XXI əsrin ədəbi tənqidi: mətn, işarə, məna
Cavanşir
Yusifli haqqında
Professor Cavanşir Yusifli çağdaş ədəbi
prosesə münasibətdə
ən aktiv bir neçə tənqidçi imzasından
biridir. Bununla belə, onu ədəbi tənqidimizin
zahidi kimi görürəm: həmişə
hər yerdə görünməz, göründüyü
yerlərdə belə,
sanki "burada deyil" kimi hiss oyadar. Fikrimcə, istənilən yazar üçün vacib şərtlərdən biri
öz "xarizmasını"
mətnlərinə yansıda
bilmək bacarığıdır;
yaxşı əsər\mətn həmişə öz müəllifinə
bənzəyir, çünki
xalis enerjisini daşıyır. Cavanşir
Yusifli həm az qala, hər
həftə yeni bir esse yazır, yəni çox şey deyir, həm də hər mətni danışdıqca daha çox susur, elə bilirsən, əslində, demək istədiklərini yazdığı
cümlələrdə "boğur". Onun yazıları möhkəm
səslə öz içinə qışqırmaq
kimidir...
"XXI əsrin ədəbi tənqidi" silsiləsini
yazmaqda məqsədim
çağdaş Azərbaycan
ədəbi tənqidinin
ümumi mənzərəsində
ayrı-ayrı ədəbiyyatşünas\tənqidçi\esseistlərin
yaradıcı fərqini
göstərməkdir. Hərçənd
bu silsilənin digər yazılarından
da göründüyü kimi,
mən nə arxaik "tənqid" sözünü\anlayışını
sevirəm, nə də tənqidçi adını\ünvanını.
Di gəl uzun illər beyinlərdə oturuşmuş bu anlayışın sıfırlanması
üçün bizə
hələ xeyli zaman lazım olacaq. Baxmayaraq ki, növbəti dəfə israr edirəm, klassik ədəbi tənqid yerini böyük ölçüdə artıq
esseistikaya verib və ömrünü tamamən başa vurması yaxın 3-5 ilin işidir.
Yeri gəlmişkən, qeyd edim ki, çox vaxt esse janrına
tərəddüdlə yanaşılmasının
səbəbi məlumatsızlıqdır;
çoxuna elə gəlir ki, "tənqidçi"
adının "vahiməsi"
yanında "esseist"
ünvanı çox
sönük qalır.
Ona görə əksər
müəllifin mətnləri
janr xüsusiyyətləri
etibarilə əsasən
esse olsa da, tənqidçi adına israr edir. Halbuki
esse müəllifə
ədəbiyyatın çərçivəsində
qalmağa imkan vermir, ondan müxtəlif
elm və sənət
sahələri ilə
bağlı, heç
olmasa, maraqlı mətn ərsəyə gətirəcək qədər
çoxtərəfli bilgilər
tələb edir. Çağdaş tənqidçi\esseist onsuz da mətnə “qiymət verən”, onun ədəbi prosesdəki yerini müəyyənləşdirən
"hakim" ola bilmir, çünki
buna tələb yoxdur,
ehtiyac duyulmur. Bu gün mətnin şərhi, təhlili oxucu üçün tanıtım xarakterlidir. Etiraf edək ki, burada artıq ədəbiyyat maraqlarından
daha çox konkret olaraq müəllif və ya nəşriyyat maraqları öndədir.
Yazarkən bunu düşünsək də,
düşünməsək də, nəticə buraya varır. İndi mətnin özündən
çox onun haqqındakı fikir fikir doğurur. Əlbəttə, son söz
yenə oxucunundur, amma tənqidçi\esseist də ixtisaslı oxucudur və o yalnız mətn haqqında qənaətlərini bölüşmür,
dolayısı ilə
müəllifin obrazını
yaratmış olur.
Tənqidə qarşı tələblər
gərəkdiyindən çoxdur.
Bəzən "amplua"
sözünü "ampula",
"doğrudan"ı "doğurdan" yazan yazıçılar belə,
tənqidin köhnəliyindən,
yoxluğundan şikayətlənir.
Səbəb isə həmişəki kimi,
"məndən yazmırsa,
demək yoxdur" yanaşmasıdır. Ümumiyyətlə,
ədəbi tənqidlə
bağlı atılan
istənilən addım
produktiv ola bilmir, səbəblər nə qədər subyektiv kimi görünsə də, əslində, mahiyyətin dərinliyinə,
genişliyinə varsaq,
nəticə etibarilə,
tamamilə obyektivliyinə
şahid olarıq. Ədəbi tənqidin canlı mexanizm kimi fəaliyyətinə
mane olan amillər aradan qalxmadıqca (bu möcüzə heç vaxt baş verməyəcək)
hansı qurumlarda bu ad altında fəaliyyətə başlanırsa
başlansın, bu, bəzən Sizif əməyindən, bəzən
isə sadəcə, göstərişdən ("Show must go
on") ibarət olacaq.
