"Göyün
yeddinci qatı"na səyahət,
yaxud qeyb aləminin
mistikası
"Göyün yeddinci qatı" Nurlana İşığın yeni kitabıdır. "Təhsil" nəşriyyatı hər zaman sərgilədiyi amala - istedada dəstək olmaq, qapı açmaq məramına sadiq qalaraq bu il də IX Beynəlxalq Kitab Sərgisinə qədər bir neçə maraqlı uşaq ədəbiyyatı nümunəsi meydana qoydu. Sevinc Nuruqızının, Mina Rəşidin, Aygün Bünyadzadənin, Zahirə Cabirin kitabları ötən həftə insanların axın etdiyi kitab sərgisini bəzəyən, uşaq və valideynlərin diqqətini cəlb etməyi bacaran nümunələr idi.
Nurlana İşıq uşaq ədəbiyyatının ən gənc imzasıdır. Nurlananın axtarış şövqü, heyrətlənə bilmək, dünyaya heyrətli nəzərlərlə baxmaq məziyyəti onun uşaq yazarı kimi yetişməsinə vəsilə olan bəlkə də, ilkin səbəbdir. Ədəbiyyatda hər şey heyrətdən başlayır. Hələ söhbət uşaq ədəbiyyatından gedirsə, bu, daha vacib səbəbə çevrilir. Əgər balacaların qəlbinə yol tapmaq üçün ruhun saf başlanğıcına sadiqliyi özündə saxlamısansa, bu artıq mətnin dəyərini ikiqat artırmaq deməkdir. Nurlananın da balaca qəhrəmanlarının dünya ilə tanışlığı heyrətlərindən başlayır. Məsələn, "Şlyapalı dayanacaq" hekayəsində xoşbəxtlik maşınını gözləyən qızcığazın yağışda atılıb düşməsi, ilk dəfə göy qurşağını görmə heyrətinə aludə olub ilə maşını qaçırması (məgər uşaq üçün xoşbəxtlik elə bunlar deyilmi?!) obrazlı tutum qazanır, empirik təsvir təəssüratı doğurmur.
Nurlananın hekayələrinin balaca qəhrəmanları daim düşünür, suallar verir. "Göyün yeddinci qatı" povestinin qəhrəmanı kimi: "Ayçilin çox qəribə istəkləri vardı. O, tez- tez xəyalında səmada üzən kündə-kündə buludları yan-yana düzər, onlardan qatar düzəldər, sonra da kainatı kəşfə çıxardı. Onu daima düşündürən bir şey vardı; bir dəfə nənəsindən uşaqların necə yeridiyini soruşmuşdu. Nənəsi də, - göylərdən səs gəlməyincə bir insan bəndəsi addım ata bilməz, - demişdi. O, tez-tez asimana baxır, həmin səsi axtarırdı. Bəzən düşünərdi, - görəsən, quşlar da həmin səsi eşidib uçurlarmı?"
Ayçilin macərası elə
bu sualla başlayır. Sehirli səsə doğru canatımı onu atasının fənərinin
işığında ulduzlara
yaxınlaşdırır, bundan sonra isə
onun ulduzlarla birgə göyün ənginliyinə səyahəti
baş tutur. Səyahət boyu Ayçil göyün altı qatına yüksələ bilir. Burada onu şeir
yazan qız, bəstəkar oğlan, rəssam, qocaman quş, qayıqçı
pişik, müdrik qarışqa, şanapipik,
rəqs edən meşə ağacları,
uçan nənə ilə görüşlər
gözləyir. Bu qatların
hər biri Ayçilin həyatında
yeni bir dünyanın
qapısını açır.
Amma onun istəyi ən yüksək qata yetməkdir. Axı Ayçilin qəlbinin dərinliklərində
heyrətinə səbəb
olan bir nigaranlıq yatır... O, qeyb aləminin səsini eşitmək istəyir. Ona görə uçan nənə ilə aralarından belə bir söhbət
keçir:
-
"Bura niyə gəldiyini
bilirəm, ağıllı
qızım.
- Haradan bildiniz, nənəcan?
- Sənin təmiz səsin özündən
qabaq çatdı bu dağlara.
- Axı mən ürəyimdə danışmışam.
- Yuxarılar ürəyin səsini eşidir, dünya qızı.
- Ay nənə, onda sən mənə de görüm, niyə yuxarıdan səs gəlməsə, Yer kürəsində bir uşaq belə gəzə bilməz?
