Müasir Azərbaycan ədəbiyyatı oçerkləri:
Əli Əmirli - müstəqilliyin dramatikası
Əli Əmirli
(1948) yazıçı, dramaturq,
ssenarist, Azərbaycanın
əməkdar incəsənət
xadimidir (2015). Çoxsaylı
hekayə, povest, roman və pyeslərdən
ibarət zəngin yaradıcılığı olan
Əli Əmirlinin adı ilk növbədə
Müstəqillik dövrünün
yeni teatr dramaturgiyasını təmsil
edənlər sırasında
anılır və tanınır.
Əli Əmirlinin
ədəbiyyata gəlişi
1971-ci ildən, "Azərbaycan"
jurnalında (1971, № 8) çıxan
"İrs", "Görüş",
"Qağayı" adlı
hekayələri ilə
başlayır. 1970-1990-cı illər ərzində onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən
"Azərbaycan", "Ulduz", "Literaturnıy
Azerbaydjan" jurnallarında
dərc olunur. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram",
"Meydan", "Sonalar
gölü", "Bir
il", "Ərizə",
"Tapança", "Ölü
doğan şəhər"
kimi roman və povestlərin və iyirmidən çox hekayənin müəllifidir. "Bir qış günü (hekayələr)" (1977), "Yeddi hekayə" (1980),
"İldırımötürən (povest)" (1983), "Axirətdən
qabaq gəzinti (roman)" (1989), "Haram
(roman və povest)" (1992), "Meydan
(roman)" (1992), "Ölü
doğan şəhər
(roman)" (1999), "15 pyes
(pyeslər)" (2006), "Hasarın o üzü (pyeslər)" (2010), "Ağdamda
nəyim qaldı (avtobioqrafik roman)"
(2019), "Pərdəsiz (pyeslər)"
(2021) kitablarını çap
etdirmişdir. Əli Əmirli 2000-ci ildə ədəbi uğurlarına
görə "Humay İlahəsi" mükafatına
layiq görülüb.
Əli Əmirlinin
nəsri kəskin sosial yönümlüdür
və bir nasir kimi uğurunu
həyat fakturasına
yaxından bələdliyi,
cəmiyyətin ziddiyyət
və problemlərinə
həssaslığı və
geniş ümumiləşdirmələrdə
obraz ehtivası şərtləndirir. İlk
hekayələrindən həyatın
acı, maddi və mənəvi borc tərəflərinə
diqqət çəkən
yazıçı əsərlərində
bir qayda olaraq problem qaldırır, problem
"həll etmir".
Sosial və mənəvi tarazlığın
pozulduğu cəmiyyətdə
məhz həllolunmaz problemlərə həssas
olur. 1980-ci illərin dekadans havasını,
"axirət" problematikasını,
"ölü doğan"
sindromunu aktual etiraz notlarında qələmə alan yazıçılardan biri
də Əli Əmirlidir.
Povestlərinin hər biri qəhrəmanın
içindəki "son
partlayış"ı fiksə
etməklə, rezonans
verib "ildırım"ı
bütünlükdə cəmiyyətə
ötürür. Əli
Əmirlinin prozası
publisist vurğuya malik olub, yarandığı
dövrə çox bağlıdır; tarixin rəqəmi xüsusi qabardılmasa da, fakturası, təfərrüatı,
səbəbiyyət sırası
özü zamanı və zəmanəni dürüst nişan verir. Belletrist keyfiyyətlər Əli Əmirli nəsrinin xeyrinə işləyir. Oxucu marağı hər hansı problem ətrafında təmərküz tapırkən,
fonda mətləb daha dərinlərə gedir, altşüuru da bu qatlara
çəkib aparır.
Povestlərində konkret
süjet səviyyəsində
gerçəkləşən həmin ideya əsası yazıçının
romanlarında ağırlaşaraq
çoxsəsli düşüncəyə
çevrilir. Heç
təsadüfi deyil ki, sabiq sovet
quruluşu çökərkən
Əli Əmirlinin bilavasitə tarixi hadisələrin iziylə
qələmə aldığı
"Meydan" və
"Ölü doğan
şəhər" romanları
bugün də müstəqilliyin ərəfəsi
Azərbaycan cəmiyyətində
baş verən toplumsal prosesləri canlı təsəvvür
etmək üçün
ən əyani bədii materiallardır.
"Meydan" romanı (1992) 1988-ci ilin noyabr-dekabr aylarında Qarabağ hadisələrinə
etiraz niyyətilə xalqın geniş təbəqələrinin Azadlıq
meydanına yürüş-mitinqindən
mövzu alır. Konkret məkan anlamından başqa,
"meydan" adı
həm də metaforik məna kəsb edir, sovet ölkəsinin çökməsi ərəfəsində
milli cəmiyyət həyatına, onun mənəvi durumuna, düşüncə-fikir və
sosial spektrinə nəzər salmaq fürsəti verir. Müstəqillik hərəkatının
qaynar içindən,
hərəkatın dalana
dirəndiyi bir zamanda qələmə alınması romanın aktuallığını qabardırdı.
Təsadüfi deyil ki, elə həmin
ildə əsər görkəmli rejissor Hüseynağa Atakişiyev
tərəfindən Dövlət
Gənclər Teatrında
tamaşaya qoyuldu və pyes variantı
meydana gəldi.
Əli Əmirlinin
yaxın tarixin qaynar hadisələrindən
bəhs açan daha bir - "Ölü doğan şəhər" romanı
da önəmini saxlamaqdadır. Ötüb-keçən
illərin ağır,
ağrılı-acılı havasını özünə
sızdıran, bu və ya digər
qədər qoruyub-saxlayan
roman, povest, hekayələr az deyil. Lakin bu
sırada 1988-ci ildə
erməni fitnəkarları
tərəfindən törədilmiş
bədnam Sumqayıt hadisələrini roman miqyasında əks etdirən yeganə əsər "Ölü
doğan şəhər"dir.
