Mücahidin milyonçuya
məhəbbəti, kommunistə nifrəti
Hacı
Zeynalabdin Tağı oğlu Tağıyev
(1823, Bakı-1924, Bakı) Azərbaycanda
sahibkarlıq fəaliyyəti
ilə yanaşı, xeyriyyəçiliyin, təhsilin,
mədəniyyətin, incəsənətin
inkişafına da böyük
təkan vermişdir. Təsadüfi deyil ki, xalqımızın tanınmış
ziyalıları onun tarixi xidmətlərini hələ sağlığında
yüksək dəyərləndirərək,
Hacını "Qafqaz
müsəlmanlarının fəxri", "müsəlmanların
başçısı", "islamın böyük fəxri", "millətin
müqəddəs atası",
"fəqir-füqəranın hamisi və ümidi", "müsəlmanların
beynində elm və mərifət nuri işıqlandıran", "millətin mənəvi və mehriban atası", "birinci xeyirxahi-millət və maarifpərvər", "millətin
fəxri", "Zaqafqaziyada
şöleyi-elm yandıran",
"Zaqafqaziya müsəlmanlarını
xabi qəflətdən
oyandıran", "müsəlmanların
xeyirxahı", "müsəlmanların
ünasiyyə tərbiyəsinin
müəssisi və banisi", "millət bəzəyi, ruzigarın
nadir əsəri" adlandırmışlar.
Bu barədə geniş
söz açmır,
mətbuat tariximizdə
silinməz iz buraxmış Haşım
bəy Vəzirovun
"Tazə həyat"
qəzetinin 10 aprel
1907-ci il tarixli yazısından,
sadəcə, bir cümləni xatırlatmaqla
kifayətlənirik: "Hacı
Zeynalabdin Tağıyevin
müsəlman milləti
üçün eylədiyi
xidmətlərini durub
burada bir-bir saymaq fikrinə düşsək, heç
olmasa, bir ay qəzetimizi ancaq bu təfsilatla doldursaq, yenə hamısını deyə
bilmərik..."
Sovet hakimiyyəti illərində
rejimin qadağalarına
baxmayaraq, H.Z.Tağıyevin
böyük və xeyirxah əməlləri unudulmamış, qədirbilən
xalqımız qəlbində
onun xatirəsini daim əziz tutmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdiyi ilk illərdən H.Z.Tağıyev
şəxsiyyətinə maraq
yenidən artmışdır.
Tədqiqatçı Mövsüm
Əliyevin "Odlar yurdu" qəzetində
"Bu barədə ilk dəfə"
rubrikası ilə dərc olunan "Maarifpərvər H.Z.Tağıyev" adlı
yazısı ilə
(¹14, iyul 1988) sanki böyük xeyriyyəçi
haqqında məqalələrə
start verilmiş, onun çoxşaxəli fəaliyyəti
barədə kütləvi
informasiya vasitələrində
ard-arda materiallar dərc olunmağa başlanılmışdı. H.Z.Tağıyev haqqında
müxtəlif janrlarda
qələmə alınan,
sayı bilinməyən
elmi, bədii, publisistik yazılar, rəsm, xalı, xalça, kino, mahnı, digər incəsənət
nümunələri mürəkkəb,
maraqlı, şərəfli
ömür sürmüş
milyonçu haqqında
əsl həqiqətin
və xalq məhəbbətinin ifadəsi
idi. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 11 mart 2020-ci ildə imzaladığı
Sərəncama əsasən,
Azərbaycanda neft sənayesinin təşəkkülündə
mühüm xidmətləri
olmuş böyük xeyriyyəçi, maarifpərvər
və ictimai xadim H.Z.Tağıyevin
xatirəsinin əbədiləşdirilməsi
məqsədi ilə Bakı şəhərində
onun abidəsi ucaldılmışdır. Ölkəmizdə
və UNESCO səviyyəsində
- beynəlxalq miqyasda
H. Tağıyevin 200 illik
yubileyinin böyük
təntənə ilə
qeyd olunması maarif və mədəniyyət fədaisinin
xidmətlərinə xalqımızın
öz övladına verdiyi böyük dəyərdir.
