Bizi deyib gəlmişdi...
Firidun Hüseynov - 90
Bakı Dövlət Universitetində (o vaxt Azərbaycan Dövlət Universiteti) təhsil alarkən, bizə XX əsr Azərbaycan ədəbiyyatı tarixi kursunu professor Firidun Hüseynov tədris edib. Ancaq ünsiyyətimiz ondan əvvəl yaranmışdı: biz ikinci kursda oxuyanda o, fakültəmizə dekan seçilmişdi. Fakültədə canlı ədəbi mühit yaratmağa, fəal tələbələri həmin mühitə cəlb etməyə xüsusi əhəmiyyət verirdi.
Firidun müəllimlə ünsiyyət zamanı onun "Molla Nəsrəddin" ədəbi məktəbinə, Cəlil Məmmədquluzadə yaradıcılığına fərqli rəğbəti təcrübəsiz ədəbiyyat həvəslilərinin belə diqqətindən yayınmırdı. "Molla Nəsrəddin", sanki düşüncələrinə, nitqinə, danışıq tərzinə hopmuşdu, mövzusundan asılı olmayaraq söhbətlərində məqamına salıb Mirzə Cəlildən yerinə düşən iqtibaslar gətirirdi.
Sonradan Firidun müəllimin mühazirələrini dinlədim, tədqiqatlarını oxudum, rəhbərlik elədiyi kafedranın əvvəl diplomçusu, sonra aspirantı oldum və yazdıqları ilə xarakteri, sözü ilə əməli arasındakı üzvi bütövlüyü daha yaxından gördüm.
F.Hüseynovun elmi araşdırmaları, əsasən, "Molla Nəsrəddin" ədəbi məktəbi ilə bağlıdır. Jurnalın fəal iştirakçılarından olan görkəmli şair və publisist Əli Nəzminin həyat və yaradıcılığının, eləcə də Cəlil Məmmədquluzadə nəsrinin fundamental araşdırmalarını aparıb, jurnalı təmsil edən şairlər haqqında maraqlı məqalələri nəşr olunub.
Əli Nəzminin həyat və yaradıcılığına həsr etdiyi ilk ciddi elmi tədqiqatı - namizədlik dissertasiyası ilə Firidun müəllim özünü ədəbi ictimaiyyətə, həm mətnlərə böyük sədaqət və diqqətlə yanaşan həssas bir mətnşünas, həm də bədii sözün təkamülünə obyektiv qiymət verməyi bacaran ədəbiyyat tarixçisi kimi təqdim etməyə nail olmuşdu.
Bunu vurğulamağı zəruri hesab edirəm ki, elmi fəaliyyət sahəsi ədəbiyyat tarixi olan F.Hüseynovun təhlil metodu sosioloji metoddur. 1930-cu illərdə SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanda da ədəbiyyatşünaslıq elmi üçün buxova çevrilən, sərt məhdudiyyətlər qoyan bu metod 1960-cı illərdən etibarən, fərqli səviyyə və mahiyyət qazanmışdı. Vaxtilə Avropa ədəbiyyatşünaslığında böyük hadisə olan mədəni-tarixi metodun əsas prinsipləri yenidən aktuallaşmışdı. Xüsusilə, ədəbiyyatın orijinallığını şərtləndirən başlıca sütunlardan biri - bədii sözdə milli kimliyin əks olunmasına, ədəbiyyatın toplumu millət səviyyəsinə yüksəldən ictimai hadisə kimi öyrənilməsinə diqqət güclənmişdi. Ədəbiyyatşünaslığımızı yeni səviyyəyə çatdıran, onun yeni dövrünü təmsil edən ciddi alimlər sırasında Firidun müəllimin də öz sözü, öz yeri, öz ünvanı var.