Yazıçı romanı
1991-ci ildə qələmə
alsa da, çox gec, ilk dəfə "Azərbaycan" jurnalının
1997-ci il 11-12-ci sayında
dərc etdirə bilmişdir.
Roman çox
mürəkkəb, lakin
ustalıqla hazırlanmış
Sumqayıt hadisələrini
problemləşdirərək, ümumən "ölü
şəhər", "ölü
cəmiyyət", "ölü
mühit" sindromunun
sillabo-anatomiyasını açmağa
müvəffəq olur.
"Ölü doğan"
metaforası bütövlükdə
son sovet dönəminin xarakteristikasını,
mahiyyətini özündə
qapsayır. Sumqayıt
kimi sovet dövründə, sosializm
quruculuğu entuziazmının
nəticəsi olaraq yaranmış, eyni zamanda pozitiv pafosu ilə ədəbiyyatda da - şeirlər, poemalar, oçerklər, hekayələr,
povestlər, romanlarda
"beynəlmiləlçilik və gənclik şəhəri" kimi tərənnüm olunmuş
məkanda erməni milliyyətçiliyinin qatı
zəminində baş
vermiş hadisələr
özlüyündə metonimik
və metaforik yük daşıyır və romana da məhz bu
gücdə daxil olur.
Roman oxucunu
faktura ilə alır, həm də bu zaman
müəllif çox
müxtəlif qism və xassəli materiyalara eyni səriştə ilə
"girişə", baş
vura bilir, ən müxtəlif qatlardan predmet, cism və mənzərələri
eyni ustalıqla mətnə daxil və təsvir edir. "Ölü doğan şəhər"
- həmin "şəhər
materiyası"nın bilavasitə
küçələrdən, meydanlardan, hündür borulu, göylərə zəhər dağıdan
zavod və onun içərisində yalnız gərginlik istehsal edən sexlərdən; beşmərtəbələrin
əyri-düz əhatələdiyi
məhəllə və
bu, ya digər
mənzillərinə qonmuş
ailələrdən keçən;
tramvay yolu və avtobus dayanacaqlarında, bu və ya digər
situasiya ətrafında
dayanıb-duran, sürüşüb-gedən
naturallığıdır. "Şəhər elə bil adını, eşidib qəfil çıxdı boz üfüqdən, - bir dəfə, romanın əvvəlində daxil olan bu məqam:
- ... Uzaqdan görünən
hündür, alçaq,
qalın, nazik borular, islam şəhərlərindəki uca
minarələrə oxşayırdılar..."
- əsər boyu diqqətdə qalır. Həmin "bozluq" insanların içlərində,
həyatından növbənöv
mənzərələrdə, dilin-nitqin qabartdığı
qatbaqat danışıq
naturallığı, sırf
məişət görüntülərində
izlərini qoyur. "Bu şəhərdə hər kəsin öz ləhçəsi,
danışıq şivəsi
vardı. Gənclik şəhəri deyilən
bu təzə şəhərin əhalisinin
hamısı gəlmə
idi..." - yazıçı
əsərdə hər
surətin öz "şəhər ədası"
və davranışını
tapmağa çalışır.
Birbaşa "natura"
romanın qurulmasında
başlıca ünsür
kimi çıxış
edir. Şəhərin
"havası"ndan çıxmış
hər bir surət həm də onun timsalı
kimi canlanır.
Bu zaman
yazıçının seçdiyi
təhkiyə nöqtəsi
maraq doğurur. O gah hadisə və personajları ən yaxın məsafədən addımbaaddım
izləyir, gah surətin içinə girib, onun nöqteyi-nəzərini
əsərə daxil edir, gah da
neytrallaşıb ümumi
təsviri irəli aparır. Diqqət etdikdə ortaq məxrəc şəhərin
üstündə asılıb
qalan həmin "hava"nın özüdür:
"Aləm toz-torpaq bürünsə də, pəncərə şüşələri
sınıb tökülsə
də, bu şəhərdə küləkli
havanı xoşlayırdılar.
Yalnız belə havada şəhərin zəqqum dadan, üfunət iyi verən zəhərli havası dağılır,
təmizlənirdi." Təhkiyə
əvvəlcədən bu
acı havanın pozasını aldıqdan onu hər yerdə
- surətlərin içində
də, yan-yörəsində
də axtarıb-tapır.
"Ölü doğan şəhər"
konseptual olaraq problem-roman kimi düşünülmüşdür. Əsər 1988-ci il Sumqayıt hadisələrinin
ərəfə anı
ilə başlayır,
ona doğru irəliləyir, ona gətirib çıxarır.
Sumqayıt hadisələrini
səbəblər əhatəsinə
alır, nəticə
olaraq "ölü doğan şəhər"in
- ölkənin - cəmiyyətin
labüd məhvini təcəssüm etdirir.
Əli Əmirlinin
dramaturji yaradıcılığı
1990-cı illərdən başlayır.
Bir-birinin ardınca yazdığı "Ərizə",
"Meydan", "Cəza",
"Bala, bəla sözündəndir?", "Ağqoyunlular və qaraqoyunlular", "Onun iki qabırğası",
"Yeddi məhbusə",
"İtkin ər",
"Səhnədə məhəbbət",
"Varlı qadın",
"Mesenat" və
s. pyesləri 1990-cı illər
ərzində Azərbaycan
paytaxtının teatr
səhnələrində uğurla
tamaşaya qoyulur. Zaman özü, sovet quruluşundan qopub müstəqil həyata keçidin ziddiyyətlərini yaşayan
cəmiyyətdəki durum,
ictimai-siyasi abhava yazıçının dramaturji
istedadını üzə
çıxardı. Xüsusən
Dövlət Gənclər
Teatrının baş
rejissoru Hüseynağa
Atakişiyevlə dramaturq
Əli Əmirli arasında yaranan intensiv yaradıcılıq
tandemi səmərəli
olmuş, "keçid
dövrü"nün rəngarəng
mövzu və problematikası səhnədən
eşidilərək, aktual
bədii dərkini tapmışdır. Əli
Əmirlinin özünəxas
dramaturq üslubu, teatr poetikası da bu illərdə
formalaşmışdır.
