"Kuraj ana və uşaqları”
pyesindən nəğmələr
Kuraj ananın nəğməsi
E-y-y, komandir, işarə ver durmağa,
Çəkmələri dəyişməyin vaxtıdır;
Əsgərləri çox tələsmə
yormağa,
Döyüş qaçmır, ayaq saxla, toxta bir!
Onsuz da bu od-alovun içində
Vaxt olacaq yanıb külə dönməyə;
Heç
olmasa bu dünyadan köçəndə
Qoy köçsünlər təzə,
rahat çəkmədə.
Siz, ey xaçpərəstlər,
oyanın daha!
Gorda yatmaq ölülərin haqqıdır.
Kim sağdısa qalxsın, dursun ayağa,
Buz əriyir, artıq yürüş vaxtıdır!
Kolbasasız, pivəsiz və
çaxırsız
Döyüşçünün it qanıdır
qanı da.
Bax, elə ki doyuzdurdun qarnını
Dincələcək bədəni də, canı da.
Bəs deyincə yeyib-içib doyanda
Şəstlə gedər əsgər
düşmənin üstə.
Hansı
axmaq cəhənnəm
tiyanında
Acqarına yanıb kül
olmaq istər?!
Siz, ey xaçpərəstlər,
oyanın daha!
Gorda yatmaq ölülərin haqqıdır.
Kim sağdısa qalxsın, dursun ayağa,
Buz əriyir, artıq yürüş vaxtıdır!
Kuraı ananın böyük oğlu Eylifin
əsgər və əsgər arvadı haqqında nəğməsi
Birini süngü yortar,
birini güllə yırtar,
dərin
çayların dibi bəyəm qəbir deyilmi?
Yazda qorxuludur buz,
məni
buraxma yalqız,
qal yanımda! – arvadı döyüşçüyə deyirdi.
Təbilin gurultusu,
davanın uğultusu
arvadının sözündən daha
şirindir ancaq.
Hələ ayaqlarımız çox
yolları yoracaq,
boz çöllərin tozunu yürüşlərdə udarıq,
nizələri, oxları havadaca
tutarıq! –
cavabında əsgərlər belə
söyləyirdilər.
Məsləhətə qulaq as,
ağıllı davran bir az –
güc-qüvvət ağıldadır,
şərdə-zorda deyil
ki!
Hər şeyə xor baxarsan,
axırda
xar olarsan,
məhv
olarsan! – arvadı döyüşçüyə deyirdi.
Eh, arvad tayfasının sözlərinə kim uyar?!
Yolumuzu kəssə çay, üstündən adlarıq
biz,
kirli mundirimizin
tozunu sular yuyar.
Nə vaxt ki damın üstdə ulduz işıldayacaq
yalnız
o zaman ərin
yanına
dönər sənin!
–
əsgərlər o arvada bunu deyirdi ancaq.
Kuraj ananın
nəğməsi
Onun şücaətləri kimə
gərəkdir axı,
Eh, bu igidliklərin bizlərə az dəxli var.
Mənim
ərciyəzim də
itkin düşüb nə vaxtdı,
Allah qorusun! – deyir əsgər haqqında arvad.
***
Əynində boz mundiri, nizəsi də əlində –
Əsgər batdı qəfildən
çayın qıjov
yerində.
Və buzlaqlar yarılıb uddu onu bir
anda.
Bir ulduz işıldadı qəfildən damın üstdə…
Bir ulduz işıldadı… bəs nə deyirdi onda,
O əsgərlər arvada bəs nə deyirdi, bəs nə?
Onun şücaətləri kimə
gərəkdir axı,
Dərin
çayların dibi qəbirdi ki qəbirdi!
Hər şeyə xor baxarsan, axırda xar olarsan,
məhv
olarsan! – arvadı döyüşçüyə deyirdi.
İvettanın nəğməsi
On yeddicə yaşım vardı
yağı düşmən bu
şəhəri yenəndə.
Amma yaxşı davranardı
o yaz çağı yağı düşmən
mənimlə.
Sübh
obaşdan ağaranda
dan yeri
qalxıb
durardı alay,
dövrə vurardı alay.
Axşamlarsa biz qaranlıq meşədə,
yaşıl-yaşıl kolluqların içində
sevişərdik o ki var.