Heç təsadüfi deyil ki, Firidun müəllimin təhlilində millətin mənafeyi öndə gəlir, milli maraqlara xidmət böyüdülüb ön plana gətirilir. O, mətbu fəaliyyətə maarifçi ziyalı kimi başlayan Əli Nəzminin yaradıcılıq yolunu işıqlandırarkən;
Eylə
bir dərdini məhsus - oyan, ay millət, oyan,
Etgilən halına əfsus
- oyan, ay millət, oyan
- misralarını şairin
yaradıcılığının leytmotivi kimi qiymətləndirmiş, təhlili
də bu təməl üzərində
aparmışdır. Bunu
da vurğulamağa ehtiyac
görürəm ki, Firidun
müəllim Əli Nəzminin bu şerini o vaxta qədər nəşr olunmamış əlyazmaları
içindən əldə
etmişdi. Əli Nəzminin bu şeirindəki "oyan!"
çağırışı indi dəbdə olan ədəbiyyatşünaslıq
termini ilə desək,
intertekstuallıq baxımından
bədii yaddaşımızın
dərinliklərindən - Nəsimidən
gəlirdi:
Ey özündən bixəbər
qafil, oyan!
Təbii
ki, Nəsiminin nəzərdə
tutduğu qəflət
yuxusu ilə Əli Nəzmini dillənməyə məcbur
edən qəflət yuxusu fərqli idi. Əli Nəzmininin
dövründə, Nəcəf
bəy Vəzirov demiş, şairin, yazıçının, fikir
adamının "ən
böyük təsəllisi
millətə xidmət"
idi. Ən gur şüarı "vətən, vətən,
vətən, dil, dil, dil, millət,
millət, millət!"
olan Cəlil Məmmədquluzadənin ətrafındakı
insanlar üçün
millətin varlığını
yaşadan onun dilidir. F.Hüseynov
Əli Nəzmini
"milli ədəbiyyat və
dilimizin varlığı,
saflığı uğrunda
məfkurə döyüşlərində
C.Məmmədquluzadənin ən yaxın silahdaşı, məsləkdaşı"
adlandırır, öz
fikrini əsaslandırmaq
üçün şairin
bu misralarına istinad edir:
"Dil" var ikən, gəlin, "lisan" deməyək,
Döndərib farscaya, "zəban"
deməyək.
Hər kəsin var sözü, dili, ağızı,
Ağıza and içək, "dəhan" deməyək.
Ərəbi göndərək öz
evlərinə,
Farsa
"qal bizdə mehman" deməyək.
Bu fikrin də altından xətt çəkərək ayrıca
vurğulamaqda fayda var
ki, Firidun müəllimin
millətçilik mövqeyi
turançı türkçülük
deyil, azərbaycançılıq
ideologiyası ilə bağlıdır. Bu, sadəcə,
tədqiq etdiyi şair və yazıçıların "tərəfini
tutmaqla" bağlı
olmayıb, onun bir alim və vətəndaş kimi, əqidəsindən irəli
gələn məsələdir.
Onun elmi araşdırmalarında
bədii ədəbiyyata
ictimai gerçəkliyin,
cəmiyyətin həyatının
əks olunmasının
başlıca vasitələrindən
biri kimi yanaşılır. Bu yanaşmaya
görə, bədii ədəbiyyat ictimai həyatda və cəmiyyətin məfkurəsində
baş verən proseslərin xitabət kürsüsü, yazıçı
sözü isə zamanın vicdan səsidir. O, bədii sözü zəmanənin
ən mühüm siyasi və sosial hadisələri ilə, millətin tarixi ilə bir arada görməyə,
bədii sözə zəmanənin güzgüsü
kimi baxmağa üstünlük verirdi. Əslində bu yanaşma ilə onun tədqiqat obyektinin - "Molla Nəsrəddin" ədəbi
məktəbinin tarixi
missiyası arasında
ayrılmaz bir bütövlük var. Jurnalın
baş məqaləsində,
Firidun müəllimin
yazılarında və
söhbətlərində tez-tez
yada salmağı sevdiyi
"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım" müraciəti
ilə başlayan proqram qeydlərində Mirzə Cəlil bunu açıq ifadə etmişdi: "Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz,
o vaxt qoyunuz aynanı qabağınıza
və diqqətlə baxınız camalınıza"...
