"Azərbaycan"
marşının türkiyəli
bəstəkarı
Azərbaycan
Xalq Cümhuriyyəti ilk və ən yığcam "Mübəyyin
Əqdnamə"sini (Konstitusiya bəyannaməsini)
28.05.1918-ci il tarixində elan etdikdən sonra dövlət
quruculuğu və suverenliyinin bərqərar olunması istiqamətində
Heyəti-Vükəla (Nazirlər Şurası) mühüm və
cəsarətli addımlar atdı... Xüsusilə, dövlət
atributlarının hazırlanması və təsdiqi
yönümündə təxirəsalınmaz təşəbbüslərə
baş vurdu, bu sahədə irimiqyaslı tədbirlər həyata
keçirməyi prioritet məsələlər
kateqoriyasına daxil etdi. Cümhuriyyətin Heyəti-Vükəlası
Tiflis şəhərindən Gəncəyə
köçdükdən dörd gün sonra - 21.06.1918-ci il
tarixində al boyalı, üzərində ağ rəngli
aypara və səkkizguşəli ulduz təsviri olan Azərbaycanın
müvəqqəti milli bayrağını təsdiqlədi.
Etiraf edilməlidir ki, bu bayraq
Türkiyənin (Osmanlı İmperatorluğunun)
1793-1844-cü illərdə rəsmən istifadə etdiyi
donanma bayrağının ekvivalenti idi. Al bayrağını
səmalara yüksəldən Azərbaycanın igid, qəhrəman
oğulları Anadolu türk döyüşçüləri
ilə birgə general Nuru Paşanın komandanlığı
altında bir yumruq kimi birləşərək
bolşevik-daşnak tandeminə - mənfur erməni-rus
işğalçı, təcavüzkar
cütlüyünün silahlı qüvvələrinə
qarşı qurtuluş savaşına atıldı. Bakı zəfəri
(15.09.1918) Cümhuriyyət Hökumətinin Gəncə şəhərindən
Azərbaycanın paytaxtına köçməsi ilə
(25.09.1918) nəticələndi. Mavi, qırmızı,
yaşıl rəngli, ay və səkkizguşə ulduzlu milli
bayrağımızın qədim türk fəlsəfi rəmzlərindən
barınaraq, bəhrələnərək yaradılan yeni,
mükəmməl variantı Azərbaycanın Milli
Şurası tərəfindən 09.11.1918-ci il tarixində təsdiq
edildi. Müsəlman şərqində Avropa tipli ilk demokratik
respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin digər
dövlət atributlarının - himn və gerbinin
yaradılması məsələsi də ölkə vətəndaşlarının
qürur qaynağına çevrilməsi üçün
prioritet olaraq önə çəkildi.
Dövlət himninin (milli marşın)
yaradılması uğrunda ilk təşəbbüslər,
örnəklər ziyalıların yaradıcı, vətənsevər
kəsimindən gəldi. 1918-ci ilin sentyabr ayından sonra gənc
Cümhuriyyətin tanınmış istiqlalçı
şairləri, gənc ədibləri, istedadlı
musiqiçiləri himn (milli marş)
yaradıcılığı istiqamətində siyasi arenada
ilk addımlarını atan dövlətin milli
istiqlalının birinci ildönümü münasibətilə
1919-cu il may ayının 28-də keçirilməsi nəzərdə
tutulan təntənəli tədbirlərdə ifa olunması,
musiqinin səsləndirilməsi üçün ölkəni,
vətəni, bayrağı, ordunu tərənnüm edən əsərlər,
nəşr nümunələri mətbuat orqanlarında
intişar tapmağa başladı. Cəfər
Cabbarlının "Sevimli Ölkəm" (Cəfər
Cabbarlı. "Sevimli Ölkəm", "Azərbaycan"
qəzeti, Bakı, 1919, 1 kanuni-sani, ¹ 92), Əhməd
Cavadın "Azərbaycan" (Əhməd Cavad. "Azərbaycan",
"Mahnılar", Bakı, "Novruz" mətbəəsi,
1919, səh. 4-6), Cəmo bəy Cəbrayılbəylinin
"Vətən marşı" (Cəmo bəy Cəbrayılbəyli.