Ədəbi tənqid
müxtəlif ictimai təcrübə və şərtlərlə bağlı
olduğundan dövr
yeni tipli oxucusunu yaradır və bu halda, bütün
digər sahələr
kimi, ədəbi tənqid də formasını, məzmununu
dəyişir.
Ədəbi-tənqidi diskurs sonuncu dəfə nə vaxt funksional
olub, nə vaxt rezonans yaratma
gücünə malik olub?
Məhz mətn üzərindən tənqidi
diskurs yoxdur, olsa belə, çox vaxt hesablanmış, razılaşdırılmış
süni prosesdən ibarət olur. Ara-sıra bu arxaik
diskursa can vermək cəhdləri olsa da,
proses elə gedir ki,
İsa nəfəsinin belə
ona xeyri yoxdur və heç gərək də deyil. Amma ümumi şəkildə
bu diskursu "tənqidi" adlandırmağa
alışmışıq, odur ki, hələlik belə də davam edək.
Cavanşir Yusifli onlarla tərcümə kitabının,
həmçinin "Bədii
mətnin sirləri",
"Ədəbiyyatda yaşamağın
formulu", "Azərbaycan
poeziyasında Əli Kərim mərhələsi",
"Gülüş və
dünyanın sonu",
"Yaddaşın poetikası",
"Sözdən əşyaya"
və s. kitabların müəllifidir. Budəfəki
ədəbi tənqid
haqqında mülahizələrimi
əsasən müəllifin
"Mətn, işarə,
məna" kitabı
üzərində qurmaqla
yanaşı, yeri gəldikcə bu əhatə dairəsindən
kənara çıxacağam.
Çünki 2019-cu ildə
çap edilmiş bu kitabdakı əsas tendensiya - mətnin ideya və məzmun qatına deyil, onları yaradan məna qatlarına, işarələr sisteminə
fokuslanma C.Yusiflinin
ötən əsrin sonlarındakı tənqidi
mətnləri üçün
də xarakterikdir. Və elə ilk tənqidi yazılarından
onun klişelərə
qarşı olduğu,
oturuşmuş düşüncəni
dağıtmağa meyilliliyi
özünü göstərir.
2016-cı
ilin poeziyası haqqında məruzəsində
Cavanşir Yusifli Şəms Təbrizinin
"Şeirdə sözün
meydanı dar, \Mənanın meydanı geniş olmalıdır..."
fikrini yada salır. Özünün xüsusən
son dönəm "Ədəbiyyat
qəzeti"ndə çap
olunan yazıları ilə bu ifadəni
bütünlükdə yaradıcılığa
aid etməyin mümkünlüyünü
sərgiləyir.
Cavanşir Yusiflinin
tənqidi yaradıcılığının
əsasında nəzəri
təcrübə dayanır,
onun filoloji yanaşması məhz mətnin içindəki məna tutumu və onun ifadə
olunduğu işarələr
sistemi ilə bağlıdır. Doğrudur,
ümümi mənzərədə
əksər ədəbiyyatşünas\tənqidçi\esseist üçün vacib olan elə bu
cəhətlərdir. Amma müəyyən
məqamdan sonra bu şərhlərdə həmin o arayış başını alıb gedir və mətnin
şərhinə, bəzən
mənaların interpretasiyasına
gətirib çıxarır.
Cavanşir Yusifli mətnə,
hər şeydən öncə, nəzəriyyəçi
kimi yanaşsa da, şeirə təhliləgəlməyən
mətn kimi yanaşdığı məqamlar
olduğunu da görə
bilirik: "Bu misraların
içindəki hisslər
"düşünülmədiyindən"
bütün hallarda şeirin izahı bizə heç nə vermir, təhlil etdikcə bədii mətnin özündən addım-addım
uzaqlaşırsan". Bu metafizikliyi,
sirrin mətndən öncə gəlməsini
tənqidçi nəzəri
müddəa ilə əsaslandırır. C.Yusifliyə
görə, yaxşı
mətnin özəyində
reallıq dayanmır,
əksinə, mətn
özü reallığı
yaradır və onun təhlillərinin mərkəzində həmişə
yalnız mətn və müəllifin yaratdığı işarələr
sistemi görünməkdədir
- bu tandemin doğurduğu sirr. Onun mətnləri aysberqin altında alov axtarmaq kimidir. Əgər adətən, tənqidçi mətni təhlil edirsə, C.Yusifli mətnin\sözün arxasındakı
məqsədin, ideyanın
yaranma stixiyası, səbəblər və zəmininin üzərinə işıq
tutur. Müəllifin nəyi necə yazdığı ilə yanaşı, nə üçün yazdığı
da görünür onun
şərhlərindən - mətnin sirri açılır.
