Şuşa

 

Musiqi beşiyim, səssiz qalmışdın,

Dumanlı dağların bizsiz qalmışdı,

Əsir yaşayırdın, susuz qalmışdın,

Mən əsgər andımı içdim səninçün.

 

Sən azad olmalı, hürr olmalıydın,

Bir gecə içində sirr olmalıydın,

Qara sevdamıza yar olmalıydın,

Yar bağrım başını, açdım səninçün.

 

Sıldırım qayandan od ələdilər,

Qoynunu tənimə yurd elədilər.

Ayağın altına "cənnət" dedilər,

Mən ayağı yalın qaçdım səninçün...

 

Dan yeri sökülür yaralı yerdən,

Götür şəhid olmuş balanı yerdən!

Keçilməz yollardan, dolama yerdən

yol tapıb canımdan keçdim səninçün,

Yol bulub canımdan keçdim səninçün.

 

Xarı bülbül

 

Bir tweetle gəldi xəbərin -

Çiçəyim, quşum!

 

On deyil,

On beş deyil,

İyirmi ,

Tam iyirmi səkkiz il sonra

Döndün, Şuşam.

 

Kəlmələrə tökəmmirəm,

Sadəcə,

Gözümdən tökülür deyəcəklərim:

Tökülməsin ləçəklərin,

Gülüm,

Çiçəyim, quşum...

misra-misra,

yaşam-yaşam,

azad olmuşum,

Şuşam!

 

İstanbul vaxtı ilə

 

Eyni işləməz

Gedənlə qalanın saatı...

Getdim,

Bir saat geri çəkdim həyatı.

 

Həyat ŞƏMİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 noyabr, №44.- S.6.