Cin qapını bağlayır
Hekayə
- Ay qız, mənim qol saatım hardadır? Gecə yatanda tumbanın üstünə qoymuşdum.
Sinan sübh tezdən yuxudan qalxıb əl-üzünü yuyandan,
gözü saatı axtarırdı. Qolunda saat olmayanda ona elə gəlirdi
ki, sol qolu yoxdur, ya da vaxtın əhatə dairəsindən
kənara düşüb,
özünü narahat
hiss edirdi. Ülkər
qızı Ayanı məktəbə hazırlayırdı.
Ərinin səsini eşidib, dəhlizdən yataq otağına keçdi.
- Özün bilirsən, mən sənin əşyalarına əl
vurmuram, bəlkə mətbəxdə çıxarıb
qoymusan? - dedi.
İşə gecikirdi, uşağı
da məktəbə aparmaq
lazım idi. Saat isə tapılmaq
bilmirdi. Hansısa əşyasını tapmayanda
əsəb cərəyan
kimi bütün bədəninə yayılırdı,
belə hallarda fikirləşmək qabiliyyətini
də itirirdi. Ülkər təmkinli idi və onun
sakit təbiəti ilə uzlaşan bu təmkin, bəzi hallarda Sinanı daha da hövsələdən çıxarırdı.
Çox vaxt da unudub hardasa qoyduğu əşyaya görə Ülkəri günahlandırırdı: "Sənin əlindən mən harasa bir şey qoya
bilmirəm, yenə telefonun adaptorunu hara atmısan?" Məlum olanda ki, adaptoru özü götürüb,
günahlarının lal
etirafı başlayırdı.
Heç vaxt Ülkəri səbəbsiz
yerə danladığı
üçün üzr
istəməzdi, sükutla
səhvini ört-basdır
etməyə çalışırdı.
Saat yağlı əppək olub göyə çəkilmişdi. Sanki heç
yerli-dibli onun qol saatı olmamışdı. Şeytanı
lənətləmək də
işə yaramadı,
saat tapılmadı
ki, tapılmadı. Sinan evdən
deyinə-deyinə çıxdı.
Balaca Ayan belə hallara (valideynlərini arabir yüngül mübahisələrinə) öyrəncəli
idi, səbirsizliklə
atasının evdən
çıxmağını gözləyirdi. Sinan, nəhayət,
saatı axtarmaqdan yoruldu, təslim olub tələsik pencəyini geyindi və dəhlizə cumdu. Son ümid kimi pencəyinin ciblərini də eşələdi. Saat cidd-cəhdlə ondan gizlənirdi. Günün belə başlamağı
ovqatını pozdu. Qapıdan çıxanda Ülkərə səsləndi:
- Sən də ora-bura bax, tapsan,
mənə zəng vur. Ona öyrəşmişəm,
başqa saat taxa bilməyəcəm.
- Narahat olma, evdə
olacaq də. Tapıb qoyaram yerinə.
Ülkər axşama qədər
evi ələk-vələk
elədi, Sinan bir neçə dəfə evə zəng vurdu, amma hər
dəfə onu məyus edən cavablar aldı:
- Saat yoxdur...
Gecə
yatmazdan əvvəl saatı qolundan açıb dolabın üstünə qoymuşdu,
dəqiq yadında idi. Sən vurmadın,
mən yıxılmadım,
bəs saat necə oldu? Bu hadisədən sonra bir neçə dəfə evdə qəribə dəyişikliklərin
baş verdiyini hiss elədi. Sanki bu damın altında onlardan - Sinan, Ülkər
və Ayandan başqa da kimsə vardı. Gizli bir əl hiss olunmayacaq dərəcədə
nələrəsə (qapıya,
pəncərəyə, pərdələrə,
əşyalara) toxunurdu.
Bunu Ülkərə və Ayana deməyə qorxurdu, qadınını
və qızını
şəkk-şübhəyə, vahiməyə salmaq istəmirdi. Hər vəchlə bu hissi özündən kənarlaşdırmağa çalışırdı,
amma gizli əl buna imkan vermirdi.
