Mirzə Cəlilə bənzətdiyim Mirzəcəlilşünas
1970-ci ilin
1 sentyabrında Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində
ilk dərsimiz "Ədəbiyyatşünaslığın əsasları"
fənni oldu və bu dərsi unudulmaz ustadımız, böyük alim professor Mir Cəlal Paşayev keçdi. Bir qədər sonra Mir Cəlal müəllimin tələbələrindən
bizə müəllimlik
edənlərin arasında
professor Firidun Hüseynov
da ustadı kimi təmkinlə, ağır-ağır
bizə XX yüzil Azərbaycan ədəbiyyatını
öyrətdi.
İlk baxışdan onu Cəlil Məmmədquluzadəyə
bənzətmişdim və
bəlkə də eyni torpaqdan, eyni sudan, havadan
yaranmış bu iki şəxsiyyətin bir-birinə bu dərəcədə bənzəməsi
təbii idi. Hətta mənə elə gəlirdi ki, Mirzə Cəlilin səsini, danışığını
eşitməsəm də,
elə Firidun müəllim kimi təmkinlə, sanballı-sanballı
danışmalı idi.
Elə yumoru da, eyhamı da, bəzən yumşaq kinayəsi də Mirzə Cəlillə üst-üstə
düşürdü yəqin.
O zaman Filologiya fakültəsinin
yerləşdiyi indiki
İqtisad Universitetinin
bir hissəsində auditoriyalarımız sən
deyən abırlı
gündə deyildi. Kommunist rejimi adi, salamat partaları belə bizə çox görürdü.
Heç yadımdan çıxmaz: indi tanınmış diplomat olan
professor Vilayət Quliyevin
oturduğu partanın
kiçik bir qapıcığı da var idi
və tələbə
Vilayət oturarkən,
özünəməxsus yumorla
həmin qapıcığı
taqqıldadıb örtürdü.
Bir dəfə də Firidun müəllimin dərsində belə eləyəndə müəllim
təmkinini pozmadan astaca: "Lap trolleybus sürücülərinə
bənzədin!" - dedi
və bu, uşaqların gülüşünə
səbəb oldu.
Professor Firidun Hüseynov professor
Mir Cəlal Paşayevin
elmi məktəbinin ən istedadlı tələbələrindən biri,
onun qələm yoldaşı, böyük
ədəbiyyatşünas alim idi. Heyif ki, bu fani dünyanı
çox tez tərk elədi, yoxsa, hələ çox böyük əsərlər yarada, ədəbiyyatşünaslıq elmimizi daha da zənginləşdirə bilərdi.
Təsəllimiz odur
ki, onun kitabları, dərslikləri indi də filoloqların əlindən yerə düşmür, deməli,
ustadımız indi də yeni-yeni tələbələr
yetişdirir və nə qədər ki, bu proses davam edir, professor Firidun Hüseynov da yaşayır
və müstəqil dövlətimizdə humanitar
elmin inkişafında
iştirak edir.
Bu böyük alim haqqında
vikipediyada məqalənin
olmaması da təəssüf
doğurur. Yəqin
ki, Bakı Dövlət
Universitetinin uyğun qurumları tezliklə bu boşluğu dolduracaqlar.
Ustadımızı düşünərkən,
böyük klassik şairimiz Əfzələddin
Xaqaninin o dövrün
başqa bir böyük şairi Fələki Şirvaninin ölümünə həsr
etdiyi mərsiyə yadıma düşür:
Fələki doğmuşdu sehrimdən
mənim,
Olmuşdu göylərin sirrinə
agah.
Heyif ki,
tez getdi, çox yaşamadı,
Fələkim tez getdi əllərimdən, ah!
Unudulmaz
ustadımız, professor Firidun
Hüseynov Haqq dünyasına
getməyə tələssə
də, tələbələrinin,
onu tanıyanların qəlbində, onun kitablarını oxuyanların
gözündə yaşayır!
22.11.2023
Teymur Kərimli
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, №45.- S.9.