Firidun müəllim
Mən
Universitetin filologiya fakültəsinə daxil olanda Firidun
Hüseynov həmin fakültənin dekanı idi. Onun bizə tələbə
biletini təqdim etdiyi həyəcanlı dəqiqələr
indiyə qədər yadımdadır. Və o da
yadımdadır ki, gərgin imtahan günlərindən sonra
biz - birinci kurs tələbələri özümüzü
dünyanın ən xoşbəxt insanları hiss edərək,
hərəkətlərimizdə bir az yuxarıdan getsək də,
Firidun müəllim tamamilə sakit idi, illərlə həsrətində
olduğumuz tələbə biletini bizə elə laqeyd verirdi
ki, sanki onu xoşlamadığı bir işə vadar eləmişdilər...
Bir-iki il keçdikdən, biz təhsilə başladıqdan
(və dekanımızın xarakterinə bələd olduqdan!)
sonra anladım ki, Firidun müəllim heç də laqeyd adam
deyilmiş, sadəcə, təntənəni sevmirmiş. O
zaman çox dəbdə olan iclaslarda, məşhur qəhrəmanlarını
formalaşdırmış intriqalarda da dekanımız, demək
olar ki, iştirak etmirdi. Ordan-burdan eşidirdik ki, Firidun müəllimi
bu və ya digər oyunlara, qrup mənafelərinin müdafiəsinə
cəlb etmək istəyirlər, onu məcbur edirlər ki,
özünün epik həqiqətlərini kimlərinsə
şıltaqlıqlarına qurban versin. Və onu da hiss edirdi
ki, işbaz adamlar təmkinli, gözütox dekanın
nüfuzu arxasında gizlənərək öz mənafeləri
üçün çalışırlar... Fitri
ağıla, zəngin həyat təcrübəsinə malik
olan Firidun Hüseynov, heç şübhəsiz, bunları
yaxşı görürdü, ancaq bir qayda olaraq, görməməzliyə
vurur, intriqaların fövqündə dayanmaq,
"dostlar"dan yuxarıda durmaq istəyirdi. Və bunu
bacarırdı... Ancaq yəqin ki, bunun üçün də
öz daxili ilə döyüşməli, əsəblərinə,
içindən gələn tamamilə təbii etirazlara qalib gəlməli,
özünü təmkinli aparmağa məcbur etməli
olurdu.
Professor
Firidun Hüseynovun hər cür təntənədən, dəbdəbələrdən
uzaq həyat tərzi onun yalnız müəllimliyinə,
dekanlığına, kafedra müdirliyinə deyil, elmi
yaradıcılığına da həlledici təsir göstərmişdi.
"Adi əhvalatlarda böyük həqiqətlər"
axtarıb tapmağa, damlanın sükunətində dənizin
təlatümünü görməyə cəhd edən bu
insan müdrik idi. Ona görə də
gözqamaşdırıcı perspektivlər arxasınca (buna
ətrafındakılardan daha çox imkanı olsa da!)
getmirdi. Və biz tələbələr görürdük ki,
Firidun Hüseynov öz böyük müəllimi, təbiətən
mütəfəkkir olan Mir Cəlalı nə qədər
yüksək tutur, onun yaradıcılıq yolunu nə qədər
məmnunluqla davam etdirir. Yadımdadır, bir dəfə
Firidun müəllim dedi ki, Azərbaycan ədəbiyyatı
tarixindən, ədəbiyyatşünaslıqdan mühazirə
deyən müəllimlərin sayı get-gedə artır.
Onlar özlərinin bilikli olduqlarını göstərmək
üçün dərsi çox təmtəraqlı
danışır, auditoriyada gur-gur guruldayırlar. Ancaq Mir Cəlal
müəllimin asta səslə dediyi bir cümlə
onların bütöv mühazirələrinə dəyər.
Firidun Hüseynov tələbələrin
qayğısına elə qalırdı
ki, onu hiss etmirdin... Birinci kursu bitirib Jdanov (indiki Beyləqan)
rayonuna işləməyə getmişdik. Tələbə
inşaat dəstələrinin dəbdə olan dövrü
idi. Nə isə bir balaca şuluqluq oldu. Elə bir şey
deyildi ki, böyüdüb problemə çevirəsən.
Ancaq böyütdülər. Və onda ayıldıq ki, bizi
Universitetdan qovmaq barədə söz-söhbət gedir. Mənim
adım da başda çəkilirdi... Bir-iki gündən sonra
qurbağa gölünə, sanki bir yekə daş atdılar.
Daha bizi itirib-axtaran olmadı... Çox keçməmişdi
ki, təsadüfən dəhlizdə dekanla üzbəüz gəldim.
Yavaşca aradan çıxmaq istəyəndə yanına
çağırıb klassik müəllimlər
sayağı, astaca qolumdan tutdu. Dəhliz boyu yeriməyə
başladıq. Və görünür, deyəcəyi
sözlərin ağır-yüngüllüyünü
seçdiyindən bir xeyli dinmədi. Əslində mənə
də imkan verdi ki, adət eləmədiyim söhbət şəraitinə
bir az uyğunlaşım. Nəhayət, özünəməxsus
təmkinlə: "İşlər necədi?" dedi.
Doğrudur, dekanın isti münasibətindən elə əvvəlcədən
duymuşdum ki, söhbət sərt olmayacaq, lakin bu qədər
yumşaq olacağını da gözləmirdim. Lap uzaqdan
başladım: "Firidun müəllim, mənim elə bir
günahım yox idi. Hamımız qərara gəlmişdik
ki, işləməkdən imtina edək. Çünki bizə
yuxarıdan aşağı baxırdılar. İstədik ki,
özümüzü saydıraq. Ara qarışdı..."
Firidun müəllimə tərəf
baxdım ki, görüm, sözlərim
ona necə təsir edir. Və çox yaxşı ki,
baxdım... Mənim özümü təmizə
çıxarmaq üçün dediyim bu sözlərə
dekan qətiyyən qulaq asmırdı, yanımızdan
keçən müəllimlərə, tələbələrə
başı ilə salam verib, salam alırdı. Susdum...
Beş-altı addım da atandan
sonra, astaca sağollaşıb getdi. Handan-hana özümə
gəlib istədim ki, arxasınca qaçıb təşəkkür
edəm, bizi xilas elədiyi üçün minnətdarlığımı
bildirəm; ancaq bu mötəbər insanın mənim təşəkkürümə,
minnətdarlığıma heç bir ehtiyacı
olmadığını düşünüb geri
qayıtdım. Və günlərlə həmin
görüşün ilıq təəssüratı
altında yaşadım.
Firidun Hüseynovun dünyadan nə qədər erkən getdiyini mən
çox sonralar, onun tərcümeyi-halını bir daha nəzərdən
keçirərkən bütün ağrı-acısı ilə
anladım. Sən demə, tələbə olduğumuz illərdə
bizə Mirzə Cəlil, Sabir, Firidun bəy Köçərli
yaşda (və müdriklikdə!) görünən hörmətli
müəllimimiz qırx yaşlarında imiş.
Noyabr,
2008
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, №45.- S.7.