Ədəbiyyatın ictimai həyatın aynası olması məsələsinin
qoyuluşunun tarixi isə bir qədər
əvvəldən, milli mətbuatımızın
təməlindən - "Əkinçi"
qəzetindən gəlirdi.
Qəzetin aparıcı
müəlliflərindən və Həsən bəy Zərdabinin məslək dostlarından
olan Əhsənül-Qəvaid
Seyid Əzim Şirvaniyə müraciətlə
yazmışdı: "Mən
ayinə kimiyəm, hər kəs məndə öz camalın görər"...
Seyid Əzim Şirvaninin qəzetə cavabı da filoloji baxımdan, bədii sözün təkamülünü izləmək
nöqteyi-nəzərindən maraqlıdır. Maarifçiliyin
hədəfində olan
divan ədəbiyyatının mövqeyini və təəssübünü əldən
verməməyə çalışan
Seyid Əzim Əhsənül-Qəvaidə cavabında vurğulayırdı
ki, şairlər də
daşdır, daş dəyəndə ayna sınar:
Ey özün ayinə sanan rüsva,
Bunu da bil ki, səngdir şüəra;
Ehtiyat eylə, ey günü
qarə,
Ayinə
səngdən olur parə...
Bu, əslində, ictimai həyata güzgü tutmaq istəyində olan yeni düşüncə
ilə "daşlaşmış"
köhnə düşüncənin
qarşıdurması idi
və XX əsrin əvvəllərində milli varlığımızın
üz-üzə gəldiyi
tarixi zərurət həmin məsələnin
köklü həllini
tələb edirdi. Firidun müəllim elmi əsərlərində
diqqəti bu tarixi zərurətin araya-ərsəyə gətirdiyi
təkamül prosesinə
yönəldib. Cəlil
Məmmədquluzadə və
onun Mirzə Ələkbər Sabir, Əli
Nəzmi, Əbdürrəhim
bəy Haqverdiyev kimi məsləkdaşları,
sadəcə, öz dövrünün ictimai gerçəklikləri ilə
mübarizə aparmır,
həm də bədii təfəkkürdə
inqilabi dəyişikliklər
edir, sözün yaxşı mənasında,
milli psixologiyamıza təsir
göstərirdilər...
F.Hüseynov Mirzə
Cəlilin 1894-cü ildə
qələmə aldığı
"Danabaş kəndinin
əhvalatları"nın "Bir yüngülvari müqəddimə"si
ilə 1906-cı ildə
"Molla Nəsrəddin"in
birinci nömrəsində
nəşr etdirdiyi
"Sizi deyib gəlmişəm" arasında
maraqlı paralellik müşahidə etmişdi.
O, "Bir yüngülvari müqəddimə"ni
ədibin "bütün
yaradıcılığının əsası, məramı"
adlandırmış, "Sizi
deyib gəlmişəm"i
isə ədibin publisistikası üçün
proqram kimi müəyyənləşdirmişdi. Bu təsnifata başqa məna da vermək mümkündür: Cəlil
Məmmədquluzadənin janrından
asılı olmayaraq bütün yaradıcılığı,
eləcə də publisistikası başlanğıcda
müəyyənləşdirdiyi bədii-estetik bünövrə
üzərində ucaldılıb.
Ədibin özünün
felyeton adlandırdığı
miniatür əsərlərin
əksəriyyəti isə
indi fərqli bədii janrın nümunələri kimi qavranılmaqdadır. F.Hüseynovun bu iki mətni bir araya gətirməsi
filoloji baxımdan perspektivli yanaşma idi və ciddi
konseptual əhəmiyyət
daşımaqdadır.
Firidun müəllim Cəlil Məmmədquluzadə nəsrində
adi əhvalatların arxasındakı böyük
həqiqətləri - xalqın
həyatının, millətin
taleyinin ayrı-ayrı
lövhələrinin necə
əks olunduğunu işıqlandırır, ədibin
yaradıcılığının əhəmiyyətini oradakı
böyük həqiqətlərdə
görür, bədii
əsərlərdə xalqın
xarakterini, bu xarakterə xas olan təzadları oxumağa çalışırdı.
