Xocalıya da qayıtdıq...

 

Təran Məmmədin Qarabağ hekayələri üzərinə

 

Belə bir deyim var: "Seçkin oxucu yoxdursa, seçkin yazar da yoxdur. Seçkin oxucunu isə dolğun, bitkin, mükəmməl əsərlər formalaşdırır. Mütaliə həvəskarı olan səviyyəli oxucunun gözü daim gerçəkləri əks etdirən, necə deyərlər, həyatın dibinə enib doğrunu yazan söz adamlarının əsərlərini axtarır. Tapdısa, mütləq oxuyur və bəhrələnir. Tanınmış yazıçı, şair, tərcüməçi Təranə Məmmədin poeziya və nəsr kitablarını oxuduqca bu fikirlərə köklənmişdim.

İxtisasca şərqşünas olan Təranə xanım təhsil aldığı Bakı Dövlət Universitetində ərəb dilini tədris edəndə də, sonralar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsində və Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifələrdə çalışanda da heç vaxt ədəbiyyatdan ayrı düşməyib. Müxtəlif illərdə nəşr edilmiş "Payızda bahar", "Gözlərdən öpüb ayrılın", "Etiraf" (Priznanie"), "Tor", "Sirr" adlı və digər şeir və nəsr kitablarını oxucular maraqla qarşılayıblar. Bu əsərlərdə milli-mənəvi dəyərlərimiz, zəngin adətnənələrimiz, insani və bəşəri duyğular öz əksini tapıb.

Əslən qarabağlı olan Təranə Məmməd doğulduğu, boya-başa çatdığı əsrarəngiz yurd yerinin işğalından, əzəli torpaqlarımızın xain düşmənin caynağına keçməsindən dolayı əndişəsini, vətəndaş yanğısını yaradıcılığında məharətlə ifadə edib. Müəllifin qələmə aldıqlarının ("Ögey ana", "Canlı meyit", "Ana ruhu" və digər hekayələri) məzmunundakı dərdləm yükü düşündürücüdür. Yazıçı Xocalı qurbanlarının - itkin düşmüş, əsir, girov götürülmüş soydaşlarımızın, çağasını qarlı meşədə itirmiş anaların, don vurmuş, ayaqları kəsilmiş uşaqların iztirablarını göyüm-göyüm yanaraq xatırlayır və qələmə alır. Bu bədii nümunələrin canını yurd sevgisi, əsarətdə qalan torpaqlarımızı azad etmək arzusu təşkil edir. Həmin hekayələrdə intiqam yanğısı, quduz xislətli düşmənə nifrət hissi də güclüdür.

Ağrılı talelərin acısını yaşamaq, sağ-salim olanların bir gecənin içində vəhşicəsinə məhv edilməsini, cismani yoxluğunu ifadə etmək, dilə gətirmək, həqiqətən, çox üzüntülüdür. Bununla yanaşı, bu qətliamda həyatlarını itirmiş insanların başına gələn müsibətlərdən yazmaq, onların xatirəsini yaşatmaq, eyni zamanda mənfur düşmənin iç üzünü açmaq isə vicdan işidir. Yazıçı "Canlı meyit" hekayəsini də qələmə alarkən bu missiyasına sadiq qalıb. Müəllifin maraqlı təhkiyəsi ilə nəql olunan hekayənin qəhrəmanı iş yoldaşlarının çox sevdiyi, həmkarlarının istəyini, rəğbətini qazanmış cavan oğlandır. Sözü-söhbəti, ətrafdakı insanlarla ünsiyyəti, dostlara yanımcıllığı həmişə təqdir olunan bu qürurlu, cəsarətli, mərd gəncin son vaxtlar kefsiz, qayğılı, həyəcanlı görünməsi diqqəti cəlb edir. Əslində hekayənin baş qəhrəmanının haləti ölkədə baş verən ictimai-siyasi hadisələrlə, tüğyan edən Qarabağ savaşı ilə həmahəngdir.

