Həmin işıqlı günlər
Hekayə
Göylər xəbərsizdir ki, Humay pəncərənin ağzında dayanıb qüssələnir. Xəbərsiz olmasaydı,
indi yağış yağardı: əvvəl
çiskin, sonra gurşad. Yağardı
ki, bu nisgilli adamın ürəyinə
sərinlik, canına toxtaqlıq gəlsin.
Hər
il belə olmazdı. Noyabr küləyi əsib-coşanda evlərin
damında, ağacların
başında oynayan külək əvvəl çiskin, sonra gurşad yağışdan
islanıb toxtayardı.
Göylər qoymazdı
nə pişiklər üşüsün, nə
ağaclar. Nə də yarpaqlar ortalıqda boş-boşuna
yorğun düşsünlər.
Bakının bu balaca küçəsində
də nə çoxdur pişiklər,
nə çoxdur ağaclar, nə çoxdur ər-arvad qanqaraçılığı.
Elə götürək, bu qanqaraçılığı. Əri yenə zəng vuracaq. Humayın həmişəki
yarımcan kəlmələri
o tərəfdə pis
eşidiləcək. Həmişəki
heysiz sözlər dilində burxulacaq.
- Salam. Nə var, nə yox?
Allah, sən öz cah-cəlalınla şahidsən
ki, bu "nə var, nə yox?"a necə nifrət eləyir, necə çimçəşir, necə
ürpəşir! Neçə
dəfə ürəyində
demişdi ki, ay meşə
odunu, kişi öz qadınından candərdi "nə var, nə yox?" soruşmaz. "Birdənəm"
deyər, "ömrüm-günüm"
çağırar, "gözəlliyim"
səsləyər. Deyər
ki, əllərin üçün,
hənirin üçün
darıxmışam; bu
qəmli noyabr axşamçağısına səsində fərəh
gətirər, sevinc göndərər.
- Alo...
- Eşidirəm...
- Nolub, yenə ölə-ölə danışırsan.
Çörək var?
- Yox.
- Başqa nə alım?
- Pişik üçün...
- Pişik p..x yeyir, qoy ac qalsın. Murada de, yüz on yeddiyə qədər ürəyində
saysın, evə çatacam. Vaxt getdi.
- ...
- Eşitmirsən?
- Murad yoxdu.
-Yenə qonşuda sülənir? Yaxşı,
onda sən say.
- Off...
Hə, Humayın yaxşı yadındadır ki, ərinin
hər şeyi ürəyində saymaq xəstəliyi nə vaxtdan başladı. Onda hələ mehriban
idilər. Bir-biri üçün darıxa
bilirdilər, göz yumub uzun-uzun öpüşə bilirdilər.
Həmin işıqlı
günlərdən birində
ərinin iş yoldaşı Şamaxıdan
çaxır gətirmişdi.
Adı da yadındadır:
Meysəri. Görəsən,
nə demək idi? Soruşmağa utanmışdı. Sonra öyrənmişdi
ki, Səfəvi ordusunda
sol cinaha meysərə
deyiblər.
Həmin
axşam içib xumar olmuşdular, bir-birinə uşaqlıq
xatirələrini danışmışdılar.
Xatirələr seyrələndə
sağollaşıb bir-birinə
qısıla-qısıla evə
gəlmişdilər. Elə
nə olmuşdusa, həmin axşam olmuşdu. Hiss eləmişdi
ki, İsmayıl əvvəlki
adam deyil - dağınıqdır, fikirlidir.
Belə adamlara "dəvəsi ölmüş
ərəb" də
deyirlər. Həniri soyuq, istəyi öləzimiş..! Hara qeyb olmuşdu
o qaynarlıq, o ehtiras?
Harda yox olmuşdu o coşub-daşan
həyəcan? Hər
şey tezbazar, tələsik olmuşdu.
- Bir, iki, üç...
Nə ötən gecələrdəki
həzz vardı, nə o şirin xumarlıq.
