Görkəmli mollanəsrəddinçi
ədəbiyyatşünas
Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında görkəmli elm xadimi və tanınmış pedaqoq, filologiya elmləri doktoru, professor Firidun Hüseynovun böyük xidmətləri
olmuşdur. Çoxcəhətli
elmi-pedaqoji fəaliyyətə
malik olan Firidun Hüseynov ölkəmizin fədakar ədəbiyyat tarixçilərindən
biri kimi, XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatının
tanınmış simalarının
həyat və yaradıcılığının, əsrin başlanğıc
mərhələsində milli
mətbuatının formalaşma
və inkişafı məsələlərinin dərindən,
əsaslı şəkildə
araşdırıb tədqiq
edilməsinə böyük
töhfələr vermişdir.
Ümumiləşdirilmiş şəkildə belə demək mümkündür
ki, professor Firidun Hüseynov Azərbaycanda mollanəsrəddinçi
ədəbiyyatın əsas
yaradıcılarından biridir.
Mollanəsrəddinçi ədəbiyyata
dair sanballı elmi əsərləri onun XX əsrin əvvəlləri Azərbaycan
ədəbiyyatının əsas
və aparıcı ədəbi cərəyanının
- tənqidi realizmin görkəmli tədqiqatçılarından
biri olduğunu nümayiş etdirir.
Görkəmli elm xadimi Firidun
Hüseynovun elmi fəaliyyəti bütünlüklə
Azərbaycan mollanəsrəddinçi
- tənqidi realist ədəbiyyatının tədqiq
edilib öyrənilməsi
və təbliğ edilməsinə həsr edilmişdir. Firidun Hüseynov mollanəsrəddinçi
ədəbiyyat haqqındakı
qiymətli tədqiqatlarında
XX əsrin əvvəlləri
Azərbaycan tənqidi
realizmi ədəbiyyatının
real mənzərəsi,
ədəbi gedişatın
uğurları və əsas ədəbi hadisələri dolğun və obyektiv şəkildə işıqlandırılmışdır.
Sovet rejiminin hakim olduğu dövrdə yaşayıb-yaratmasına
baxmayaraq, filologiya elmləri doktoru, professor Firidun Hüseynovun tədqiqat əsərlərində keçmiş
ideologiyanın izləri
çox azdır, yox dərəcəsindədir,
məcburi, yaxud formal, zahiri fon təsiri bağışlayır. Bunun
əsas səbəbi görkəmli alimin əsl mollanəsrəddinçi
kimi, həmişə
gerçəkçi elmi
mövqedə dayanması,
araşdırma prosesində
əbədi faktlara və hadisələrə
üstünlük verməsi
ilə əlaqədardır.
Firidun Hüseynovun təhlilləri mollanəsrəddinçi
ədəbiyyatdan alınmış
çoxsaylı informasiyalarla,
real ədəbi materialla, bədii əsərlərdən seçilmiş
əhəmiyyətli faktlarla
və sitatlarla zəngindir. Bir çox tanınmış
ədəbiyyatşünaslardan fərqli olaraq o, araşdırma apararkən,
hazır sxemlərdən
və mövcud modellərdən deyil, ədəbiyyatın özündən,
bədii əsərlərin
real, təbii məntiqindən, daxili enerjisindən çıxış
etmişdir. Bu mənada, professor Firidun Hüseynovun hər bir tədqiqat
əsəri ədəbiyyatşünaslıq
elmini bədii ədəbiyyatın özünə,
bədii mətnin məntiqinə daha da yaxınlaşdırmışdır.
Onun elmi əsərlərində milli
mollanəsrəddinçi ədəbiyyatın
real nəbzi döyünür.