Xocalıda doğulan, ali təhsil alıb Bakıda bir qurumda çalışan gənc mütəxəssis valideynləri - qoca ata-anası, ailə üzvləri ilə haçansa, öz şəhərində tez-tez görüşər, halhval tutardı. Əsərdə oxuyuruq: "Ölkədə hər birimizə bu və ya digər şəkildə təsir edən hadisələr baş verirdi. Bu, bizim xeyrimizə olmayan və daha da genişlənən Qarabağ hadisələri idi. Bunlar gələcəkdə baş verəcək qanlı hadisələrin başlanğıcı idi." Xocalıdakı gərgin vəziyyətdən  nigarançılıq hissi əsərin qəhrəmanını üzür, fikrini daim məşğul edirdi. Müharibənin zəif həlqəsi olan bu şəhərimizdəki duruma bir çözüm tapılacaqdımı?

Həmin günlərdə bir zülmət adaya bənzəyirdi Xocalı. Çalxalanan nəhəng alov nəhriylə dövrələnmiş, tənhalıq girdabında çırpınan şəhər hər şeydən təcrid olunmuşdu. Yanacaq, ərzaq məhsulları çatışmırdı. Mühasirə şəraitinə düşən bu yurd yerimizə gediş-gəliş kəsilmiş, əhali təkcə helikopterlərin ümidinə qalmışdı. Yalnız ümidsiz xəstələri, hamilə qadınları və şəhərin müdafiəsində dayanan, ağır yara almış döyüşçüləri ara-sıra görünən helikopterlərlə çıxarmaq mümkün idi.

Ailəsi Xocalıda yaşayan gəncin tez-tez eşitdiyi narahat xəbərlərdən əhvalı pozulur, amma çoxları kimi bir çıxış yolu tapa bilmirdi. Başqa işə keçməsi ilə bağlı həmkarları ilə də əlaqəsi kəsilmişdi. Qarabağ savaşı pik həddə çatmış, Xocalı qətliamı baş vermişdi.  Erməni və rus hərbi birləşmələri dinc insanlara qarşı misli görünməyən vəhşiliklər törətmişdilər.

Müəllif Xocalı hadisələrini birbaşa nəql etməsə də, qəhrəmanının psixoloji durumu, mənsub olduğu ailənin qırğına məruz qalması ilə bağlı keçirdiyi sarsıntıları elə təbii və inandırıcı təsvir edib ki... Faciədən sonra onun əvvəlki iş yoldaşı ilə görüş səhnəsi fikrimizə sübutdur. "O qanlı faciədən düz altı ay keçmişdi. Bakının mərkəzi küçələrindən birində tanımadığım yaşlı bir kişi qəfil əlimdən tutdu və adımı deyib salam verdi... "Mən sizi tanımıram" demək istəyirdim ki, tanış gözlər gördüm. O gözlərdəki kədər, iztirab, çarəsizlik və qisas hissini sezdim. Həmkarım tanınmaz dərəcədə dəyişmişdi. Saçları ağarmış, sifəti qırışmış, üzündəki xoş təbəssümdən əsərlamət qalmamışdı. Sanki bu insan heç vaxt gülməyib və bundan sonra da gülməyəcəkdi".

Bu həyəcanlı dəqiqələrdə əsərin baş qəhrəmanı susurdu. Həmkarı birdən onu qucaqlayıb hönkürərkən, acılar yaşamış bu insan başını qarşısında dayanmış keçmiş iş yoldaşının çiyninə qoyub ağlayırdı. Ürəyi elə bərk vururdu ki, elə bil indi sinəsindən çıxacaqdı. "Çatmadım, heç nə edə bilmədim," - deyə özünü didib-tökür, təəssüf hissi və kədərlə əlini ovcuna çırpıb aramla danışırdı. Danışmasaydı da, onun hüznlü görkəmi hər şeyi birər-birər söyləyərdi. Azca toxdayıb içində qalmış dərd-sərini izhar etməyə can atırdı. Məlum olmuşdu ki, valideynlərini kiçik qardaşının gözləri qarşısında güllələyiblər. Bacılarından isə heç bir xəbər yox idi, onları və bir çox qız-gəlini Ermənistana aparmışdılar. Qardaşı şahidi olduğu dəhşətlərə dözməyib dünyasını dəyişmişdi. Müəllif təsirli bədii lövhələr, dialoqlar yaratmaqla insanın mənən necə sındığını, zəif, çarəsiz məxluqa, canlı meyitə çevrildiyini, "dərdi qarşısında aciz qaldığını" vurğulayır.

