyğun söz seçir, mərhəmətlə
xilaskarlıq arasında bağ qurur, feili əmr biçimində
işlədir, Bəhramın əmrlərinin - işlərinin
hədəfini açıqlayır: mərhəmət hərəkətə
/ saleh əməllərə, o da diriliyə yol açır,
Allah sevgisinin, ona təslimiyyətin nəticəsi mərhəmət,
mərhəmətin sonucu da insanları yaşatmaq, onlara xidmətdir
- mərhəmət ac qarınları yeməklə doyurar,
ölmüş qəlbləri ümidlə dirildər. Bəhram
sadəcə ölməsin demir, bu, bir arzu, təmənna
deyil, işdir, saleh əməldir, o, bircə insanın da
ölməməsi üçün işlər görür -
yuxarıda sayıldı - mərhəmət söz deyil,
işdir, saleh əməl, hərəkətdir;
- Nizami
"ölməsin" deyil, "yaşasın" sözünü
də seçə bilərdi, seçmir, belə ki, mərhəmət
anlayışını, Bəhramın ağır
xilaskarlıq yükünü ölüm anlayışı
daha dəqiq, güclü, təsirli biçimdə ifadə
edir: Bəhram ondan asılı olmayan bir səbəblə
ölümlə burun-buruna gələn, aclıq adlı
Əzrayılın nəfəsini duyan insanları
ölümün caynağından qurtarır;
- Bu yerdə/anda
- məqamda mərhəmətin ortaya
çıxardığı nəticə Nizamini də
coşdur, mərhəmətli şaha, sosial-xalqın xidmətçisi
olan dövlətə təşəkkürü borc sayır,
dəyər verilən şey artar anlayışı ilə hərəkət
edir, özü mətnə girir, "zehi" -
"yaşasın", "afərin" deyir, sevincini ifadə
edir (tərcümədə "mərdlik bax belə olar"
kimi verilmişdir, dəqiq deyil);
- Nə
yaşasın? Nəyə afərin olsun? "Cəvanmərdi"
- səxavətə (səxavət igidlikdir), səxavət niyə
yaşasın? Yaşasın ki, yaşatsın, bircə insan
da ölməsin, səxavət/əliaçıqlıq olan
toplumda insanlar acından ölməz, barış, sevgi,
hüzur olar, səxavət mərhəmətin
övladıdır;
-
Əliaçıqlıq fədakarlıqdır, insanın əlini
açması - uzatması, verməsi üçün öncə
qəlbi Allaha açılmalıdır - Ona iman etməlidir,
iman mərhəmətə, mərhəmət səxavətə,
səxavət həyata/diriliyə yol açar;
-
İnsanın qəlbini Allaha açması bu deməkdir: o, sərvətlə,
hakimiyyətlə Allah arasında bağ qurur - sərvət,
hakimiyyət mülkiyyət deyil, ilahi əmanətdir, imtahan vəsiləsidir,
xeyri sadəcə sənə / şaha deyil, hamıyadır
(sosial dövlət anlayışı), insan sərvət,
hakimiyyət üçün deyil, onlar insan
üçündür, halalından qazan - insanın da,
dövlətin də qazancı halal olmalıdır,
ehtiyacın qədər istifadə et, yığma, paylaş -
rifaha yönəlt, israfdan qaç, halal qazanc
imkanlarını artır, maddi imkanı olmayan insanları
qoru;
- Nizami səxavət
sözünü qafiyə mövqeyinə yerləşdirmiş
- anlamı, mesajı gücləndirmiş, Bəhramın səxavətini
onun Allah inancına bağlamışdır, inancı mərhəmətə,
o da səxavətə yol açdı - qıtlıq bəlasının
dərmanı mərhəmət, mərhəmətin
varlığının əlaməti də səxavətdir;
On
ikinci beytin şərhi:
Çəkib
aparırdı
Onun nə
qədər dən ehtiyatı var idi,
Hər kəs
onun anbarından çəkib aparırdı.