Çox tezliklə
dramaturqun pyesləri
"ictimai sifariş"ə
cavab olaraq, Azərbaycanın əksər
teatrlarında, o cümlədən
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında, Dövlət Musiqili Komediya Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında,
Dövlət Gənclər
Teatrında, habelə
Sumqayıt, Gəncə,
Şəki, Lənkəran,
Qazax, İrəvan, Mingəçevir, Qusar dövlət teatrlarında
tamaşaya qoyulmuşdur.
"Onun iki qabırğası" komediyası
Tbilisidə, "Varlı
qadın" pyesi isə Tacikistanda V.Mayakovski adına Dövlət Rus Dram Teatrında (rus dilində) və Vohidov adına Tacikistan Dövlət Gənclər
Teatrında tacik dilində tamaşaya hazırlanmışdır. Vohidov
teatrının tacik dilində hazırlanmış
tamaşası Almaatada
keçirilmiş Yaxın
Şərq ölkələrinin
II Beynəlxalq Teatr festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülmüşdür.
Elə həmin festivalda digər teatrların diqqətini cəlb edən "Varlı qadın"
2009-cu ildə Qırğızıstanın
paytaxtında A.Umuraliyev
adına Bişkek şəhər dram teatrında rus və qırğız dillərində tamaşaya
qoyulmuşdur. Həmin
əsər üzərində
Qazaxıstanın yeni
paytaxtı Astanada M.Qorki adına Rus Dövlət Dram Teatrında tamaşa hazırlanmışdır.
Dramaturqun əsərləri
rus, türk, tacik, qazax, qırğız
və sair dillərə tərcümə
olunmuşdur. Son illərdə Əli Əmirli rus ədəbiyyatının klassiki
Lev Tolstoyun "Hacı Murad" povesti əsasında tarixi dram (2015) yazmış, Kalmık ədəbiyyatının klassiki
Sanci Balıkovun əsərlərinin motivləri
əsasında qələmə
aldığı "Gözlə
məni" tale dramı (2016) Kalmık Milli Teatrında səhnəyə qoyulmuşdur.
Əli Əmirlinin
pyesləri əsasında
hazırlanmış tamaşalar,
o cümlədən "Onun
iki qabırğası",
"Yeddi məhbusə",
"Köhnə ev",
"İtkin ər və ya ufoloji
ehtiraslar" dəfələrlə
televiziya ilə nümayiş olunmuşdur.
1993-cü ildə yazdığı
"Bala bəla sözündəndir?" komediyası
əsasında çəkilmiş
"Bala - başabəla"
televiziya tamaşası
(1995-ci il) Azərbaycan
televiziyası (AzTV) və ölkənin digər televiziya kanalları ilə dəfələrlə göstərilmiş
və böyük populyarlıq qazanmışdır.
Əli Əmirlinin
dramaturji yaradıcılığı
zamanla dialoqda daim artaraq, müstəqillik
illəri səhnə
sənətinin inkişafında
mühüm rol oynamış, müasir Azərbaycan ədəbiyyatını
zənginləşdirmişdir. Bütövlükdə 30-dan çox,
o cümlədən "Ərizə"
(1990), "Meydan" (1992), "Tiran və aktyor"
(1992), "Ağqoyunlular və
Qaraqoyunlular" (1993), "Bala bəla sözündəndir?" (1993), "Xoşbəxt gün"
(1994), "İyirmi ildən
sonra" (1995), "Onun
iki qabırğası"
(1996), "Yeddi məhbusə"
(1996), "Köhnə ev"
(1996), "İtkin ər
və ya ufoloji ehtiraslar" (1997),
"Varlı qadın"
(1999), "Səhnədə məhəbbət" (1999), "Mesenat" (2001), "Kişi
və qadın"
(2003), "Sevən qadın"
(2004), "Müqəddəs Valentin günü"
(2004), "Bütün deyilənlərə
rəğmən və
ya Ağa Məhəmməd şah Qacar" (2005), "Əli
və Nino (Q. Səidin eyni adlı romanının motivləri əsasında)"
(2006), "Ulduzların savaşı"
(2007), "Yalan həyat"
(2008), "Hasarın o üzü"
(2008), "M.S.S. - mən səni
sevirəm" (2009), "İki
aktrisa üçün
baş rol" (2011),
"Premyera" (2013), "Ünvansız qatar"
(2013), "Nuri-didə Ceyhun"
(2016), "Ah, bu uzun sevda yolu"
(2017), "Gözəllik
imperiyası" (2018), "Sevgilim Sumqayıt"
(2018), "Pərdəsiz" (2020) pyeslərinin müəllifi
olan Əli Əmirli, "Bakı+İstambul="
(2010) 10 seriyalı telefilmin
ssenarisini yazmış,
eyni zamanda bir sıra aktual
mənəvi mövzularda
tele-verilişlərin müəllifi
və aparıcısı
kimi geniş tamaşaçı auditoriyası
qazanmışdır.
Əli Əmirlinin
səhnə uğurunun
başlıca sirlərindən
biri dövrün,
"zəmanəmizin qəhrəmanı"nı
vaxtında görüb,
dürüst analiz və təsvir etməsi, tamaşaçı
qarşısına çıxarmasıdır.
Xalq kütlələri
ayağa qalxıb milli toplumun haqqını tələb
edərkən, öz fərdi maraqları içrə, maraqlarından
ayrı "xoşbəxtlik"
tanımayan, tanımaq
istəməyən, mənəvi
dəyərlərə qarşı
tam a-sosiallaşmış
tip ("Meydan"); fərdi salamatlığı
naminə qız olmağa belə razılaşıb əsgər
getməkdən yayınan
tip ("Bala bəla sözündəndir?");
hər cür mənəvi ehkamlara qarşı soyuq və amansız olan pul cəmiyyətinin
hərəkət qəhrəmanı
("Köhnə ev");
"namus məsələsi"nin
qeyrət yükünü
çəkən qadınlar
("Yeddi məhbusə");
kişi- qadın münasibətlərinin kəskinləşməsindən
doğan yeni situasiya qəhrəmanları
("Kişi və qadın") və s.
