Növbəti festivaladək
8-ci Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalı
Çukurova
Ədəbiyyatçılar Dərnəyinin və bu dərnəyin
dəyərli başkanı Halise Tekbaşın təşkilatçılığında
Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr
olunmuş 8-ci Uluslararası Türk Dünyası şeir və
Musiqi festivalı 101 iştirakçı ilə yavru vətəndə
- Kıbrısda düzənləndi. Festival öncəsi, 24
oktyabr 2023-cü il tarixdə Azərbaycan,
Qırğızıstan və Özbəkistan nümayəndələrinin
iştirakı ilə iki gün İstanbulda Türk
dünyası üçün çox dəyərli
hocamız İsmail Hakkı Bağdatın təşkilatçılığında
İstanbulun Avcılar Bələdiyyə başkanı
sayın Turan Hançerli və Bələdiyyə sorumlusu
olan sayın Yusuf Uzunun dəstəkləri və
iştirakları ilə ikigünlük görüş və
gəzilər, ziyafətlər düzənləndi. Özəlliklə,
türk dünyasından gələn insanlarla bu
görüşlərə təmənnasız könül verən
sayın İsmail Hakkı Bağdatı xüsusi olaraq qeyd etməliyəm.
Hər kəs İsmail bəyə Türk Dünyasından gələn
qonaqların birbaşa hava limanından xüsusi avtobusla
alınaraq oteldə yerləşdirməsindən, iki gün
sonra hava limanına qədər yola salınmasından, eləcə
də cani-könüllə etdiyi qonaqpərvərliyindən,
diqqət və qayğısından dolayı təşəkkürlərini
sundu.
İstanbul
hava limanından havaya qalxan uçağımız bir saat
yarım sonra Quzey Kıbrıs Türk Cümhuriyyətinin
paytaxtı Lefkoşa hava limanına endi. Festival
iştirakçıları əvvəlcədən təşkil
olunmuş xüsusi avtobuslarla Girne şəhərinə,
Aralıq dənizinin sahilində yerləşən OSCAR RESORT
Otelə gətirildi.
Tədbirlərimiz antik abidələri,
sirli məkanları ilə məşhur
olan bu adaya gəzi ilə başladı. Festivalın ilk
gününə paytaxt Lefkoşada Quzey Kıbrıs Türk
Cümhuriyyətinin Baş bakanı, sayın Ünal
Üstellə görüşlə başladıq. Baş
bakan Ünal Üstel Baş bakanlığın "Şərəf
Salonu"nda təşkil etdiyi ziyafətdə festival
iştirakçılarına xitab edərək, Türkiyə
Cümhuriyyətinin 100 illiyi bayramlarının qeyd edildiyi bir
vaxtda türk dünyasından gələn şair və
yazarları ölkəsində görməkdən qürur və
xoşbəxtlik duyduğunu söylədi. Görüş
zamanı ÇED başkanı, sayın Halise Tekbaş və
Baş bakan bir-birinə xatirə hədiyyələrini təqdim
etdilər. Sonra Baş bakanlığın önündə xatirə
şəkilləri çəkildi. Rəsmi qəbuldan sonra gəzi
turumuz Kıbrısın qəhrəmanlıq örnəklərinə,
savaş yerlərinə doğru davam etdi, şəhidlik məzarlarını
ziyarət etdik.
Festivalın 2-ci günü səfərimiz
Kıbrısın Qapalı Maraş bölgəsinə idi.
Bir vaxtlar "Cənnət" sözü ilə eyni
anlamı daşıyan Maraş (Kıbrıs yunanları
Varoşa adlandırır) məşhurların və varlı
insanların istirahət məkanı olub. Maraş müharibədən
əvvəl, 1970-ci illərin simvolları olan Merilin Monrodan
Sofia Lorenə, Raquel Velçdən Bricit Ann-Mari Bardoya qədər
bir çox tanınmışların dəbdəbəli iqamətgahları
ilə məşhur olub.
Köhnə günlərindən əsər-əlamət qalmayan,
müasir memarlığı ilə göz oxşayan, lüks
istirahət turizmi dedikdə, ilk ağıla gələn yerlərdən
biri olan Maraş, indi "xəyal şəhər" kimi
tanınır. Adanın dəniz
tərəfində olduğu üçün hər tərəfində
çimərlikləri olan Maraş, 1970-ci illərdə
adadakı otellərin ümumi sayının 50%-dən
çoxuna malik olub. Təkcə bu bölgədəki
çarpayıların sayı o dövrdə bugünkü
Qüzey Kıbrıs Türk Cümhuriyyətindəki otel
çarpayılarının sayına bərabər idi. Bu, 45
mehmanxana və 60 mənzilli otel daxil olmaqla, 10.000-dən
çox yataq tutumu olan bir turizm cənnəti idi. Zamanında
bu qədər insan gəlib-gedərkən olduqca canlı olan,
3000-ə yaxın iş yeri, 99 əyləncə mərkəzi,
25 muzey, 24 kino və teatr, 21 bank, 2 idman obyekti olan bu bölgəyə 1974-cü ildən 2022-ci ilədək
insan nəfəsi dəyməyib. 50 il öz sirri ilə
yaşayan bu bölgə cəmisi iki ildir ki, turistlərin
üzünə açılıb. İnsanların heyran
qaldığı möhtəşəm binalar, möhtəşəm
saraylar, kilsə və məbədlər, malikanələr 50
ildir ki, insan nəfəsinə həsrət
qalmışdı. Bir zamanlar dünyanın ən
varlıları bu binaları, bu sarayları inşa etdirib. Həmin
tikililər bugün də onların əmlakı hesab edilir.