Mühacirət mətbuatında, publisistik
irsində də H.Z.Tağıyevin milli məsələlərdə göstərdiyi
fədakarlıq yüksək
dəyərləndirilmişdir. Məhəmməd Əmin
Rəsulzadə, Süleyman
Təkinər, Mirzə
Bala Məhəmmədzadə,
Məhəmməd Sadıq
Aran, Nağı Şeyxzamanlı,
başqa mühacirlər
xatirə və digər publisistik yazılarında "sərvət
və səxavətdə
məşhur Hacı"nın
millətə xidmət
yolundakı əməyinə
yüksək qiymət
vermişlər. Azərbaycan
Xalq Cümhuriyyətinin
süqutundan sonra xaricdə məskunlaşan
mühacirlər Vətəndə
cərəyan edən
ictimai-siyasi, sosial-iqtisadi
hadisələri, istiqlalçılara
qarşı həyata
keçirilən amansız
tədbirləri diqqətlə
izləyir, dərhal kəskin münasibət bildirirdilər. "Yeni Qafqasya"
dərgisinin
"Azərbaycanda türk
qadınlığının keçmişi və indiki halı" (¹1,
1924), "Hacı Zeynalabdin"
(¹2, 1925), "Bakıda bir
"Cocuq sabahı"
(¹2, 1925), "Azərbaycanda sənaye nə halda" ( ¹5, 1925), " Hacı
Zeynalabdinin səneyi-devriyəyi
vəfatı" (¹24, 1925), "Azəri mətbuatının
müxtəsər tarixçəsi"
məqaləsinin "İlk Rusiya ihtilatı ilə başlayan dövr" hissəsi (¹9,
1926), "Azərbaycan misaqi-millisi"
(21, 1926), "Səhiyyə şəraiti" (¹17,1926), "Bakı və Azərbaycan" (¹1,1927) adlı
yazılarında H.Z.Tağıyevin
xidmətləri xatırlanır,
təqdir edilir.
"Yeni Qafqasya" kimi
"Odlu yurd",
"Azəri türk",
"Azərbaycan yurd bilgisi" (İstanbul), "İstiqlal",
"Qurtuluş" (Berlin), "Azərbaycan" (Ankara) kimi
dövri nəşrlər
də sələflərinin
yolunu davam etdirmişdir.
Nağı Şeyxzamanlının (1883, Yelizavetpol, Gəncə -
1967, İstanbul) "Azərbaycan"
(Ankara) dərgisindəki "Böyük bir xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə"
(may, ¹3(62); iyun ¹4(63), 1957) adlı
irihəcmli məqaləsi
də bir sıra cəhətləri
ilə diqqəti çəkir. "Naği
Keykurun" imzası ilə dərc olunmuş məqaləni şərti olaraq iki hissəyə bölmək olar. "Mən bu yazımda
Azərbaycanın ölməz,
böyük simalarından
olmuş Hacı Zeynalabdin haqqındakı intibalarımı (təəssüratımı)
hörmətli oxuculara
anlatmağa çalışacağam"
- yazan müəllif, əvvəlcə, H.Z.Tağıyev haqqında
eşitdiklərini qələmə
alır. O, 1918-ci ildə
Gəncə Milli Komitəsi
tərəfindən ölkəmizin
erməni-bolşevik güclərindən
təmizlənməsi, istiqlalın
müdafiəsi üçün
hərbi yardım almaq məqsədilə Türkiyəyə göndərildiyini,
Məclisi-Məbusana getdiyini,
orada Ayan (Məclisin bir qolu) rəisi
Hacı Adil bəylə
görüşdüyünü qeyd edir. Yeri
gəlmişkən, müəllif
bu barədə sonralar - 1964-cü ildə
qələmə aldığı
"Azerbaycan Cumuriyetinin
sabık genel müdürü. Azerbaycan
İstiklal Mücadilesinin
Hatıraları" (İstanbul: Ekspres Matbaası, 1964, 135
s.) əsərində də
söz açır. Hacı Adillə söhbət əsnasında
məlum olur ki, o, H.Z.Tağıyev haqqında xeyli məlumatlıdır: "Hacı
Adil bəy "O zat çox möhtərəmdir"
- deyərək sözlərinə
belə başladı:
- Balkan Hərbi sıralarında
idi. Bolqarlar türklərə qarşı
çox zülm edirdi. Onlar türk
kəndlərini yandırır,
xalqı soyur, türk millətinə xəyala gəlməyən
vəhşətləri rəva
görürdülər. Pərişan
xalqımızın dərdlərinə
dərman olsun deyə, bir yardım cəmiyyəti qurduq və ianə toplamağa başladıq. Mən o
zaman Ədirnə valisi
idim. Avropaya gedən tacirlərimizdən
və səfirlərdən
ianə toplayırdıq.
