Əbədi yuxusuzluq, yaxud
dairəvi hərəkət stixiyası
"Poeziya
əbədi yuxusuzdur, poeziya heç zaman yatmır..." Adi səslənsə
də, bu fikrin izaha ehtiyacı var.
Bu fikir
Röne Şara məxsusdur. Şair olan şəxs daim
gerçəklər arasında "gəzib" onları dəyişdirir,
rəssam kimi qarşısındakı əşyaya (gülə,
çiçəyə, insana...) baxıb onu yox, ürəyinə
dolan duyğuları çəkir. O duyğularsa, hələ
biçimsizdir, konturları bilinmir, unutsan, anidən yer
üzündən silinib gedəcəklər. Əsl
duyğular yalnız unudulmağa dönüşdüyü
son anda aşkarlanır və səhnədən çəkilib
gedir, biz bu itən mənanı ömrün sonuna qədər
gözləyirik. Qarşındakı "natürmort"a
baxıb ondan vaz keçmək, onun keçmişdəki
dinamik halını canlandırmaq (susqunluğun içindəki
hərəkəti - hərəkəti gələcəyə
ötürmək - !...), bu zaman qəfil ağacdan pırr eləyib,
uçan quşun səsiylə yazdığı nəğmənin
izlərini bərpa etmək çox çətindi, həm də
ağılasığmaz bir şeydi. Bu mənada, sənin
içində dünyanı dağıdıb, onu öz
fantaziyanla bərpa edib qurmaq eşqi yuxulara sığmaz.
Röne Şar böyük bir fikri, işin, mətləbin mənasını
bilinəni məchula çevirməklə ifadə edib:
baxın, fikir qısa cümlədə, uyğun sintaksis qəlibdə
ifadə edilib, bu formada tam anlama və tam anlamama mümkün
deyildir; (Haydegger. "İncəsənətin mənşəyi":
sənət əsərinin mənşəyi mübhəmdir,
heç bir məntiqə sığmır, ona görə də
biz dairəvi hərəkət etməyə məcburuq) bizim
klassik və modern poeziyada da belədir. Şərhdən məqsəd
müəllif niyyətini aşkarlamaq deyil, oxucu-mətn və
kontekst arasında real münasibətləri qurmaqdır (yenə
Haydegger). Qəzəldə qəlib, model nə qədər sərt,
mühafizəkar olsa da, hisslər içinə dolduğu qəlibi,
həm tamamlayır, onu yuxudan oyadır, şeirə
çevirir, həm də inkar edir.
Yüz dəfə
xəzan olmuş idi bağü-baharım,
Bu bağı görüb fəsli-gülüstan, yenə gəldim.
Seyid
Əzim lirikasının sirləri nə ilə şərtlənir,
yəni oxuyursan, şaqraq oxu ritmi, qəzəldən ürəyinə,
ruhuna bir sakitlik, gözəl nəfəs sirayət edir, qəzəlin
içindəki, ayrı-ayrı bəndlərdəki
"göndəmə-hekayətlər" onun nə qədər
qəliz olsa da, üst qatıdır, bu qəliz "süjet
dolaşıqlığı" ilə intonasiyadan ürəyinə
daman sakitlik həmin gizli mətləblərin ən gizlin məkanda
yurd salmasına səbəb olur və nəticədə Seyid
Əzim açmazı (labirinti) adlı müəmma
yaranır. Yuxarıdakı tezisi - bədii mətn (şeir...)
bilinəni müəmmaya çevirməklə məşğuldur,
- bir daha təkrarlayırıq. Qəzəlin son bəndi
müəmmalar müəmmasıdır (oxu: üfüqlərin
üfüqü - !).
Seyyid,
neçə yol gəlmiş idim mülki-cəhanə,
Səd şükr, tapıb surəti-insan, yenə gəldim!
Beləliklə,
qəzəl bütün mövcud janrları, danışmaq
istədiyin hekayət, pritça, keçilməz dağ
keçidlərinə bənzər yolları əvəz edir,
özündə toplayır, bu "düyünlər"
açılmaq üçün yox, hənirini, nəfəsini
duymaq üçündür, Füzulidən sonra ilk dəfə
Seyid Əzimdə bədii mətnin çoxqatlı funksional
stixiyası üzə çıxır.
Kontekst nəzərə alınarsa,
əslində şeirlə, bədii mətnlə
müəllifdən çox, oxucu arasında mübhəm
münasibətlər şəbəkəsi yaranıb
formalaşır. Hər bir şeirdə söz sanki ilk dəfə,
yaxud yenidən dünyaya gəlir, onlar bizim haqqımızda hələ
xəbərsiz olduğumuz şeyləri bilirlər.
Şeirdə elə belə də deyilir:
İndicə, bu an meydana
/dünyaya gələcək sözlər
bizim haqqımızda hələ
xəbərsiz olduğumuz şeyləri
bilirlər.
Yaxud:
Ağ həyatın dibindəki imza onun rəsmini çəkən
poeziyadır.
Bu da başqa bir şeir...
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.13.