Ayıq-sayıq ədəbiyyatşünas,
unudulmaz müəllim
Firidun Hüseynov – 90
Azərbaycan Dövlət Universitetində
oxuduğumuz 1970-ci illərdə
bizə (Universitetin filologiya fakültəsinin
o vaxtkı tələbələrinə)
Muxtar Hüseynzadə,
Səlim Cəfərov,
Musa Adilov, Fərhad Zeynalov, Yusif Seyidov, Ağamusa Axundov, Tofiq Hacıyev, Mir Cəlal,
Abbas Zamanov, Bəxtiyar
Vahabzadə, Mehdi Məmmədov,
Pənah Xəlilov, Qulu Xəlilov, Firidun Hüseynov kimi görkəmli dilçilər və ədəbiyyatçılar dərs
deyiblər. Filoloji təhsil və elm sistemində hər birinin yeri görünən
bu pedaqoq-alimlərdən
Firidun Hüseynovun nurlu siması özünəməxsus cəhətlərlə
yadda qalıb. Mülayim
rəftar, gözəl
nitq, iti yaddaş, güclü yumor hissi Firidun
müəllimi fərqləndirən
cəhətlərdəndi. Amma bütün bu xüsusiyyətlər dərin
bilik və yüksək intellektlə
birləşməsəydi, Firidun Hüseynov Universitetdə ən hörmətli müəllimlərdən
biri kimi tanınmazdı. Firidun Hüseynov nəcib insani keyfiyyətlərinə
və alim-pedaqoq səviyyəsinə görə
yalnız Universitetdə
yox, Universitetdən kənarda da xüsusi hörmət-izzət sahibi
idi.
Firidun Hüseynov XX əsr Azərbaycan ədəbiyyatının
ən tanınmış
mütəxəssislərindən biridir. Müəllimi Mir Cəlalla birgə bu dövr ədəbiyyatına
aid dərslik yazıb. Dönə-dönə
nəşr olunan bu dərslik indinin özündə universitetlərdə öz
işləkliyini qoruyub
saxlamaqdadır. Firidun
Hüseynovun namizədlik
dissertasiyası mollanəsrəddinçi
şair Əli Nəzmi yaradıcılığı
ilə, doktorluq dissertasiyası isə Molla Nəsrəddin ədəbi məktəbinin
başçısı Cəlil
Məmmədquluzadə nəsri
ilə bağlıdır.
Firidun müəllimin
çap olunan elmi əsərləri
("Əli Nəzmi",
"Adi əhvalatlarda böyük
həqiqətlər", "Satirik gülüşün
qüdrəti", "Molla
Nəsrəddin" və
mollanəsrəddinçilər") məhz XX əsr Azərbaycan ədəbiyyatına
həsr olunub.
Bizə
bu dövr ədəbiyyatından dərs
deyən Firidun müəllimi bir insan kimi yaxından
tanımaq üçün
dostlarının, həmkarlarının,
oturub-durduğu, isti ünsiyyətdə olduğu
müxtəlif adamların
xatirə - yazılarına
baxıram. Məlum olur ki, münasib məqamlarda Firidun müəllimin lətifə
danışmaq xasiyyəti
də varmış. Və bu lətifələr,
bir çox hallarda, siyasi məzmunlu lətifələr
olarmış. Məsələn,
bu cür: Kamil Mirbağırov (Filfakın
hazırcavab və əhlikef müəllimlərindən
biri) əlini Kirovun Dağüstü parkdakı heykəlinə
uzadıb soruşur:
"Onun yerinə kimin heykəlini qoymaq yaxşıdır?"
Biri Nərimanovun, biri
Xətainin, biri Koroğlunun adını çəkir. Kamil müəllim
hamısına "yox"
deyir. Soruşurlar ki, sən bilən, kimin heykəlini qoymaq olar? Deyir:
"O heykəli kim götürsə, ora onun heykəli qoyulmalıdır". Akademik
Tofiq Hacıyevin xatırlatdığı bu
fakt barədə düşünüb-daşınmalı olursan. Fikirləşirsən
ki, atdığı hər
addımın, dediyi hər sözün yerini bilən, ağır davranışı
ilə seçilən
Firidun müəllimin
zarafatcıllığı, güclü yumor hissinə sahib olması onu Molla Nəsrəddin
ədəbi məktəbinə
bağlayan amillərdən
biridir. Mollanəsrəddinçi
sənətkarları dərindən
duyub araşdırmaqda,
heç şübhəsiz,
bu amil az rol oynamır. Ayrı-ayrı sənətkarların
fərdi yaradıcılıq
manerasından və özünəməxsus dəst-xəttindən
imkan daxilində bəhs edən Firidun Hüseynov həmin sənətkarların
hamısını və
yaxud bir çoxunu birləşdirən
ideya-bədii istiqamətlər
üzərində dayanır.