Elə həmin gündən çevrilib oldu arxiv siçovulu. Qalaq-qalaq sənədləri
əvvəl evə gətirməyə icazə
verirdilər, sonra təzə müdir qadağan elədi. Bağışlayan və
gözəl Allah, öz
mərhəmətini təzə
müdirdən əsirgəmə!
Onu şəri-şeytandan,
quru böhtandan, məkri-zənəndən, bəylər
qəzəbindən, gor
əzabından uzaq elə! Gəlin, üç dəfə deyək: İlahi, amin! İlahi, amin! İlahi,
amin! Yoxsa, kim dözərdi, gecədən
səhərə qədər
tükənməyən rəqəmlərin
təkrarına?! Altı
yüz qırx beş, altı yüz qırx altı, altı yüz qırx yeddi... Gündüzlər
ürəyində, gecələr
dilində; bərkdən,
ucadan, az qala çığıra-çığıra...
- Üç min doqquz yüz yetmiş beş... Əhsən, mənə! Bitdi! Bu sənədi də təzədən işlədim.
1926-ci ildə Azərbaycan
SSRİ-də əhalinin
ilk siyahıya alınması
aparılmışdı. Bilirdin?
- ...
- Karsan, ay qız?
- Sözünü de.
- Öyrən, goruma aparmayacam. O vaxt Azərbaycanda 2 milyon 314
min 571 nəfər əhali
yaşayırdı. 1 milyon
212 min 859 nəfəri kişilər,
1 milyon 101 712 nəfəri
qadınlar idi. 649 min
557 nəfər əhali
şəhərlərdə, 1 milyon 665 14 nəfəri kəndlərdə yaşayırdı.
- Bunu bilməyib gör, nələri itirmişəm.
- Sən nə qanırsan, bu nə deməkdir?! Mənim ulu babam da əhalini sayan adamlardan olub. Oxumuş adam olub e, Tiflisdə seminariya qurtarıb.
- Hə, Tiflisdə Botanika bağının yanında
bir ay kirayə də yaşayıb.
- Ay sağ ol. Yəni
ki, balaca adam olmayıb.
- Bir dəfə də Sabirə salam verib.
- Sabir kimdir?
- Mirzə Ələkbər
Sabir.
- Hə-hə... Amma Sabirə
yox, Mirzə Cəlilə salam verib. O da salamını alıb.
- Yəni deyib ki, əleyküm salam?!
- Bəli, deyib ki, əleyküm salam, beş də artıq!
- Özü də, ikisi bir yerdə
Botanika bağında gəzirmiş,
rəhmətlik baban hər ikisi ilə salamlaşıb.
- Humay, bunu sənə
demişəm?
- Yüz dəfə.
- Deyə bilərsən ki,
Sabir Tiflisə niyə
getmişdi?
- Ciyəri vərəmləmişdi.
- Əhsən! Ədəbiyyat
müəlliminə yağlı
beş.
- Ciyərim vərəmlədi,
ay Allah. Ciyərim vərəmlədi!
- Qulaq as! Az çərənlə.
Babamı Astarxanbazarda
vurub öldürüblər
ki, bizi sayıb-sayıb
axırımıza çıxacaqsan.
Yəni, güllələtdirmək
üçün sayımızı
hökumətə verirsən.
Meyitini də çaya atıblar. Astarxanbazar bilirsən, indi hansı rayondur?
- Bilmirəm.
- Elə bilməsən, yaxşıdır.
- Ay, nə maraqlı...
- Çox maraqlı. Ulu nənəm deyirmiş ki,
həftənin tək
günləri balamın
ruhu bizə qonaq gəlir.
- ...
- Çox sağ ol, Allah sənin də ölənlərinə
rəhmət eləsin.
- İsmayıl, bir az da dirilərin dərdini çək e. Öz həyatını yaşa, qayğımıza
qal, diqqət göstər.
***
İndi yavaş-yavaş öyrəşib.
Getsin o günlər, gəlməsin. Təzə-təzə
qalmışdı mal-məlul,
mat-məəttəl. Əri
pəncərənin ağzında
dayanır, üzbəüzdəki
yataqxananın həyətinə
gözünü zilləyirdi.