"Vətən marşı", "Milli nəğmələr",
Bakı, "İran" mətbəəsi, 1919, səh. 22),
Xədicə xanımın (Seyidzadə - A.R.) "Tazə
Milli marş" (Xədicə xanım. "Tazə Milli
marş", "Evraqi-nefise" dergisi, Bakı, 1919, 28
mayıs, ¹ 3, səh.11), Əliabbas Müznibin "Azərbaycan"
(Əliabbas Müznib. "Azərbaycan",
"Evraqi-nefise" dergisi, Bakı, 1919, 16 temmuz, ¹ 5, səh.1)
və digər musiqi mətnləri insanlara vətənpərvərlik
ruhu aşılamaq, milli hiss və duyğuları coşdurmaq,
birliyə, bütövlüyə səsləmək, ölkənin
düşmənlərinə qarşı amansız mübarizə
aparmaq əzmini, qüdrətini yüksəltmək amalı və
amacı ilə yazılmışdır. Şübhəsiz
ki, bu və ya digər nəşr olunmuş əsərlərin
içərisində imzasız, müəllifi bəlli olmayan
və eyni zamanda əsas məramı, qayəni əks etdirməyən,
sönük ruhlu yazılarla yanaşı, uğurlu nümunələr
də az deyildir. Onlardan bir qismi Bakı, Gəncə şəhərlərində
müstəqilliyin bir illiyi münasibətilə keçirilən
İstiqlal bayramında müvəffəqiyyətlə səsləndirilmişdir.
Azərbaycan istiqlalının bir
illik bayram tədbirləri 28 may 1919-cu ildə
Cümhuriyyət qurucuları tərəfindən Bakı
şəhərində gözləndiyindən daha təntənəli
və möhtəşəm keçirildi. Küçələr
- binaların eyvanları xalçalar, kilimlər, üçrəngli,
ay-ulduzlu milli bayraqlar ilə süslənmişdir. Aktyorlar,
müğənnilər bir-birindən baxımlı,
maraqlı teatrlaşdırılmış səhnələr
nümayiş etdirirdilər. Xüsusilə, zərb musiqi alətlərinin
- nağara, qoşanağara, qaval, təbil, zınqrov, eləcə
də zurna, şeypur səsləri
dalğa-dalğa ətrafa yayılırdı... Parlament
binasının pəncərəsindən eyniadlı
küçəsindən keçən böyük
izdihamın şahidi olan, unudulmaz sevinc hissi ilə bayram
nümayişini seyr edən şair-publisist Əli Yusif
yazırdı: "...Bu aralıq otuz nəfərə qədər
on yaşından yeddi yaşınadək çocuqların bir
çoxu başıaçıq, ayaqyalın, əllərində
təxtədən kəndi sənətlərincə
yapılma silahlar, ağac başına taxılmış
mini-mini milli bayraqlar ilə kəmali-ciddiyyətlə
keçirdilər... Bir cınqıraq (qumrov) sədası qədər
lətif səslərlə marş oxuyurlardı. Mən
yalnız "Şanlı Vətən" dediklərini anlaya
bildim. Pək müəssir (təsirli) bir mənzərə
idi" (Ahmet Say "İsmail Zühtü Bey" Sanattan
Yansımalar,
http://www.sanattanyansimalar.com/yazarlar/ahmet-say/ismail-zuhtu-bey/735).
Dövrün nüfuzlu qəzetində
dərc edilən bu məlumat dövlət
himninin yaradılması haqqında müsabiqəyə
göndəriləcək, dahi Üzeyir Hacıbəylinin bəstələdiyi,
son misraları "Şanlı vətən, şanlı vətən"
misrası ilə bitən "Vətən marşı"
haqqında ilk və ən dəyərli fakt idi.