Bir gecə yatmazdan öncə Ülkər ev qapısının açıq olduğunu gördü. Halbuki əri işdən gələndə qapını
öz əliylə bağlamışdı. Sinan yeməyini
yeyəndən sonra divanda yerini rahatlayıb futbola baxmışdı və evdən çölə çıxmamışdı. Ülkər,
əvvəlcə, duruxdu,
qapını bağlayıb
yataq otağına qayıtdı.
- Sinan, mən qapını bağlamışdım, sən
harasa çıxmışdın?
Yenicə
mürgüləməyə başlayan Sinan yarıyuxulu
halda: - Yoox, - dedi.
- Bəs qapını kim açıb?
Yuxu beynindən soğuldu, yorğanı üstündən
çəkdi və qalxıb oturdu:
- Necə yəni? Bu vaxt qapını kim aça bilər?
Bədənindən üşütmə
keçdi, şübhələr
bir anda hücum çəkib beynini mühasirəyə
aldı. Səksəkə
aramsız külək
kimi iliyinə işlədi. Qaranlığın
çeynəyib udmaqda
olduğu gecə də bu müəmmadan
baş açmağa
macal tapmamışdı.
Mağara dövründən
insanın özüylə
gətirdiyi ibtidai qorxu hər üçünə hakim kəsilmişdi.
İndi qorxu otaqda at oynadırdı. Qapını
açan dördüncü
şəxs kim idi? Bu sualın cavabı yox idi.
Bəlkə o, Sinanın bioqrafiyasının
xaricində saxladığı
naməlum qadın idi?! Axı bu, ağlasığmaz bir işdir. Evi mümkünsüzlük
soyuğu bürüdü,
qızla anası çiyinlərini qısıb
büzüşdülər. Sonra tədricən düşüncə
girdabına yuvarlandılar,
yuxu başlarının
üstünü kəsdirib
onları müvəqqəti
olaraq bu dünyadan qopardı.
Saatın
itməsi isə onları əməlli-başlı
xoflandırdı. Tərslikdən
yataq otağındakı
divar saatı da vaxtı göstərməkdən
imtina etdi. Bu evdə vaxt anlayışı itdi. Hansısa, qorxunc və naməlum qüvvənin mistik şıltaqlığı ailədəki
nizamı büsbütün
pozdu.
Sinan hər dəfə işə gecikirdi və bunun üstündə
müdiriyyət dəfələrlə
onu danlamışdı.
Məktəbdə müəllimlər
Ayanı neçə
dəfə dərsə
gecikdiyi üçün
tənbeh etmişdilər.
Evdə qalan Ülkər havaya baxıb vaxtı müəyyən etməyə
cəhd etsə də, buna nail ola bilmirdi.
Sanki hava da vaxtın əhatə dairəsindən
kənarda idi. Onlar vaxtın sərhədini aşmışdılar.
Vaxtdan kənarda qalan insan sanki
dibsiz bir boşluğa düşür
və əl atıb tutmağa heç nə tapa bilmir. Bu ailə boşluqda idi. Həmin o naməlum qüvvə bu evdə vaxtı qətlə yetirmişdi. Ülkər bütün bacarığını sərf
edib vaxtı göstərən cihaza çevrilmək istəyirdi.
Sanki itmiş saat ər-arvadın mənəvi
gücünün sınaq
daşı idi. Vaxt onlardan gizlənməklə
nəsə, mühüm
bir mesaj verirdi. Lakin bunu nə onlar, nə də bu hekayəni nəql edən yazıçı bilmirdi.
İki-üç gün bu boşluqda çabaladılar.
Bir gün ailəvi Sinanın dostunun ad gününə gedəsi oldular. Yolboyu sanki yer
də ayaqlarının
altından qaçırdı.
Vaxtdan kənarda yol da ilğıma bənzəyir. Bilinmirdi
ki, getdikləri yoldur,
yoxsa, havanın üstüylə yeriyirlər.
Ad gününə də
gecikdilər. Ev sahiblərinin giley-güzarı
qapıdaca onları yağış kimi islatdı. "Bu qədər
gecikmək olar, ay sizi Allah saxlasın. Evdən bir az tez çıxardınız
da". Deyə bilmədilər
ki, axı vaxtı itiriblər. Vaxt səylə onlardan gizlənir, onlarla gizlənqaç oynayır.
Bəlkə elə yatmış divar saatının arxasında
gizlənib?! Bilmirdilər...
Çarpayının altınacan
baxmışdılar, vaxt
saatla birgə qeybə çəkilmişdi.