Zamanın hər
cür təlatümləri
fərdin dünyasından,
fərdi insan maraqlarından keçir və Əli Əmirli dramaturji istedadı ilə həmin "sınma məqamı"nı qeydə
alaraq ustalıqla səhnədə hərəkətin
mənbəyinə çevirə
bilir. Teatrşünas
Aydın Talıbzadə
Əli Əmirli dramaturgiyasını hərtərəfli
analiz edən sanballı məqaləsində
(bax: Aydın Talıbzadə, Azərbaycanlıların
müstəqillik sərgüzəştləri
(kontent-analiz) -Tənqid.net, № 8, 2011, s.
119-139) onun dramaturji istedadının parlamasının
mənbələrini nişan
verir. Birincisi, "Əli Əmirli" adında və ünvanında özünü
hiss elətdirən Cəfər Cabbarlı nəfəsidir, ikincisi dayısı aktyor olan Əli Əmirlinin
teatr mühitində böyüməsi, uşaq
yaşlarından H.Cavidin,
C.Cabbarlının, S.Vurğunun,
Ü.Hacıbəylinin, İ.Əfəndiyevin,
B.Vahabzadənin, Anarın
tamaşaları ilə
boy artmasıdır. Ən nəhayət, Əli Əmirlini günün xronikasını
yazan nasirdən kəskin gündəm konfliktlərini cızan dramaturqa çevirən zəmanə özüdür,
müstəqillik abhavasının
gəlib-gəlişməsidir: "Əli Əmirlini dramaturq eləyən Azərbaycanın müstəqilliyi,
meydanda səslənən
"azadlıq nitqləri",
azərbaycanlıların küçələrə
dağılmış passionar
enerjisi, Qarabağın
içində və çölündə gerçəkləşmiş
siyasi-diplomatik oyunlar və onların Bakı əks-sədası,
bu oyunlar ucbatından qırıla-qırıla,
qaça-qaça, köçə-köçə
şəhərə çatıb
öz xoşbəxtliyi
sorağında vurnuxan
adi zavallı insanların sərgüzəştləri
olub" (Aydın Talıbzadə, Azərbaycanlıların
müstəqillik sərgüzəştləri
(kontent-analiz) -Tənqid.net, № 8, 2011, s.
120).
Bütövlükdə Əli Əmirlinin pyeslərinin mövzu əhatəsi genişdir. Ətrafda cərəyan edən ictimai-siyasi hadisələrdən, müxtəlif
zümrələrdən olan
azərbaycanlı ailələrində
baş verən məişət mövzularınacan
və konkret fərdlərin, sosial aktuallanmış qəhrəmanların
sevgi və həyat macəralarınacan.
Amma bir qayda olaraq bütün
pyeslərinin konflikti zamanın milli personajların, azərbaycanlıların
həyatında oyatdığı
isti nöqtələrdən
keçir, bu həyatı qarşı-qarşıya
gəlmiş iki mündəricəyə: ötüb-keçmiş,
amma aydın konturları ilə hələ də diri, gerçək olan dünənə və durmadan gələn, həmlə edən, amma yönü-yöntəmi, müəyyənliyi,
aqibəti bilinməyən
bugünə ayırır.
Adətən məişət
zəminində başlayan
konflikt səhnədə,
tamaşaçının gözü
qarşısında dərinləşdikcə
bütün spektrləri
ilə son məxrəcdə zamanın,
cəmiyyətin təzadlarına,
insan ziddiyyətlərinə
aparıb-çıxarır. Odur ki, Əli
Əmirlinin pyeslərində
"müstəqillik illərinin
çətinlikləri"ni izləmək olur.
Romanlarında olduğu kimi, Əli Əmirlinin pyeslərində də konkret problem qoyulur. Dramaturq məxsusi olaraq axtarmır, həssas yanaşma ilə gerçəklərin özündə
olan problemi intriqanın mərkəzinə
çəkir, açıq
dramaturji deyişmənin,
polemikanın predmetinə
çevirir. Problem-situasiyaya
düşmüş personajlar
duruma münasibətdə
görünür, xarakterlərini
açırlar. Eyni zamanda dialoji çarpışmaların arxasından
ictimai, mənəvi, psixoloji atmosfer görükür, düşünməyə
sövq edir.
Əli Əmirlinin
1990-cı illərdə qələmə
aldığı pyeslər
əsasən komediya və melodram janrındadır. Janrı
diktə edən qəhrəmanlarının qəfil
düşdüyü problem-situasiya
və dramaturqun hər şeyə rəğmən, müstəqillik
havasının gətirdiyi
üstünlüyə söykənən
nikbinliyidir. "Yenidənqurma
üslubunda ikihissəli
subyektiv xronika" kimi yazılmış
"Meydan" pyesində
ictimai fon, qeyd olunduğu kimi, 1988-ci ilin meydan hadisələrinə
işıq salır. Pyesdə problem-situasiya kimi çıxış edən Meydan özlüyündə milli
toplumu zümrəvi ziddiyyətləri ilə tanımağa imkan verir. O cümlədən pyesin əsas qəhrəmanı Kürəkən
bir zamanlar meşşan deyilən təbəqənin nümayəndəsi,
"istehlakçı zümrə"nin
yetirdiyidir. Yenidənqurma
və aşkarlığın
gülünc mənzərəsinin
çılpaqlığı ilə üzə çıxardığı bu
təbəqə pyesdə
özü-özünü təqdim və ifşa edir. Amma hərəkətverici
qüvvə heç də törəmə hadisə olan "meydan xronikası" deyil, Meydanın təhriki ilə qəhrəmanın daxili ziddiyyətlərinin "subyektiv
xronikası"dır ki,
aqibətini də məhz bu təyin
edir. Qocanı maşını ilə vurub qaçan və pyes boyu
növbəti ölümlərə
bais olan qəhrəmanı günah
hissi təqib edir. Amma o qədər
ki, başdan-başa günahlara bulaşan qəhrəman öyrəşir,
hətta yaşam tərzini həyat fəlsəfəsinə çevirir.