Lap düzü, yataqxananın
həyətində eşələnən
toyuq-cücəyə. Bir dəfə
Humayı da çağırmışdı
ki, toyuqları altına
basmarlayan xoruza bir yerdə baxsınlar.
Humay həkim tapıb axşam zəng eləmişdi. Sonrası komediya. Həkimi gülmək tutmuşdu. Belə, deyiləsi deyil: biabırçılıq,
yenə biabırçılıq,
dönə-dönə biabırçılıq...
-
Ha-ha-ha... Hi-hi-hi... Hoo-ho-hooo...
Belə
həkim olar? İt oğlu! Necə ləzzətlə gülürdü,
necə ürəkdən
şaqqanaq çəkirdi.
Humay da ona qoşulub əvvəl pıqqıldamışdı, sonra
ar eləyib telefonu söndürmüşdü.
Pilləkəndə yatan
pişik qapını
cırmaqlayanda Allahın
bu ac heyvanını əzizləyib-oxşamışdı, bığlarına sığal
çəkmişdi, bir
tikə balıqla qarnını doyuzdurub,
bit-birə üçün
qulağının dibinə
püskürtmə dərman
vurmuşdu. Pişiklər
qulaqlarının ardını
yalaya bilmir, ona görə bit-birə yığışır.
Yox, düzünə qalsa, o mehriban-işıqlı günlərdən
sonra ortalığa düşən ögeyliyin
günahkarı, həm
də Humay özü olmuşdu.
- İsmayıl, sənə
neçə dəfə
demişəm ki, almanı
yeyib, kötüyünü
balışın altına
qoyma.
- Qoyanda nolur ki?
- Necə nolur? Bilmirsən? Düşür
künc-bucağa, çürüyür.
Neçə dəfə
demişəm ki, corabı
çıxarıb ortalığa
atma. Balkonun işığı yanmır,
onu düzəltdir.
- Başqa nə olmaz, məllimə?
- Sən məni ələ sal. Dünən narı yeyib suyunu uşağın
kitabının üstünə
tökmüsən. Axırıncı
dəfə olsun, çiməndə qışqıra-qışqıra
saymaq. Yüz otuza qədər sayıb adam çimər?!
- Aaa... Düz tapdın, düz tapdın. Deməli, sən də başlamısan saymağa.
- Allah eləməsin. Mənim ağlım hələ başımdadır.
- Bunu Allah eləmir ki. Keçən dəfə
143-ə qədər sayıb
çimmişdim. Yavaş-yavaş
azaldıram.
- Bəsdir, sən Allah. Bəs-dii-r! Hamamı it gününə qoyursan. Elə bil içəridə
müharibə gedir. Dırnağını da evin
ortasında tutma. Evdə dörd dənə bıçaq
var, hamısı da küt.
Kəsmir. Bezmişəm.
Başa düşürsən?!
Bezmişəm! Apar itilətdir.
Evdə yüyə vardı, harasa düşüb. Tapa bilmirəm,
yoxsa, özüm itiləyərdim.
- Yüyə yox, yeyə. Yeyədir onun adı. Ye-yə... De görüm: yeyə.
Sonra başlayırdı müsibət.
Boğazdan keçməyən
sözlər, barmağa
tikan kimi batan kəlmələr, qışqırıq, ağlaşma,
qanqaraçılıq, köhnə
palan içi tökmək... Həmişə
də bu köhnə palanın içindən Muradın qızaran gözləri, titrəyən hıçqırığı
çıxardı.
***
Günə gün calandı,
həftə oldu. Həftə keçdi, ay oldu, ay dolandı, il gəldi. Söz vaxtına çəkər,
elə onda da Bakıya qar yağmışdı. Yağıb
tez də kəsmişdi. Humaygilin binasının qabağındakı
Şaxta baba əriyib-əriyib
lap xırdalaşmışdı. Uşaqlar gərək, Şaxta babaya belə hörmətsizliyi
rəva bilməsinlər.