Azərbaycan mollanəsrəddinçi irsinin
Mirzə İbrahimov, Mir Cəlal, Abbas Zamanov, Əziz Mirəhmədov, Əziz Şərif, Qulam Məmmədli kimi qüdrətli tədqiqatçılarının sıralarında Firidun Hüseynovun da özünəməxsus, şərəfli
yeri vardır. O, ölkəmizdə mollanəsrəddinçi
ədəbiyyatşünaslığın
əsas yaradıcılarından
biri kimi qəbul olunur. Məhz mollanəsrəddinçi
ədəbiyyata həsr
olunmuş qiymətli tədqiqat əsərləri
onu geniş mənada Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli yaradıcıları sırasına
çatdırmışdır. Aradan xeyli illər
keçməsinə və
ideoloji sistemin dəyişməsinə baxmayaraq,
indi də Firidun Hüseynovun zəngin mollanəsrəddinçi
elmi irsi öz aktuallığını
və müasirliyini itirməmişdir. Bu zəngin və dəyərli elmi irs - çoxsaylı məqalələr, sanballı
monoqrafik tədqiqatlar
yenə də alimlərin, mütəxəssislərin,
müəllimlərin və
tələbələrin xidmətindədir.
Firidun Hüseynov
mollanəsrəddinçi ədəbiyyatın
tədqiqinə "Əli
Nəzminin həyatı
və yaradıcılığı"
adlı namizədlik dissertasiyası ilə başlamışdır. Əli
Nəzmi - Məşədi
Sijimqulu ilə əlaqədar araşdırmaları
Firidun Hüseynovun
"Molla Nəsrəddin"
dünyasına açılan
ilk elmi qapısıdır. "Əli
Nəzmi" monoqrafiyası
(1970) mollanəsrəddinçi irsin tədqiqinin birinci mərhələsinin
uğurlu elmi təqdimatıdır. Bu qiymətli kitab ədəbiyyat tariximizdə
"İkinci Sabir"
kimi tanınmış
görkəmli mollanəsrəddinçi
şair Əli Nəzmiyə ucaldılmış
layiqli elmi abidədir. Burada Əli Nəzminin həyat və yaradıcılığının bütün istiqamətləri
və əsas problemləri özünün
dolğun elmi əksini və həllini tapmışdır.
İstinad edilən çoxsaylı elmi mənbələr, ilk dəfə üzə çıxarılaraq elmi
ictimaiyyətə çatdırılan
qiymətli və zəngin ədəbi materiallar, şairin haqqında söz açılan müasirləri
haqqındakı geniş
informasiya "Əli Nəzmi" monoqrafiyasına
ensiklopedik kitab xarakteri gətirir. Burada, həm Əli Nəzminin dolğun elmi-ədəbi portretinin verilməsi və həm də onun sənət
və əqidə yoldaşları haqqındakı
əhatəli məlumatlar
və təhlillər
bu mollanəsrəddinçi
şairi dövrü,
mühiti və müasirləri ilə birlikdə, yaradıcılığının
əsas problemləri ilə vəhdətdə təqdim etməyə imkan yaratmışdır.
"Əli Nəzmi"
monoqrafiyası kimi, Əli Nəzminin satiralarını və məqalələrini də
arxivlərdən və
dövri mətbuat səhifələrindən toplayıb
kitab halında nəşr etdirməsi də professor Firidun Hüseynovun Azərbaycan ədəbiyyatşünaslıq
elminə xidmətləri
sırasında özünə
yer tutur. İndiki mərhələdə
"Əli Nəzmi"
monoqrafiyasının və
Əli Nəzminin seçilmiş əsərlərinin
yenidən nəşr
edilib latın qrafikası ilə müasir elmi dövriyyəyə daxil edilməsinə ehtiyac vardır.
