Ədəbiyyat və həyat
Esse
İngilis yazıçısı və dramaturqu, Nobel mükafatçısı Con Qolsuorsi
(1867-1933) məşhur "Forsaytlar haqqında Saqa" trilogiyasının
müəllifidir; o imkanlı
ailədə böyümüş,
vəkillik ixtisasına
yiyələnmişdi. Lakin Con ən məhsuldar yazıçı oldu; onun 20 romanı, 27 pyesi, 5 şeirlər toplusu, 173 hekayəsi, 5 essesi, 700-dən çox məktub və publisistik məqaləsi çap olunub, müxtəlif mövzularda
yüzlərlə mühazirəsi
və analitik yazısı işıq üzü görüb. Hələ 1889-cu ildə
23 yaşında Con deyirdi:
"Sabah görə biləcəyin
işi bu gün görmə".
Lakin illər ötdükcə
müəllif tamam fərqli-fərqli mülahizələrlə
yaşayıb-yaradır, realist yazıçı kimi dünya ədəbiyyatı
tarixinə düşür.
O hesab edirdi ki, sənətin məqsədi
həyatdan qidalanmaqdır;
romanda əsas odur ki, yazıçı təsvir etdiyi qəhrəmanın həyatı,
onun xarakteri və fikirləri arasındakı qarşılıqlı
əlaqəni tuta bilsin. Aşağıda Azərbaycan dilində ilk dəfə onun "Ədəbiyyat və Həyat" adlı essesini Kamran Nəzirlinin orijinaldan tərcüməsində
təqdim edirik.
Ədəbiyyat və Həyat
Ədəbiyyat nədir? Əgər
sağlığında müəllifin
əsərini ədəbiyyat
hesab etmirlərsə,
bəlkə də o, ölsə, yaxşıdır;
hətta bu halda belə, saysız-hesabsız kitablar
və onlar barədə daim fikir dəyişkənliyi
meydana gəldiyi vaxtda ədəbiyyatın
nə demək olduğunu müəyyən
etmək çətindir.
Siz iki adam
tapa bilməzsiniz ki, bir
neçə dəqiqə
ərzində ədəbiyyatın
nə demək olduğu barədə eyni fikrə gələ bilsin. Yəqin ki, hamımız Şekspiri qəbul edirik. Lakin ondan başqa daha kimlərin adını çəkə bilərik?
Axı biz şairlərimizi
hansı "təzədir",
hansı "köhnədir"
deyə, yumurta kimi işarələyə
bilmərik! Axı onlar uzun müddətə
qalıblar tarixdə.
Yox, yazıçılar
"istifadə müddəti"ni
özləri-özlərinə yazıb qoyurlar.
Mən,
şəxsən, heç
bir əsas-filan gətirmədən, hesab edirəm ki, Ədəbiyyat
yalnız və yalnız oxumağa imkan tapdığım kitablardı; bu mülahizə mənə
çoxsaylı, nəhəng
müəllifləri ixtisara
salmaqda kömək edir. Lakin fərdi zövqdən bir qədər aralansaq, demək lazımdır ki,
Ədəbiyyatı yazılan
resenziyalara görə
təyin etmək çətindi, eynilə quruluşçu rejissorun teatrı üçün
tamaşaçının gözlədiyi
pyesi seçdiyi kimi. Lakin burada bircə fərq var: rejissor öz seçimini Tamaşaçının
istəyindən sonra edir, biz yazıçılar
isə bunu oxucudan əvvəl edirik. Necə də böyük bir təsəlli! Digər tərəfdən,
çox təəssüf
ki, bizim oxucularımız
bu günün reallıqlarıyla yaşayan
teatr tamaşaçılarından
fərqlənir və
bu da uzun müddət, nəsildən-nəslə,
beləcə ötürülür.
1800-cü ildə səhnəyə
qoyulmuş tamaşa
1600-cü ildəkini üstələyir,
1830-cu ildə, hansısa,
müəllifi tərifləyirlər,
1930-cu ildə isə onu tənqid edirlər.
Ədəbiyyat torpaq üzərində
iz buraxmır, Zamanın ovalanan zərif qumları üstündə iz salır və mən o qumun üzərində qaçan
adamın izini axtarmalı olan xəfiyyəni də anlayıram. Beləliklə,
bütün hallarda Ədəbiyyatın nə
demək olduğunu dəqiq təyin eləmək, məncə,
mümkün deyil.