İnsanların vətənpərvərlik hissini coşduran,
torpağı, bayrağı namus qədər müqəddəs,
qudsal dəyərlərlə bərabər tutan milli marş
Azərbaycanda az bir zamanda populyarlaşır, 7-10 yaşlı
uşaqların repertuarından Əskəri birliklərin
auditoriyasına qədər uğurlu yol keçir,
hamının sevimli şərqisinə çevrilir.
"Vətən marşı"
ədəbi-mədəni ictimaiyyət
tərəfindən dövlət himninin yaradılması
istiqamətində örnək, mayak timsalında
qarşılanmaqla yanaşı, hökumətin bu sahəyə
diqqətini artırdı. Azərbaycan Cümhuriyyətinin
Maarif Nazirliyi "Azərbaycan" qəzetinin (rus dilində)
14.11.1919-cu il tarixli sayında dövlət himninin
yaradılması üçün müsabiqə elan etdi.
Müsabiqədə himnin mətninin və musiqi notunun 1920-ci
il 1 fevral tarixinədək Maarif Nazirliyinin Kargüzarlıq
şöbəsinə göndərilməsi və qalib müəllifə
mükafat olaraq 15 000 manat verilməsi nəzərdə
tutulurdu. Lakin Azərbaycan Cümhuriyyətinin Nazirlər
Şurası Maarif Nazirliyinin milli himnin yaradılması
haqqında təklifini 1920-ci il 30 yanvar tarixində nəzərdən
keçirərək layihə mətnlərinin və
notlarının 1920-ci il may ayının 1-nə qədər
Maarif Nazirliyinin dəftərxanasına təqdim edilməli
olduğunu və mükafatın həcmini artıraraq
müsabiqə qalibinə 50 min manat verilməsini nəzərdə
tuturdu. Müsabiqənin şərtləri Bakı, Tiflis,
İstanbul qəzetlərində türk və rus dillərində
dərc olundu.
Nazirlər Şurasının "Azərbaycan Cümhuriyyətinin
milli himninin hazırlanması haqqında" qərarı
ziyalılar və sənət adamları tərəfindən
böyük maraq hissi ilə qarşılandı. Azərbaycanın
Milli Himn müsabiqəsinə qatılanlardan biri də
Türkiyənin ünlü və istedadlı sənətçisi,
dahi bəstəkar İsmayıl Zühdi bəy idi.
İsmayıl
Zühdi bəy kimdir?
İsmayıl
Zühdi bəy (1877-1924) Bolqarıstanın şərqində,
Qara Dəniz sahilinin 15 km-də yerləşən Aydos şəhərində
dünyaya gəlmiş, atası nalbənd Əhməd Ağa
vəfat etdikdən sonra anası Ayşə xanımla on
yaşında Türkiyənin İzmir şəhərinə
köçmüşlər. Burada İzmir Sənaye Məktəbinin
musiqi bölümünə daxil olaraq, əvvəlcə davul,
trampet çalmağı öyrənən gənc
İsmayıl bəy sonralar dövrün görkəmli macar
pianoçusu Aleksandro Voltandan (Macar Tevfik Beyden) pianino dərsləri
alır. 1896-cı ildə Sənaye məktəbini uğurla
bitirən İsmayıl Zühdi bəy müəllim olaraq həmin
məktəbdə fəaliyyətə başlayır, gənclərə
böyük həvəslə dərs deyir, yeni musiqi qrupu
yaradır və ilk musiqi əsərlərini bəstələyir.
Ahmet Sayın araşdırmalarına əsasən, Türkiyədə
"Avrupa müzik kültürünün klassik
formlarından "sonat" ve "senfoni" gibi eserleri ilk
besteleyen de İsmail Zühtü Bey olmuştur" (Ahmet Say.
"İsmail Zühtü Bey" Sanattan Yansımalar, http://www.sanattanyansimalar.com/yazarlar/ahmet-say/
ismail-zuhtu-bey/735).
İsmayıl bəyin musiqi qrupu müxtəlif tədbirlərdə,
toplantılarda, yarışlarda konsertlər verirdi. Bəstəkar
olaraq da gündən-günə tanınan və sevilən
Zühdi əfəndi repertuarlarını tez-tez yeniləyir və az bir zamanda vətənpərvər
şərqiləri ilə Türkiyədə məşhurlaşır.
