Gəncədən gəlirəm...
Yüküm xatirə
17
yaşım var idi ilk dəfə ruhumuzun paytaxtı qədim Gəncə
şəhərinə qədəm basanda. Qərib Mehdili, Sabir
Əliyevli, Xəlil Yusifli, Altay Məmmədovlu,
Mürşüd Məmmədlili, Bahadur Fərmanlı,
Nüşabə Əsədli dünyama 17 yaşımda Gəncədə
könül bağlamışdım. Hər biri aydın səma,
unudulmaz göy üzü kimiydi... Az keçmədi bu könül
dünyamda Xəzangül, Məzahir Hüseynzadə,
Sahib İbrahimli, Aləmzar Əlizadə, İnqilab İsaq,
Ələsgər Əlioğlu, Aydın Murovdağlı,
Nizami Aydın, Saleh Qurbanov, Firəngiz İdrisqızı, Rəna,
Tərbiyə doğmalığı yer almağa
başladı. 17 yaşıma tale, ömür-gün hədiyyəm
oldu bu yeni dünyam.
Amma noyabr ayının 16-da həmin o doğma Gəncə şəhərində
məni mənzilə götürəcək mikroavtobusa qədəm
basdığım an cavan, 16-17 yaşlarında olan bir
xanıməfəndinin yerindən qalxıb "buyurub əyləşin,
əmi" - deməsi məni ötən illərin nostalji
duyğularından ayırdı. Kadr dəyişdi. Səhnə
qapandı.
Və açıldı 63 yaşımın
Gəncə ədəbi mühiti qarşısında verdiyim
hesabatla. "Aydın səma kimi" kitabımla qoşa gəlmişdim
bu hesabata. Gəncə şəhər İcra Hakimiyyətinin
dəstəyi, Gəncə - Daşkəsən Regional Mədəniyyət
İdarəsinin təşəbbüsü və Azərbaycan
Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı
ilə təqdimatı keçirilirdi qələm dostum
Elçin İsgəndərzadənin
yaradıcılığını incələyən
"Aydın səma kimi" adlı kitabımın.
Tədbiri AYB Gəncə bölməsinin
sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül
xanım açdı. Görkəmli yazıçı,
ustadım Qərib Mehdinin rəhbərlik etdiyi
"İlham" ədəbi məclisində keçən
günlərin unudulmaz anlarını dilə gətirdi. Təqdim
olunan kitabın məziyyətlərini incələdi.
Sırasıyla Məzahir Hüseynzadə, Nüşabə
Əsəd Məmmədli, Qərib Mehdi, Saleh Qurbanov,
Ümbülbanu, Zəfər Abbasov, Oktay Abdulla, İmam Cəmilli,
Fazil Sənan, İqbal İsmayılov, Zülfiyyə Yaqub,
Vüsal Hicran, Almaz Yusifqızı, Cavanşir Atəşi,
Firəngiz İdrisqızı, Mərquşə İbrahimova
və Sərvi xanım yaradıcılığımla
bağlı ürək sözlərini dilə gətirdilər.
Sanki Qəşəm Nəcəfzadə, Kəramət
Şükürov, Valeh Bahaduroğlu, Ramiz Orsəl, Əjdər
Ol, Məcnun Oruc, Səkinə Şərqi və Esmira
Ağabalayeva ilə bir aradaydıq. Tədbir boyunca 17
yaşımı, o unudulmaz günlərimin aydın səma
kimi saf və geniş dünyasını
xatırlayırdım. Nəzərlərim tədbirə
qatılmış tələbə yoldaşlarım Sərgülün,
Simuzərin, Mərquşənin məmnun
baxışlarına dikilib qalırdı. Fikrimdə yeni
misralar dolaşmaqdaydı:
Gəncə çox dəyişib,
amma adamlar,
Ağaclar əvvəlki rəngində
idi...
O dəyişməz
dünyama, aydın səmama sonsuz sayğı, minnətdarlıq,
əbədi ehtiram və sədaqət hissilə dərin təşəkkürümü
bildirdim Xəzangül xanıma, Qərib Mehdiyə, Məhazir
Hüseynzadəyə, Aləmzar Əlizadəyə və tədbirə
qatılan bütün qələm dostlarıma.
Elə zənn edirdim həmişə məni "tələbə
yoldaşım" - deyə əzizləyən Xalq şairi Nəriman
Həsənzadə, əzizim Qəzənfər Paşayev
yanımdadırlar. Unudulmaz Səməd İsmayılovun ruhunu
şad görürdüm.
Yaxın
günlərdə qələmə
aldığım misraları dərin
sayğılarla oxuyurdum qələm dostlarıma:
Ayaq
ağrıtmadı, dizə vurmadı,
Xəncər qucamadı, nizə
vurmadı,
Ağaran
saçımı üzə
vurmadı
Qadasın aldığım Gəncə
yolları...
Gəncədəydim,
17 yaşıma dönmüşdüm, yüküm xatirələrdən
tutulmuşdu. Yer üzüm, Göy üzüm və çəkilən fotolar şahidim idi.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, №45.- S.18.