Lakin bu yaxınlarda tanış bir yazıçıyla görüşüb,
söhbət elədim;
o, köhnə pyesləri
dərindən öyrənərək
bilməyə çalışırdı:
görəsən, nədən
ədəbi əsərlər
öz uzunömürlülüyünü
qoruyub saxlayır? O belə bir nəticəyə
gəlib ki, məsələ
xarakterlərin həyati
olmasındadır. Düşünürəm
ki, əgər pyes və romanlar barədə danışsaq,
onun qənaəti, təxminən, doğru olar. Amma bunu poeziya haqqında tam mənada demək də olmaz, şeir üçün nəsə, başqa bir arqument tapmaq
lazımdır. Məncə,
belə demək olar: böyük hərfli Ədəbiyyatı
müəyyən etmək
üçün əsərə
əsl fərdi möhür vurmalısan; mahiyyətinə görə
yazılmış əsər
əvvəlki əsərlərə
bənzəməməlidir.
Siz heç ilanın skeletini görmüsüz?
Bu çox heyrətli
və zərif varlıqdır. Bax, Ədəbiyyatı da ilanın
skeletiylə müqayisə
etmək olar: hər bir fəqərəsi
bir-birindən fərqlənir,
lakin sirli şəkildə biri-biriylə
bağlanır. Ya da icazə verin, başqa bir misal gətirim, tarixdən. Bir neçə
il bundan qabaq Nyu-Yorkda olarkən, nəhəng sümükləri
olan bir dinozavr növü gördüm, qəribə
quyruğu və xırda ağzı vardı; yox, canlı deyildi, hərçənd bəzən
ondan da xırda ağızlı, heyrətamiz
heyvanlar görürsən.
Bizə muzeyi göstərən professordan
soruşdum:
- Ser, bu nəhəng heyvanın ağzı çox xırdadır, görəsən o, doya bilirdimi?
Professor mənə qərəzlə
baxdı, sanki demək istəyirdi: "Mən də elə bunu sizə
izah eləmək istəyirdim."
Demək
istəyirəm ki, Ədəbiyyat
hardasa, iri skeleti və quyruğu olan dinozavra bənzəyir, quyruğunun uzunluğunun sonu yoxdu, ağzı
da çox xırdadı
və daim Həyatdan dadır.
Mən,
necə deyərlər,
bir qədər qabağa qaçıram, dediklərimə görə
də cavabdehəm: bəziləri belə hesab edir ki, Ədəbiyyatın Həyatla
çox soyuq münasibətləri olmalıdır,
sadəcə, uzaqdan-uzağa
Həyata əl etməlidir, mətbəx stoluna da birinci Ədəbiyyat yetişməlidir.
Bəziləri isə
hesab edir ki, Ədəbiyyat Həyatın
özündən də
canlı olmalıdır,
tələsməlidir, çapmalıdır,
boş şeylərə,
tutaq ki, seçimə,
formaya, gözəlliyə
və ya Həyatdan, hansısa, mənəvi-əxlaqi bir şey götürməyə
fikir verməməlidir,
Ədəbiyyat, əslində,
biheviorizmin (behaviorism) qaydalarını
qorumalıdır, təxminən,
musiqi bəstələməyə
hazırlaşanda "İlahi,
görəsən, bir
şey alınacaqmı?"
- deyə dua oxuyan ultra modernist bəstəkar
kimi.
Bu cür yanaşmalar məlumdur, lakin mən qatı mühafizəkaram: mənim
üçün Ədəbiyyat
o zaman başlayır ki, Həyat
sənətkarın təbiətindən
və ehtirasından qığılcım qoparır;
özü də bu həyat, hansısa, polis hesabatından
və ya qəzet məqaləsindən
qığılcım qoparan
həyat deyil. Əsla, yox! Bu həyat bütün nəhəng, qaynayan, səs-küy yaradan hərəkət və hadisələrin müxtəlif
çalarları və
qoxuları, dərinlikləri
və qaranlıqları
deməkdi! Bu həyat
bizik, bizlərdən hər birimiz hərəkət və hadisələrin görünməz
hissəsiyik, Ədəbiyyat
bunları saf-çürük
edib, bütün başqa hissəciklər və iştirakçılarla
qarşılıqlı əlaqədə
tutaraq, qidalanmalıdır.
Bax, bu qarşılıqlı
əlaqə kifayət
qədər görünəndə
və ya hansısa, bəxtəvərin
gözünə görünəndən
sonra sözə çevriləndə ədəbi
əsər doğulur.
Yeni, zərif və işıldayan bir fəqərədir bu, bəlkə də ilk vaxtlar, hələlik, qəbul edilmir, lakin müəyyən vaxt ötdükdən sonra Ədəbiyyatın ucu-bucağı görünməyən
onurğa sümüyündə
öz yerini tutur. Ədəbiyyat sapa düzülmüş
qiymətli daşlara bənzəyir, onların heç biri digərinə bənzəmir.