Hekayədə oxuyuruq: "Qarşımda anasının, bacısının namusunu qoruya bilməyən kişi oturmuşdu. Bu, dəhşətli və çox qorxulu bir səhnə idi!" Müəllif əsərin baş qəhrəmanının timsalında Xocalı qətliamında zərər çəkmiş, əzizlərinin itkisindən ürəyi param-parça olmuş insanlardan yalnız birinin bitkin obrazını yaradıb. Nə yazıq ki, bu qəbildən olan soydaşlarımız minlərlədir. Təranə xanımın yazıçı təxəyüllünün gücüylə yaradılmış bu obraz həyatidir, bütün dərdləri ilə birgə gerçəyin özüdür.

Əsərin qəhrəmanı - ümidsizliyə qapılmış, ailəsini bu qanlı qətliamda bütünlüklə itirmiş, 35 yaşı olsa da, artıq ahıllıq dövrünü yaşayan çal saçlı kişi qisas almayınca, normal həyata dönə bilməyəcəyini düşünürdü. Bəlkə o yox, nə zamansa, ordumuz alacaqdı bu qisası, ancaq bu, mütləq olacaqdı! Təranə Məmməd sonda Azərbaycan kişisinin məğlubiyyət acısından, xəcalət sindromundan qurtulacağına inandığını, Zəfər saatının yaxınlaşdığını qəhrəmanının dili ilə bəyan edir: "Mən ata-babamın yaşadığı Xocalıya qayıdacam. Qayıtmalıyam! Bu borcu mütləq yerinə yetirəcəm..."

Nə yaxşı ki, taleyüklü, həyəcan və coşqu dolu 44 gün ərzində ən duru, ən gerçək tariximiz yazıldı. Bu, adı cəsarət və döyüşkənlik rəmzi sayılan yenilməz türkün çoxlarına ibrət, görk olan şərəf, fəxarət tarixiydi. Qisas anını intizarla gözləyən, mücadiləyə qalxan cəng övladları elə bil mərmi vıyıltısında, topların nərəsində böyüyüb, boya-başa çatmışdı. Rəşadətli ordumuz Ermənistan silahlı qüvvələrinin təcavüzü və böyük güclərin havadarlığı nəticəsində işğal olunmuş əzəli torpaqlarımızı düşmən tapdağından qurtarır, ermənilərin canlı qüvvəsini, texnikasını, yurd yerlərimizdəki istehkamlarını darmadağın edirdi.

Biz döyüşdə də, siyasətdə də düşmənə qalib gəldik. Hər kəs ordumuzun gücünü gördü. İndi biz dünyanın gözünə dik baxa bilərik. Təranə xanım deyir: "Vaxtilə içimizdə qorxu, təlaş, tərəddüd vardı. Məğlubiyyət ovqatı, ümidsizlik içimizi didib-parçalayırdı. Həsrətlə gözlədiyimiz Qələbə bizə hələ uzaqlardan ilğımtək görünürdü. Düşmənlə ideoloji davamız bu gün də davam edir".

Qarabağ savaşından bəhs edən əsərlər həmişə milləti ayaqda durmağa səsləyir. İndi azad Qarabağımız yeni bədii nümunələrlə - Zəfər kitablarıyla tərənnümünü gözləyir. Şəhid qanlarıyla yoğrulan bu cənnətməkanın hər daşını, qayasını, güliçəyini, bütün dilbər guşələrini vəsf edən yeni əsərlər ərsəyə gəlir. Axı, yazarlarımız xalqımıza qarşı təcavüzün davam etdiyi illərdə də müqəddəs Zəfərimizə inam aşılayan əsərlər yaradır, mənfur düşmənlə döyüşən sözün gücüylə savaşırdılar. İndi belədir.

 

Zemfira Məhərrəmli

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 noyabr, №44.- S.19.