Adiliyin
böyüklüyü
Müəllimim
professor Firidun Hüseynovun xatirəsinə
Universitetdə
oxuduğum illərdə bir çoxları kimi, mənim də
müəllimim olmuş, iyirminci əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatı tarixindən mühazirələrini
dinləmişdim. İndi aradan bunca zaman keçəndən
sonra onun haqqında nə isə yazmaq, yaxud fikir söyləmək
deyil, sadəcə, düşünmək belə istər-istəməz,
həzin xatirələrə yol açır.
O,
rus-sovet müstəmləkəçik rejiminin ən çətin
illərində, "ağlın kölələşdirildiyi",
"fərdlərin hamılaşdırıldığı",
yalnız ədəbiyyatın deyil, bütünlüklə mənəviyyatın
ideologiya ilə yönləndirildiyi cəmiyyətdə
yaşamış, dönəmin acımasız şərtləri
hüdudunda fəaliyyət göstərmişdir. Belə
mürəkkəb dövrdə araşdırma obyektinin təkzibolunmaz
ədəbi dəyərləri elmi axtarışlarına
yön vermişdir. Bu səbəbdən yazılarında bir tərəfdən,
ideologiyanın açıq təsiri duyulsa da, qarşı tərəfdən,
milli düşüncənin müqaviməti özünü
göstərməkdədir.
Bir
neçə monoqrafiyanın, universitet dərsliyinin, klassik
irslə bağlı xeyli sayda məqalənin müəllifi
olan alimin araşdırmalarında Cəlil Məmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər
Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Əli Nəzmi,
Mirzə Əli Möcüz və başqa klassiklərin ədəbi
irsi dəyərləndirilir. Onun araşdırmalarında daha
çox, XX yüzilin əvvəllərində
yaşayıb-yaratmış Azərbaycan ədəbiyyatı
klassiklərinin bədii irsi və portret cizgilərinin
yaradılışı ağırlıqlı
görünür.
Kitablarından
biri "Adi əhvalatlarda böyük həqiqətlər"
adlanır. Rəmzi məna daşıyan bu ad əslində onun bütün
elmi yaradıcılığına şamil edilə bilər.
Çünki o bir araşdırıcı kimi
yaradıcılığı boyu "Molla Nəsrəddin"
ədəbi məktəbinə mənsub olan yazarların qələmə
aldığı, zahirən adi görünən əhvalatların
dərinliyində yuvalanan böyük həqiqətləri
aşkarlamağa, onların gizli mənalarını, metaforik
anlamlarını çözməyə, ideya-estetik
yönü ilə dəyərləndirməyə
çalışmışdır.
Uzun illər
araşdırma obyektinə çevirdiyi ədəbi şəxsiyyətlərinin
yaradıcılıq üslubu təkcə yazılarına
deyil, xarakterinə, nitqinə zərif bir yumor
qatmışdı. Onunla ünsiyyətdə olanlar bəzən
incə söylənilmiş fikrin arxasında gizlənən
yumoru dərhal duymazdılar.
İmtahan
zamanı tələbələrin birindən "Molla Nəsrəddin"
dərgisində yayınlanan felyetonlardan hansıları
oxuduğunu soruşanda tələbə cəmi iki əsərin
adını çəkincə, təmkinini pozmadan: "Elə
buna görə də iki alırsan", - deyə onun biliyini
qiymətləndirmişdi.
Filologiya
fakültəsinin dekanı olduğu zaman ədəbiyyatın
metodikasından mühazirə oxuyan bir professorun dərsinə
girərək əsas diqqətin elmə yönəldilməsinin
vacibliyini vurğulamış, elm olarsa, müəllimin öz
tədris üsulunu - fərdi metodunu yaradacağını
bildirmişdi.
Müəllimlərini
yüksək qiymətləndirər, bütün
qazandıqları üçün onlara borclu olduğunu
düşünər, özünü sadə tutardı. Səsini
heç zaman qaldırmaz, kimsənin xətrinə dəyəcək
bir söz söyləməzdi, lakin adını duyunca hər
kəs özünü yığışdırardı.
O,
yalnız Azərbaycan ədəbiyyatı tarixini
araşdıran alim, klassik irsi sevərək tədris edən
müəllim deyildi, milli kimliyinə sığınan,
yaşadığı cəmiyyətdə baş verən
mürəkkəb hadisələrə Mirzə Cəlil
sayağı baxış sərgiləyən və
bütün bunlarla yanaşı, insan olmağın örnəyini
qoyub gedən, həyatın erkən müdrikləşdirdiyi
bir şəxsiyyət idi.
Vaqif
Sultanlı
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, №45.- S.9.