- Əvvəlcə, gəl səni qanadlarımda dünyanın ən hündür zirvəsinə
çıxarım, cavabı
mən deməmiş,
bəlkə, özün
tapdın. Ancaq bir şərtim var. Mən səndən ayrılanda arxaya baxmamalısan".
Ancaq göyün ən yüksək qatına ucaldıqca ən böyük səs dalğasının içinə
sürüşən Ayçil
arxaya çevrilir və bununla onun göylərlə irtibatı sona çatır. Yenidən özünü yerdə, evlərindəki albalı
ağacının altında
görür.
Fantastik
üslub Nurlana İşığın hekayələrinə
xas çalardır. Fərziyyələr quran,
macəra, xəyallar aləmində əylənməyi
sevən balaca qəhrəmanlar onun hekayələrinin əsas
personajlarıdır. Yazıçının
"Ayçil yuxu gördü", "Dırnaqlar",
"Şlyapalı dayanacaq"
və s. hekayələrində
də yaratdığı
Ayçil, İşıq
obrazları ilə qəhrəmanın başına
gələn cürbəcür
hadisələr nəql
olunur. Bu hekayələrdə
diqqət konkret nöqtəyə istiqamətlənir,
gərginlik, həyəcan,
təlaş yaxşı
mənada qüvvətli
çalar olaraq meydana çıxır, nikbin əhval-ruhiyyənin
aparıcılığı nəzərdən qaçmır.
"Göyün yeddinci
qatı" povestində
də körpə qəlbinin riqqəti fonunda kainata aydın bir baxış yer alır. Nurlana İşıq şairanə
bir xəyalla rəngi, səsi obrazlaşdırmağa nail olur.
İdeya sağlamlığı,
dil və ifadə səslisliyi bu mətnlərdə diqqət çəkən
əsas amil olaraq, yazıçı üslubunun
əsas məziyyəti
kimi dəyər qazanır. Bəli, bu gün sürət
əsrinin vüsəti,
problem və tələbləri
qarşısında bədii
mətn zamanı qabaqlayan funkisiyada çıxış etməlidir.
Amma bütün hallarda
abstrakt mövzular uşaq ədəbiyyatının
predmeti olmamalıdır.
Təsvir vasitələri,
idiomatik ifadələr,
təşbehlər, metonimiya
və mübaliğələr
uşaqların yaş
səviyyəsi və
təfəkkür dünyası
nəzərə alınaraq
mətnə gətirilməlidir.
Nurlananın əsərlərində
bu amillərin hər biri nəzərə
alınır. Bu, həm
də onun müəllim kimi fəaliyyət göstərməsindən,
uşaqlarla daim ünsiyyətdə olmasından,
onların psixologiyasına
bələdliyindən qaynaqlanır.
Bəlkə, həm də buna görə Nurlananın əsərlərində
pafos nəzərə
çarpmır, yazıçı
süni dramatizmə qapılmır. Qeyd edək ki, bu, uşaq yazarı üçün vacib amildir. Hadisələrin daha çox uşaqların dili ilə ifadə olunması onların özləri ilə bağlı oxucuda qənaətlər formalaşdırır.
Nurlana yığcam lövhə və ştrixlərlə, səmimi,
sadə üslubla, ifadə səlisliyi ilə kiçik yaşlı oxucuları həyəcanlandıra bilir:
"Ayçil Ayın
yüz rəngə çaldığını, göy
üzündə ulduzların
rəqs etdiyini, bir - birinə dəyib qığılcımlar
yaratdığını, müxtəlif
füqurlara çevrildiyini
gördükcə elə
bilirdi ki, əsrarəngiz
bir teatr tamaşasına baxır.
O bir anlıq istədi ki, bu tamaşanın bir obrazı olsun. Ulduz qızın qəlbindəki bütün
duyğuları anlaya bilirdi, odur ki, təklif etdi:
- Göy üzünün səyyahı olmaq istəyirsənmi?
Qız həyəcandan bilmədi,
nə cavab versin, o, yarpaq boyda əllərini bir-birinə vurub güldü. Bu zaman buludlar
yan-yana düzülüb
bulud karvanı yaratdı. Ayçil onların üzərində
kainatı səyahətə
başladı".
