Gözləmə
Hekayə
Qoqolun xatirəsinə
Gecə
ev telefonu zəng çaldı, dəstəyi götürdüm.
Köhnə dostum idi, nəsə
ordan-burdan, narahat-narahat
danışırdı. Məndən
xeylaq böyük olsa da, bir-birimizi çoxdan tanıdığımızdan
aramızdakı yaş
fərqi yavaş-yavaş əriyib
getmişdi. Soruşmaq
istəyirdim ki, nə
olub, özü məsələni açdı.
- Başıma bir iş gəlib axı...
- Nə məsələdi?..
- Bizim o diş texniki Fərəc...
- Onun sənlə arası yoxdu axı...
- Yox idi, o dəfə zəng vurub könlümü aldı, dedi ki, eşitdim infarkt olmusan, bəs indi nə təhərsən?
Bizim arvad mənə
tapşırıb ki, o, yaxşı
kişidi, hökmən
get, ona baş çək...
- Lap yaxşı da... Sonra?..
- Sonrası budu ki, dilinin şirin yerinə salıb saqqızımı oğurladı,
mən də düşdüm evin altındakı çayxanaya.
Çayxanada gördüm
Fərəcin yanında
iki kişi də oturub. Salamlaşıb onların
yanında əyləşən
kimi diş texniki qayıtdı ki, sizin işinizi bu kişi düzəldəcək...
Yanımda oturan ağbaş məndən
xəbər aldı
ki, filan rayon məhkəməsində
adamın var? Fərəc
tez mənim əvəzimə cavab verdi ki,
bu kişinin
hər yerdə adamı var, neçə
il yaxşı vəzifələrdə
işləyib, hər
yerə əli çatır...
- Bəs demədin ki, indi təqaüddəyəm,
elə bir imkanım yoxdu?
- Yox, əclaf Fərəc ağzımı
açmağa imkan vermirdi, elə bil mənim də dilimi-ağzımı
bağlamışdılar... Axırda ağbaşın
yanındakı xallı
yerində qurcalanıb
soruşdu ki, yaxşı,
bəs pulu kimə verək?.. Fərəc də tez-tələsik cavab verdi ki, pul yox,
pul yox, pul məsələsi qalsın sonraya... Mən barmağımı
dişləyib lapdan durdum ayağa, dedim ki, bağışlayın,
ürəyim ağrıyır,
gərək evə qayıdıb dərmanlarımı
içəm. Sağollaşıb
gəldim evə...
- Hə, noolsun? - heç nə başa düşmədim.
- O olsun ki... Burası evdə lapdan ağlıma gəldi... - izah elədi. - Birdən o Fərəc qurumsağ mənim adımdan pul alıb eləyər e, o kişilərdən... Guya,
mənə verəcək...
Sonra yox yerdən böhtana düşərəm...
Ola bilər?..
- Nə bilim, hər şey ola bilər, adamlara nə etibar...
- Mən də onu deyirəm də... Neçə gecədir fikirdən yata bilmirəm...
- Zəng vur, Fərəcin özündən
xəbər al da, day niyə
fikir eləyirsən?
- Zəng eləmişəm
neçə kərə
gecəyarısı, bircə
balasının canına
and içib-aman eləyir
ki, mən o adamlardan pul-zad almamışam, qəti narahat olma, bu məsələ
bağlanıb...
- Bəs nədən əndişəlisən?
- Deyirəm, bəlkə, yalan danışıb mənim başımın
altına yastıq qoyur? Necə bilirsən, hə?..
- Nə deyim... Ümumi dostlarınızı
yığ başına,
məsələni birdəfəlik
çürüt getsin.
- Onu da eləmişəm...
Zahidi, Faiqi çağırıb zəng
elətdirmişəm Fərəcə...
Onlara da and içib
ki, vallah-billah arada pul-para söhbəti olmayıb...
- Bəs?..
- Deyirəm, bəlkə, Fərəc onları da aldadır? O dəfə vəkil qonşuma da açdım məsələni.
O da gülüb dedi
ki, qəti narahat olma, sən nə pul almısan,
nə də pul vermisən... Bəd ayaqda biz ölüb eləməmişik
ki, dağ kimi arxanda durmuşuq... Srağagün gördüm
yuxum ərşə çəkilib, gecə saat ikini keçib,
yığdım Fərəci
ki, bu məsələni
bir də soruşum, acıqlı-acıqlı qışqırdı
ki, a kişi, sən nə qəliz adamsan, bir də
mənə zəng vurma, qoy öldüyümüz
yerdə ölək...
Belə deyib sağolsuz, xudahafizsiz telefonu qoydu yerinə.
İndi sən ağıllı
adamsan, de görüm,
bu işin axırı nə olacaq? Zahidlə Faiq deyir ki, narahat olma, bu
iş bitib, heç
bir problem-zad yoxdu. Bəs sən nə fikirdəsən?..
- Aradan nə qədər ötüb?
- Bir ay...
- Nə deyim... Hər şey ola bilər...
Köhnə dostumla təzəcə
sağollaşıb dəstəyi
yerinə qoymuşdum
ki, oğlu zəng vurdu. Mənə möhkəm-möhkəm tapşırdı
ki, sən Allah, bir də atama: "Hər şey ola bilər demə, ürəyi xəstədi,
ortada heç nə yox, kişinin
başına bir iş gələr, onsuz da neçə vaxtdı gecə-gündüz
Fərəc məsələsi
ilə evdə hamımızın başını
xarab eləyib".
O gündən tez-tez zəng vururdu dostum mənə, həmişə də hərləyib-fırlayıb mətləb
üstünə gələrdi,
deyirdi ki, o işin də üstündən filan qədər keçib... Mən də birtəhər malalayıb qayıdırdım
ki, boş şeydi, fikir vermə, yadından çıxart getsin. O da incik-incik inildəyirdi ki, necə fikir vermə, özümdən
asılıdı bəyəm,
ha başımı başqa
şeylə qatmaq istəyirəm zalım oğlu Fərəc gəlir
gözümün qabağına...
Amma day çoxdandı zəng eləmir dostum, deyəsən, günləri,
ayları qarışdırıb,
ya da bu işin başını birdəfəlik buraxıb...
Mən də qəsdən onu itirib-axtarmıram ki, qoy tamam sağalıb özünə gəlsin...
Mübariz Cəfərli
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.24.