Bir babanın ki sifətindən
yerkökü sallana, ondan nə gözləyəsən,
nə umasan? Hələ üstəlik,
bir avara qarğa da gəlib o sallaq yerkökünü dimdikləyə, bəyənməyib
uçub gedə. Sərçələr də
ağaclarda şən-şən
civildəşə.
Qar əridi, havanın şaxtası sındı.
Sonra yanvarın günəşli
günləri başladı.
Həmin ilıq günlərdə Murad dedi
ki, həyətdə velosiped
sürmək istəyir.
Ata-bala qoşuldular bir-birinə, apardılar velosipedin təkərinə
hava vurdurmağa. Gedəndə sifariş də verdilər: balıq qızartmasının
yanında kartof soyutması olsun.
Humay, əvvəlcə, xudmani qazanı suyla doldurub kartofu qoydu qazın üstünə. Sonra günəbaxan
yağını töküb
balığı düzdü
tavaya, pəncərəni
də açdı
ki, tüstü evə
yayılmasın. Aşağı
boylandı, gördü,
oğlu velosiped sürür, əri yenə siqaret yandırıb toyuğun dalıyca qaçan xoruza baxır. Köks ötürüb balığı çevirmək
üçün içəri
keçmək istəyəndə
ərinin səsini eşitdi:
- Murad, gəl, oynayaq.
- Nə oynayaq, ata?
- Deməli, belə... O maşını görürsən?
- Hansı, o ağ maşını?!
- Yox, qırmızı
"Niva"nı.
- Hə...
- Mən uşaq olanda bu oyunu
atamla oynayırdım.
Qırx beşə qədər sayacam, görüm, o maşına
əlini vurub, qaçıb gələ biləcəksən? Sonra sən
sayacaqsan, mən qaçacam. Əgər vaxtında çatsan, səni boynumda gəzdirəcəm. Çatmasan,
məni yüz dəfə öpəcəksən.
- Dayan, anam çağırır.
Görüm, nə deyir. Hə, ana...
- Murad...
Murad... gəl evə,
dərslərin qalıb.
- Ana...
- Dedim, evə gəl. Tez ol. Eşitmədin?!
***
Çox
olmazdı, elə üç ay olardı: ayağı yaralı pişik dadanmışdı
onların qapısına.
Qapının ağzında
elə yatırdı,
elə bil evin keşiyini çəkir.
Humay marketdən qutu istəmişdi. İçinə
köhnə yun paltar sərib tumar çəkə-çəkə
Allahın bu çarəsiz heyvanını
yatırtmışdı içində.
Su da qoymuşdu, yemək də. Elə bilmişdi, ərinin deyinməyi çox çəkməyəcək,
üç-dörd günə
ötüşüb gedəcək.
Amma yox, çox çəkdi. Və bir gün həmin
pişik nə ac olub qapını cırmaqladı, nə soyuqdan qaçıb qutuya sığındı.
Yox oldu.
Qeybə
çəkildi.
Humay şübhələnməyinə ərindən şübhələndi,
amma dilinə gətirə bilmədi, qorxdu. Fikir çəkdi,
qəm elədi, evdə ruh kimi
dolaşdı, xısın-xısın
ağladı. Boş qutuya baxanda elə bildi Murad itib, Murad ölüb, Muradın yeri boş qalıb. Əl-üzünə su vurub güzgünün qarşısına keçəndə
özündən qorxdu:
bu nə ölü gözlər, bu nə ələmli
bət-bəniz idi? Qorxdu ki, başına hava gələ. Bəlkə başını
qarışdırmaq üçün
salat hazırlasın, yemək
bişirsin, paltar ütüləsin?
Səhəri gün dişini
yuyanda diksindi:
- Ay Allah,
qurban olum sənə, - dedi, - məni öldür, amma ağlımı əlimdən alma.
Hə,
o da ürəyində saymağa
başlamışdı. Elə
o gündən özü
də ilim-ilim itdi. Heç kim bilmədi hara gedib, niyə gedib.