Son halda günahlarının qurbanı
olur; ictimai fon - meydan hadisələri
günahlar içində
boğulan cəmiyyətin
aqibətini xəbər
verir.
Cəmiyyətdə mənəvi tarazlığın
pozulması Əli Əmirlinin "Bala - bəla sözündəndir?",
"Ağqoyunlular və
qaraqoyunlular", "Yeddi
məhbusə" pyeslərinin
də hədəfində
durur. Zaman başqa zamandır, müstəqilliyin verdiyi müjdələr çətin
sınaqlar qarşısında
durur. "Bərli-bəzəkli
zəngin otaqlar"ın
sakinləri İzzət
Nəfislilər bu duruma hazır deyillər. Oğulları
Cəmili cəbhəyə
göndərməmək üçün
qız cildinə salmağa belə razıdırlar. Sosial-mənəvi
partlayış verən
absurd situasiya komediya janrında, hətta açıq parodik-publisist qabartmalarla, gülüş və qəhqəhələrin müşayiəti
ilə davam edir. Parodik məzmun
bu pyesdə olduğu kimi, "Yeddi məhbusə"də
də adlar vasitəsilə qrotesk həddə çatdırılır.
Yeddi bacı: Tomris, Nüşabə, Nigar, Ərəbi, Həcər, Qüdrət,
Şöhrət - bir
zamanlar milli şərəf tarixi kimi səslənən adların daşıyıcıları
məhbəsə düşür;
mənasız bir səbəbdən - Şöhrətə
vəd verib, sonra imtina edən
birisini ölümcül
hala saldıqlarına
görə. Halbuki Şöhrətin əsl vurğunu və müddəisi bacılara keşik çəkən
polisdir. Son halda sosial ədalətin
qələbəsi ilə
başa çatan komediya şən əhval-ruhiyyə yaradır.
Pyes gərgin kataklizmlərin hökm sürdüyü cəmiyyətdə
tamaşaçını pozitiv
enerjiyə köklədiyindən
böyük uğur qazanmış, "dəfələrlə
Dövlət televiziyası
ilə nümayiş olunmuşdur" (Əli Əmirli, 15 pyes. Bakı, "Öndər nəşriyyatı", 2006, s. 565).
Əli Əmirli
komediyasının gülüş
hədəflərindən biri
də dünənə
qədər kasıblığı,
asket həyat tərzini kulta çevirmiş toplumun pul hərisliyi, pul cəmiyyətinə çevrilməsidir. "Varlı
qadın", "Köhnə
ev" pyeslərində
həmin çevrilmənin
anatomiyası göz qabağındadır. "İki
hissəli ekssentrik qara komediya" kimi düşünülmüş
"Varlı qadın"
pyesi haqqında Aydın Talıbzadə yazır: "Komediyanın
əməl partiturasının
mərkəzində isə
Cənab Pul dayanır. Cənab pul pyesin dünyasını
və personajlarını
başqalaşdırır, əvvəlki xarakterləri
pozub əvəzinə
yenilərini yazır,
münasibətlər modusunu
tamam fərqli bir dalğaya kökləyir. "Varlı
qadın" da ailəiçi macəra komediyasıdır. Burada yaşanan vay şələküm-məəlləküm də elə pul üstündədir. Elə pul üstündə
də o bundan, bu ondan imtina
etməyə hazırdır,
insanlığı tapdalamağa
hazırdır, keçmişi
unutmağa hazırdır,
min cür sərgüzəşt və
oyunlara qatılmağa
hazırdır..." (Aydın
Talıbzadə, Azərbaycanlıların
müstəqillik sərgüzəştləri
(kontent-analiz) -Tənqid.net, № 8, 2011, s. 136)
Bu, pulun köhnə rituallar üzərində yaratdığı
yeni mənzərələrdir:
Həvvanın varlı
bibisi xaricdə ölür, ona vərəsəlik payı
ayırır, amma mərasimin şərti belədir ki, öz qövmündən olan birisinə ərə getməlidir. Köhnə evdə kim varsa, cəmisinin
pul ətrafında ehtiraslarının hərəkətə
gəlməsi, həyatlarını
söküb yenidən
qurması üçün
bir işarə də bəsdir.
"Köhnə ev" "ikihissəli dramatik komediya"sında
isə problem-situasiya
"köhnə ev"in
özünün sonuna
çatması, pul mənzərələri qarşısında
acizliyidir. Aydın Talıbzadə "Köhnə
ev"lə A.P.Çexovun
"Albalı bağı"
pyesi arasında bağlılıq, bir allüziya görür. Bu, "köhnə"nin
dağıldığı ərazilərin eyni xassəli olmasına işarədir. Həmin səbəbdən C.Məmmədquluzadənin
"Anamın kitabı"
və Anarın "Keçən ilin son gecəsi" pyeslərini də anıb, milli həyat mənzərələrinin
daha böyük tarixi coğrafiyasını
göz önünə
gətirmək olar. İdeya planı və bədii niyyətin miqyası etibarilə yox, məhz "köhnə"nin
əlacsız nostaljisi
və "yeni"nin
əbədi nigarançılığı
baxımından.
Hər üç
əsər kəskin zaman dəyişməsi və dünyanın çevrilib "kəllə-mayallaq
aşdığı" keçid
dövründən mövzu
alır. "Anamın
kitabı"nda Ananın
nigarançılığı övladlar tərəfindən
heç cür oxuna bilməyən Ata kitabının - Vətənin namüəyyən
taleyidir. Doğrudan da, C.Məmmədquluzadənin
öncəgörümlüyü yerini aldı, çox keçmədi ki, sovet dövründə
milli Vətən kitabını axıracan oxumaq çətinləşdi.