Aşpaz
idi mənim yağı düşmənim,
amma bəla nədəydi:
Gündüz ona aşıb-daşırdı
kinim,
gecələrsə, görəydin!
Axı sübh obaşdan ağaranda dan
qalxıb
durardı alay,
dövrə vurardı alay.
Axşamlarsa biz qaranlıq meşədə,
yaşıl-yaşıl kolluqların içində
sevişərdik o ki var!
Ən yüksəkdə bizimçün
qanun deyil,
məhəbbət dayanırdı:
Düşmən məndə nifrət
deyil, kin deyil
ehtiras oyadırdı!
Payız
günü, bir dəfə sübh obaşdan
təbillərin gurultusu içində
hər şey yox oldu,
bitdi.
Alay getdi, o da getdi alayla,
getdi səssiz-səmirsiz –
ayrıldıq düşmənlə biz...
Alay keşişinin nəğməsi
Pilatın sarayına bizim
müqəddəs Allah
qatil və əclaf kimi gətirilmişdi bir vaxt.
Yaxşı bilirdi hamı,
gün kimi aydın idi:
Həzrət İsa nə cani,
nə kələkbaz deyildi.
Tülküdən bic Pilatsa önə çəkib qanunu
saat üçdə yolladı
cəllad yanına onu.
Qamçılanan bədəni,
kürəyi zolaq-zolaq –
Zalımlar tərəfindən
şərləndi bizim Allah.
Alnında əzabların, işgəncələrin
dağı –
ağır yüklə birtəhər
sürüyür ayağını.
Və çəkilir çarmıxa
o gün saat altıda
–
Tənə-qınaqlar yağan
bivec baxışlar altda.
Əylənir qara kütlə
şər qarışan
vaxtacan,
O da baxır: bu oyun haçan bitəcək, haçan?!
Öldü ağrı-əzabla
saat doqquz tamamda;
Böyrünü nizələrlə
deşdi,
yırtdı adamlar.
Sərt
qayalar qəfildən parçalandı, uçuldu;
qarşısında dərgahın qapıları açıldı.
Yarasından qan damır
su kimi damla-damla;
Gör neylədi Adəmin
övladına adamlar...
Əsgərin meyxanada oxuduğu
nəğmə
Ağa
sahib, araq gətir son dəfə!
Əsgər gedir çox uzaq bir səfərə
–
haqq yolunda zəfərə!
Ay arvad, qoy çimdik
alım döşündən!
Vaxtım
azdır, tələsirəm,
işim var –
yollanırıq Moraviya tərəfə!
Dostum, çatdı vidalaşmaq
zamanı!
Əsgər çıxır uzaq
yola –
zabitinə var güvəni, inamı!
Keşiş baba, dua yaddan çıxmasın!
Əsgər çıxır uzaq
yola –
haqq yolunda ölmək üçün tələsir!
Kuraj ananın
nəğməsi
İradəsi zəifdirsə bir
kəsin –
qələbəyə qoy heç ümid etməsin!
Nə fərqi var, nəyin alveri gedir –
pendirdi satdığın, yoxsa güllədir?
***
Bir başqası guya zirək tərpənib
hiylə-fəndlə qismətinə tərs gedir;
Quyu qazır, qəbir qazır özünə –
öz əliylə öz canına qəsd edir.
Kim sivişib can atırsa qaçmağa
döyüş vaxtı səsin-küyün
içindən –
Anlayacaq
hara tələsdiyini
o dünyaya hamıdan tez köçəndə.
Aşpazın nəğməsi
Sizə
tanışdırmı müdrik
Solomon?
Xəbəriniz varmı onun sonundan?
Doğulduğu günü lənətləyirdi.
Bu dünyada heç nə yoxdu, deyirdi.
Deyirdi fanidi, puçdu bu dünya.
Çox
müdrikdi bizim Solomon
guya.
İndi bildinizmi siz
Bu nəyə işarədir,
Sözümün canı nədir:
Müdriklik başının bəlası
oldu!
Kim müdrik deyilsə, xoşbəxt də odur.
***
Sezarın da aqibəti
Çox
şeylərdən xəbər
verir.
Söz yoxdu qoçaqlığına,
Amma baxın: məhv edilib!
