Bakıya gecikmiş bir məktub

 

Salam, dəyərli ağabəyim Azad Qaradərəli!

Hələlik, üz-üzə görüşmədik. Fəqət, yəqin ki, hekayələrinizin ürəyimdə yaratdığı könül xoşluğunun təsirindəndir ki, sizə ağabəyim deyə səslənmək gəldi içimdən.

Ankarada yaşayan ortaq dostumuz yazıçı Ahmet Yıldız bir neçə il öncə "sevə-sevə oxuyacaqsan" qeydi ilə tərcüməçilərindən olduğu "Süd gölü" kitabınızı göndərmişdi. O gözəl hekayələrinizi dönə-dönə oxumuşdum. Azərbaycan torpağının bir usta yazarını bu cür tanımağımın sevincilə adınızı yaddaşıma həkk etmişdim...

Bilirsiniz, "Muğam"ında gözəl söyləyir, böyük ozan Bəxtiyar Vahabzadə:

 

Tanımaqmı istəyirsən

Görmədiyin bir xalqı sən?

Qulaq ver onun nəğmələrinə,

Öncə nəğmələrini öyrən...

 

Belə... qədər uzaqda yaşayırıq-yaşayaq, sizin kimi uca ruhlu yazarların rəhbərliyində Azərbaycan xalqının səsini daha könüldən dinləyir, yanıqlı nəğmələrinə daha ürəkdən qulaq veririk. Böyük dilimizin sağlam daşları ilə qurduğunuz yıxılmaz ədəbiyyat körpüsü bizləri başıqarlı Qafqaz dağlarının ətəklərinə qədər götürüb, qardaş Azərbaycan xalqı ilə tanış edir, qucaqlaşır, onların kədərlərinə, sevinclərinə ortaq edir...

Dəyərli Azad ağabəyim, Frankfurtda illərdir taksi sürücüsü kimi çörəyimi qazanıram. Oxumağa, yazmağa imkan verdiyi üçün bu işi tərəddüdsüz görürəm. Keçənlərdə burada kitab sərgisi vardı. Axşamüstü sərginin qələbəliyindən sıyrılan bir cütlük sayğıyla salamlaşaraq taksimə mindi. Az sonra, maşınımda bir Azərbaycan türkcəsi çağlamağa başlamazmı?!

Azərbaycan türkcəsinin əvəzsiz sözcükləri, sehrli tembrləri adi bir axşamıma coşqu qatdı. İlk qırmızı işıqda ardıma çevrilib: "Mənim azərbaycanlı qardaşlarım xoş gəlmişlər taksimə", - dedim.

Xoşbəxtcəsinə gülümsəyərək: "Kitab sərgisi üçün Bakıdan gəldik", - dedilər. Gülümsəmələrində bir hüzn duyulurdu. Azərbaycanın itirdiyi övladlarının hələ qaysaq bağlamamış yaralarından doğan bir əlamət olmalıydı. Eynən hekayələrinizi oxuyarkən, yaşadığım bir duyğu yükü bədənimi titrədib keçdi. Tam o anda birdən "Eteri" adlı hekayənizi xatırladım. xoş bizlərə ki, əsrlik yataqlarından axıb gələn saf sular kimi təmiz bir millətin övladlarıyıq. Yaralarımızı hekayələrlə, şeirlərlə, türkülərlə sarıyıb sağaltmasını hər millətdən daha yaxşı bilirik...

"Eteri" hekayənizdən axıb, ürəyimə işləyən o bölümü məktubuma əlavə etməsəm, olmayacaq:

"...qadının "papa türkdü" deməsi onsuz da laxlayan içimi bir az da laxlatmış, məni qadına daha da doğmalaşdırmışdı (amma qoy soyuq başnan elə burdaca deyim ki, mənə elə fikir verməyin, siz deyən millətçi-zad deyiləm. Yəni biz türklər ümumən millətçi ola bilmirik. Qanımızda yoxdu bu. İndi hamı bilir ki, biz ermənilərlə ədavətdəyik, müharibədəyik . Vallah, bir yoldan ötən erməni gəlib bu inqiloy evinə çıxsa göz yaşı töküb desə ki, acam, mənə bir tikə çörək ver, durub mən qoşulub ona ağlayacam, elə ağlaya-ağlaya onu yedizdirib-içizdirib cibinə pul qoyub yola salacam)".

