Səslər
Titul səhifəsi və
doqquz nəğmə
Titul səhifəsi
Varlıdan, xoşbəxtdən nə danışasan,
onlara susqunluq yaraşır yəni.
Amma diqqət umur bədbəxt doğulan,
deyir: gecə-gündüz arxamca
düşüb
bəla
pusur məni, dərd gəzir məni;
deyir: korlaşmışam, tor görür
gözüm,
uşağım çarəsiz xəstədir,
deyir;
ya da deyinir ki: çaşıb
qalmışam,
azdırıblar məni halal yolumdan...
Dərd
nə qədər desən,
dərdi
söyləməyə amma
söz qəhət.
Həm də adamları
indi başqa şeydir ilgiləndirən.
Gərəkdi diqqəti
sözlə yox, şərqiylə
cəlb eləyəsən.
Nəğmələr həmişə
kara gələndir.
Amma adamların zövqü korlanıb:
kapella titrəyir xorun səsindən -
xədimlərin həzin zümzüməsindən.
Göylərə yetişmir bu səslər ancaq.
Tanrı
yalnız eşidir
xoş güzəran üçün
dua eləyən
kövrək ürəklərin sızıltısını.
I. Dilənçinin nəğməsi
İsti-bürkü olsun,
qar-yağış olsun -
nə boran bilmişəm, nə qar bilmişəm;
Fərqi
yox
qızmar
yay, soyuq qış olsun -
qapı-qapı düşüb gəzməkdir
peşəm.
Hərdən tıxamışam qulaqlarımı,
dinməzcə dayanıb durub yerimdə
qulaq kəsilmişəm öz
hayqırtıma -
öz səsim özümə
yad gəlib amma.
Bilmirəm kimdi bu, kimi səsləyir -
çağıran mənəmmi, ya
bir özgəsi?
Xırdaca bir şeydir mənim umduğum,
bir az artığını -
şair istəyir.
Və budur: əyilir, enir ovcuma
dərddən ağırlaşmış bəlalı başım;
deyəsən, yetişib axirət
günü -
isinir bədənim, canım qızışır.
Elə bilməyin ki
yenə
iliyimə işləyir
soyuq -
qoy heç kəs o sayaq düşünməsin
ki
alnımı qoyduğum yerin
küncü yox.
II. Korun nəğməsi
Korluq - mənim içimdədir,
qalan hər şey - çölümdə.
İçimi yırta-yırta
hər
an şiddəti artan
bir lənətdi bu korluq.
Lap yuxudakı kimi
dartınıram, uzanıram irəli
ayağımın ucunda;
uzadıram öz görünməz
əlimi
görünməz arvadıma -
vurnuxuram
haçandı
səs-küy dolu bir lağımın içində.
Gah irəli uzadıram əlimi,
gah da çəkirəm geri -
və hər yandan eşidirəm
sizin bu hay-küylü hərəkətləri.
Amma səhviniz var:
o tək mənəm ki
ruhla, mərhəmətlə doludur
içim.
Səslənir içimdə sonsuz
inilti -
özüm də bilmirəm
nədən, nə üçün;
heç
baş açmıram
da o hardan gəlir -
ürəyimdən, yoxsa qarnımdan
gəlir.
Eşidirsinizmi?
Başqa
qammada
səslənir bax sizin o kantatalar.
Gecə
keçib gedir - gün işığına
qərq
olur bax sizin o palatalar.
Bağlanıb,
sarmaşıb biri-birinə
solğun
üzləriniz, sifətləriniz
-
sizin suçunuz yox, siz neyləyəsiz?
III. Əyyaşın nəğməsi
Məndə heç bir günah yox. Belə olub əzəldən.
Ha saxlamaq istədim özümü - bacarmadım,
çaxır bacardı ancaq.
Baş açmadım nə oldu, necə, necə bacardı.
Gah o tində bacardı, gah bu küncdə bacardı -
məni
öz əsirinə çevirincə bacardı.