Nəticə etibarilə Əli Nəzmiyə həsr olunmuş sanballı elmi-tədqiqat işi və həmin araşdırma əsasında
yazılmış qiymətli
monoqrafiyası, həm
də mollanəsrəddinçi
ədəbi irsin tədqiqi sahəsində Firidun Hüseynovun mükəmməl elmi məşqidir. "Molla Nəsrəddin" dünyasına
həsr olunmuş sonrakı qiymətli elmi əsərləri həmin möhkəm bünövrə üzərində
ucaldılmışdır. Elmi mühitdə professor Firidun Hüseynov daha çox görkəmli Mirzəcəlilşünas alim
kimi tanınır. Doktorluq dissertasiyası kimi meydana çıxmış
"Cəlil Məmmədquluzadə
bədii nəsrinin əsas problemləri" adlı sanballı elmi-tədqiqat əsəri
onun adının Azərbaycan ədəbiyyatşünaslığının
böyük "Mirzəcəlilşünaslarının
cərgəsinə daxil
edilməsinə meydan
açmışdır. Görkəmli
alimin doktorluq dissertasiyası əsasında
hazırlanıb nəşr
edilmiş "Adi əhvalatlarda böyük
həqiqətlər" adlı
qiymətli monoqrafiyası
(1977), ümumən Cəlil
Məmmədquluzadə yaradıcılığının,
xüsusən də, ədibin bədii nəsrinin daxili dünyasını, özünəməxsus
zənginliklərini açan
və yüksək elmi səviyyədə dəyərləndirən fundamental
elmi tədqiqat əsəridir. Bu qiymətli tədqiqat əsərində Firidun Hüseynovun mövcud ədəbi materialı bütün dərinlikləri
və incəlikləri
ilə dəyərləndirmək
və elmi ümumiləşdirmələr aparmaq istedadı əyani surətdə görünməkdədir. Monoqrafiyanın
düzgün seçilmiş
uğurlu adı burada Cəlil Məmmədquluzadə yaradıcılığının
əsas qayəsinin, ana xətlərinin əhatəli və dolğun şəkildə
ifadə edildiyini qabarıq surətdə nəzərə çarpdırır.
Firidun müəllim tərəfindən düşünülmüş
bu ad, sərlövhə
- "Adi əhvalatlarda
böyük həqiqətlər"
formatı Cəlil Məmmədquluzadənin yaradıcılığı
ilə bərabər,
geniş mənada, mollanəsrəddinçi ədəbiyyatın,
Azərbaycan tənqidi
realizminin əsas mahiyyətini, ideya-estetik prinsiplərini ifadə etmək, elmi baxımdan şərh etmək imkanlarına malikdir. İlk dəfə Cəlil Məmmədquluzadənin əsərlərində
meydana çıxmış
"kiçik adam"
obrazları haqqında
Firidun Hüseynovun formalaşdırdığı elmi model, geniş
mənada, Azərbaycan
tənqidi realizm ədəbiyyatında fərqli
bədii obraz formatının müəyyən
edilməsinə xidmət
edir. Firidun müəllimin mollanəsrəddinçi
ədəbiyyatın mövzu
və problemlərinə,
təsvir və ifadə vasitələrinə
dair fikirləri, həm də XX əsrin əvvəlləri
Azərbaycan tənqidi
realist ədəbiyyatının
mahiyyətinə işıq
salan mükəmməl
nəzəri qənaətlərdir.
Bundan başqa, Firidun Hüseynovun əsl ədəbiyyat tarixçisi kimi Cəlil Məmmədquluzadənin
əsərlərinin yazılma
və çap olunması tarixi, dövrün ictimai-siyasi prosesləri ilə əlaqəli təhlili, ədibin təqdim etdiyi obrazların prototipləri haqqındakı
araşdırmaları doğrudan
da, onun tədqiqatında "Adi əhvalatlarda böyük
həqiqətlər"in dahiyanə
şəkildə əks
etdirildiyini əyani surətdə göstərir.
Bütün bunlar Firidun Hüseynovun tədqiqatlarının əhatə
dairəsini, onun ədəbiyyatımızın ideya-mövzu cəhətdən,
bədii obraz və xarakter baxımından özünəməxsusluqlarını
hansı miqyasda əks etdirdiyini təsəvvür etməyə
imkan yaradır.