İsmayıl yer qalmadı onu soraqlamasın, axtarmasın. Mətbəxdəki
qab-qaşığı da yumamışdı
Humay. Heç olmasa, uşağın
pal-paltarını sərib
gedərdi. Nəm-nəm
ortalıqda qalmışdı.
Muradın başını aldadıb
qardaşıgilə göndərdi.
Yer-göy başına
uçulurdu, nigaranlıqdan
canını qoymağa
yer tapmırdı. Ağlına min cür fikir gəlirdi: özünü asıb, dənizə atıb, zəhər içib... Əlacı zəhər içmək idisə, evi qoyub başqa
yerə niyə gedirdi? Bəlkə küsüb, inciyib, onu qorxutmaq üçün
hardasa gizlənir? Keçən ay Memar Əcəmidəki mağazadan
aldığı palto
asılqanda idi. Bəs nə geyinmişdi, köhnəni?
Çantası da güzgünün
qabağında qalmışdı.
Humay gedəndən sayı-hesabı
da itirmişdi. Tükənməyən
rəqəmlərin təkrarını
yığıb-yığışdıra
bilmirdi. Başı zoqquldayırdı. Murad da zəng
edirdi: ata, anama nolub, niyə
zəng çatmır,
məni nə vaxt evə aparacaqsan?
Başını pəncərəyə söykəyib ağladı.
Çox şey yada düşdü. İlk görüş,
ilk öpüş, park skamyasında
oturub dənizin üstündə ulduz saymaq... yox, belə yüngüllük
olmamışdı; park skamyasında
tum çırtlamaq, metro vaqonlarında,
avtobus dayanacaqlarında
bir-birinə qısılmağın
xoş həniri... Harda qeyb oldu
o bəxtəvər gecələrin
işığı? Hansı
dumanda itkin düşdü?
Sonra toxtayıb siqaret yandırdı İsmayıl.
Gedib Muradı da gətirdi. Qab-qaşığı
çoxdan yumuşdu,
evi süpürmüşdü,
pal-paltarı ütüləmişdi.
Humaydan qalan hər şey ürəyinin başını
göynədirdi: şəkillər,
pal-paltar, gürcü
larisi, boş ətir qabları, diş fırçası,
rus dili lüğəti, kompot bankaları, dibçək
güllər, uzunboğaz
qış çəkmələri...
Kaş pişik də qayıdıb gələrdi.
Gedib Humayı axtarmalı idi. Hardan? Necə
yəni, hardan? Keşlə bazarından. Bəlkə getmişdi balıq almağa? Humay çay farelini sevir. Qəbələdən gətirirlər.
Keşlədə olmasa,
deməli, Murada əyin-baş almağa gedib. Ya da əmisi
qızının yanına
ağlamağa.
Möcüzə. Qapı döyüldü.
Yox, bu döymək
deyildi, bu dəmirə zərif toxunuş idi.
- Mən deyiləm ki, qəpiyi bərk-bərk sıxıb döyəcləyim.
Taqqa-taq, taqqa-taq...
Kaş Humay ola.
Kaş Humay ola.
Kaş Humay ola.
Murad cumdu qapıya. Hə, Humay idi. Elə bil
bir topa çiçək idi, düzü-dünyanın bəxtəvərliyi
idi - gəlib dayanmışdı qapıda.
- Ana -
Murad ağladı.
- Sən harda idin, Humay?
- Apardım bıçağı,
itilədilər. Usta
da tapdım, sabah işığı düzəltməyə
gələcək.
- Sən nə danışırsan? Bir həftədir
hardasan?
- Nə bir həftə?
Ay All-ah... Bu nədir,
divarları niyə yazmısan? Sənnənəm?
Divarlar niyə bu gündədir, İsmayıl?
- He-sabı itirirdim. Yadımda qalmırdı...
ona görə yazdım.
İsmayıl bunu deyib yıxıldı. Humay qışqırdı, Murad lap bərkdən
ağladı.
- Ata...
Ona qədər sayıram,
qalx. Ay ata...
Yanvar,
2023
Cavid Zeynallı
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, ¹45.- S.12-13.