Xalis axmağam, axmaq.
İndi oyundayam mən.
Bu bir başqa oyundu.
Əcəllə oynayıram - ölüm
adlı zibilə
bir ömür bahasına havayı məhkumam mən.
Bu qumarbaz ifritə
qamarlayanda məni,
bu dünyadan süpürüb,
silib atanda məni
öz iyrənc kartı ilə
qazıyacaq kəlləmi
və aparıb atacaq zir-zibilin içinə.
IV. İntihar edənin nəğməsi
Təki
yubanmayasan.
Bircə
hovur geciksən -
baxıb
görərsən yenə
kəndirini kəsdilər.
Bədənimdə
bir qırıq əbədiyyətdən
əsər -
axı bu görüş üçün can qoymuşdum
bəs qədər.
Onlar bir qaşıq həyat dürtüşdürürlər
mənə.
İstəmirəm, rədd edin, axı nəyimə gərək?
Qaşıq balacadımı, böyükdümü
- fərqi nə?
Az da olsa nə gərək,
çox da olsa nə gərək?
Özüm yaxşı bilirəm
xoşbəxtlik andır
nədir:
yaşa
ömür bitincə,
yaşa ölüb itincə.
Bu dünya deyilən şey - yemək dolu nimçədir,
bəs bu mənim qanımda
yoxdusa, onda necə?
Başqasına yem olan bu şey mənə
yem deyil,
mənim
qismətimdəki xəstəlikdir,
azardır.
Pəhriz
saxlayacam mən indi azından min il -
dəyməyin, toxunmayın mənə
min il azından.
V. Dul qadının nəğməsi
Həyat
necə yaxşı idi qabaqlar,
ürək uçunurdu gənclik
eşqinə.
Tez-tələsik ötüb keçdi o çağlar
-
hər kəs üçün beləymiş bu, heç demə.
Gün günə, ay aya qovuşdu keçdi,
birdən-birə il də ilə
calandı;
illərin sırası sovuşdu
keçdi -
ikiyə
bölündü vaxt,
paralandı.
Nə onun, nə mənim
günahımdı bu,
səbrimizi basıb dözdük,
dirəndik -
dözmək istəmədi ölüm
di gəl ki.
Axsaya-axsaya gəlirdi kaftar
-
yığıb-yığışdırdı sormadan heç nə,
məni
neynir, mən onun nə vecinə?!
Mən haçan özümə
bir gün ağladım?
Bu dilənçi həyatını
yoxsa mən
tale verən girov kimi saxladım?
Axı
Tale yalnız səadət
deyil,
cındıryığan miskin dilənçilərtək
dərd
də satır, əzab da, iztirab da.
Amma məni pulsuz-parasız aldı -
elə bildi nəyim varsa, müftədi.
Gecəli-gündüzlü alış-verişdə
dodaqlarım, kipriklərim yetmədi,
qamarladı hətta yerişimi
də.
Və beləcə
bircə
quruş vermədən
tale aldı hər şeyimi əlimdən.
VI. İdiotun nəğməsi
Heç
bir yasaq-filan yox. Gəzməyə də qoyurlar.
Lap az qala arzumu
gözümdən oxuyurlar.
Qoy olsun.
Sənin
də tanıdığın
o qutsal, o müqəddəs
ruhu çağıran kimi hər nə varsa fırlanır.
Qoy olsun.
Boyun qaçırmağım da təhlükəlidir
yaman:
bir düşün ki, kiminsə
günahı ucbatından
bir də gördün bıçağı sapladım
birisinə.
Qan ağır işdir yaman. Əzabdır, işgəncədir.
Hərdən bacarmıram da, boğuram
öz hirsimi.
Qoy olsun.
Bu çevrə nə çevrədir fırlandı
birdən-birə,
böyük, qırmızı çevrə
- uçdu, qalxdı göylərə.
Sizmisiniz
qaldıran onu o yüksəkliyə,
göstərişlə, əmrlə yoxsa uçur o çevrə?