Elə bu zamanlar adını xatırlaya bilmədiyim bir səfirimiz də Berlinə gedirdi. Biz ona müraciət edərək
yardım istədik və aldıq. Səfir "Siz xaricə nə üçün müraciət
etmirsiniz?" - dedi və bunun üzərinə
Qafqazın Bakı şəhərində Hacı
Zeynalabdinin adresini bizə verərək:
"Siz vəziyyəti
izah edərək yardım tələb edin" tövsiyəsində
bulundu. Söylədiklərini
etdik. Təqribən bir ay sonra İstanbuldakı
Nobel neft şirkəti
vasitəsilə o möhtərəm
zat biz türklərə
yardım məqsədilə
min altun lirə göndərmişdi". Adil bəy
bunları dedikdən sonra xatirə müəllifinə "Nağı
bəy, mənə Hacı Zeynalabdin haqqındakı bilgi və məlumatınızı
söyləməyizi bilhassa
(xüsusi ilə -
T.A.) rica edirəm"
- deyə müraciət
edir.
N. Şeyxzamanlı, əvvəlcə,
H.Z.Tağıyevin çətin keçən
uşaqlıq illərindən,
xoş bir təsadüfdən, "Bakı
şəhərinin Bibiheybət
səmtindən arsa (torpaq sahəsi - T.A.) aldığını, quyu
qazdırdığını, yerdən gözlənilməyən
dərəcədə neftin
fontan vurduğunu və beləliklə,
"zənginləşməyə üz tutduğu"nu nəql edir. Sonra isə Hacı haqqında eşitdiklərinin
bəzilərini bölüşür.
Müəllif H.Z.Tağıyevin xidmətlərinə
layiqincə dəyər
vermək üçün
Hacı Adil bəyə
deyir: "Hacı Zeynalabdinin zəkası iki qayə üçün
çalışmışdır. I zəngin olmaq, II milli qayəmizə xidmət etmək, milli gəlişməmizi
və inkişafımızı
dəstəkləmək. Hacı
artıq zənginliyin
son zirvəsinə yüksəlmiş,
bununla da birinci məqsədinə nail olmuşdu.
İkinci qayəsinə
gəlincə, illik gəlirinin 25 faizini fəxri rəisi olduğu "Cəmiyyəti-xeyriyyə"
və "Nəşri-maarif"
cəmiyyətlərinə bağışlamışdır. Bakıda çıxan və milli qayəni güdən türkcə və rusca qəzetlərin
nəşrini təmin
etmişdir". N.Şeyxzamanlı Hacının
vaxtı ikən yanında işlədiyi ustaya yardım etdiyini, Quranı ilk dəfə dilimizə çevirtdirərək Türkiyə
Sultanına hədiyyə
göndərdiyini, öz
vəsaiti hesabına müxtəlif yerlərdə
İsmayıl Qaspıralının
"Tərcüman" qəzetinə
abunə yazdırdığını,
Qafqaz türklərinin
Avropada ali təhsilə yiyələnmələri
üçün onlara
təqaüd ayırdığını,
Bakı Dram Cəmiyyəti
üçün bina tikdirdiyini, Gəncədə
məktəb tikintisinə
pul ayırdığını
və sair kimi xeyirxah əməllərini
də həmsöhbətinə
sadalayır.