Gecədən xeyli keçmiş
evə qayıtdılar.
Onlar bilmirdilər ki, gecə yarıdan keçib, elə zənn edirdilər ki, qonşular hələ oyaq olar. Sinan açarı qapının
kilidinə saldı, burdu, qapı açılmadı. Bir neçə
dəfə bihudə cəhd elədi. Deyəsən, qapı açılmaq fikrində
deyildi. Yüz dəfə bu açarla qapını açıb-bağlamışdılar. Bu dəfə nə baş verdi? Ülkər matı-qutu qurumuş halda divara söykənib qalmışdı, Ayanın
yuxusuzluqdan gözləri
yumulurdu. Sinan isə elə hey üyüdüb
tökürdü:
- Noldu bu zəhrimara?
Əcəb işə
düşdük e, - bir
az da içdiyindən
əsəbi halda qapını yumruqlamağa
başladı.
Ülkər onu sakitləşdirməyə
çalışdı:
- Ayıbdır, qonşular eşidər. Bir az yavaş ol.
Qonşulardan kimsə oyaq imiş. Yan qapının kilidinin şaqqıltısı
eşidildi. Orta yaşlı, saqqallı bir kişi sinəsini
arıtlayıb kal səslə dilləndi:
- Qapını aça bilmirsiz, deyəsən.
Sinan pərt halda mızıldandı:
- Zibilə qalsın. Əlli dəfə açıb-bağladığım qapıdır. Nəsə
bu dəfə tərslik edir.
Qonşunun səyləri də
nəticə vermədi.
Qapı insafa gəlmədi.
- Bir dəqiqə gözləyin,
- qonşu bunu deyib evə girdi və əlində
taburetlə qayıtdı.
Taburetin
üstünə çıxıb
qapının yuxarısındakı
nəfəslikdən sivişdi
və içəri adladı. Şaraq-şuruq
səs eşidildi və qapı açıldı.
Qonşu
təəccüblə Sinanın
üzünə baxdı:
- Kimsə qapını içəridən bağlayıb.
Evdə kimisə qoyub getmisiz, bəyəm?
Təəccübdən üçünün
də gözləri bərəldi.
- Necə yəni içəridən bağlanıb?
Biz qapını çöldən
bağlayıb getmişik,
- Sinan dedi.
- Sinan, vallah-billah, qapı içəridən bağlanmışdı,
açarlıq deyil.
Heyrət
və təəccüb
hər üçünün
dilini lal elədi. Bu müəmmanın
qarşısında söz
tapıb deyə bilmədilər.
- Bağışla, səni
də narahat elədik bu gecə vaxtı...
- Olan işdir. Amma bu qapını yüz faiz kimsə içəridən bağlayıb,
- qonşu tam əminliklə
dilləndi.
Səhərisi gün Ülkər
bu əhvalatı telefonda anasına danışdı. Gülnisə
arvadın qənaəti
isə bu oldu:
- Ay qız, evinizdə cin var, elə qapını da o bağlayıb.
Uşağa demə, qorxar.
Cin uşaqlıqdan Ülkərin
altşüurunda özünə
yuva qurmuşdu, Gülnisə arvadın dilindən öz adını eşitcək,
quyruğunu bulayıb
dikəldi. Qızın
bədəni qeyri-ixtiyari
titrədi. Ciyiltili səsi Gülnisə arvadın qulağını
cırmaqladı:
- Ay maa, qorxuraaam...
Lap bu günlərin söhbətidir, Amerikada hansısa, siyasətçi
bir xanım keşişləri evinə
"cinçıxarma" mərasiminə dəvət
etmişdi. Keşişlər
də gəlib yaxşıca yeyib-içmişdilər,
bir neçə dua oxuyub çıxıb
getmişdilər. Elə
bilirsiniz, xurafat təkcə müsəlmanlara
aid xəstəlikdir? Demokratiyanın
beşiyi başında
da sancaqlı dualar asılır.
Gülnisə arvad qızına
toxtaqlıq verdi:
- Molla Xədicəni çağırarıq, gəlib
dualar oxuyar, onda cinin ayağı
biryolluq evinizdən kəsilər.
Molla Xədicə vaxtın sərhədini necə adlayacaqdı? Axı onlar vaxtın əhatə dairəsindən
kənarda idilər...