Məsnəvinin
süjet xətti yeni mərhələyə keçir,
şahın addımlarının nəticələri
sayılır, xalq mərhəmət
anlayışının, mərhəmətli şahın,
sosial dövlətin xeyrini görür. Nizami mərhəmətin
qurtarıcılıq işini/vəzifəsini bu vasitələrlə
tanıdır:
-
"Ançe" - "nə", "hər nə",
"hər nə ki" deyir, anbarda olan bütün ərzaq
ehtiyatını - dənələri nəzərdə tutur,
istisnaya yer qoymur, dövlət xalqı qıtlığın
pəncəsindən qurtarmaq üçün bütün
imkanlarını topladı, şah heç bir şeyi əsirgəmədi;
- Nə qədər
dənə/ərzaq varsa - hamısı insanlara verildi;
- Nizami
şahı önə çıxarır, "dərbarəş"
deyir, (şahın) sarayında - sarayında nə qədər
ərzaq ehtiyatı varsa, hamısını - şair onun
sarayı deyərkən Bəhramın tabeliyində olan
anbarları nəzərdə tutur. Saray siyasi gücü təmsil
edir, qıtlıqla mübarizənin mərkəzi saray, lideri
Bəhramdır;
- "Hər
kəsi" mərhəmət anlayışına uyğun
olaraq kimsəyə fərq qoyulmadı, anbarlardakı ərzaq
varlılara uyğun qiymətə, yoxsullara pulsuz verildi, "hər
kəs" qəlibinin sonunda müəyyənlik əlaməti
var, hər bir kəsi, bircə insanın da kənarda qalmadığını
nəzərdə tutur - şahın mərhəməti
hamını əhatə etdi;
-
"Çəkir" - şahın anbarlarında nə qədər
ərzaq ehtiyatı var idisə, hər kəs çəkir -
daşıyır, aparır(dı) - mərhəmət
anbarlarla evlərin yolunu açmışdı, bu yolun maddi, mənəvi
yönü var idi, maddi yolla qida, mənəvi yolla ümid,
sevinc, işıq daşınırdı, biri mədəni, o
birisi qəlbi doyururdu. "Çəkir"/
"daşınır" feili indiki zamandadır,
davamlılığı göstərir (ingilis dilindəki
indiki davamedici zamana uyğundur) mərhəmətin evlərə
daşıdığı bitməyən hüzuru ifadə
edir;
- Beytdə
mərhəmətli Bəhramı önə çıxaran
bir vasitə də var, Nizami onun anbarı -
"anbarından" ("ənbarəş") deyir,
öncə də "dərbarəş" ("onun
sarayı") demişdi, bu iki sözü ("dərbarəş",
"ənbarəş") qafiyə mövqeyinə yerləşdirir,
görünən, yadda qalan yerdə tutur, mesajlar verir: mərhəmət,
ədalət, hüzur, xilas, səxavət hərəkatının
başçısı Bəhramdır, o, siyasi, mənəvi
gücünü, dövlətin bütün imkanlarını
insanların qurtuluşuna yönəltdi;
On
üçüncü beytin şərhi:
Dən
daşıyırdılar
Onun dəvələri
yad ölkələrdən,
Arası
kəsilmədən dən daşıyırdılar.
Nizami
beytdə mərhəmətli Bəhram obrazını, sosial
dövlət anlayışını inşa etmək
üçün bu vasitələrə yer verir:
-
"O" vurğusunu önə çıxarır - Bəhramı
nəzərdə tutur, "şah", "Bəhram"
sözlərinə yer vermir. Son iki beytdə üç
"o" var, üçü də bitişən əvəzlik
("əş") biçimindədir - "dərbarəş"
("onun sarayı"), "ənbarəş" ("onun
anbarı"), "şotoranəş" ("onun dəvələri");
-
"O" vurğusu bu işləri yerinə yetirir: Bəhramı
qıtlıqla mübarizənin ortasına qoyur - xalqı
düşünən, əmrlər verən, işi təşkil
edən odur, xalqı qıtlığın pəncəsindən
qurtarmağa çalışan odur, dövlətin
bütün imkanlarını toplayan odur, siyasi iradə ona
aiddir, saray-siyasi hakimiyyət, anbar - dövlətin mülkiyyəti,
dəvə - dövlətin daşıma gücü onun iradəsi
ilə xalqın xidmətinə yönəldilir;
- Nizami məhz
"dəvə" sözünü seçir, ayrıca
vurğulayır (yükdaşımada başqa heyvanlar da ola
bilər), bu qəlib mərhəmət
anlayışının öyrədilməsində iştirak
edir: dəvə daha güclüdür, yük daşımaq