Xatirə
müəllifi məqalənin
şərti olaraq böldüyümüz ikinci
hissəsində eşitdikləri
ilə yanaşı, gözləri ilə gördüklərini də
danışmağı lazım
bilir. O, yazır:
"Hacı Zeynalabdin
haqqında bundan sonra gözlərimlə gördüklərimi və
eşitdiklərimi də
sayın oxuculara anlatım ki, bu eşsiz (misilsiz, bənzərsiz - T.A.) böyük
insanın qiyməti daha yaxşı anlaşıla bilsin". N.Şeyxzamanlı şəhər klubunun möhtəşəm salonunda
"Cəmiyyəti-xeyriyyə" tərəfindən keçirilən
Novruz şənliyinə
təşrif buyuran H.Z.Tağıyevin imkanlı
adamların cəmiyyətə
daha çox ianə verməsi üçün fəallıq
etdiyinin, nümunə
göstərdiyinin şahidi
olduğunu yazır. Müəllif Birinci Dünya müharibəsinin
gedişində Türkiyənin
Şərq vilayətlərinin
Rusiya tərəfindən
işğal edildiyini,
"bu fürsəti qənimət bilən erməni çətəcilərinin
əsarətə məhkum
olmuş türk xalqına qarşı törətmədikləri vəhşilik
qalmadı"ğını, "bu yerlərdə edilən zülmlərin əks-sədasının bütün
Qafqaz xalqlarının
qulaqlarına çatdığını
və onların qəlblərini sızlatdı"ğını,
erməni xeyriyyə cəmiyyətlərinin öz
soydaşlarına sərbəst
şəkildə yardım
edə bildikləri halda, qafqasyalılara bu imkanın verilmədiyini, bundan xəbər tutan H.Z.Tağıyevin hərəkətə
keçdiyini, Rusiya imperatoruna müraciət edərək problemin aradan qaldırılmasına
nail olduğunu vurğulayır.
Məhz bundan sonra "Cəmiyyəti-xeyriyyə"
böyük bir nümayəndə heyəti
yaradır və dəmiryol idarəsindən
bir qatar alaraq onu bu
vilayətlərin əhalisinə
lazım olan zəruri geyəcək və yeyəcəklə doldurur, Qarsa, fəlakətə məruz
qalmış Anadolu türk
xalqına ilk türk yardım əli uzadılır. Xeyriyyə
Cəmiyyəti dəstələri
cəbhəyə getdikdən
sonra türk xalqına qarşı edilən vəhşiliklərin
önü alınır.
Cəmiyyət üzvlərinin
göndərdikləri raportlar
və raportların əks-sədası nəticəsində
rus ordu komandanlığı erməni
quldur dəstələrini
dağıdır və
bir neçə erməni də Ərzurumda edam edilir. O tarixlərdə cəbhə
bölgələrində zərər
çəkmiş mülki
erməni əhalisi üçün qurulmuş
olan yardım cəmiyyətinə rus çarı bir milyon manat ianə
bağışlayır. Bunu
eşidən Hacı dərhal rus çarının nəzdində
təşəbbüsdə bulunur, hərbdən yalnız xristianların deyil, müsəlmanların
da zərər çəkdiyini,
onların da yardıma
ehtiyacları olduğunu
bildirir. Bir neçə
gün sonra rus çarının əmri ilə Bakıdakı "Cəmiyyəti-Xeyriyyə"yə
də bir milyon manat ianə
verilir.
Nuru Paşa Bakıda olarkən, şəhərdə
İstanbuldakı kimi
böyük məscid
tikdirmək istədiyini
bəyan edir, H.Z.Tağıyev dərhal bu təşəbbüsə qoşulur
və üzünü
Paşaya tutur: "Möhtərəm Paşam,
siz çox doğru söylədiniz.
Biz bu günə qədər rus əsarəti altında inləyirdik. Qafqazda milli davamız qonşularımız
olan erməni və gürcülərdən
geri qalmışdı.
Bu ana qədər onun
yarışını edirdik,
onlardan geri qalmağımız bizi üzürdü. Dinimiz sərbəst idi, nə rus idarəsinin,
nə də xristianlığın təzyiqi
altında deyildi. Rus idarəsi tərəfindən
daima milli varlığımız
baltalanırdı. Paşam,
artıq Tanrıya şükür, əsarətdən
qurtulduq, nöqsanlarımızı
tamamlamamız zamanı
gəldi. İstanbuldakı
camiləri inşa edən ustalar kimi ustalar bizim
məmləkətimizdə yoxdur. Siz teleqrafla
İstanbuldan ustalar çağırın gəlsin
və işə başlasınlar. Para xüsusunda
toplamaya, nə də vəd etməyə lüzum vardır. Tanrının bizlərə verdiyi inayətlə hər birimiz bir cami
tikdirmək qüdrətindəyik.
