Robotlaşan ruhum
Qaia artıq hər şeyin dəyişdiyinin
fərqində idi, getdikcə ağlını
qaçırırdı.
Mahiyyət nə idi. Sol kim idi. Tanıyırdı
onu, əmin idi. Bütün bu paralel dünyaları
beyninin içində
daşımaq ondan nə alırdı. Onu nəyə, hara hazırlayırdı bu burulğan? O harasa hazırlanmaq istəyirdimi?
Beyninin içi bumbuz idi. Getdikcə
bu soyuqluq Qainanın vücudunu da keyləşdirirdi. Əlləri,
qolları, gözləri,
ruhu sözünə baxmırdı. Bunun sonu nə idi? Ruhu
getdikcə buzlaşırdı.
Ruhun buzlaşması nədir, xəbərin varmı, əziz oxucu? Ağrılar boğazına
dolur. Ağrı getdikcə zoğ atır bədənində.
Qarşısıalınmaz bir əzab ruhunu
somurmağa başlayır
həyasızcasına, dözə
bilmirsən. Başını
itirirsən az qala. Bu son Qainanın söndürülməsi (yeni texnoloji
çağda artıq
yaşayan, nəfəs
alanlar söndürülürdü)
ilə nəticələnəcəkdimi?
Yox, Qaia bunu istəmirdi, o söndürülmək istəmirdi
axı, o onlar kimi deyildi. İnsanlığını
itirmək istəmirdi.
İnsanlığına dəyər
verirdi. İnsanlığı
ilə xoşbəxt idi. Ruhun soyuması
nədir, İlahi? Bədən ölmədən
ruhun soyuması. Bu necə bir əzabdır,
İlahi... Çağın
şansı kimi görünən yarı robotlaşaraq ölümsüzlüyün
pillələri ilə
yüksəlmək onun
tərzi, arzuladığı
son deyildi.
Uşaqlıqda "Vampir gündəlikləri"
adlı serialı həvəslə izləyirdi.
O zaman ən böyük
arzusu ölümsüz
olmaq idi. Bunu eqoistcəsinə istəmirdi, ha! O arzu edirdi ki, bu ona
bütün xəyallarını
gerçəkləşdirmək imkanı verəcək.
Sonra həyatda bir çox şeylər yaşadı. Ən sevdiyi nənəsini, atasını, spagetti saçlı qızı və anasını itirdi. Hər itirişlə elə möhkəm ölmək istədi ki... Elə möhkəm, həm də...
Ölüm hissi səngidikcə
yerini ağlasığmaz
dərinlikdə konyonvari
uzanan, tənha bir darıxmaq hissi əvəzlədi. Zəncirvari darıxdı.
O qədər darıxdı
ki, hər şeyi xərclədi həyatında...
Bircə özü qaldı xərclənməyən
əlində.... Və
nəhayət, bir gün özünü də xərcləmək istəyəndə çıxdı
gümüşlər onun
qarşısına...
Bax, belə, əziz oxucu! İndi sən bütün hər şeyi bilirsən, lap yaxından tanıyırsan
Qaianı. İstəmirəm
bu romanda sən hansısa, maddi və mənəvi
məsələni gündəminə
daşıyasan. Sənə
nə danışıramsa,
ona yönəl. Cinsiyyət amili axtarma bu mətndə.
Bu heç sənə
lazım da deyil. Əsrlərə calayıb
axtardığın hər
şeyi kənara burax. Kifayət qədər danışmadınmı,
bu mövzulardan? Nəyi həll etdin? Nə düzəldi, zehnində?
Bilirəm, indi sən deyəcəksən:
"axı ay yazar, axı sənə nə, mən nə düşünürəm?
Öz mətnin, süjetini idarə etmək sənə kifayət etmirmi?
Mən isə gülümsəyərək
cavablamayacağam sualını.
Bilirsən, niyə?
Ona görə ki, Baccanalenin
pəncərəsindən şütüyən
qələbəliyi izləyərək
yazıram bu sətirləri, arada Marlboronu da tüstülədirəm.
Bildiyin lüks həyat... Ona görə sənin bu axmaq
suallarını düşünməyə
vaxtım yoxdur. Get, işinlə məşğul
ol, əziz oxucu. Bir gün, bəlkə də bir gün sənin
sualların mənim düşüncələrimdən və Gümüşlandiya
adlı nəhəng dərdimdən daha vacib olar...
Ayağa
qalxdı, divarlardan tuta-tuta özünü küçəyə atdı...
Qarşısında Bakının
köhnə, ancaq bir o qədər də doğma tikililəri var idi. Kürəyini söykədi
bu divarlardan birinə. Nə səbəblə tikilmişdi
bunlar? Kimlərin səsi hopmuşdu bu barılara, görəsən? Neçə
sevinc, kədər görmüşdü, kim
bilir... Belində divarın cırmaq izlərini hiss etdi. Çoxdandır heç kimlə sevişmirdi. Sevişməyi çox ciddiyə alırdı Qaia. Sevişmək cəhdlərini adiləşdirsə
belə, çox vaxt, daxilindəki gizli reallıq bu idi əslində.