1974-cü il savaşlarından, Türkiyə Cümhuriyyətinin
Baş başkanı mərhum Bülənt Ecevitin adaya 60
minlik ordu yeritməsindən sonra bu bölgə insanlar tərəfindən
tərk edilib. Bununla belə, türklər bugünədək
mülk sahiblərinin bir daşına da toxunmayıblar.
Türkün böyüklüyü, dünyəviliyi də
elə budur. Burada müxtəlif qalalar, müdafiə sədləri
3-5 km-ə qədər uzanır.
Festivalın 1-ci və 2-ci günü ziyarət
və gəzilərdən sonra böyük zalda şərqiçi
və musiqiçilər çıxış edir, şairlər
isə növbə ilə öz şeirlərini söyləyirdilər.
Qeyd edim ki, söylənilən şeirlər Türkiyə
Cümhuriyyətinə və Atatürkə həsr
edilmişdi. Azərbaycandan Ayaz Arabaçının, Adilə
Nəzərin, Zəki Bayramın, Zahid Avşar Eloğlunun,
araşdırmaçı-yazar Jalə Cəfərovanın,
Tatarıstan Yazarlar Birliyinin sədri Rkail Zəydullanın,
Tatarıstan Yazarlar Birliyinin katibi Rüstəm Qaliullinin,
Qırğızıstan Milli Yazıçılar Birliyinin
katibi, ÇED Onursal başkanı Joldoşbek Monoldorovun,
Qırğızıstan Opera Teatrının solisti Baktıbek
Almabekovun, şair Nurkan Koyçumanovanın, Özbəkistan
üzrə ÇED Onursal başkanı, hüquq üzrə
elmlər doktoru Utkirbek Muhamedovun, Özbəkistan
Yazıçılar Birliyinin təmsilçiləri -
şairlər Abdurasul Jumakulun, Sirojiddin Raufun, Sahiba
Azamovanın, şair-tərcüməçi Dilbar
Haydarovanın, Qazaxıstandan professor-doktor, şair-yazar
Akılbek Şayaxmetin, Türkiyəmizdən Hayrettin
Yazıcının, Şükran Bayrakın, İraq-Türkmən
elindən gələn şairlərin və adlarını
sayıb bitirə bilmədiyim bir çox
iştirakçıların çıxışları
alqışlarla qarşılandı.
Festival iştirakçıları oktyabrın
29-da, saat 11.00-da rəssamı dəyərli dostumuz Sehran
Allahverdiyə məxsus Böyükağa Mikayıllının
Kıbrısa dair dəyərli araşdırmalarından ibarət
və Türkiyə türkcəsinə çevrilmiş
"Dünyanın Kıbrısı, Kıbrısın
Dünyası" kitabının təqdimatı
keçirildi. Günün ikinci yarısında
iştirakçılar Cümhuriyyətin 100 illiyini - möhtəşəm
günü elə möhtəşəm zalda himnlər,
marşlar və şən musiqi sədaları altında
bayram etdi. Türk Dünyasından gələn insanlar öz
sevinclərini bölüşdülər, bir-birlərinə
hədiyyələr verdilər. Festivalın son günü -
oktyabrın 30-da iştirakçıların bir hissəsi,
oktyabrın 31-də isə digər hissəsi OSCAR RESORT Oteli tərk
edərək hava limanına tərəf üz tutdular. Beləcə,
"növbəti festivaladək" diləyilə unudulmaz
xatirə kimi yaddaşlara yazılan 8-ci Uluslararası Türk
Dünyası Şeir və Musiqi festivalı öz
qonaqlarını sevgi və coşqu ilə yola saldı. Bu,
festivalla bağlı qısaca-məlumat xarakterli bir
yazıdır. Yavru vətən Kıbrısla, eləcə də
festivalda rast gəldiyim maraqlı məqamlarla bağlı
ayrıca geniş yazım olacaq.
Türkiyə
Atatürküm
- böyük türkün ad-sanı,
Savaşların, hünərlərin dastanı.
Ulusumun tarixini yaz, tanı,
Bir yol gedir dünya
boyda bir köyə
Sən
and yerim, ümid yerim,
Türkiyə!
Qüdrətlidi,
şöhrətlidi əzəlin,
Dayağındı yüz ulusun, yüz elin.
Qutlu olsun, bu möhtəşəm
"100" ilin,
Bələnmisən milyon-milyon sevgiyə.
Sən
and yerim, ümid yerim,
Türkiyə!
Haray
çəkdi səfi bəlli ərənlər,
Sinəsini düşmənlərə gərənlər.
Öpmək istər hilalımı
görənlər,
Səmalarda dalğalandı hürr
deyə.
Sən
and yerim, ümid yerim,
Türkiyə!
Ayrı
düşdük, çox qatdılar aranı,
Dur ayağa, özün sarı yaranı.
Quracaqsan
bu gün-sabah Turanı,
Göylər oğlu, var ulduza,
var göyə
Yerə
dayaq, göyə dayaq Türkiyə!
Türk
oğlunun hər məqamda üzü bir,
Ocağı bir, alovu bir, közü bir.
Amalı
bir, əməli bir sözü bir,
Bir kök üstə ucalmışıq biz göyə,
Sən
and yerim, ümid yerim,
Türkiyə!
Atatürkdən
əmanətsən bizlərə,
İşığından nur ələnir gözlərə.
"Çanaqqalam, salam olsun sizlərə"!
İgidlərin savaşlarda bərkiyər.
Sən
and yerim, ümid yerim,
Türkiyə!
Türkoğluyam,
yaranışdan var adım,
Tariximi vərəq-vərəq aradım.
Müqəddəsdir Turan - arzum, muradım,
Çox
az qalıb Təbrizimi görməyə.
Sən
and yerim, ümid yerim,
Türkiyə!
İlqar Türkoğlu
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.28.