Sizə söz verirəm, istədiyiniz camini mən öz paramla tikdirəcəyəm!" - deyə
çıxışını bitirdi".
N.Şeyxzamanlı xatirəsində
H.Z.Tağıyevin Azərbaycan
Xalq Cümhuriyyəti
dövründəki fəaliyyətinə,
istiqlala münasibətinə
də toxunur. Yazır ki, hökumətimizin
mərkəzi Gəncə
şəhərindən Bakıya
köçdükdən sonra
H. Zeynalabdin hökumət
başçısını ziyarət edir və "Əgər hökumətimizin paraya ehtiyacı olarsa, mövcud paralarım və sərvətim sizin ixtiyarınızdadır"
- deyir. Hacının bu addımı onun milli hökumətə,
istiqlala sədaqətini
nümayiş etdirir. Bakı Universitetinin açılış mərasimində
iştirakı və oradakı nitqi də H.Z.Tağıyevin
təhsilə, elmə,
tərəqqiyə diqqət
və qayğı ilə yanaşdığına
dəlalət edir. Xatirədə oxuyuruq:
"Hacı söz istəyir və alqışlar arasında ayağa qalxaraq danışmaq istərkən
gözləri yaşarır.
Bir müddət bu halda təvakkuf (gözləmək, dayanmaq
mənasında - T.A.) etdikdən
sonra sözlərinə
belə başlayır:
"Əziz vətəndaşlarım,
mən Bakıda bir çox məktəblərin açılış
mərasimlərində iştirak
etmişəm, hamısında
da sevindim. Bakıda bir Universitetin olmasını çox arzu edirdim, bir
vaxtlar bu barədə düşünmüşdüm
də... Bu nə böyük talih (uğur - T.A.) ki, Ulu Tanrım
məni məyus etmədi. Tanrının inayəti və xalqımızın qeyrəti
ilə Milli Cümhuriyyətimizi
qurduq, bu gün də Cümhuriyyətimizin ilk Universitetinin
açılış törənini
edirik. Mən bu xeyir və
irfan müəssisəsinə
gücüm miqdarda yardım etmək istəyirəm. Mənim də bu irfan
ocağında bir xidmətim olsun deyə, öz malım olan Hacı Zeynalabdin pasajını bu xeyir müəssisəsinə
hibə (hədiyyə
- T.A.) edirəm".
Mühacirət publisistikasına xarekterik
olan bolşevizmə, sovet-Stalin rejiminə qarşı kəskin nifrət hissi N.Şeyxzamanlı irsindən
də yan keçməmişdir. O, bu
əsərinə "bizdən
olmayan bizim düşmənimizdir" prinsipi
ilə hərəkət
etmiş, N.Nərimanovun
H.Z.Tağıyevi həbs
etdirməsi ilə bağlı heç bir mənbədə, tarixi sənədlərdə
təsdiqini tapmayan bir əfsanə də daxil etmişdir.
Yeri gəlmişkən,
vurğulamaq lazımdır
ki, hələ Hacının
sağlığında onun
işıqlı zəkası
və əməlləri
haqqında xalq arasında əfsanələr
dolaşırdı... Burada
isə N.Şeyxzamanlı
heç bir məxəz göstərmədən,
heç kəsə istinad etmədən belə bir rəvayəti
qələmə alır.
Yazır ki, məsud və həyəcan dolu o günlərimizə
bolşeviklər son qoydular.
Münbit torpaqlarımızı
və zəngin ölkəmizi zorla işğal etdilər. Bütün millətin sərvətini əlindən
alaraq Rusiyanın malı etdilər. H.Zeynalabdini ixtiyar
çağında parasız
buraxdılar. Onun pulu ilə oxuyan
doktor Nəriman Hacını həbs etdirdi.
