AMEA-da Nobel mükafatına
həsr olunan
konfrans keçirilib
Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Rəyasət Heyətinin
təşkilatçılığı ilə “Nobel mükafatına
aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar”
mövzusunda beynəlxalq
elmi konfrans keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Nobellər
və Nobel mükafatı:
dünya təcrübəsi,
Azərbaycan reallıqları
və qarşıda duran vəzifələr” mövzusunda çıxış
edib. İsa Həbibbəyli
qeyd edib ki, Nobel mükafatı artıq bir əsrdən artıqdır dünyanın
ən nüfuzlu mükafatı ünvanını
qoruyub saxlayır və bu konfransın
keçirilməsində məqsəd
Nobel mükafatı ilə
bağlı dünya təcrübəsini, bu yolun çətinliklərini,
uğurlarını, çağırışlarını
gənc alimlərə,
yeni nəsillərə çatdırmaq,
alimlərimizi, yazıçılarımızı
Nobel mükafatına doğru
addımlamağa təşviq
etməkdir.
Nobel mükafatının Alfred Nobelin
vəsiyyəti əsasında
bəşəriyyətə xidmət etmək üçün təsis olunduğunu deyən akademik İsa Həbibbəyli
Nobel qardaşlarının öz kapitallarını zəhmətləri hesabına,
elmi idrak əsasında, dünya miqyaslı elmtutumlu layihələr əsasında
qazandıqlarını söyləyib.
Bildirib ki, Nobel mükafatının
və Nobel qardaşlarının
nüfuz qazanmasının
səbəbi bəşəriyyətin
elmi intellektual potensiala doğru yönləndirilməsi olub.
Nobel qardaşları gəlirlərinin
maddi qazancdan daha çox mənəvi sərvətin
artırılmasına yönləndirib,
bəşəri maraqları,
şəxsi istəklərindən
üstün tutublar.
“Məqsədimiz bu istiqamətdə mifləri
qırmaq, eyforiyanı
aradan qaldırmaqdır.
Tanzaniya, Vyetnam, Banqladeş kimi ölkələr bu mifləri sındıraraq
Nobel mükafatı qazanıblar.
Biz də qətiyyətlə
Nobelə gedən yolda qəti addımlamalı, iddialı
olmalıyıq. Azərbaycan
Nobelə ən az müraciət edən ölkələr sırasında yer alır. Belə ki,
1940-cı ildə tibb
elmləri doktoru Fatma Rəhimova Vəlixanovanın
namizədliyi qeydə
alınsa da, İkinci
Dünya müharibəsinin
başlamasından dolayı
mükafat həmin illərdə təqdim olunmayıb. Daha sonra yüksək oktanlı benzinin kəşfinə görə
akademik Yusif Məmmədəliyevin namizədliyi
irəli sürülsə
də, ermənilərin
əsasız iddialarından
sonra SSRİ rəhbərliyi
buna mane olub. Həmçinin
Mustafa Topçubaşovun da qəlpələri rentgen etmədən tapan və səhra xəstəxanalarında əməliyyatlarda
yüksək effektivlik
alınmasına imkan verən nailiyyətlərinə
görə Nobel mükafatına
namizədliyinin qeydə
alındığı barədə
məlumatlar var. Müasir
dövrdə isə Xalq yazıçısı
Kamal Abdullanın “Yarımçıq
əlyazma” əsəri
Nobel mükafatına təqdim
olunaraq qeydiyyatdan keçib. Bu istiqamətdə
professor Nemət Qasımovun
və AMEA-nın müxbir üzvü Vəli Hüseynovun da adını çəkmək
olar. Ümumilikdə
Nobel mükafatının təqdim
olunmağa başladığı
1901-ci ildən indiyə
kimi 15-ə yaxın namizədimiz bu mükafata iddia edib”, - deyə akademik İsa Həbibbəyli
söyləyib.
Son illərdə Nobel üzrə
ədəbiyyat və
sülh mükafatları
xaricində fizika, kimya, fiziologiya üzrə mükafatların
daha çox kollektiv əməyin, eləcə də elmlərin qarşılıqlı
əlaqəsi nəticəsində
qazanıldığını vurğulayan AMEA prezidenti bu təcrübədən
yararlanmağın önəminə
toxunub.
Nobel mükafatının təqdim
edildiyi elm sahələrinin
bu gün dünya elminin müasir prioritetləri olduğunu deyən İsa
Həbibbəyli AMEA-nın,
alimlərimizin bu istiqamətləri yaxından
izlədiklərini qeyd
edib.
Bu gün Azərbaycanın
Ulu Öndərin açdığı
geniş yollarda Prezident İlham Əliyevin
liderliyi ilə öz inkişafının
ən yüksək dövrünü yaşadığını
bildirən AMEA rəhbəri
alimlərimizin ölkəmizin
gələcək innovativ
inkişafına dəstək
verməyə davam edəcəklərini, elmimizin
dünya elmi ilə ayaqlaşması istiqamətində atılan
addımların bundan
sonra da gücləndiriləcəyini
deyib. O, miflərin sındırılması ilə
Azərbaycana da Nobel mükafatının
gələcəyinə inamını
ifadə edib.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Xalq yazıçısı Çingiz
Abdullayev Nobel mükafatı alanların 90 faizinin əsərlərinin ingilis
dilində olduğunu və ya tərcümə
edildiyini söyləyib.
Qeyd edib ki, Azərbaycandan olan namizədlərin də dünyada tanınması,
Nobelə namizədliklərinin
təqdim edilməsi üçün kitablarının
ingilis dilində olması olduqca vacibdir.
Daha sonra AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya
İnstitutunun baş direktoru professor Kərim Şükürov “Nobel qardaşlarının
Azərbaycanda fəaliyyəti
və neft gəlirləri”, Elm və
Təhsil Nazirliyinin Neft və Kimya
Prosesləri İnstitutunun
baş direktoru akademik Vaqif Abbasov “Nobel mükafatı:
qaydalar və fərqli yanaşmalar”, Nazirlər Kabinetinin şöbə müdiri
professor Elşən Hacızadə
“Nobel mükafatı: kuryoz-odioz
hadisələr və
müasir yanaşmalar”
və Milli Məclisin
deputatı Etibar Əliyev “Nobel mükafatı:
gerçəkliklər və
fərqli baxışlar”
mövzularında məruzələrlə
çıxış ediblər.
Beynəlxalq konfransın ikinci
hissəsində AMEA-nın
birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun “Fizika üzrə Nobel mükafatları: iddiaçılar
və laureatlar”, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin “Kimya üzrə Nobel mükafatları
və namizədlər
arasından seçim.
Nobel Komitəsinin baxışı”,
AMEA-nın vitse-prezidenti
akademik İradə Hüseynovanın “Fiziologiya
və tibb elmləri üzrə Nobelçilərin kəşfləri
və əsas elmi istiqamətləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət
Muradovun “Nobel Mükafatı
Komitəsinin iqtisadiyyat
üzrə prioritetləri
və uğurları”
mövzularında məruzələri
dinlənilib.
Tədbirdə Nobellər ailəsinə
və Nobel mükafatına
həsr edilmiş film
nümayiş olunub.
Ədəbiyyat
qəzeti.- 2023.- 18 noyabr, ¹44.- S.6.