Gülnisə arvadın
da səsi vaxtın o üzündən gəlirdi.
Bu ekzotik hiss Ülkərə
qəribə gəldi.
Anasının dediklərini
Sinana deyəndə əri bu məsləhətə
başını bulamaqla
reaksiya verdi. Ülkər molla Xədicəni çağırmaq
üçün inad edəndə Sinanın səbri tükəndi:
- Başınız xarabdır,
vallah. Evə mollanı onda çağırırlar ki, iraq
olsun, kimsə düşüb ölsün.
İncimə, ananla sən orta əsrlərdə
qalmısınız. Gör,
nələrə inanırsınız.
- Bəs neyləyək? İtmiş vaxtımızı
necə bərpa edək? İndi günün
hansı vaxtıdır,
bilirsən? - deyə Ülkər soruşdu.
Sinan çaşbaş qaldı,
vaxtı müəyyən
etmək üçün
pəncərədən çölə
boylandı.
- Hələ günortadı...
- Həftənin neçənci
günüdür? Bilmirsən.
Artıq günləri
də qarışdırırıq.
Uşaq dünən məktəbə gedib, görüb ki, məktəbin
qapısı bağlıdır.
Ona deyiblər ki, bu gün istirahət günüdür. Yolda adamlar da ona təəccüblə baxırmış.
Uşaq gəlib evdə o ki, var ağlayıb.
Molla Xədicə gəlib evin yuxarı başında oturdu, qoltuğundan yıpranmış
bir kitabça çıxarıb anlaşılmaz
sözlər oxumağa
başladı.
- Eviniz cadulanıb, ağəz. Mən indi bu duaları
oxuyub gedəcəm, sabah yenə gələcəm. Beş gün dalbadal bu dualar oxunmalıdır
ki, o məxluqun ayağı
evinizdən kəsilsin,
bir də bu tərəflərə üzükməsin.
Molla Xədicə beş gün Sinangildə yeyib-içdi, dincəldi,
arada yuxuladı. Ayılıb pürrəngi
çay istədi. Nə istəyirdisə, yerinə yetirirdilər. Ev yiyələri molla Xədicənin qulluğunda necə lazımdır, dururdular. Duaların müstəcəb
olacağı gün gəlib çatdı. Daha bu evdə
molla Xədicəlik bir iş qalmadı.
Çıxaçıxda gözü
Sinanın əlində
idi. Sinan cibindən şax bir əllilik
çıxarıb arvadın
ovcuna basdı. Molla Xədicə ovcundakı pula baxıb ayaq saxladı.
- Qonşu, bu, çox azdır, başuva dönüm. Bundan birini də
əlavə et.
Sinanla Ülkər baxışdılar.
Sinan arvadı dilə
tutmağa çalışdı:
- Xədicə xala, vallah, ayın axırıdır, evdə
pulumuz qalmayıb. Olanımız elə odur. Azdırsa, çox hesab elə. Başqa vaxt xəcalətindən çıxarıq.
Molla Xədicə mızıldana-mızıldana
başmaqlarını geyinib
qeybə çəkildi.
Dərindən köks ötürdülər.
Sinan: - Yaman üzlü
arvaddır, beş gündür bizdə yeyib-içir, əlli manatla razı qalmır, - dedi. - Guya neylədi ki? O pul da ona çoxdur.
- Gözü doymur da, deyən gərək, qoca arvadsan, neynirsən bu qədər pulu? - bunu da Ülkər dedi.
Ülkər evdə yır-yığış
eləyəndə çarpayının
böyründəki tumbanı
geri çəkdi ki, oranı süpürsün.
Sinanın neçə
gündən bəri axtardığı saat gözünə dəydi.
- Aaa, Sinan....
Sinan səsə gəldi.
- Nədi?
- Saat, - Ülkər şəhadət barmağını
çarpayının küncündə
sferblatı işaran saata tərəf tuşladı.
- Buna bax e, sürüşüb
düşüb tumbanın
arxasına!
Vaxt üzlərinə güldü.
İtirdikləri vaxt evin içində bərqərar oldu.
Ülkər nə desə, yaxşıdır?
- Görürsən, molla Xədicənin duasının
gücünə bax
e!