"Satirik gülüşün
qüdrəti" kitabı
(1982) Firidun Hüseynovun
ayrılıqda götürülmüş
konkret bir satirik yazıçının
həyatı və yaradıcılığının araşdırılmasından bütövlükdə
"Molla Nəsrəddin"
ədəbi məktəbinin
tam halda tədqiq edilməsinə keçidinin başlanğıcıdır.
Kitabda toplanan araşdırmalarda ayrı-ayrı
mollanəsrəddinçi yazıçı
və şairlərin
yaradıcılığının ana xətləri öz əksini tapmışdır. Bundan başqa, Firidun Hüseynovun mollanəsrəddinçi
ədəbiyyata dair ümumiləşdirilmiş elmi
qənaətləri də
"Satirik gülüşün
qüdrəti" kitabında
özünə yer almışdır. Firidun Hüseynov mollanəsrəddinçi
yazıçıların timsalında
satira haqqındakı
nəzəri fikirlərini
də bu kitabda elmi ictimaiyyətə
çatdırmışdır. Buna görə "Satirik gülüşün
qüdrəti" kitabı
Firidun Hüseynovun elmi fəaliyyətində,
geniş mənada,
"Molla Nəsrəddin"
ədəbi məktəbinin
tədqiqinə keçid
baxımından elmi körpü funksiyasını
həyata keçirir.
Fikrimizcə, Firidun Hüseynovun "Molla Nəsrəddin" və
mollanəsrəddinçilər monoqrafiyası Əli Nəzmi haqqındakı araşdırmalardan sonra
"Satirik gülüşün
qüdrəti" kitabı
zəminində meydana
çıxmışdır. Bu mənada, "Molla Nəsrəddin və mollanəsrəddinçilər"
monoqrafiyası (1986) professor
Firidun Hüseynovun tənqidi realist ədəbiyyat haqqındakı
tədqiqatların qanunauyğun
və uğurlu məntiqi yekundur. Firidun Hüseynovun "Molla Nəsrəddin və mollanəsrəddinçilər"
adlı ümumiləşdirici
tədqiqat əsərində
"Molla Nəsrəddin"
jurnalı və mollanəsrəddinçi satirik
mətbuat, habelə Cəlil Məmmədquluzadə
və digər mollanəsrəddinçilər haqqında geniş elmi araşdırmalar öz əksini tapmışdır. Nəticə
etibarilə professor Firidun Hüseynov bu tədqiqatı ilə mollanəsrəddinçi
ədəbiyyat haqqında
geniş və ümumiləşdirilmiş elmi
söz deməyə nail olmuşdur. Müəllif özünəməxsus
böyük təvazökarlıqla
"Molla Nəsrəddin
və mollanəsrəddinçilər"
monoqrafiyasını "Realist
mətbuat və ədəbiyyatımızın araşdırılması və
təbliği sahəsində
tikilməkdə olan böyük binanın divarına qoyulan bir kərpic" adlandırsa da, əslində həmin monumental elmi əsər böyük
"Molla Nəsrəddin"
sarayının çox
geniş və işıqlı bir qəsri kimi dəyərləndirilməyə layiqdir. Etiraf etmək lazımdır ki, Molla Nəsrəddin
ədəbi məktəbi
haqqında Azərbaycan
ədəbiyyatşünaslıq elmində bu miqyasda yazılmış elmi əsərlər azdır. Bu, görkəmli yazıçı
və böyük ədəbiyyatşünas Mir
Cəlal Paşayevin
"Azərbaycanda ədəbi
məktəblər" adlı
sanballı monoqrafiyasından
sonra həmin mövzuda yaradılmış
nadir tədqiqat əsərlərindən biridir.
Bu, Firidun Hüseynovun ədəbiyyatşünaslıq
elmimizə bəxş
etdiyi qiymətli bir mollanəsrəddinnamədir.
