Ədəbi suprematizm
Antropologiya
Ehramda sərdabə, sərdabədə
skelet;
antropoloqların fikrincə, 4000 ildən
çox yaşı
var.
Firon qalıqları deyil tapılan skelet:
yan-yana düzülmüş sümük
parçaları -
baş,
əllər, ayaqlar və sairənin nişanələri
ağır zəhmətə qatlaşan
birinin mövcudluğundan,
daha doğrusu, 4 əsrdən çoxdur
mövcudsuzluğundan xəbər verir;
"Varlığın yox olması", daha dəqiq,
"Yarananın dəyişməsi"
qanunu.
Alimlərin fikrincə, ehramların
tikintisində
çalışan fəhlələrdən, - qullardan yox a,
məhz
fəhlələrdən biri
olub o skelet,
daha doğrusu, skeleti tapılan o şəxs,
sonra hansısa işlər üzrə rəis təyin olunub.
Hətta
o da məlum olub ki,
qolu dirsəkdən aşağı
kəsilib o fəhlə-rəisin,
bu da o
zaman ehram tikintisində
çalışanlara
qayğının əlamətidir - bədbəxt
hadisədən dərhal
sonra
həkimlər amputasiya edib, ölməyə qoymayıblar
onu.
O da bu hadisədən sonra xeyli yaşayıb
-
dirsəkdən aşağı hissənin
əyri bitməsi
təsdiq
edir bu mülahizəni.
Hər tapılan faktlara
tarixçi, antropoloq alimlərin
necə
ürəkdən sevindiyini
müşahidə edirəm televiziyadan
və mən də
onların sevincinə şərikəm
əslində.
Amma ayrı şey də məni çox düşündürür:
dörd
min ildən bu yana qalan
yalnız
sümük parçalarıdı,
yan-yana düzülüşündən
və anatomiyadan insana məxsus olduğu bilinir.
Mən də bilirəm, yaranan nə varsa itmir,
müxtəlif formalarda öz-özünü
təkrar edir.
Belə
olan halda,
bəşər tarixinin bir əbədiyaşar sualı
mənim
də ağlımdan keçir:
bəs bu sümüklərə yaraşıq verən
"libas" -
baş,
ayaqlar, əllər və sairədən ibarət
bədən hanı,
özünüqoruma instinkti və çoxalma istəyi
ən çox
onu qorumaqla məşğuldur
axı;
yaranan yox olur ki?!
Entropiya qanunu
İki ayrı-ayrı məkan və iki oxşar
hadisə barədə
söz açmaq istəyirəm.
Nə tənhalıq,
nə ayrılıq, nə təklik,
nə də onların romantikasından danışmaq
fikrim var.
İstəyim ayrı-ayrı məkanlarda
eyni hadisəni
təsvir
etməkdi sadəcə;
eyni, həm də fərqli az da olsa.
Birinci məkan: Bakı. Cavid prospekti - fontanın yanı.
Su şırnağını yaradan
hovuz, hovuzda qurğular.
Elə nizamla qalxıb enir su şırnağı,
sanki əzəldən
belə
yaranıb, heç bir təzyiqə məruz qalmadan:
öz-özünə nizamlı, fərqli və cürbəcür formada.
Eyni cür qalxıb enir amma, fərqli
trayektoriyalar cızsa
da...
Dayanır birdən. Az sonra
yenidən su fontanı.
Bütün qalxıb-enmələr, dayanmalar və tükənmələr eyni,
yoxolmalar
hətta oxşar, mən bilirəm, hər yerdə hər zaman eyni.
Və bir quş enib,
dimdikləyir etinasız
nizamlı, yaraşıqlı cürbəcür
formalı su şırnağını.
Təəssüf! Yaxınlaşdığım an qalxdı havaya,
bir uçuş trayektoriyası
da beləcə yarandı
üzü səmaya.
Hər dəfə üzü yuxarı uçar quşlar ürkərkən,
fikir vermişəm,
üzü aşağı isə
ancaq təhlükə
hiss etmədikdə -
bu da bir şəkli yəqin yaşamaq instiktinin.
İkinci
məkan: kənd. Kəndin yaxınlığında
yaşıllıq - gözoxşayan.
Yaşıllıqda boru və borudan fışqıran su şırnağı.
Yenə
üçdu səmaya
yaxınlaşdığım an
məndən bir az aralı
yaşıllıda arxayı-arxayın gəzişən,
arabir
su şırnağını dimdikləyən
tənha quşcuğaz.
Diqqətimi tənhalıq yox
yenə, ayrı şey çəkir doğrusu:
eyni uçuş, eyni səma, eyni trayektoriya.
Eyni ürkəklik həm də...
Ayrı-ayrı məkanlarda
eyni hadisəni müşahidə
etdim, deyəsən:
tək-tənha quş (romantikadan
uzaq),
eyni səma, eyni trayektoriya, eyni uçuş.
Amma əsas bir fərq
vardı
müşahidə etdiyim bu hadisələrdə;
dəqiq
bilirəm, əsas bir fərq -
amma dəqiq bilmirəm həm də -
bütün məkanlar sanki
dəyişmiş forması
bir-birinin
və imitasiya sadəcə.
Eyni cür yaşayar sanki yaranan nə
varsa,
ən mükəmməli də,
ayrı-ayrı formalarda olsa da belə;
eyni cür çoxalar, eyni cür azalar,
eyni cür tükənər -
eyni cür dağılar və yox olar:
Oxşarlıqlar nəzəriyyəsi
-
sadə
görünsə də,
isbatı çətin
fərziyyələr - üstündə
səylə çalışdığım.
Bayaq ona görə demişdim "mən bilirəm, həm də bilmirəm".
Belə
baxanda,
hər varlığı eyni təsadüfi proses təsvir
edər,
var olanlar zahirən fərqli görünsələr
də.
Qavrayışda yanlış təsviri
gerçək hadisənin.
Odur ki, müşahidə etdiyim iki fərqli, həm də eyni hadisədən
çıxış edib deyirəm, özü də təsəlli üçün demirəm,
həqiqət olduğu üçün
deyirəm:
Sonda hər şey düzələcək, inanın,
ən mükəmməl şeylər
də sonda düzələcək, -
dağılacaq yəni.
Ölümdən sonrakı həyat
1. Bir balaca yol tapdı
ki,
açılan cığırla
ilantək tələsən, qaçan
su axını
və
boşalmaq istəyən gölməçə
var ha
bax elədir yaranan hər şey:
qurtulmaq,
boşalmaq, azalmaq istər.
2. Bomj həyatı;
sevgi nədi,
heç
salam gözləməz
kimsədən,
yalnız
mərhəmət və
bir tikə çörək
bəs edər ona.
Bomjun yaşamaq istəyi var ha
bax elə anladım
həyatın şirinliyini.
3.
İndi yağan yağışlar
var ha
əvvəl yağanların
davamı
deyim, təkrarı deyim;
əvvəl yağan yağışlar
kimi
anladım
insanın ölümünü.
İndi yağan yağışlar
var ha
bax elə anladım
insanın ölümdən sonrakı
həyatını.
4. Varlığı yoxluq,
yoxluğu varlıq kimi gördüm.
Varlıq,
Yoxluq
və sairə və ilaxır,
deyəsən,
həyatı anlayıram,
duyuram artıq.
Əli Şirin Şükürlü
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, №45.- S.26.