Göründüyü kimi, burada həyat materialı qəhrəmanın
psixoloji vəziyyəti
ilə bacarıqla əlaqələndirilir. Uşaqların
mənəvi aləminə,
onların mənəvi
yüksəlişinə nəsihət
deyil, təsvirlə nüfuz etmək, sərbəst davranış,
sərbəst düşüncə
aşılamaq, xəyal
dünyasının hüdudsuzluğunu
göstərmək bu
mətnlərdə səciyyəvi
keyfiyyətlər kimi
mənalanır. Nurlana
bütün bunları
əlvan lövhələr
yaradaraq, həmçinin
kompozisiya aydınlığı
və süjet xəttinin dinamikliyi çərçivəsində həll edir. Qeyd edim ki, süjetli
əsərləri uşaqlar
çox sevirlər. Səhifədən səhifəyə
qüvvətlənən dinamizm,
həyəcan, hadisələrin
ardını izləməyə
yaranmış maraq o
zaman baş tutur ki, mətn öz məzmun cazibədarlığı
ilə uşağın
ruhunu ələ ala bilir. "Göyün yeddinci qatında" bəhs edilən hekayətlərin birindən
digərinə keçidlər
həm əsaslı təsvirlərlə gerçəkləşdirilir,
həm də uşaqlar üçün
yeni dünyanın açılışına
vasitə olur. Mütaliə ərzində
bədii mətnin mistik energetikasını
hiss edirik. Müəllif
qəhrəmanını adi
həyatdan ayırıb
mistik-simvolik gerçəkliyin
içinə atır.
Amma bu gerçəkliyin
rənglər dünyasında
da hər şey bizə tanış görünür: "- Səsin
çox rəngi var, pəri xanım. Bax bu rəng
qəmli insanların səsidir,-
rəssam fırçasından
göyə rəng çalarları tökdü,
- bu isə gülüş səslərinin
rəngidir,- onun fırçasından sarı,
narıncı, açıq-mavi
rənglər süzüldü.
Bu isə fikrin rəngidir, bu heyrətin, bu sevincin...
- Gözəldir hamısı,
ancaq sən mənə Yer kürəsinə gəlib
çıxan səsin
rəngini göstər.
Rəssam
heyrətləndi:
- Mən onu eşitməmişəm
axı..."
Nurlana İşığın yazdığı
nümunələr həm
təmkinli dünyaduyumla,
həm də maarifçilik ruhunda qələmə alınır.
Müəllif çalışır
ki, uşaqları yalnız
əlvan boyalarla süslənmiş dünya
ilə üz-üzə
qoymasın, həmçinin
onlar bu dünyanın sirlərinə
enib özləri üçün yeni anlayışlar,
yeni mənəvi keyfiyyətlər
əxz etsinlər, həyatın çətinliklərinə
hazır olmağı
bacarsınlar.
"Göyün yeddinci qatı"... Əsərin
adı özündə
həm də simvolik məqamı ehtiva edir. Bu qat məlumdur ki, sənətin
sirli xronotoplarından
biridir, metafizik anlam daşımaqla daha çox mənəvi ucalıq və hüzura işarə sayılır.
Nurlana İşıq
sirr pərdəsini müəyyən qədər
aralayır, yerlə göyün arasında sərhədi yox edir, bu qatlardan
yalnız altısına
səyahətin təsvirini
mümkün edir. Sonuncu qat - ora artıq İlahi sirrin çözüləcəyi
məkandır və bu sirri heç
kim çözə bilməz. Ona doğru Yol tutub getmək,
addım-addım ucalmaq
olar. Tapmaqsa, əsla! Necə ki, balaca Ayçil son anda istəyindən məhrum olur, yenidən yerə yuvarlanmaqla qəlbinin dərinliyindəki suala cavab tapmaq şansını
itirir. Bu hadisə mətnin magik effektini gücləndirir, yəni rasionallıqla mistisizm birləşir.
Amma əsər nikbin bir sonluqla tamamlanır.
Ayçil yenə əlində fənər,
işığı ulduzlara
tuşlayıb nə vaxtsa yenidən göyə səyahət edəcəyinə ümid
bəsləyir. İnanaraq
ki, bu dəfə mütləq alınacaq...
Bu isə artıq uşaqlara aşılanan axtarışlardan usanmamaq
əzminin, inanaraq yaşamaq keyfiyyətinin estetik üsulla təqdimidir.
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, №45.- S.14.