Yenə deyirəm, Ədəbiyyatın düz
fəqərəsi var, mən
ona arxalanıram, onun hər hansı
formada əyilməsi məni dəhşətli
dərəcədə qorxudur.
Geriyə, keçmişə
boylanıb baxanda Ədəbiyyatın inkişafında
onun bel sütununu asanca görmək olar. Lakin o adamlar ki, bu sütunu sındırmağa çalışır
və hər şeyi yenidən başlamaq istəyirlər,
nahaq yerə vaxt itirirlər; onlar həm özlərinin, həm də əydikləri (və ya sındırdıqları!)
sütuna məcburən
baxan adamların vaxtını yelə verirlər.
Misal üçün, digər
cavan müəlliflərdən
ruhlanıb, romanı hadisələr kaleydoskopuna
çevirən qəribə
eksperimentlər var; Prustdan
ruhlanaraq yazılan ailə həyatı ensiklopediyasına bənzəyən
romanlar, Edqar Uelsdən ruhlanıb, bir-biriylə bağlı olmayan yaşantılar burulğanından yazan müəlliflər, nə
bilim, daha kimdənsə, təsirlənib
mikropsixoloji analiz mövzusunda traktat yazan müəlliflərin
eksperimentləri. Mən
əminəm ki, otuz ildən sonra bu eksperimentləri unudacaqlar, xarakterləri və süjeti olan romanlar yaşayacaq.
Buna da əminəm ki, poeziyada o şeirlər yaşayacaq
ki, onların məzmun
və ritmi hansısa, anlaşılmaz
şəkildə bizim
hisslərimizə təsir
edir. Təsviri sənət nümunələri
barədə danışmağa,
ümumiyyətlə cürət
etmirəm, çünki
rəssamlar, qeyd etdiyim kimi, yazıçılardan
daha küsəyəndir.
Mən Berlin şəkil
qalereyasında bir bilicinin fikriylə razılaşmadım, hələ
də unuda bilmirəm; ona bildirdim ki, sizin dediyinizdən belə çıxır ki, poçt
markalarının, xətlərin,
təbaşirlə çəkilmiş
cizgilərin, mıxların
və köhnə avtobus biletlərinin, hansısa, nizamsız yığımını müəyyən
qaydada kətana köçürən rəssamın
şəkli Rafaelin
"Sikstin Madonna"sından
daha çox həyəcanlandırır, eləmi?
Həmin bilici də çox əsəbiləşdi.
Musiqiyə gəlincə, qeyd
edim ki, məni belə bir qənaətimdən
heç kim çəkindirə bilməz:
otuz ildən sonra insanlar yenə melodik musiqilərə can atacaq, çətin həzm edilən kənd təsərrüfatı və
sənaye gurultusundan əmələ gələn
musiqiləri unudacaqlar.
Əlavə olaraq, xəlvətcə, qulağınıza
pıçıldayım: inanmıram
ki, o vaxta qədər
saksafonlar və həmçinin keçmişin
caz alətləri arfa, zəbur alətləri, simballar muzeylərdə yer alacaq və orada bu alətləri
çalmaq qanuna görə qadağan olunacaq.
Bəlkə də bu qənaətə gələ
bilərsiniz ki, mən
bütün eksperimentlərə
çox ehtiyatla yanaşan qatı mürtəceyəm. Yox, heç də belə deyil! Sənətdə eksperiment
vacibdir, elmdə də həmçinin. Eksperiment irəliyə doğru hərəkətə
təkandı, bəzən
öz bəhrəsini
də verir. Lakin bir məlum məsələni unutmaq olmaz: yazıçı yalnız o zaman uzunömürlü
sənət əsəri
yarada bilər ki, mövzunun özü eksperimenti inadla tələb etsin. Yoxsa, kimsə, nəyin bahasına olur-olsun, orijinallıq xətrinə istədiyi kimi eksperiment aparırsa, bununla da, sadə həmvətənlərinin
diqqətini bir müddət cəlb etməyə nail olursa, onun yazdığı tezliklə itib-batacaq; şeh də günəş şüaları
altında beləcə
quruyub gedir, ya da şairlərin poetik diliylə ifadə etsək, belə eksperimentlər öpüşdən sonra
dodaqlardan silinib gedən pamada kimidir.
On beş il bundan öncə
Londonda bir heykəltaraşın əsərlərinin
sərgisi vardı, çox yaxşı və normal işlər idi. Sərgi zamanı zala iki gənc
xanım girdi, könülsüz-könülsüz və tələm-tələsik
bir rəngdən o biri rəngə baxırdılar, nəhayət,
onlardan birinin gözü oturaq halda, yekə bir fiqura sataşdı;
fiqur düzgün olmayan həndəsi ellipsoidlərdən düzəldilmişdi,
guya adı da Venera idi,
tamaşaçıların diqqətini cəlb edə bilmişdi. Yeni fiqurun qarşısında
duran gənc xanım sanki pərvanə kimi hərəkətsiz qalmışdı,
rəfiqəsinə səsləndi:
"Əzizim, bura gəl, odur bax, Venera!" Sonra başını əyib davam elədi: "Çox gözəldi, eləmi?"