Buna görə də
onun elmi əsərlərində tarix
bədii sözün işığında daha
canlı görünür.
Çünki tarixdən
fərqli olaraq bədii əsərlərdə
hadisələr deyil, zamanın ruhu, gözə görünməyən
mənəvi dünyası
əks etdirilir. Əli Nəzmi yaradıcılığının ictimai mühit və çalxalanan tarixi proseslər işığında təhlili
gözümüz qarşısında
zamanın daha əyani mənzərələrini
canlandırır.
F.Hüseynov Cəlil
Məmmədquluzadənin ədəbiyyat
tariximizdəki yerini də ədibin bədii yaradıcılığının
ictimai və tarixi dəyərlərinə
görə müəyyənləşdirib:
"XX əsrin əvvəllərində
sənət və ədəbiyyatı xalq həyatı ilə, ictimai varlıqla qırılmaz tellərlə
bağlayan ilk böyük
ədib Mirzə Cəlil oldu". O, C.Məmmədquluzadənin
əsərlərini xalqın
mövqeyini ifadə edən "tribuna" kimi qiymətləndirərək,
ədibin əsərlərindəki
müasirlik ruhunu bu tribunanın ictimai və tarixi missiyası ilə əlaqələndirib.
F.Hüseynov tədqiq
etdiyi sənətkarların
yaradıcılığının sosioloji təhlilini apararkən, bədii sözün estetik mahiyyətini diqqətdən
kənarda qoymurdu. Hər bir yazıçının
yaradıcılığının ictimai əhəmiyyətini
konkret əsərlərin
bədii kamilliyi ilə vəhdətdə göstərirdi. O, Mirzə
Cəlil yaradıcılığını
haqlı olaraq öz dövrünün
yeni estetik hadisəsi kimi qiymətləndirib.
Bu, təkcə ədibin
ictimai mövqeyi, xalqın mənəvi varlığına münasibəti,
bədii yaradıcılıq
metodu, üslubu ilə bağlı hadisə deyil. F.Hüseynov burada həlledici amilin Mirzə Cəlilin fərdi yaradıcılıq istedadı
olduğu qənaətindədir.
O, diqqəti Mirzə Cəlil yaradıcılığının
genetik kodlarına yönəldərək yazır:
"Onun üç əsas sələfi vardı: a) zəngin şifahi xalq ədəbiyyatı; b) realist yazılı
milli ədəbiyyatımız; c) qabaqcıl rus və dünya ədəbiyyatı".
Sələf sözünə söykək
olaraq vurğulamaq yerinə düşər
ki, F.Hüseynovun öz yaradıcılığının
təməli də Azərbaycan filologiyasının
sağlam sütunlarına
söykənir. Bu baxımdan,
Mir Cəlalın elmi yaradıcılığı ilə
F.Hüseynovun tədqiqatları arasında
sələf-xələf varisliyi
ayrıca qeyd edilməlidir.
İndi də universitetlərimizdə
tədris edilən
"XX əsr Azərbaycan
ədəbiyyatı tarixi"
onların birgə elmi yaradıcılıq əməkdaşlığının həmişəyaşar abidəsidir.
F.Hüseynov təhlil
tərzində, ayrı-ayrı
ədəbi faktları
qiymətləndirməkdə də Mir Cəlal yaradıcılığına etibarlı
varislik sədaqəti
ilə yanaşıb.
Xüsusilə, Cəlil
Məmmədquluzadə hekayələrinin
Mir Cəlal tərəfindən
müəyyənləşdirilmiş struktur təsnifatına - əhvalat və portret hekayələrinə
ayrılmasına əsaslanaraq,
bədii sözümüzün
yaşatdığı böyük
həqiqətləri açmağa
müvəffəq olub.
Həmin
böyük həqiqətlərin
başı üzərindən
isə Azərbaycan filologiyasının görkəmli
nümayəndəsi, mənim
fəxr etdiyim müəllimim, professor Firidun
Hüseynovun işıqlı
portreti görünür...
Məti OSMANOĞLU
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, №45.- S.11.