İ.Zühdi bəy haqqında geniş
araşdırma aparmış Günver Güneş onun musiqi
yaradıcılığını yüksək dəyərləndirərək
yazırdı: "İsmail Zühdü Hilmi Ferit Atrekin
"melodi ve armoni noktasından bir şaheser olarak" nitelendigi
"Türkün duası"ndan, başka bir dönemde Emin
Bülentin "İntikam" şiirini, Aka
Gündüzün ... yazdığı "Mersiye"yi, Abdul
Hak Hamidin Tezerinden "Çiçek demeti" adıyla
bazı parçaların yanında "Beyaz sancak" ve
"Yeni Turan" isimli şiirleri de bestelemiştir. İsmail
Zühdü İzmirli yazarlardan ise en fazla Mehmet
Sırrının şiirlerini besteledi. Onun "Türk
Ocağı Marşı", "Alsancak", "Türkler
Kimi Affetmez", "Kelebek", "Türk Çocuğunun
Duası" isimli şiir ve manzumeleri dönemin siyasi
havasını yansıtan
önemli eserlerdi" (Ahmet Say. "İsmail
Zühtü Bey" Sanattan Yansımalar,
http://www.sanattanyansimalar.com/yazarlar/ahmet-say/ismail-zuhtu-bey/735/).
Yunan ordusu İzmiri işğal etdiyi dönəmdə (1919 may)
Zühdi bəy Eskişeherə gedərək milliyyətçi
sənətkar kimi Qərb Cəbhəsi
Komandanlığına qoşulur. O cəbhədə olarkən,
çoxsaylı əsgəri marşlar yazır və
döyüşçü dostları ilə insanları
ruhlandıran vətənpərvər şərqiləri xor
ilə ifa edirdilər. Zühdi bəy Eskişeherdə
olduğu müddətdə Mehmet Akif Ersoyun "İstiqlal
Marşı"nı Osman Zeki Üngördən öncə
bəstələmiş və bu marş Ankarada, Böyük
Millət Məclisində, rəsmi və siyasi mərasimlərdə
üç il orkestr ilə ifa edilmişdir.
Milli marş, dövlət himni sahəsində yetərincə təcrübəsi,
səriştəsi, peşəkarlığı olan Türkiyənin
böyük bəstəkarı İsmayıl Zühdi bəy
Azərbaycan Cümhuriyyəti Hökumətinin 1919-cu il noyabr
və 1920-ci il fevral aylarında mətbuatda elan etdiyi və
"milli himnin yaradılması məqsədilə müsabiqə
qalibinə 50 min manat" mükafat verəcəyi məlumatı
ilə bilgiləndikdən sonra musiqi müsabiqəsinə qatılmaq
qərarına gəlir. O, təxminən 1920-ci ilin fevral-aprel
aylarında "Azərbaycan" adlı milli marş bəstələyərək
yarış üçün Azərbaycan Cümhuriyyətinin
Maarif Nazirliyinin Dəftərxanasına ünvanlayır. Azərbaycanlı
Əli Kamalın tərtib etdiyi və İstanbulun Orxaniyyə
mətbəəsində bəstəkarın vəfatından
dörd il sonra nəşr edilən "İstiqlal
uğrunda" adlı şeirlər məcmuəsində yer
alan "Azərbaycan" himninin mətni belədir:
Azərbaycan
Hilal artıq soldu deyə,
Sevinmişdi düşmən yenə.
Hilal birkən iki oldu,
Salam, bizdən ikinciyə.
Azərbaycan, Azərbaycan,
Alqışladıq səni
candan.
Anamız
bir, babamız bir,
Azərbaycan öz qardaşdır.
Zatən,
biriz, fəqət yarın
Bütün, bütün birləşiriz.
Azərbaycan, Azərbaycan,
Bildin, xəyal degil Turan.