Belə istiqamətlərdən
biri köləlik bəlasının müxtəlif
ədəbi janrlarda ardıcıl əks etdirilməsi ilə bağlıdır. Firidun Hüseynov köləlik bəlasını yalnız
Novruzəlilər və
Usta Zeynallar timsalında izləmir, bu bəlanın daha qorxulu nümunəsini
var-dövlət sahiblərinin,
ruhanilərin və yazı-pozu adamlarının
obrazları əsasında
araşdırır. Əli
Nəzmi şeirindən
bəhs edərkən,
Firidun müəllim şairin "Gücsüzü
tapdamışıq, güclünü
mehmanlamışıq", "Özgəyə tülkü,
bizə aslan olandan küsmüşəm"
kimi misralarını misal çəkib köləliyin nədən,
hansı daxili naqislikdən törədiyini
diqqət mərkəzinə
çəkir: özündən
güclünün ayağı
altında payandaz olmaq, özündən zəifi, nə qədər mümkündür,
əzib alçaltmaq.
Bəyin, mollanın, şairin canındakı nökərçilik xislətinin
kökündə duran
budur. Kərbəlayı
Qasım adlı məzlum kəndli ilə "xəncər dilində" danışan
Qurbanəli bəyin nümunəsində (Cəlil
Məmmədquluzadə. "Qurbanəli bəy" hekayəsi) rəzalətin
böyüyünü Firidun
Hüseynov, həmin bəyin "əcnəbi
müstəmləkəçilər"ə
münasibətində görür.
"Ay naçalnik, əgər
sənin mahalında bir belə yügürən
at tapılsa, mən bığlarımı qırxdırmasam,
qurumsağam... Nə qədər mənim canım sağdır, sənə mən nökərəm". Qurbanəli
bəyin bu sözlərini və
"əcnəbi müstəmləkəçilər"
qarşısındakı əttökən
hərəkətlərini xatırladan
Firidun Hüseynov oxşar mənzərəni
ruhanilərin və yazı-pozu adamlarının
davranışlarında izləyir.
Firidun Hüseynovun araşdırmalarının izinə
düşüb, "Danabaş
kəndinin məktəbi"
pyesində (Cəlil Məmmədquluzadə) müəllim
Həsənov və qazını pristav yanında müti qul sifətində görürük: "Göydə
Allah və yerdə padşahi-mehribanımızın rəhmət və şəfqətinə möhtacdır
cəmi ərbab və hacat və
zərurat!.. Səlavat və salam ola göylərin padşahına
ki, ərrəhmanirrəhimdir. Və yerlərin padşahı şəhriyari-xurşid
ayət Nikolay Aleksandroviçə..."
Qazının qəliz
bir dillə, camaatın qətiyyən anlamadığı bir bəlağətlə ərz
etdiyi bu miskin nökərçilik xisləti
eynilə müəllim
Həsənova da aiddir.
Miskin nökərçilik müqabilində Qurbanəlibəylərin, Həsənovların və əmmaməli kişilərin qazancı nədən ibarətdir? Bu suala aydınlıq gətirmək üçün Firidun Hüseynov, Mirzə Cəlilin "Xabi-qəflət" məqaləsinə müraciət edir. Lev Tolstoy haqqındakı həmin məqalədə Mirzə Cəlil yazır: "Tolstoy deyir ki, Allah rizası məhəbbətlə bağlıdır. Harada məhəbbət var isə, orada Allah da var. Məhəbbət olmayan yerdə Allah da yoxdur. O deyir ki, Allah rizasını əmələ gətirmək üçün hamıya qardaş gözü ilə baxmaq lazımdır... hamının ehtiyacını rəva etmək lazımdır. Amma bizim vaizlər Allah rizasını özgə şeylərdə görürlər. Onlar Allah rizasını... ləziz təamlarda... görürlər". Əlbəttə, burada "ləziz təam" vaizlərin din davası yox, un davası döyməsinə, mənsəbə can atmasına bir işarədir. Məsələni məhz bu yöndə dəyərləndirən Firidun Hüseynov vaizlərin məddahlıq müqabilindəki mənsəb hərisliyini eynilə məddah bəylərə və yazı-pozu adamlarına da aid edir.