"Molla Nəsrəddin"
jurnalı və mollanəsrəddinçi ədiblər
haqqında ən zəngin məlumat bu kitabda toplanılmışdır.
Ona görə də professor Firidun Hüseynovun "Molla Nəsrəddin" və mollanəsrəddinçilər"
adlı monoqrafiyası
Azərbaycan ədəbiyyatşünaslığına
ensiklopediya xarakteri daşıyan elmi əsər kimi daxil olmuşdur.
Professor Firidun
Hüseynov eyni zamanda "XX əsr Azərbaycan ədəbiyyatı"
dərsliyinin əsas yaradıcılarından biridir.
Onun görkəmli alim, böyük yazıçı və pedaqoq Mir Cəlal
Paşayevlə birlikdə
hazırladığı "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi
universitetlərdə indi
də istifadə olunan mükəmməl ali məktəb dərsliyidir. Mir Cəlal Paşayev və Firidun Hüseynovun müəllifləri
olduqları "XX əsr
Azərbaycan ədəbiyyatı"
dərsliyi keçən
yüzilliyin yetmişinci
illərində, yəni
sosializm cəmiyyətinin
inkişaf etdiyi bir dövrdə hazırlanmasına baxmayaraq,
əsasən, ideologiyadan
uzaq olan, ədəbiyyat tariximizin bu dövrünün ümumi mənzərəsini
və real gedişatını obyektiv
şəkildə təqdim
edən sanballı monoqrafik tədqiqat hesab oluna bilər.
Doğrudur, burada dərsliklərdə olduğu
kimi, yazıçılar
və şairlər haqqında mükəmməl
portret-oçerklər verilmiş,
onlara dair zəruri ədəbiyyat siyahısı da öz əksini tapmışdır. Lakin dərslikdə XX əsrin
əvvəlləri Azərbaycan
ədəbiyyatının inkişaf
istiqamətlərinə: tənqidi
realizm, maarifçi realizm, romantizm, tənqid və ədəbiyyatşünaslığın və milli mətbuatın
inkişafına həsr
edilmiş icmallar və dövrün yazıçı və şairlərinin həmin istiqamətlər üzrə
qruplaşdırılmış şəkildə təqdim
olunması kitaba dərslik-monoqrafiya xarakteri
gətirmişdir. Bu, Mir Cəlal Paşayevin və Firidun Hüseynovun ali məktəblər üçün dərslik
yaratmaq sahəsindəki
orijinal yolu və elmi xidmətləridir.
Uzun müddət
Bakı Dövlət Universitetində "Azərbaycan
ədəbiyyatı tarixi"
kafedrasına bacarıqla
rəhbərlik etmiş Firidun Hüseynovun birlikdə çalışdığı böyük müəllimlərinə
- Mir Cəlal Paşayevə və Abbas Zamanova bəslədiyi yüksək
ehtiram bugünkü nəsillər üçün
də ibrətamiz nümunə sayıla bilər. Firidun müəllim üçün
elmi rəhbəri olmuş Mir Cəlal Paşayev əsl insanlıq və müdriklik mücəssəməsi olmuşdur.
O, Bakı Dövlət
Universitetində "Azərbaycan
ədəbiyyatı tarixi"
kafedrasına rəhbərlik
etməsini də böyük ustadı Mir Cəlal müəllimin adı ilə bağlı olan ənənələrin
estafetini məsuliyyətlə
daşımaq mənasında
daim uca tutmuşdur. Firidun Hüseynov ədəbiyyatşünaslıq
elmində Mir Cəlal Paşayev məktəbinin yaradıcılıqla
davam və inkişaf edilərək, ləyaqətlə yaşatmaq
vəzifəsini şərəflə
yerinə yetirmişdir.