Necə
də qəribədir
bütün bu davranışlar:
bir çevrə o birindən
qopub harasa uçur,
sonra da asta-asta çevrilir astar üzə
və fırlanır tərsinə.
Qoy olsun.
VII. Yetimin nəğməsi
Mən heç nəyəm,
heç
vaxt da heç nə olan deyiləm.
Hər yerdə hərc-mərclik,
hər şey qarış-quruşdu,
ümid
də yox qarşıda.
Ay atalar, ay analar,
rəhminiz gəlsin mənə.
Düzü, layiq deyiləm
qayğı-sayğıya çox
da:
çoxdan biçilib zəmi.
Vaxtım
gəlməyib hələ,
gələnə oxşamır
da -
baxtım
yatıb, heç yerdə yeri yoxdu yetimin.
Rəngi
çoxdan saralmış,
bozarmış nimdaş
geyim
əynimdən çıxmaz heç
vaxt.
İnşallah, qadir Allah əsirgəməz
köməyin -
köhnəlməz bundan betər
boz pencəyim, göy çuxam.
Saçımın da dəyişməyib düzümü,
necəydisə, elədir.
Saçlarımı tumarlayan kəs amma
bir də heç vaxt sığal çəkməz telimə.
VIII. Cırtdanın nəğməsi
Mənim
ruhum işıqlıdır,
di gəl ki
köhnə düyün təki
sıxılıb bərk-bərk;
çox
çətin ki onu tutub saxlasın
bu qədər dərd-səri
daşıyan ürək.
Nə taxt-taxçası var, nə
bağ-bağçası -
idbar cəmdəyimə ilişib
qalıb;
qanadını çırpa-çırpa canıma
divan tutur damarıma, qanıma.
Bataqlığın murdar, iyrənc zığında
qurbağatək ağırlaşıb iylənən,
iflicdən quruyub qaxaca dönən
xəstə əllərimdən nə
gələr axı?!
Bax bu cürəm mən təpədən dırnağa:
aciz, mağmın, əzgin-üzgün
birisi.
Hardandı bu miskin xarabalığa
Tanrının bir belə hirsi, qərəzi?!
Bəlkə bəd sifətim
bezdirib Onu -
xoşlanmayıb giley dolu üzümdən?
Əslində, mən işığın
vurğunuydum,
qaranlığı hey qovurdum özümdən.
Amma neyləsəm də, üzümə yalnız
köpək sifətləri yaxınlaşırdı
-
yekə
buldoq sifətiydi sifətim.
İtlərinsə vecinə də
deyildi -
köpəklərin nə vecinə bu işlər.
IX. Cüzamlının nəğməsi
Tənha
birisiyəm - təkəm,
təkcəyəm,
cüzam
xəstəsiyəm, cüzam
xəstəsi.
Burda məni tanıyan yox, bilən yox -
şəhər əhli hardan bilsin necəyəm,
necə
bilsin nəçiyəm?
Görən gözlə işim
yox,
şaqqıldadıb əlimdəki şax-şaxı
dəng
edirəm hər eşidən qulağı
-
amma kimin vecinə?
Yan-yörəmdə veyillənən
bircə kəs
şaqqıltını-tıqqıltını eşidib
ağlına da gətirməz,
düşünməz ki, nə iş gəlib başıma.
Şax-şaxımın səsi yayılan hər yan,
hər yer - mənim evimdir;
amma qaçır tanışlıqdan,
təmasdan -
hamı
məndən gen gəzir.
Bu minvalla baş alıb gedərəm mən
lap haracan istəsən;
nə kişi var, nə qadın var, nə uşaq -
yol-riz bomboş, kimsəsiz.
Addımbaşı
şaqqıldadıb şax-şaxı
heyvanları qorxutmağa gərək
yox.
Rayner
Maria Rilke
Tərcümə: Mahir N.QARAYEV
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.29.