Bəs mollanəsrəddinçilərin sovet dövrü yaradıcılığında vəziyyət necədir? Fəhlə-kəndli hökumətinin qurulduğu bir vaxtda köləlik mövzusu nə dərəcədə aktualdır? Axı Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının Bakıda çıxan ilk nömrəsində Şura hökumətinin şəninə xoş sözlər deyirdi: "O şey ki, qoca Molla Nəsrəddinin qəlbinə... hər babətdən müvafiqdir, onun adı Şuradır... Etiqadımız bunadır ki, vətən və məmləkət orada yaşayan əfradının hamısınındır". Bu cür xoş sözlərlə başlayan "Şura" məqaləsi sovet dövründə kitablara, çox təəssüf ki, ixtisar olunmuş şəkildə düşüb. Müstəqillik illərində Cəlil Məmmədquluzadənin akademik İsa Həbibbəyli tərəfindən tərtib və nəşr edilmiş ikicildlik "Seçilmiş əsərləri"ndə məqalənin tam mətni ilə tanışlıq bambaşqa bir təəssürat yaradır. Təəssürat ondan ibarətdir ki, məqalənin əvvəlindəki xoş sözlərdən sonra Cəlil Məmmədquluzadə bir "Amma..." yazıb Şura iclasında millət vəkillərinin heç bir şey anlamadıqlarını, onların iclasda formal olaraq iştirak etməsini istehza ilə oxucunun diqqətinə çatdırır. "Molla Nəsrəddin" jurnalının sovet dövründəki ilk nömrəsindən bəlli olur ki, Cəlil Məmmədquluzadə sovet cəmiyyətində müşahidə etdiyi bəlaları, eləcə də keçmişdən davam edib gələn köləlik bəlasını qələmə almaqdan çəkinmir: "Müəllimlər kursunun müdiri bir gün müəllimlərə məvacib almaq məqsədilə Bakı şurasının maliyyə müdiri Andreyevin yanına gedən vaxt həmin Andreyev tərəfindən təhqir olunubdur... Maliyyə idarəsinin müdiri əgər türk dili bilən olsaydı, o vədə ümidvaram ki, müəllimlər kursunun müdirinə lazımi ehtiram qoya bilərdi" ("Molla Nəsrəddin", 1923, ¹ 28). Azərbaycan türkcəsində bir kəlmə də bilməyən Moskva nümayəndəsinin azərbaycanlıya təhqiramiz münasibətini qələmə almaq müstəmləkəçilik siyasətinə işarə etməyin bir nümunəsidir. Andreyevlərin təhqirindən tükü belə tərpənməyən yerli məmurlar da öz növbəsində əzməyə, alçaltmağa zəif adam axtarırlar: "İspolkom sədri yumşaq divan üstündə oturub, kəndlilərə etina etmir və balaca uşaqlar ona baş əyməyəndə üç gün-üç gecə onları dustaq saxlayır". "Molla Nəsrəddin" jurnalının 1924-cü ildəki 4-cü nömrəsindən götürülmüş bu parçada uşaqlarla bağlı detal Cəlil Məmmədquluzadənin sovetləşmədən əvvəlki bəzi uşaq obrazlarını yada salır. Onu da yada salırsan ki, Firidun Hüseynov "Adi əhvalatlardan böyük həqiqətlər" monoqrafiyasında köləliyin qurbanı olan uşaq obrazlarının təhlilinə ayrıca fəsil ayırıb. O fəsildə uşaq obrazları haqda çox təsirli cümlələr var: "Cismani və mənəvi azadlığı əlindən alınmış Məhəmmədhəsən əmi, Usta Zeynal və Novruzəlilərin ailəsində doğulub böyüyən uşaqlar gələcəkdə hansı cəsarətin, hünərin sahibi olacaqlar? Müsbət keyfiyyət naminə onlarda ancaq təmiz ürək, sədaqət, insanpərvərlik kimi nəcib xüsusiyyətlər olacaq ki, bu da həmin şəraitdə bədbəxtliyin, fəlakətin əsasıdır... Mütləqiyyət şəraitində... bu uşaqlar, öz ata-anaları kimi müti, qorxaq