Hərçənd ki,
"Keçən ilin
son gecəsi"ndə
özü gedib, yalnız sədası qalmış ata - neftçi Qəzənfər
qurduğu quruluşdan
çox, ailə dəyərlərinə, verdiyi
tərbiyəyə arxayındır,
övladların sabahı
barədə Ana nigarançılığı Anarın pyesində də aktual olaraq qalır. Və budur, yenə yeni zamanlar gəlmiş, "Anamın kitab"ındakı
idealdan uzaqlaşdıqca
özgələşmiş, neftçi Qüdrət Qurbanoviçin sahib çıxdığı "köhnə ev" satılır. Bu dəfə ona sahib çıxan yeni cəmiyyətin yetirdiyi, "yetimxanada böyümüş", çevik,
bacarıqlı biznesmen
Sahibdir. O bir növ özgələşmiş
"köhnə ev"i
satın alıb, özəlləşdirir: "Zəhra:
Bu zarafat deyil ki? Sən
deməsən, öz dilindən eşitməsəm
inanmaram. Özün de ki, bu
yuxu deyil, biz öz evimizdən
heç yana getmirik, qalırıq burda. Cana: Elədir,
mama! Sahib bəy məni də alır, səni də, bu evi də,
Melyanı da, lap elə Kamran
bəyi də..."
"Köhnə ev", əlbəttə,
"Anamın kitabı"nın
tragikomik mündəricəsindən,
"Keçən ilin
son gecəsi"nin lirik-fəlsəfi notlarından
uzaq, günün reallıqlarını fiksə
edən şən komediyadır. Qüdrət
Qurbanoviçin qızı,
səhnə taleyi dünəndə qalmış
Zəhra-Zara və eyni uğursuzluğa ürcah olmuş sevgilisi Kamran Qızılsəs gəlişən
pul cəmiyyətinin təzyiqi ilə artıq toplumun mərkəzindən periferiyasına
köçüb, Yasamalda-Yamasalda
yaşamağa məhkumdurlar.
Köhnə nəslin
nümayəndələri Qüdrət
Qurbanoviç və baldızı Mələk-Melya
da ömrünü təzə cəmiyyətin
onlara ayırdığı
yerdə sürdürməyə
məcburdurlar. Pyes
"həppy end"
- yeni cəmiyyətin
təklif etdiyi rasional sevgi və ittifaqın qələbəsi ilə başa çatır. Amma son remarkalardan
da göründüyü
kimi, bu xoşbəxtlikdə "köhnə
ev"in özündən
gələn qəmgin
notlar da var: "Cana ilə Sahib boşalmış otağı
birgə dolaşırlar,
amma onlar da sevincək deyillər".
Müstəqillik illəri ədəbiyyatının
aktuallaşdırdığı mövzulardan daha biri kişi-qadın münasibətlərinin yeni
mənzərəsi və
problemə fərqli baxışdır. Bu məqam az qala
Əli Əmirlinin bütün pyeslərindən,
o cümlədən "Onun
iki qabırğası",
"İyirmi ildən
sonra", "İtkin
ər və ya ufoloji ehtiraslar",
"Varlı qadın",
"Kişi və qadın" pyeslərindən
keçir. Problem-situasiya
belədir ki, yeni tarixi şərait
nəinki Azərbaycan
kişisi və qadınının bütün
potensial mental xüsusiyyətlərini üzə
çıxardı, habelə
onları qarşı-qarşıya
qoydu. Yenə A.Talıbzadəyə isnad
etsək: "Və bu məqamda Əli Əmirli üstünlüyü qadınlara
verir: çünki onun kişi personajları adətən
fağır, zavallı
və məğlub durumdadırlar, zəifdirlər,
köməksizdirlər; qadınları
isə, əksinə,
güclü, qıvraq,
zirəkdirlər" (Aydın
Talıbzadə, Azərbaycanlıların
müstəqillik sərgüzəştləri
(kontent-analiz) -Tənqid.net, № 8, 2011, s. 131)
Yəni yaşanan durum, həyatın özü bunu görükdürür; Əli
Əmirli problem qoymur, sadəcə mövcud problemə girir.
Qız bətnində
körpəsini gəzdirsə
də, bütün əməllərinin cəzası
olaraq Kürəkəni
zəhərləməklə qisas ritualını başa çatdırır
("Meydan"), ən
ağır mental cəzanı ritualdan üz döndərmiş Azərbaycan kişisinə
yeddi bacı verir ("Yeddi məhbusə"), "iki
qabırğa"nın kişiyə
necə baha başa gəldiyini göstərən də
"Azadlığ"ın yetirdiyi bəhrələrdir
("Onun iki qabırğası"), ailəsini
dolandıra bilməyən
kişinin rədd edilməsi də hələ ritual daxilində - vəsiyyətə
söykənir ("Varlı
qadın"), bir aylığa ərini Səfirə dəyişib,
sonra yenidən rituala qayıdan qadının "hünəri"
artıq toplumda "kişi" institutunun iflasından xəbər verir ("İyirmi il sonra") və ən nəhayət, "Kişi
və qadın"
"iki hissəli epataj komediya"sında bütün mental kəskinliyi ilə kişi və qadın üz-üzə gəlir.
"Olum və
ya ölüm?" - pyesdə Emma seçim qarşısındadır.
Bütün ömrü
boyu bir qadını sevən və yalnız qadınının ölümündən
sonra eynən onun mücəssəminə
- Emmaya vurulan Cəmilimi seçmək,
yoxsa ömrü boyu onu aldatmış
donjuan Əvəzi? Azadlığın bütün
pozitiv-neqativləriylə aşkarladığı
kişi mentallığı
və eyni zamanda qadın həqiqəti sınaq qarşısındadır: "Doğrudan da, dünyada hər şey dəyişəndi.
Nə etməli, kimi seçməli? Çətin məsələdir.
Sevgi də yoxdu ki, ağlımızı
üstələsin. Dünyasını
dəyişmiş bir
qadının kölgəsinəmi
çevrilməli, yoxsa
on beş il nəfəs dərmədən, zirvələr
fəth eləmiş alpinistin qəhrəmanlıqlarına
göz yumub dözməli?"