Beyninin və ruhunun dərinliklərində,
əslində o çox təlatümlü təklik
yaşayırdı.
Danışa bilmirdi. Dinə
bilmirdi. Nə danışacaqdı ki? İnsanlar
da, robotlar da, titanlar
da onun söyləyəcəkləri
ilə maraqlanmırdılar.
Hər kəsi, bəli, bəli, hər kəsi güldürə bilərdi
özünə. Necə
əzabdır, İlahi,
boğuluram. Nə edim mən? Yuxularım qaçır.
Ətimi dişimə
keçirib didib-tökmək
istəyirəm. İstəyirəm,
kimsə tişəni
əlinə alıb vücudumu doğrasın,
cızsın bütün
son qalan insanlıq işartılarını.
Siqareti yenidən damağına qoyub əvvəlki yerinə qayıtdı. Yenə əyləşdi kafenin şüşəyə
yaxın hissəsində.
Arxasında çoxlu
içki şüşələri
var idi. Ancaq heç içmək istəmirdi. İçki bütün bədənini
yumşaldıb səssizliyinə
səssizlik əlavə
edirdi. Bu isə kifayət qədər bezdirici idi. Səslər, səslər
eşidirdi. Budur, kafenin kənarında oturan lupasifət, soyuq bənizli bir varlıq fincanda nəsə içir. Bütün ağzı qapqaradır.
Of, necə də ürəkbulandırıcıdır bu. Budur, onun qarşısında
portağal saçlı
biri də oturub. O, mavi, yupyumuru dərmanları sapsarı dişlərinin
düzüldüyü ağzına
təpişdirir. Dodaqaltı
necə də nazikdir, İlahi... Gözəl qəmzələri
ilə tərs mütənasiblik içindədir
dodaqları... Yolka rəngində geyinib. Özünü ətrafa laqeyd göstərir. Ya da elə hamı laqeyddir. Bircə mən, darıxan, nə istədiyini bilməyən
şüksüz mənəm,
hamı ilə maraqlanan... Sonra, bəs sonra? Sonra bu marağa sahib çıxırmı
ürəyim, ağlım?
Yox! Yox! Yox! Başım fırlanır. Qulaqlarımın
giziltisi qarışır
çəngəl-bıçaq səsinə...
Qaia bilirdi ki, nə vaxtsa, o da buna məcbur qalacaq. O labüd sonla, arzuları arasında qalıb başını itirəcək.
Axı dünya gözəldir? Düşünmək,
hiss etmək , nəfəs almaq, nəfəs dərmək. Bu gözəl
dünyadan getmək istəmirdi. Çəkilmək
istəyirdi bir kənara. Bütün bu inkişafdan kənarlaşmaq istəyirdi.
Bu acgöz insanlıqdan,
titanlıqdan, tanrılıqdan
tamam kənarda qalmaq istəyirdi. Başqa bir şeyə çevrilmək
istəyirdi Qaia... Qıraqda, hardasa, uzaqlardakı bir yerdə qalsaydı, görəsən, necə
olardı, inkişaf üçün darıxardımı?
Fransız mahnısının sədaları
getdikcə çoxalan
iç səsinə qarışır:
Ma femme,
la la la la la la...
Ma femme,
la la la la la la...
Daxilində fransız...
Kafedə
isə italyan mahnısı səsləndirilir.
"Va bene..." söyləyən
gənc italyan bakılı ofisiantdan Amerikano istəyir.
Səslənən "Love story" Qaianı 2015-ci ilə aparır - Romadakı günlərinə.
O vaxt ayağı ilişmişdi küçənin
tam ortasındakı bir
sütuna. Bu, qədimdən
qalan balaca bir abidə idi.
Xırdavari sütunu belə
çox böyük ustalıqla qoruyurdu italyanlar. Yadıma Naxçıvanda yaşadığım
illərdə "qorumaq"
başlığı altında
savadsız memarların
güdazına gedən
bəzi abidələr
düşür...
Onları
Batabatın məğrur
təbiəti xatirinə
əfv edirəm...
Əməlli-başlı səs-küy başlayır daxilində.
Yox, başına düşür bu səs-küy...
Burda rol oynayaraq yaşamağa
çalışsaydı...
Onu robotlar tək, yalnız, rahat buraxardılarmı? Yoxsa, məcbur edilərdi onlar kimi olmağa.
Bəs Gümüşlandiyaya
köçsəydi... Axı
ora, sadəcə, yuxudaykən köçə
bilirdi. Əbədi olaraq yatmalı idi onda. Əbədi
uyqu, bəli...
Ancaq mənim "Uyqum çəkilmiş, gönlümü
qəm almış"
Bəs gümüşlər, onlar
buna necə baxardı?
Axı gümüşlər
insanları sevmirdilər.
Qaianın düşüncəsinə
görə, gümüşlər,
sadəcə, keçmişə
məhkum zorba, kobud varlıqlar idi. Eyni zamanda
maraqlı varlıqlar.