Belə pərvanələr
indi də var və onlar
bu günə kimi əsərlərə
yalnız orijinallıq
xətrinə tamaşa
edirlər, çünki
onların qulaqlarını
hər cür qışqırtıyla doldurublar
ki, guya gördükləri "orijinal"
əsərdir.
Ədəbiyyat məsələsinə qayıdaq.
Biz eksperimentlərlə
dolu bir dövrdə yaşayırıq;
yazıçılarımız üçün asan deyil. Bizi bugünkü
nəsrin poeziyaya, poeziyanın isə nəsrə dönməsi
az maraqlandırır.
Bizi, məncə, daha çox belə bir sual
qayğılandırır: ümumiyyətlə, mövcud
şəraitdə, həm
şeir, həm də nəsr yazmağa dəyərmi?
Mənə elə
gəlir ki, biz indi peyda
olan hər şeyə görə sevinirik, çap olunan kitablar haqqında elə səs-küy qaldırırıq
ki, nəşriyyatların
reklamlarını da üstələyir. Nadir kitabları "nəhəng"
adlandırmazlar. "Şedevrlər"
və "istedadlı
şeylər" göbələk
kimi artır, sonra da onları,
elə beləcə, həvəslə horra edib qarışdırırlar.
Haçansa, amma bu tezlikdə yox, naşirlər və resenziya müəllifləri anlayacaqlar
ki, "dahi" və "istedadlı"
kimi epitetləri yaxşı olar ki, nüfuzlu və qərəzsiz hakimin - Zamanın öhdəsinə buraxsınlar;
elə bir Zamana ki, rəqəmləri
aşağı salmaqla,
ondan gəlirin gizlədilməsi mümkün
olmayan qeyri-adi vergi yığıcısına
bənzəyir.
Doğrusu, bütün
bu dınqıltılı
səs-küylərdə bir
üstünlük də
var: kitablar dərhal populyarlaşır.
Bu da faydalıdır,
hərçənd cavan
yazıçılar üçün
təhlükə də
yaradır. Keçmiş
zamanlarda bilicilər yazmağa təzə başlayan müəllifləri
- deyək ki, Meredit, Konrad və ya Stiven
Kreyn kimi yazıçıları tərifləyəndə,
əmin olmaq olardı ki, onların kitabları satılmayacaq. Lakin indi yazıçını
tərifləyəndə onun
kitabı dərhal on beş nəşriyyat
tərəfindən çap
olunur, müxbirlər
müəllifin başının
üstünü alırlar,
ona spirtli içkilərin qadağasıyla,
dağ adamıyla, doğuşa nəzarətlə,
nə bilim, müxtəlif mövzularla
bağlı suallar verirlər; bu cür xəbər başlıqları ölkəni
başına götürür,
müəllifin başı
çox da yerində deyilsə, deməli, hər şey onun gözlərinə
sürətlə baş-ayaq
görünəcək.
Görünür, elə buna görə
də əksər həmvətənimiz yazıçıları
bir az başdanxarab
hesab edir. Adamlar bizim kitabları
alırlar, bununla belə donquldanırlar:
"Ah, bu yazıçılar!" Sanki
əmindirlər ki, biz hər şeyi
baş-ayaq görürük,
dəyərlərimiz də
yalançı dəyərlərdir.
Elədir, əksəriyyətimizə
baxanda doğru fikirləşirlər, kədərli
faktdır; axı yazıçının vəzifəsi
hər şeyi, heç olmasa, başqalarına nisbətən
təxminən doğru
anlamaqdır; yazıçı
iti gözə malik olmalıdır, dərindən hiss etməli, düşünməli
və düşündüklərini
də başqalarından
fərqli olaraq daha aydın ifadə etməlidir. Biz nəyi görürüksə,
nəyi hiss ediriksə, nə barədə düşünürüksə,
bunu doğru və gözəl etməliyik. Çörəyimizi
havayı yeməmək
üçün biz səbirli, kifayət qədər təvazökar
və müstəqil olmalıyıq, hər zaman yumor hissimizi,
ölçü-biçini və ruhi dincliyimizi
qoruyub saxlamağı
bacarmalıyıq.
Con Qolsuorsi
İngiliscədən
tərcümə: Kamran
NƏZİRLİ
(Davamı var)
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, №44.- S.26.