İsmayıl
Zühdi" (İsmayil Zühdi. Azərbaycan. "İstiqlal
uğrunda" (şiirler mecmuesi), İstanbul, Orxaniyyə
metbeesi, 1928, sah. 147).
Azərbaycan istiqlalını sevgi,
sayğı ilə vəsf edən
İsmayil Zühdi bəy şeirin birinci bəndində iki
ciddi məsələni vurğulamağı zəruri hesab
etmişdir: birinci beytdə "Hilal" obrazı Azərbaycanın
və Türkiyənin istiqlal rəmzi kimi təqdim edilir və
müharibənin odu-alovu içərisində
çırpınan və müstəqilliyi uğrunda
mücadilə aparan xalqımızın çətin,
müşkül durumuna düşmənlərin sevinməsinə
diqqəti cəlb edir... Lakin düşmənin sevinci uzun
çəkmir və gözündə qalır. İkinci beyt
birinci ilə bədii təzad təşkil edir: "Hilal birkən
iki oldu, Salam, bizdən ikinciyə."
İ.Zühdi bəyin
bu misralarını Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin (1923-2003)
məşhur "Bir millət, iki dövlət" deyiminin
ilkin variantı da hesab etmək olar. İstiqlalına,
hilalına sahib çıxmış, ikinciyə - Azərbaycana
salam söyləyən bəstəkar yığcam sözlərin
verdiyi geniş və dərin məna ilə Azərbaycan-Türkiyə
qardaşlığının, dostluğunun himnini
yaratmışdır.
Və yaxud ikinci bənddəki
"Anamız bir, babamız bir" sözləri xalq şairi
Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə"
şeirinin məzmunu, ruhu ilə necə də səsləşir.
"Azərbaycan öz qardaşdır" - Türkiyə ilə
Azərbaycan "öz" yəni əsas, əsil
qardaşdır. Bu qardaşlığı pozmaq, silmək, zəiflətmək
mümkünsüzdür. Yüz il əvvəl söylənmiş
fikirlər bu gün də aktualdır və böyük əhəmiyyət
kəsb edir.
İsmayıl Zühdi bəyin
"Azərbaycan" himninin
yazılmasından bir əsrdən də çox vaxt
keçməsinə baxmayaraq türk insanının qəlbində
bir istək, bir məslək əbədi yaşam haqqı
qazanmışdır - Azərbaycan-Türkiyə
qardaşlığı dönməz və sarsılmazdır!
Milli himnin nəqarat hissəsində "Azərbaycan, Azərbaycan,
Bildin, xəyal degil Turan" misralarında türk
xalqlarının hələ o vaxtlardan idealı olan
böyük Turan birliyinin tərənnümü və
xatırladılması təsadüfi deyildir. İ.Zühdi bəy
bir kəlmə ilə himndə Azərbaycan Cümhuriyyətinin
Türk dünyasının, Turan gerçəkliyinin bir
parçası olduğunu vurğulamış və nişan
vermişdir.
"Azərbaycan"
himninin sonrakı taleyi...
Məlum
olduğu kimi, Azərbaycan Nazirlər Şurasının
"Azərbaycan Cümhuriyyətinin milli himninin ... layihəsinin
hazırlanması haqqında" 1920-ci il 30 yanvar tarixli qərarı
bir neçə həftə sonra "Azərbaycan" qəzetində
("Azərbaycan" qəzeti (rusca). 19 fevral 1920-ci il, ¹ 33) dərc
edilmişdir. Şərtlərə görə, müsabiqə
iştirakçıları milli himn layihəsinin əsasını
təşkil edən milli-mənəvi və siyasi rəmzləri
şərh etməklə mətni və notu 1920-ci il 1 may
tarixinə qədər Maarif Nazirliyinin dəftərxanasına
ünvanlamalı idi. Çünki dövlət himni
İstiqlalımızın ikinci ildönümünədək
- 1920-ci il 28 may tarixinədək Cümhuriyyət Parlamentində
təsdiq edilməli idi... Lakin Müstəqil Azərbaycan
dövlətinin XI rus-bolşevik işğalçı ordusu
tərəfindən istila edilməsi (27.04.1920) bir çox
böyük, işıqlı ideallarla yanaşı, milli himn
sahəsində müsabiqəni yekunlaşdırmaq və qərar
qəbul etmək arzusunu da yarımçıq qoydu...