Cavanşir Yusiflinin mətnləri
istər mövzu və problematika seçimi, istər məsələnin qoyuluşu
etibarilə hər
zaman bütövlükdə prosesin əks qütbündə dayanır
və onun üslubuna ilk baxışdan
həmişə bir az anlaşılmazlıq kimi görünən mürəkkəblik, dərinlik,
bir az da sərtlik\kateqoriklik xasdır. Sonuncu nə zaman təzahür edir mətnlərdə? Müəllif öz bilgi və bazasına
güvənəndə, alternativ
fikir əndişəsinə
qapılmayanda kateqoriklik
üstünlük təşkil
edir.
"Mətn, işarə, məna" kitabından
da göründüyü kimi,
Cavanşir Yusifli həm klassik, həm də çağdaş ədəbiyyat
nümunələrini təhlil
edir. Hər iki halda, poeziyaya
üstünlük verir.
Bəlkə, bu ona görədir ki, professorun düşüncəsincə,
poeziya yalnız gerçəküstü olanın
ifadəsidir (və yaxud gerçəyin gerçəküstü ifadəsidir):
"Poeziya görünməyən,
ağla gəlməyən
dünya ilə təmasdan bəhs edir və bu
qaranlıq və görünməyən dünya
zamanla görünən,
əlini toxundura bildiyin gerçəklikdən
daha yüksək və əhəmiyyətli
olur..."
Kitabda
"Formanın müqəddəs
sirri" silsiləsindən
ibarət olan "Ayrılan yollar - Qasım bəy Zakir",
"Bədii mətnin
janr-üslub konteksti:
Mola Pənah Vaqifin görmədikləri", "Axundov yaddaşı",
"Dilin və bədii təfəkkürün
bədii formada ifadəsi" məqalələri
klassik ədəbiyyata
müasir baxışdır.
İlk ağla gələn
"formanın sirri varmı?" sualıdır,
özü də müqəddəs? Cavab, əlbəttə, bütünlüklə
silsilədə, ən
çox da ilk məqaləsində
əks olunub. Bu baxımdan ədəbiyyatşünasın
müqayisəli müstəvidəki
müşahidələri də
maraqlıdır. Məsələn,
"Formanın müqəddəs
sirri"ni çözməyə
çalışarkən Seyid
Əzimi Zakirlə müqayisə edir: "Zakirdən
fərqli olaraq, Seyid Əzimdə satirik kontekstə keçid "yarğanlar
şəklində" hiss edilmir. Seyid Əzimin bu tipli mətnlərində vəziyyəti duyaraq, yaşayaraq, ondan çıxış yolunun
qaldığını güman
edərək yazmaq tərzi hiss edilir". Həmçinin məsələyə
başqa bir istiqamətdən nəzər
yetirərək, forma baxımından
da qəzəlləri özü
üçün, satiralarını
sosial diqtə ilə yazıbmış kimi görünən Seyiddə bu keçidin sanki "öz intonasiyasına ironiya" ilə süsləndiyini qeyd edir.
"Ey Şeyx Nizami"
məqaləsində Seyid
Əzim Şirvaninin:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü
- ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək
Beyti, evi, məktəbi, kəlamı dağılan
- beytindən söz açarkən Cavanşir
Yusifli bilinənləri
yenə bir kənara itələyib başqa bir sirr pərdəsini açır: "Seyid Əzimin bəndinin görünən və bilinən anlamı təkcə fiziki dağıntı, nəyinsə
uçması, dağılması
demək deyildir, dünyadan böyük olmaq, onun sərhədlərindən
daşmaq... elə toz olmaq, dağılmaq,
yaxşı mənada
görünməmək deməkdir.
Böyük ədəbiyyat
həmişə və
hər yerdə, həm də bütün zamanlarda bu tipli görünməyən
nəsnələrin təsirinə
uyur, onunla yaşayır, onunla nəfəs alır..."