Bütün 1990-cı illər ərzində Əli Əmirlinin pyesləri milli toplumun ağır, həlli yollarını axtardığı çətin
problemlərini fiksə
edir, səhnəyə
çıxarır. Amma
bütövlükdə nikbin
ovqatda, növbənöv
gülüşlə süslənmiş
komediya janrında. Janrın fəlsəfəsi
kimi yozulan "bəşəriyyətin keçmişindən
gülə-gülə ayrılmağı"
məqamı milli cəmiyyətdə də
öz yerini tapmışdı. Əli
Əmirli pyeslərinin
nikbin aurası müstəqilliyin alternativsizliyi
şərtlərindən doğur
və ölkənin müxtəlif teatrları
ilə birgə cəmiyyət problemlərinin
həlli, ictimai-mənəvi
və mental kəsirlərin islahı yolunda yeni cəmiyyət
quruculuğunun pafosunu
ifadə edirdi.
Yeni əsrin
gəlişi ilə Əli Əmirli tarixi mövzuya üz tutur və
bu dəfə yaradıcılığında faciə tonallığı
güclənir. Dramaturqu
müasirliyini qazanmış
toplumun tarixində sanki faciəvi məqamlar, qaranlıq səhifələr daha çox məşğul edir. "İki hissəli ailə dramı" kimi düşünülmüş "Mesenat" pyesi "Bakı milyonçusu, mesenat, həqiqi mülki müşavir",
xalq arasında "millət atası" olaraq tanınan Hacı Zeynalabdin Tağıyevin həyatından
mövzu alır.
"Bütün deyilənlərə
rəğmən və
ya Ağa Məhəmməd Şah Qacar" "iki hissəli tarixi dram"ı isə Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli,
S.Vurğun, Y.Səmədoğlu
və b.-larından sonra çağımızda
bir daha aktuallaşan Qacar probleminə üz tutur. Hər iki şəxsiyyətin millət tarixində yeri, rolu və
habelə faciəvi taleyi ucbatından növbənöv təfsirləri
mövzunu cəlbedici
edir.
Modern dövrün yazarı kimi Əli Əmirlini, qəhrəmanlarının millət
qarşısında xidmətindən
çox, məhz fərdi insan taleyi, bir fərd
olaraq bütöv həyatı bahasına özünü-təsdiqi, mücəssəm
obrazı maraqlandırır.
H.Z.Tağıyev fəhləlikdən
milyonçuluğa qədər
yüksəldiyi yolda büdrəməməyə çalışıb,
millətin kasıbı
ilə mərhəmətli,
varlısıyla alicənab,
dostu ilə dost, düşməni ilə düşmən olub; çar hökuməti ilə hökumətlik etməsə
də, millət naminə hər zaman hökmünü də göstərə bilib. Əvəzində ad-san, xətir-hörmət
qazanıb, ağıl
və müdriklik mücəssəmi olub. Bütün bunlar obrazın görünən
tərəfləridir, pyesdə
də bu məqamlar hər kəsin dilindən düşmür, sanki səhnədə görünən
personajların hər
biri məhz həmin həqiqətləri
xatırlatmaq, vurğulamaq
üçün əsərdə
yer alırlar. Hətta elə bil Hacının xoş əməllərinə
etiraz tonallığında:
"niyə etdin, əvəzi, səmərəsi
nə oldu?" demək istəyirlər.
Pyesin intriqası
da bu nöqtədən
başlayır; Hacının
başı üzərində
qara buludlar görünür, əsərdə
qəfil peyda olan falçı Hacının ailəsinin ağır-amansız aqibətini
xəbər verir. Həmin psixoloji gərginlik üzərində
davam edən hadisələrin tarixi-ictimai
səbəbləri bəllidir;
bolşeviklərin gəlişi
ilə ümumən milli cəmiyyətin qara günləri başlayır. Amma dramaturq konflikti heç də məlum faktlara bağlamaq istəmir, faktların arxasında görünməyən, mistik
səbəblər axtarır.
O cümlədən Hacı
Zeynalabdin də taleyin qaranlıq tərəfləri üzərində,
ziddiyyətləri, günahları
üzərində düşünür;
axıracan geri çəkilmir, işıq
onu tərk etmir.
Eyni problem-situasiyanı
"Bütün deyilənlərə
rəğmən və
ya Ağa Məhəmməd Şah Qacar" dramında da görürük. Səhnə Ağa Məhəmməd şahı
zəfər yürüşünün
zirvəsində haqlayır.
Dövlət naminə,
İran taxt-tacının bərqərar
olması naminə o bütün qardaşlarını
qılıncdan keçirmiş,
şahlıq ləyaqətini
təsdiq etmək üçün sevimli qardaşı Cəfərqulunu
da qətlə yetirir və bir insan, fərd
olaraq sarsılır. Pyes bu nöqtədən
başlanır, axıracan
şahlıq qürurundan
dönməyən Qacarın
eyni zamanda "qaranlıq tərəfləri"nə,
insan olaraq əzablarına, hünər
və qəhrəmanlıq
vəcdlərinə, mənəvi
ağrı və peşmanlıq duyğularına
meydan verir: "Hər fəthdən sonra özümdən sual edirəm, niyə bu qədər
qan tökdün, nəyin xatirinə? Axı bu qələbələr
sənə ruhi sakitlik gətirmir. Mənim bir ilim də müharibəsiz
ötmədi. Budurmu ömür, budurmu şahlıq?". Bütün
həyatını Qacarların
intiqamını almağa,
təxti-səltənəti qurmağa nail olan, onu möhkəmləndirən
Ağa Məhəmməd,
bütün deyilənlərə
rəğmən, rahatlığını
şahlıq taxtında
deyil, allahından istədiyi ucuz bir ölümdə tapır.