Təəssüf ki, böyük türk
bəstəkarı, çoxsaylı musiqi əsərlərinin
müəllifi İsmayıl Əhməd Ağa oğlu
Zühdi bəy 1924-cü il 11 avqust tarixində İzmir şəhərində
ürək çatışmazlığından vəfat
etdi. Onun vəfatından dörd il sonra İstanbulda nəşr
edilən "İstiqlal uğrunda" kitabında
İsmayıl Zühdi bəyin bəstələdiyi "Azərbaycan"
himninin sonrakı taleyi barədə yazılmışdır:
"Bu mənzumə məşhur bəstəkar, İzmirli
İsmail Zühdi bəy mərhumundur. Azərbaycanımızın
elani-istiqlal etməsi üzərinə coşan qiymətli sənətkar
bu mənzuməyi yazaraq bəstələmiş, İzmirdə
və Anadolunun müxtəlif yerlərində kəndi tələbəsinə
tədris etmişdir. Axirən Ankara Musiqi Məktəbi
müdiri olan mumaileyh (Mumaileyh - yuxarıda adı vurğulanan
- A.R.), milli bəstələri ilə bilxassə Qərbi
Anatoluda böyük şöhrət qazanmışdı. Vəfat
etdigi zaman İzmirdə kəndisinə böyük bir ihtifal
(təntənə) yapılmış və cənazəsi təyyarə
ilə yüksəklərə
çıxarılmışdır. Azərbaycana candan
aşiq olan bu böyük ustadı hər Azəri
türkü hörmətlərlə yad etmək məcburiyyətindədir"
("İstiqlal uğrunda" (Şiirler mecmuesi), İstanbul,
Orxaniyye metbeesi, 1928, səh. 147).
Bu dəyərli qeydlərin müəllifi, "Yeni Qafqasiya" dərgisinin
(1923-1927) yazarı, "İstiqlal uğrunda" (1928)
adlı şeirlər məcmuəsinin tərtibçisi, azərbaycanlı
Əli Kamal bəy "...qiymətli sənətkar bu mənzuməyi
yazaraq bəstələmiş" - xatırlatması ilə
bir daha təsdiqləmişdir ki, İsmayıl Zühdi bəy
"Azərbaycan" himnini yalnız bəstələməmiş,
həm də onun sözlərini yazmışdır.
Ə.Kamal bəyin qeydlərinin sonuncu cümləsi olduqca ibrətamizdir:
"Azərbaycana candan aşiq olan bu böyük ustadı
(İsmayıl Zühdi bəy nəzərdə tutulur - A.R.) hər
Azəri türkü hörmətlərlə yad etmək məcburiyyətindədir".
Təəssüflə vurğulanmalıdır
ki, Azərbaycan xalqı 70 illik Sovet rejimi
dönəmində milli dəyərlərindən və milli
istiqlalından uzaq düşdüyü üçün onu
candan sevən İsmayıl Zühdi bəylərin xidmətlərini
layiqincə dəyərləndirmək imkanlarına malik
deyildi. Türkiyənin böyük bəstəkarı və
düşüncə adamı İsmayıl Zühdi bəyə
həsr olunmuş bu yazı, inanırıq ki, onun sevgi və
sayğı ilə yad edilməsi və xatırlanmasına səbəb
olacaqdır.
Azərbaycanın dövlət atributlarından
biri - milli marş sahəsində
İsmayıl Zühdi bəyin böyük şövq ilə
yaratdığı "Azərbaycan" himni Türkiyə-Azərbaycan
dostluğunu, qardaşlığını təcəssüm
etdirən ədəbi-mədəni və mənəvi sənət
abidəsidir.
2023 sentyabr
Asif Rüstəmli
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.10-11.