Professor Firidun Hüseynovun işıqlı
ömür yolu, zəngin elmi-pedaqoji fəaliyyəti əsl alimlik və böyük müəllimlik
məktəbidir. Bundan
başqa, Firidun müəllim uzun illər ərzində Bakı Dövlət Universitetində "XX əsr
Azərbaycan ədəbiyyatı"
fənnindən ədəbiyyatşünasların
və ədəbiyyat
müəllimlərinin bir
neçə nəslinə
dərs demişdir. Müasirləri onu natiqlik və müəllimlik qabiliyyətinə
görə universitetdə
böyük ad qazanmış professor Əli Sultanlı ilə müqayisə edirlər. Firidun Hüseynov elm sahəsində olduğu kimi, müəllimlik işində də böyük ad qoyub getmişdir.
Müəllimləri və müasirləri professor Firidun Hüseynovun bütöv şəxsiyyətinə və
zəngin elmi-pedaqoji irsinə, ədəbiyyatşünaslıq
elmi sahəsindəki xidmətlərinə, pedaqoji
bacarıqlarına yüksək
qiymət vermişdir.
Görkəmli elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü Abbas Zamanov bu sətirlərin
müəllifinə göndərdiyi
7 mart 1987-ci il tarixli məktubundakı aşağıdakı sətirlər
bunun ən yaxşı ifadəsidir:
"Göndərdiyin "Kitablar
aləmində" jurnalı
məni sevindirdi, həm də kədərləndirdi. Çünki
unudulmaz dostumuz Firidun
Hüseynovun son yazısı - "İntibah
carçısı" məqaləsi
burada çap olunmuşdur. "Molla Nəsrəddin" haqqında
mollanəsrəddinnamə məqaləsi….
Bu məqaləni
oxuyarkən Firidun təmkinliyi, Firidun konkretliyi, Firidun söz demək ustalığı ilə bir daha üz-üzə
gəldim.
İsa! Firidun nadir insan, nadir dost,
nadir alim, nadir şəxsiyyət idi. Sevdiyi, sədaqətlə
xidmət etdiyi Vətən torpağı
halaldır ona".
Fikrimcə, haqqında danışmaq
istədiyim professor Firidun
Hüseynov haqqında
görkəmli elm xadimi
Abbas Zamanovun fikirlərindən
yüksək söz tapmaq çətindir. Firidun müəllim görkəmli elm xadimi böyük şəxsiyyət
və əsl müəllim kimi onu tanıyanların qəlbində silinməz iz salmışdır.
Firidun müəllimlə tanınmış
görkəmli alimlər:
Fərhad Zeynalov, Yusif Seyidov, Kərim Həsənov, İnaət Bektaşi, Qara Namazov və
başqaları ilə
birgə iştirakçısı
olduğum hadisələr,
söhbətlər… əvəzsiz
həyat və elm dərsləri kimi yaddaşımda əbədi
həkk olunub. Bundan başqa, müxtəlif vaxtlarda Bakıda, Naxçıvanda,
Şərurda, Şahbuzda
şahidi olduğum görüşlər Firidun
müəllimin adiliyi,
sadəliyi və böyüklüyünü gün
işığı kimi
ortaya qoyurdu. Firidun müəllim elmdə olduğu kimi, həyatda da mollanəsrəddinçi idi.
Bu sadə, gerçəkçi,
obyektiv, mənəvi cəhətdən zəngin
insan qeyri-adi yumoru ilə diqqəti cəlb edirdi. Gülüşü
və təbəssümü
də bənzərsiz
idi.
Professor Firidun Hüseynov Molla Nəsrəddin kimi işıqlı və müdrik insan, görkəmli mollanəsrəddinçi alim olaraq
əbədi yaşamaq
haqqı qazanmışdır.
11 noyabr 2023
İsa Həbibbəyli
AMEA- nın prezidenti, akademik
Ədəbiyyat qəzeti.- 2023- cü il.- 25 noyabr.- ¹
45.- S. 6-7.