İnsan faciəsinin
sirlərinə baş
vuran hər iki tarixi əsər
müasir səslənir,
səhnəyə qoyularaq
tamaşaçını düşündürə
bilir. Ümumən, Əli Əmirli dramaturgiyasının tamaşaçı
ilə ünsiyyəti
müstəqil ölkənin,
müstəqil cəmiyyətimizin
tarixi boyu davam etmişdir. Hər zaman milli cəmiyyəti narahat edən problemlər üzərində
düşünən dramaturq
yeni əsərləri
ilə tamaşaçının
görüşünə tələsmişdir.
Mənəvi-fəlsəfi problemlər barədə düşündürən "Hasarın o üzü"
(2008), Dağlıq Qarabağ
münaqişəsinə "yeni və fərqli
yanaşma" sərgiləyən
"Ünvansız qatar"
(2013) pyesləri buna əyani sübutdur.
"Ünvansız qatar"da Azərbaycan cəmiyyətinin Xocalıdan
sonrakı əlacsız
durumu səhnəyə
gəlir. Hadisələr
müharibə rayonlarının
(hər hansı) birində "Poyuz əyağı" deyilən
kiçik dəmir yol dayanacağı və daha sonra
qatarda cərəyan edir. Birinci Qarabağ
savaşında məğlubiyyətin
acıları, özünü-qoruma
instinkti ilə kəndindən, ocağından,
evindən-eşiyindən baş
götürüb ellikcə
və ayrı-ayrılıqda
Bakıya can atan insanların pyes boyu irəli-geri
getdisi bəlli olmayan qatara doluşması, aşırı
xof, inamsızlıq, təşviş və şübhə mühiti;
ictimai-siyasi, sosial, mənəvi, etnik, psixoloji, patriotik və məişət motivli növbənöv intriqalar fonunda insan səciyyələri,
yaşanan, yarımçıq
kəsilən, qırılan
insan arzuları, ümidləri, taleləri...
dövrün müdhiş
mənzərələrini cızır
və təkrarən yada gətirir. Əli Əmirli dramaturgiyası həmişə
olduğu kimi problematik və metaforikdir; bir toplumun təkcə yerindən-yurdundan deyil, başlıcası özlüyündən,
varlığından olub,
başıpozuq "qaçqın
kütləsi"nə dönməsi
anını və təhlükəsini aktuallaşdırır.
Metaforik "Azərbaycan
qatarı" Qarabağ
hadisələrinə gəlib-dirənib,
sanki "ünvanı"nı
itirmişdir. Pyesin finalının Allaha təvəkkül notunda, sanki sonluqsuz bitməsi də bu acı həqiqəti
işarələyir: "Həlimə.
Bəs biz nə etməliyik, Səriyyə xala, haqqın yoluna necə çıxmalıyıq?
Səriyyə. Bu sualın cavabını mən də bilmirəm, qızım, çıxış yolunu
tapana qədər də tapa bilməyəcəyik.
Dua eləməliyik ki, Allah bizi
haqq və həqiqət yoluna yönəltsin, qəzəbə
düçar olanların
və azanların yoluna yox... " (Əli Əmirli, Pərdəsiz. Pyeslər. Bakı, "Zərdabi Nəşr",
2021, s. 124) Sonda yalnız
qəfil yağan gürşad yağış
sabahın aydınlığına
ümidlər oyadır
və insanları sevindirir. "Ünvansız
qatar"ın oxucu və tamaşaçılara
ötürdüyü ağrılı
mesajlar heç də ünvansız qalmamış, milli cəmiyyətin "haqq və həqiqət yoluna yönəlməsi"nə
öz növbəsində
töhfəsini vermişdir.
Əli Əmirlinin
"Ağdamda nəyim
qaldı?" (2015) avtobioqrafik romanı
nasir qələminin
son uğurunu təqdim
edir. Yazıçının
həyatının on yeddi
ilini, uşaqlıq və ilk gənclik çağlarını əhatələyən
roman, bədii-sənədli janrın gücü ilə həm də ötən əsrin ortalarının Qarabağını oxucuların
gözü önündə
canlandırır, "50-60 il öncənin Ağdamını,
Qarabağını, bütövlükdə
Azərbaycanını, insanlarımızın
yaşantılarını", "təkrarsız Ağdam koloriti"ni (Rəşad
Məcid, Ön söz əvəzi // Əli Əmirli, Ağdamda nəyim qaldı. Bakı,Qanun
Nəşriyyatı, 2019, s. 4-5) qəlblərə köçürməyə
nail olur. Bununla yazıçı həssaslığı
sanki həm də az sonra
Vətən müharibəsinin
bizə gətirəcəyi
labüd qələbənin
intizarını cızır,
onu tələsdirir, yaxınlaşdırmış olur.
Roman "Azərbaycan" jurnalında
(2015, № 10) ilk dərcindən sonra müsbət reaksiyalar doğurmuş, tənqidçilər tərəfindən
"tərəddüdsüz bizim günlərin Azərbaycan nəsrinin uğurlarından" biri
(Vilayət Quliyev),
"zamanın bənzərsiz
ədəbi hadisəsi"
(Cahangir Məmmədli)
kimi yüksək qiymətləndirilmiş, "525-ci qəzet"in səhifələrində
təkrarən dərc
olunmuş, haqqında
yazılar yazılmışdır
(bax: Əli Əmirli, Ağdamda nəyim qaldı. Bakı,Qanun Nəşriyyatı, 2019 kitabında: Cahangir Məmmədli, Mikrovətən
ətrafında makro düşüncələr, s. 178-187; Təranə
Vahid, Yaddaş güzgüsündəki
keçmiş, s. 188-193; Mustafa Çəmənli, Keçmişə
boylanmaq ehtiyacı, s.
194-202; Vüqar Tofiqli,
O gün "Ağdamda
nəyim qaldı?",
s. 203-206)
Bənzərsiz istedad, coşqun
ilham sahibi olan Əli Əmirli
böyük yaradıcılıq
enerjisi, hərtərəfli
və zəngin fəaliyyəti ilə adını qürurla müstəqillik dövrü
teatr və ədəbiyyat salnaməsinə
yaza bilmişdir.
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, №45.- S.16-18.