C.Yusiflinin mətnləri, beləcə,
güzgünün arxasındakıları
görməyə israr
edir. İstər klassik, istər çağdaş ədəbiyyata
yanaşmadakı bu
"tərs köşə"lər
bildiklərimizə, bildiyimizi
sandıqlarımıza bir
başqa nəzərlə
baxmağımızı təmin
edir, axtarışa sövq edir. Ədəbiyyatın, əslində,
bir sual, bir arayış olduğunu unutmağa imkan vermir, daşlaşmış
qənaətlərimizdən şübhələnməyə əsas yaradır.
İlk dəfə, deyəsən,
Seyid Əzim haqqındakı bu məqaləsini oxuyanda düşünmüşdüm ki, Cavanşir Yusiflinin tənqidi mətnlərinin
dayağı nəzəriyyə
olsa da, onlarda qəribə bir ekzistensiallıq var. Bütün
gerçəküstülüyünə
rəğmən bu atmosfer mətni həm həyatın acı gerçəklərinin
içinə çəkib
gətirir, dünyanın
başına dolandırandan
sonra isə ovuclarını açıb
buraxır səmaya. Cavanşir Yusiflinin əksər mətnlərini
oxuyarkən məhz ədəbi düşüncənin
öz azad səmasına buraxıldığı
təəssüratını duyuram. Bunlar isə bir ədəbi-tənqidi
məqalədən daha
çox esseyə məxsus xüsusiyyətlərdir.
Ümumiyyətlə, C.Yusiflinin mətn intonasiyası da çoxdandır
ki, elmi-nəzəri çərçivələri
aşıb; onun esseləri də, bir növ, poeziyadır.
Hər müəllifin öz dəsti-xəti olanda, oxuduğu mətndən içindəki səsi, avazı eşidəndə
oxucu mətnlə tanışı ilə qovuşmuş kimi doğmalaşır. Cavanşir
Yusiflinin bütün yazıları eyni ritm və intonasiya
ilə daimi oxucusunun ürəyində
öz köşəsi
olan doğma mətnlərdir. Son dönəm
"Ədəbiyyat qəzeti"ndə
çap olunan kiçik həcmli, br növ, tezis
xarakterli "Bitməyən
yazılar", "Poeziyanın
xarakteri", "Dramaturgiya,
yaxud bədii mətnlə dərdləşmək...",
"Ədəbiyyatın yetişmək
istədiyi üfüq",
"Əbədi yuxusuzluq,
yaxud dairəvi hərəkət stixiyası",
həmçinin "İtmiş
mənalarla oyun...",
"Janr transformasiyası
və üslub fərqləri", "Filoloji
fantaziya fraqmentləri"
silsilələrindən yazılar
və s. Cavanşir Yusifli tənqidinin metodologiyasını müəyyənləşdirmək
baxımından xarakterikdir.
Bu yazılarda hansısa
bədii əsəri
(və ya kiçik parçanı)
fon olaraq götürüb özünün
poeziyaya, nəsrə,
bütövlükdə ədəbiyyata
baxışını, tələb
və münasibətini
sərgiləyir. Tezis
və onu əsaslandıran əsərlə
bağlı bir neçə cümlə bəzən bir dərs qədər təsirli olur. "Bədii mətn nə deyir?"dən çox "Bədii mətn nə istəyir?" önəmlidir. Bədii mətn bizdən ideya yaratmağı istəyir. Ən gözəl və mükəmməl deyilə
biləcək mətnlər
məhz bunu istəyir, onların məzmun nağıllanmasına,
geniş və ucuz semantik təhlillərə
ehtiyacı yoxdur, bədii mətn "mənə görə oxucu üçün ideya yarat" deyir. Bu səbəbdən
ədəbi tənqidin
analitik olmaqdan başqa çarəsi və şansı yoxdu..." - bu fikirlər C.Yusiflinin
bütün ədəbi-tənqidi
yaradıcılığının xülasəsidir.
Cavanşir Yusifli çağdaş
ədəbi tənqidimizdə
sözünün çəkisi
müzakirəyə meydan
verməyən, mövqeyi
qeyd-şərtsiz qəbul
edilən avtoritetdir; onun müsbət yöndə təqdim etdiyi mətnə/müəllifə
"zaval yoxdur".
"Ədəbiyyat meşələri"ndə
təkbaşına gəzişən
bu dərvişin arzusu bu məkanın
səhraya çevrilməsinin
qarşısını almaq
çabasıdır. Hər
yazısı bir az da dərsdir - nə isə öyrənirik, ya yox, bu artıq
bizə bağlıdır.
Mətanət VAHİD
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, ¹45.- S.19.