Şan-şöhrətin düşkünüydü,
Dadmışdı da hamısını.
«Sən də, sən də, mənim oğlum!» –
qışqırmışdı birdən-birə.
Amma hanı?
Bildinizmi
nədir sözümün
canı:
Cəsurluq başının bəlası
oldu!
Kim cəsur deyilsə, xoşbəxt də odur.
***
Sokrat sizə tanışdırmı?
Heç
vaxt yalan danışmazdı.
Əməli düz, sözü
düzdü,
Dürüstlükdə qüsursuzdu.
Amma bəla gəlib tapdı onu da.
Adamların hökmü çıxdı
sonuna.
Dedilər: zəhərdi, iç
bu zəhəri!
O da birnəfəsə çəkdi
başına
Zəhər dolu qədəhi.
Bildinizmi
nədir sözümün
canı:
Dürüstlük başının bəlası
oldu!
Kim dürüst deyilsə, xoşbəxt də odur.
***
Kasıblara əl tutmaqdı
Müqəddəs Martinin işi-peşəsi.
Bircə
cübbəsi vardı,
Cübbəni də bölüşməyə
hazırdı.
Bölüşdü kasıbla, sonrası noldu –
Gecə
ikisi də soyuqdan dondu.
Qəlbi
mərhəmətlə doluydu
onun.
Bildinizmi
nədir sözümün
canı:
Mərhəmət başının bəlası
oldu!
Kim insafsızdırsa, xoşbəxt
də odur.
Tanrımızdan qorxuruq biz,
bilirik
on yasağı da.
Amma bunun nə faydası?
–
biz acıq, yazığıq
axı.
Bizə
isti bucaq gərək,
yeməyə möhtacıq biz;
Biz səfilik, dilənçiyik,
köməyə möhtacıq biz.
Bildinizmi
nədir sözümün
canı?
Yolumuz –
Xaç yoludur.
Möminlikdən gəlir bütün
bəlalar!
Kim mömin deyilsə, xoşbəxt də odur.
Kuraj ananın
nəğməsi
Ulmadan üzü Metsə,
Metsdən çexlərə tərəf!
Diyar-diyar, elbəel,
hə, Kuraj, tərpən görək!
Müharibə yemləyir bizi,
yaxşı bilirsən,
Çünki sən bu savaşa güllə, silah verirsən.
Təkcə gülləylə amma
onu doyurmaq olmaz,
Bu qırğınlardan ötrü
təkcə silah azdır, az.
Dava adam istəyir, yem istəyir aramsız,
Bircə
günə məhv olar müharibə adamsız!
Kuraj ananın
sonuncu nəğməsi
Samanlıqdan səs gəlir.
Laylay, balam, a laylay.
Qonşunun tifilləri
Qoy ağlasın o ki var.
Laylay, qızım, a laylay.
Qonşunun uşaqları cır-cındırın
içində,
mənimki al qumaşda.
Sənə mələk donunu
öz əlimlə biçmişəm –
onlar başqa, biz başqa.
Laylay, laylay, a laylay,
körpə balam, a laylay.
Qonşunun süfrəsində çörək
qırıntıları,
bizdə
yağlı kömbə
var.
Yuxula, körpə balam! Yum gözünü, yat daha!
Laylay, qızım, a laylay.
İki oğlum da vardı:
biri Polşada qaldı,
görən o biri harda?!
Səhnə arxasından eşidilən
nəğmə
Hələ yüz il çəkəcək
ən azından
gah nala,
gah mıxa vuran bu dava –
Adi adam sevinc duymasa
bundan,
ürəyinə yatmasa da bu hava.
Yediyi
pox-püsür, geydiyi
cındır –
cəlladı da gülür ona,
deyəsən;
Amma nə qədər ki bitməyib andır
o yazığın ümidi
var nəyəsə.
Siz, ey xaçpərəstlər,
oyanın daha!
Gorda yatmaq ölülərin haqqıdır.
Kim sağdısa qalxsın, dursun ayağa,
Buz əriyir, artıq yürüş vaxtıdır.
Bertold Brext
Dilimizə çevirəni Mahir N.Qarayev
Ədəbiyyat qəzeti.- 2023-
cü il.- 25 noyabr.- № 45.- S. 30.