Bütün bunlar hara qədər
davam edəcəkdi? Ruhu, bəli, ruhu ciddi təlatümlər
yaşayırdı.
Bunu heç kim bilməməli idi. Beyni yarıinsan, yarı robotlar tərəfindən tədqiq
obyektinə çevrilə
bilərdi.
Elanlar verilirdi. Artıq onlar bir yol
seçməli idilər.
Ya zavallı insan olaraq yaşamalı,
ya da texnologiya tanrısına təslim olmalı idilər.
Tanrıyla yarışan insanoğlu
hər daim onunla eyni olmağı
arzulamırdımı? Hər
zaman əbədi yaşam,
ölümsüzlük üçün
çabalamırdımı?
Ölümsüzlük axtarışına
çıxan Şumer
qəhrəmanı Gılgamış
da yarı tanrıydı...
Ən qədim və ən yaxşı dastanlardan sayılan Gılqamış bizə
nə deyirdi, belə?..
Manyetik sahə dəyişirdimi?
Bu gün xəbərlərdə
okeanda üzən insanlara balıqların hücumunu oxudum... Nə idi, balıqları
belə dəli edən?
Bilirdim
ki, yenə hər şey dəyişir. Hiss edirdim bunu. Axına
qoşulub yaşamaqmı
gözəl idi? Bəs xilas yolu nə idi,
Nuhun əfsanəsi də təkrarlanacaqdımı?
Nuh gəmisinə dəqiq
məni mindirəcəkdimi?
Yoxsa, şans da seçilmişlərə veriləcəkdi?
Deyilənə görə, bir
gün Tanrı yerə əsəbiləşir.
Alın yazısında
insanın bütün
həyat yolu yazılır, "Tanrı
bilmədən tək
yarpaq tərpənməz"
deyilən bütün
müqəddəs kitablarda
yazılan bu bəndin əksinə, guya insanoğlu yerdə öz bildiyini edibmiş fəlsəfəsi ilə
yeri dağıtmaq üçün bəhanə
axtaran Yaradan aşağı baxanda əsəbiləşib yerə
tufan göndərir.
Yerdə
Tanrı öz adamı olan Nuha tapşırır ki, özünlə xilasını
layiq bildiyin canlılardan bir cüt götür:
"Nəhayət, əmrimiz gəldikdə və təndir qaynadıqda (işlər ciddiləşdikdə
və su qaynamağa başlayanda) Nuha dedik: "Əleyhinə hökm verdiklərimizdən başqa,
hər şeydən iki cütü, ailəni və möminləri gəmiyə
mindir". Onsuz da, onunla birlikdə inanan çox az idi. Nuh dedi:
Gəlin, gəmiyə
minin. Onun axması da, dayanması da
Allahın adı ilə bağlıdır.
Həqiqətən, Rəbbim
Bağışlayandır, Rəhmlidir!"
Bundan əlavə, Seyyid Feyzullah Fındıki,
"Levamiul-Cəvahir bi İsna
Aşere Fennen Yücahir" də bu barədə o qədər danışıb
ki, başqa söz danışmaq, sadəcə,
vaxt itkisi və əməlli-başlı
yorğunçuluq olar.
Bu şans idi insana
ki, daha çox yaşasın. Babaları kimi, ölümsüzlüyü
tapmadan tərk etmək məcburiyyətində
qalmasın bu dünyanı. Bəs çatılan ölümsüzlük
buna dəyəcəkdimi?
Bəs insan bu ölümsüzlüklə
nə edəcəkdi?
Ya bir gün
dünya fırlanmaqdan
bezsə?
Ya anidən günəş sönsə? Zil qaranlıq dünyada necə yaşayacaqdı insan oğlu. Qaranlığı sevirdi Qaia, dünyanı da, yaşamağı da... Bəs
ölümü?
Onu sevirdimi?
Ölüm nə idi, necə idi... Ölümü dərk edə bilmirdi tam olaraq. Anlamırdı ölümü. Bilmirdi, bəlkə də başqa dünyalara açılan qapı idi ölüm? Yox, o istəmirdi o qapını açmaq, bilirdi, əmin idi yaşamaq istədiyindən. Həyat
gözəldir. Yaşamaq,
nəfəs almaq, sevmək, qaçmaq, kəpənəyin ardınca
elə məqsədsizcə,
həm də...
Qaia dağlarda gəzməkdən,
bütün o təbiət
gözəlliklərinin ətrini
duymaqdan bezmirdi. O qoxu hərisi idi. Kitabı, adamları, havanı, özünü və yasəmənləri qoxlamaqdan
bezmirdi... İnsanları
nə səsindən,
nə də addımlarından tanıyırdı.
Sadəcə, qoxular,
o qoxularla ayırd edirdi insanları.
Ancaq insanların qoxu əlindən alınırdı.
Hamı eyni idi, hamı bomboz. Boz daim darıxdırıcı idi.
Qaia bomboz olmaq istəmirdi... Robotlaşmaq istəmirdi. İnsan qalmaq istəyirdi.
NARGİS
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, №44.- S.15.