Metro-fraqment
Qarışqalara ithaf...
1
Bələdçinin
əlindəki yolgöstərən
və tuneldə görünməyən
işıq.
Hay-küy düşmüş
relslərin üstünə
Sevgisini
axtarmaq üçün
qaranlığa gedən oğlan...
2
Eskalator
qoca yerişiylə dartınır yuxarı.
Üzlərdə qorxu və bir də nəsə var...
Tələsmək səsini eşitdi
gənc adam,
qulağı sonrakı mənzərəni
çəkdi:
Yaşlı qadın eskalatorun
ayaqlarına səcdə edirdi.
3
Ayaqların
hərəkəti çoxaldı,
Dolaşdı bir-birinə,
Maşıntoqquşdurma oyununa çevrildi.
Bir qadın çırpıldı
bir kişiyə,
Amma filmə düşmədi
bu an,
Kamera çəkirdi yuxarı başda.
Baxışdılar bir azacıq.
Böyük təbəssümü
üzlərinə
sığışdırmaq istəyi ilə
Qatarın qapıları bağlanmadan
yetişməliydilər
sevgiyə...
4
Qatarı
dartıb aparan adam,
Üzü sirli adam
Qaranlıq tuneldə ömrü
keçən adam,
Qatarla evli adam...
5
Platformada
gəzişən uşaq gülüşü,
Qeybət
və bir də pıçıldaşan bəbəklər.
Təsbeh
şıqqıltısı.
Qatar qapılarının ağzını
cıran sütül cavanlar,
Maşinistin aparat səsi,
Qaqqıldaşan adam hörgüsü,
Qaranlığa tələsən
yorğun qatarın köks
ötüşləri...
6
Səs.
Səs.
Baxışlar.
Qaranlığa sığal çəkən
işıqlar.
Laylay oxunan gözlər.
Qayıqtək yellənən yorğunluq...
7
Qışqırıqlar.
"İmkan ver keçək",
"Ay kişi, əlini çək",
"Adamlar, uşağıma kömək",
Döyüş səhnəsi,
Bir səs,
Sonra qalaya hücum,
Silkələnən kölgələr...
8
Pırtlaşıq
boz saçlar,
Burunları tutan əllər,
Boş şüşələri boşaldan
adam,
Vaqonun vətəndaşı adam...
9
Şütüyən stansiyalar,
Dəyişən üz cizgiləri,
Ürküdücü gözlər,
Qatarın öskürək dolu
səsi...
10
Qapılar
bağlanır...
Növbəti stansiya:
əlləri qoynunda pəncərə
qadın.
Gərəkli
yağışlar
Yağışlarda
kasıblar
neyləyir, görən?
bəlkə evlərinə dolan,
şırhaşır yağan
damlaların altında yuyunurlar,
bəlkə də palçıqdan
bir adam düzəldirlər,
"ümid" qoyurlar adını...
Ya da, kim bilir,
kasıbların ümidi
yağış da ola bilər
ən azından
yağış damlaları
tozla örtülmüş köhnə
evin
kirini-pasını atır,
bir də ağlayan
körpələrin göz yaşını gizlədir...
Yazıla
bilməyən şeir...
Küçələr
adamsızdı, külək səkilə sevişir,
Bu gün adamlar yoxa çıxıb.
Qəssab
dükanının yanında
erkək
buğa miskin baxışlarıyla
öləcəyi saatı gözləyir...
Arxasında küçə pişiyi
ət axtarışında,
buğanın adı bir azdan ət olacaq.
Bu mənzərəyə hansısa,
filmdə
baxmışdım:
orda pişiyə buğanın
əti çatmırdı.
Buğanın gözlərindəsə,
saysız-hesabsız
ulduzlar axışır,
göy üzünə qaranlıq
ilxı tək sürünür,
Qəssabın əlindəki bıçağın
parıltısı buğanın gözlərindən
daha zəif, daha sönük.
Küçə rəssamı bu
mənzərəni
çəkə bilməyəcək qədər
aciz, miskin...
mənsə, bu şeiri yaza bilməyəcək,
narkozdakı kimi
onların hərəkətlərini
izləyəcək...
Bacımın
rəsmi
Tər-təmiz,
çirklənməmiş göy üzü
çəkir kağızda
bacım,
Günəş olur orda,
dağlar olur, uşaqlar
olur.
Göy
üzünün rənginə boyanır əlləri,
Balaca, totuq əlləri,
Günəşi atama bənzədir,
Dağları anama,
Uşaqları bizə...
Bulanıq
görünür rəsmdəki uşaqlar,
Günəşin sarısı qızarıq,
Dağlar
göy üzünə
çox yaxın...
Göy üzündən sonra, boşluqdu kağızda.
Tanrını çəkə bilmir
bacım,
"Kağıza yerləşməyəcək",
deyir,
həm də rəngi qurtarıbmış.
Rəsmdə
Tanrını axtarıram hər gün,
Ona bir yer axtarıram,
ya uşaqların yanında,
ya dağların,
ya günəşin...
Dəniz
üçün
Səninlə
dənizə gedirik,
Balıqçılara gülümsəyirik,
Onlara kömək edirik.
Axşama
balıq var əlimizdə
Səni
sevirəm,
balığın dənizi sevdiyi
qədər...
Səninlə
kinoya gedirik,
Qaranlığa düşən böyük
işıqda
kölgələrə
çevrilirik.
Film başlayanda səni öpürəm,
Başqa
yerlərdə də öpüş səsi gəlir.
Səni
sevirəm,
filmlərə həyatı kimi
baxan adamlar qədər...
Səninlə
parkda gəzişirik,
Tum çırtlayırıq, dondurma
yeyirik,
Bir bomja pul veririk.
Səni
sevirəm,
bomjun çarpayını sevdiyi
qədər...
Səninlə
şəhərdə dolaşırıq,
Qabağımıza çıxanlara
"sevgili" deyirik.
Bizə
xoşbəxtlik arzulayırlar,
Gözəl sözləri əynimizə
keçirib,
gülüşləri paylayırıq
tənha adamlara
Səni
sevirəm,
tənha
adamların sayı qədər...
Səninlə
tanımadığımız adamlara
məktublar yazırıq,
Xoş xəbərlər veririk onlara,
Uşaqları olacaq, toy olacaq,
gözəl günlər gələcək.
Səni
sevirəm,
məktubları bağrına basan
analar qədər...
Səninlə evimizə gedirik,
Hər yeri təmizləyirik,
Yemək
bişiririk, öpüşə-öpüşə.
Axşama
süfrə hazırlayırıq,
Bacımla qardaşım gələcək.
Rəqs
edirik, əylənirik,
Atamın,
anamın şəkilləri
gülümsəyir bizə.
Səni
sevirəm,
atamın
yolunu gözləyən
anam qədər...
Həyat
Qaranlıq
çökəcək evlərin üstünə,
Yağış damcıları düşəcək
yollara,
Top oynayacaq uşaqlar
çığıra-bağıra.
Bir quş çiçək
gətirəcək dimdiyində,
pəncərəm önünə buraxacaq
və yox olacaq qaranlıqda.
Oğuz Ayvaz
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.22.