Müəllif bu hadisəyə
səbəb kimi Hacının Bakıdakı
bez fabrikinin adının
bolşeviklər tərəfindən
dəyişdirilərək, "Lenin adına bez fabriki" adlandırılmasını göstərir.
Fabrikin adının
dəyişdirilməsi bolşevik
əməli ola bilər, amma bu sayğısızlığa
görə Hacının
N.Nərimanova müraciəti,
öz xidmətlərini,
o cümlədən, N.Nərimanovu
oxutmasını doktorun
başına qaxac etməsi heç inandırıcı görünmür.
Bunlar bir yana, guya Hacının
sözlərindən sonra
vaxtilə H.Z.Tağıyev
haqqında ilk əsər yazan N.Nərimanov qəzəblənir
və Hacını cəzalandırır. Xatirədə
oxuyuruq: "...Nəriman
nəzarəti altında
çalışdığı yanındakı rusdan qorxaraq, Hacını həbs etdirir. Bu hadisədən xəbər tutan fabrik işçiləri tətil edərək
ÇEKA-ya gedir və Hacının dərhal azad olmasını tələb
edirlər. Onlar Hacını bundan sonra da öz
hesablarına saxlayacaqlarını
bildirərək həbsdən
azad etdirirlər. Bu hadisəni eşidən xalqımız
çox üzülür.
Hacı Zeynalabdinin bundan sonrakı qısa həyatı Bakı ətrafındakı
Mərdəkanda kəndlilər
və fəhlələr
arasında keçir".
Yuxarıda qeyd etdiyimiz kimi, bu faktları heç bir mənbə, arxiv sənədi təsdiqləmir.
Mühacirlərin yazılarında
da, N.Şeyxzamanlı
istisna olmaqla, bu olayın təsvirinə təsadüf
edilmir. Bəs N.Şeyxzamanlı niyə
N.Nərimanovun ünvanına,
adına bu ağlasığmaz hərəkəti
yazmağı rəva
bilmişdir? Cavab sadədir: müəllif kommunist N.Nərimanovun şəxsində quruluşa,
rejimə qarşı
sonsuz kinini, nifrətini izhar etmişdir.
Ümumiyyətlə, xatirədə mübahisə
və sual doğuran bir sıra digər məqamlar da var və heç
şübhəsiz ki,
bu qəbildən olan qeydlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından
və dövlət strukturunda ən məsuliyyətli, yüksək
məqamlarından birinə
rəhbərlik edən,
bütün qəlbi ilə istiqlala və milli dəyərlərə
bağlı olan mücahid N.Şeyxzamanlının
xidmətlərinə, qələminə
zərrə qədər
də kölgə salmır.
N.Şeyxzamanlının H.Z.Tağıyev haqqındakı
xatirəsi bir çox cəhəti ilə aktual və əhəmiyyətlidir.
Bu xatirə:
- insanları mövcud problemlərə
diqqət və həssaslıqla yanaşmağa,
elmin, təhsilin, mədəniyyətin inkişafı
naminə xeyriyyəçilik
fəaliyyəti ilə
məşğul olmağa
səsləyir;
- cəmiyyətdə tutduğu mövqedən, partiya mənsubiyyətindən,
siyasi düşüncəsindən,
mənsəbindən, sahib
olduğu var-dövlətin
miqdarından asılı
olmayaraq, hər kəsə milli dövlətə, istiqlala
sədaqət və məhəbbət təlqin
edir;
- xeyirxah, yaxşı
əməllərin, millətə
xidmətin unudulmayacağını,
layiqincə dəyərləndiriləcəyini
təşviq edir;
- ədalətli və doğru yazmağı, mənbələrə,
tarixi sənədlərə
istinad etməyi tövsiyə edir;
- gənclərin sadə, səmimi, zəhmətsevər, qayğıkeş,
dürüst insan kimi formalaşmasına yardım edir;
- H.Z.Tağıyev şəxsiyyətinə daha
dərindən bələd
olmaq, eləcə də N.Şeyxzamanlının
publisistik irsini araşdırmaq, dəyərləndirmək
cəhətdən maraqlı
mənbədir.
21.11.2023
Abid Tahirli
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, ¹45.- S.22-23.