-Yaxşı görək, sən Allah. O, dua oxumasaydı, saat tapılmayacaqdı? - Sinan molla
Xədicənin dualarına
şəkk gətirdi.
- Tapılsaydı, indiyə
qədər tapılardı
da. Arvad gəlib dualar oxuyan kimi
üzə çıxdı.
Səhəri gün Ülkərin
qardaşı Elvin onlara
qonaq gəldi. Gözü divar saatına sataşanda bir anlıq çaşdı.
- Vay dədə, saat nə tez
yeddi oldu?
Sonra qol saatına baxanda məlum oldu ki, saat hələ
heç beş olmayıb.
- O saat işləmir, ay qaqaş, - Ülkər gülümsədi.
- Bir batareya alıb dəyişdirin də. Saatınız yatıb. Onu elə saxlamayın,
yaxşı əlamət
deyil.
Ülkəri gic gülmək
tutdu. Qardaşı təəccüblə ona
sarı döndü.
- Nədi, nəyə gülürsən? - deyə
soruşdu.
- Heç gör, ağlımıza gəlib?
O gün Sinanın qol saatı yoxa çıxdı, sonra da divar saatı işləmədi.
Ağlımıza min cür
qara-qura fikirlər doldu. Neçə gündü vaxtsız yaşayırdıq, o gün
evi süpürəndə
qol saatını tumboçkanın arxasından
tapmışam, - Ülkər
qəziyyəni qardaşına
nəql elədi.
- Ər-arvad ikinizin də başı qaçıb, vallah, -
Elvin başını buladı.
Həmin
gün axşam yenə evdən birlikdə çıxdılar.
Yaxınlıqdakı bazardan
ayın-oyun almalı idilər. Bazarı gəzib-dolaşdılar, aldıqlarını
aldılar və evə qayıtdılar.
Sinan açarı bir
neçə dəfə
burdu, qapı yenə açılmadı.
- Lənət şeytana! Deyəsən, yenə cin qapını arxadan bağlayıb, -
Sinan əsəbindən qapıya
bir-iki yumruq endirdi.
Ülkər ərini sakitləşdirməyə
çalışdı:
- Bir dəqiqə dayan, bizdən iki mərtəbə aşağıda
qapı-pəncərə ustası
yaşayır. Yadındadır,
bir dəfə gəlib pəncərələri
nizamlamışdı, evə
hava vururdu. Get onu çağır. Ayanla burda gözləyərik.
Altı-yeddi dəqiqədən sonra
Sinan qonşusu usta Fərruxla qayıtdı. Fərrux qapı-pəncərələrin
qənimi idi, bütün bağlı qapıların dilini bilirdi. Bir şərtlə,
gərək arağını
bol edəydin. İçməsə, işləyə
bilmirdi. Bu dəfə
də kefi saz idi. Pilləkanları
qalxanda arağın iyi Ülkərin burnunu qıcıqlandırdı.
- Nədi, qapı dalında qalmısuz? Fərrux ölməyib ki.
- Ay Fərrux qardaş, bilmirəm, evdə cin var, nədi, qapını bağlayıb
çıxırıq, qayıdanda
heç cür açılmır. O gün
Sinan yuxarıdan hoppanıb
evə, baxıb ki, qapı içəridən
bağlanıb. Bu necə
ola bilər?
Fərrux
"cin" sözünü
eşitcək əlini
əlinə çırpıb
necə şaqqanaq çəkdisə, elə
bil avtomat darağını boşaltdı.
- Alə, cinin işi-gücü yoxdu? Bu
saat o cinin başına bir oyun açım ki, olmayan dədəsi yadına düşsün.
Fərrux
iş alətlərini
çantasından çıxarıb
bir xeyli kilidi qurdaladı. Nəhayət, qapı açıldı.
- Qonşu, cini nahaq bu işə
qatırsan, burda cinlik bir iş
yoxdur, zamok xarabdı, zamok! Zamoku dəyişdir, ay zalım.
Üçü də dərindən
nəfəs aldılar
və qəfildən hamını gülmək
tutdu. Usta Fərrux da onlara qoşulub çiyinləri
atlana-atlana gülməyə
başladı.
23-26 sentyabr, 2023-cü il
Şabran
Yaradıcılıq Evi
Kənan Hacı
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, №45.- S.24-25.