Ədəbiyyat tanrısı artıq taksimi ofsunlamışdı. Anidən: "Yazar Azad Qaradərəlini tanıyırmısınız?" - deyə sordum qonaqlarıma. Çaşqın halda mənə baxıb, sualıma sualla cavab verdilər: "Biz tanıyırıq, əlbəttə, əsil siz haradan tanıyırsınız, Azad Qaradərəli bəyi?"

Gülüb: "Qarabağın, Qaradərənin çəmən çiçəklərinin ətri gələn hekayələrindən!" - dedim.

Oxuduğum antologiyalardan, kitablardan adları yadımda qalan Azərbaycan yazarlarının adlarını ard-arda sıraladım. Yetirib, Gəncəviyə, Füzuliyə qədər saya bildim, təbii. Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin adlarını anmam qonaqlarımızı şaşırtmağa bəs etdi. Məni bu vəziyyətdə dinləyən, anlatdıqlarımı hərdən telefonuna qeyd edən Şahbaz Xuduoğlu bəy həyat yoldaşı, hansı ki, Azərbaycanın tanınmış nəşriyyatı olan "Qanun"u idarə edirmişlər - bunu kitablarla dolu çiyin çantalarından anlamalı idim...

İndi təəccübləndirmə sırası Şahbaz bəyə keçmişdi: "Azad Qaradərəli bəy bizim "Qanun" nəşriyyatının çox qiymətli yazarıdır; Bakıda yaşayır. Bu maraqlı tanışlıq anını bir azdan ona çatdıracağıq" deməzmi?! Dünya qədər kiçik... Hekayələri ilə könlümdə yer etmiş Azad Qaradərəli ağabəyimə, onun kitablarını yayınlayan "Qanun" nəşriyyatının sahibilə salamlarımı, sevgilərimi yollayırdım Frankfurtdan!

Otellərinin önündə ayaqüstü davam etdik söhbətimizə. Arxamızı maşınıma söykəyib şəkil çəkdirdik vidalaşarkən...

Azad ağabəyim, beləcə, gördüyünüz kimi, hekayələriniz ədəbiyyat üfüqlərimi ta Xəzər sahillərinə qədər genişlətməkdə qalmadı, mənə çox dəyərli dostlar, dostluqlar qazandırdı.

Azərbaycan ədəbiyyatının Türkiyədə hələ olmalı olduğu yerdə olmadığına çox üzülürəm.

Qərbin eqoizmini, özünüsevməyini təqdir edən, insandan, insanlıqdan anlamayan mənasız-məzmunsuz işlərin bərbad tərcümələrlə gündəmə çıxarılan "özünütəkmilləşdirmə" kitablarının üfunət qoxuyan çöplüyünə döndərdülər ölkəmizi.

Arzu edərdim ki, Bazardüzünün, Şahdağın, Tufandağın zirvələrindən əsib gələn qardaş bir dilin, insan sevgisi ilə, ərdəmliklə yoğrulmuş romanlarına, hekayələrinə, şeirlərinə daha genişcə açılsın ölkəmin qolları.

Bütün nəşriyyatlar ticari qayğılarından bir azca da olsa, uzaqlaşıb, Vahabzadənin dediyi kimi, qardaş Azərbaycan xalqının nəğmələrini bizlərə, bizim nəğmələrimizi sizlərə daşıyan sənət körpülərini, inanıram ki, daha da çoxaldarlar...

Bu duyğularla Bakıya, sizə ailənizə könül dolusu salamlarımı yollayıram.

Qələminiz susmasın. Ömrünüz uzun olsun, dəyərli Azad ağabəyim...

 

Səlcuq ÜLGƏR,

Frankfurt (Almaniya)

 

("Aydınlık Avrupa" qəzeti, 19 noyabr 2023, İstanbul)

 

Səlcuq ÜLGƏR

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 noyabr, №45.- S.13.