ruhda böyüməyə məhkumdur". Uşaqları sağlam ruhda böyütmək imkanları çarizm mütləqiyyəti ilə müqayisədə sovet sistemində qismən geniş idi. Bu işdə ziyalılar, o cümlədən, qələm sahibləri çox iş görə bilərdilər və gördülər də. Amma millətin "oxumuşları" arasında sovet siyasi rejiminə züy tutub, "ləbbek" deyən, ziyadan çox, qaranlığın daşıyıcısı olan adamlar da az olmadı. Belə adamları 1920-ci illərdə "Molla Nəsrəddin" də gördü və onlar barədə söz deməyi özünün vətəndaşlıq borcu bildi. Təsadüfi deyil ki, Firidun Hüseynov "Molla Nəsrəddin"in həmin illərdəki fəaliyyətini izləyərkən, "başabəla oxumuş" və "köhnəpərəst əhli-qələm" mövzusunun jurnalda xüsusi yer tutmasını diqqət mərkəzində saxlayır: "Jurnalın 1929-cu ildəki 8-ci nömrəsində iki centlmen şəkli yanaşı təsvir olunub. Baş tərəfdə "şairlərimizdən" sözü diqqəti cəlb edir. Şəkillərdən birinin altında "keçmiş əsrlərdə saray şairi", o birinin altında "indiki əsrdə proletar şairi" sözləri yazılıb... Şəkildə saray şairi ilə proletar şairinin zahiri qiyafəsi, eyniyyəti əks olunur". Jurnaldakı bu şəkil, Cəlil Məmmədquluzadənin həmin ildə yazdığı "Proletar şairi" hekayəsinin məzmunu ilə üst-üstə düşür. Üst-üstə düşən əsas cəhət budur ki, proletar şairi adı daşıyan adam kasıb-kusub dərdi çəkməkdən çox-çox uzaqdır. Neft ölkəsində Ağdaşın kəndlilərinin neft tapa bilməyib, piy çırağı yandırması ("Molla Nəsrəddin", 1926, ¹ 6); Ədliyyə Komissarlığında dörd qoca kəndlinin liftə buraxılmayıb, altı mərtəbəni piyada qalxmağa məcbur edilməsi ("Molla Nəsrəddin", 1926, ¹ 5); Qazaxdan və Şəmkirdən gəlmiş kəndlilərin Kənd Evində gecələməsinə icazə verilməməsi ("Molla Nəsrəddin", 1926, ¹ 24) və s. kimi acınacaqlı hallar Yeldai (Qaranlıqpərəst) təxəllüslü proletar şairini qətiyyən maraqlandırmır. Bəs onu maraqlandıran nədir? Firidun Hüseynov bu suala belə cavab verir: "Ədibin təsvir etdiyi proletar şairi saxta, formalist, bəzək-düzəklidir. Onu proletariatın dərdi-qəmi, sevinci düşündürmür. O ancaq bu ad arxasında daldalanıb, yeni cəmiyyətdə bir mənsəb sahibi olmaq istəyir. "Proletar şairi" hekayəsinin qəhrəmanı simasız adamdır, onda... sənət adamına, ziyalıya xas olan keyfiyyətlər yoxdur". Sovet dövründə Cəlil Məmmədquluzadənin ziyalı qıtlığını ürək ağrısı ilə qələmə alması ədibin "Şeir bülbülləri", "Şərq fakültəsi", "Taxıl əkimi" və s. kimi hekayələri üçün də səciyyəvidir və Firidun Hüseynov həmin hekayələri də səriştəli ədəbiyyatşünas təhlillərinə cəlb edir.
...Bu cür səriştəli (və ayıq-sayıq!) ədəbiyyatşünas təhlillərini nəzərdən keçirib bir daha əmin olursan ki, münasib məqamlarda, etibarlı dost-tanış yanında sovet gerçəkliyindən siyasi lətifələr danışmaq təsadüfi deyilmiş. Qətiyyən şübhə etmirsən ki, huşyar və peşəkar bir qələm sahibi olan Firidun Hüseynovun çağdaş ədəbiyyatşünaslığımızda öz dəst-xətti, öz yeri var.
Muxtar KAZIMOĞLU
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, ¹45.- S.8.