imkanı çoxdur, yəni mərhəmətli Bəhram xalqı
qıtlıqdan qurtarmaq üçün ən önəmli
yükdaşıma vasitəsini seçdi ki, ölkəyə
daha çox dən/ərzaq gətirilsin;
- Şair
"dəvə" sözünü cəmdə işlədir
- "o" vurğusu, çoxluq anlayışı Bəhramın
mərhəmətini, sosial dövlətin xalqa xidmət
imkanlarını tanıdır - dəvələr (onun dəvələri)
dən daşıyırdılar ki, xalq acından ölməsin,
dəvə çox, yük də ağırdır -
qurtuluş üçün bu ikisinə ehtiyac var;
- Nizami mərhəmət
anlayışının inşası üçün bir
vasitəni də mətnə yerləşdirir: uzaqlıq -
onun dəvələri yad ölkənin (nəzərdə
tutulan məna ölkələrdir, yenə çoxluq var)
sınırından yük daşıyırdı, məsafə
uzaq, yük ağırdır, olsun, Bəhram xalqı qurtarmaq
üçün bütün mümkün vasitələrdən
istifadə edər/etdi;
-
Misradakı "biqane" ("yad", "özgə")
sözü də mərhəmət anlayışının
inşasına xidmət edir: Bəhram xalqını aclıq bəlasından
qorumaq üçün yad (uzaq, onunla bağı olmayan)
ölkələrlə də əlaqə qurdu, hər şey
insan üçündür şüuru ilə hərəkət
etdi;
- Bu,
uyğunsuzluqdur deyə bilərsiniz: Nizami məsnəvinin əvvəlində
söyləyirdi ki, qıtlıq dünyanı əhatə
etdi, indi deyir ki, Bəhramın dəvələri yad ölkələrdən
dən daşıyırdı. Burada uyğunsuzluq yoxdur, belə
ki, Bəhram bir imperatorluğun başçısıdır,
şair də dünya deyərkən imperatorluğun geniş
sınırları içində olan məkanı nəzərdə
tutur - qıtlıq bütün imperatorluğu əhatə
etmişdi;
-
"Mikeşidənd" - bu söz üç imkanı ilə
mərhəmət anlayışının inşasında pay
sahibi olur: birincisi, feildir, deyir ki, mərhəmət söz
deyil, işdir, hərəkətdir, qurtuluş hərəkatıdır,
həm anlayış, həm də bu anlayışa uyğun
davranışdır. İkincisi, indiki (indiki davamedici)
zamandadır, davamlılığı bildirir - dən
daşınması qıtlıq dönəmində davam edir -
mərhəmət birdəfəlik deyil, davamlı işdir,
üçüncüsü, sözün canında fasiləsizlik
mənası var, dəvələr ara kəsilmədən dən
daşıyır, uzaq/yad ölkələrdən
daşıyır, çox daşıyır, yükləri
ağırdır - mərhəmət ağır
yükdür, onu çox, aralıqsız, hər kəsə
daşıyanı böyüdər;
- Nizami mərhəmətli
şah obrazının tanıdılması üçün
bir vasitəyə də yer verir: "noube" ("növbə"),
bu söz dəvə karvanını ifadə edir, karvan qəlibində
çoxluq, yük, fasiləsizlik anlamları var,
ucu-bucağı bilinməyən dəvə karvanları illərlə
(quraqlıq illərində) ölkəyə dən
daşıyırlar, Bəhram dövlətin daxili, xarici
imkanlarını xalqın xilasına yönəldir;
-
İkinci misrada "nou" ("təzə",
"yeni") sözü var, tərcümədə ixtisar
olunub, yəni dəvələr yeni - əlavə, çox dən
daşıyırdı, daşınan yük getdikcə
artırdı, ərzağın miqdarı xalqın
ehtiyacına uyğunlaşdırılırdı - daha
çox dən alınırdı;
- Beytin
açar sözü "dən" / "dane"dir, Nizami
bu qəlibi qafiyə mövqeyinə qoyur, bütün sözləri
də ona bağlayır: baha olan dəndir, xalqın
ehtiyacı dənədir, Bəhram xalqı dənlə təmin
etmək üçün çalışır, onun dəvələri
dən daşıyır, uzaq/yad ölkələrdən
daşınan dəndir, dən aralıqsız
daşınır, çox dən daşınır. Dəni
daşıtdıran Bəhramdır, səbəbi mərhəmətdir
- mərhəmətli dövlət başçısı
qıtlıq zamanı xalqına dən daşıyar, ərzaqla
mədəsini, mərhəmətlə ruhunu doyurar...
(Davamı
olacaq)
Siracəddin
HACI
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.30-31.