Gecikilən yubileyin “tələskən”
təəssüratı
Və ya Sabirdən yaxşı Kəbirlinski
var?
Tanıyanlar bilir, tənbəl
adam deyiləm, sadəcə, bəzi məqamlarda enerji
mübadiləsində tez yoruluram və nəsnələrə
marağım itir. Xüsusən də, gördüklərimdə
eyniyyət olanda. Məncə, bu təhlükəli girişdən
tez vaz keçim.
Sonra çoxfunksiyalı
dekorasiyalardan yanıqlı
adamlar elə bilərlər, nə isə çoxbaşlı
fikrim var.
Əlqərəz, ötən ay teatr cameəsi üçün maraqlı
və yaddaqalan oldu. Teatrlarımız ard-arda premyeralar etdilər. Amma bunların içərisində özüm
qarışıq, çoxluğun
diqqətini sözsüz
ki, Ana teatrın repertuarına
daxil edilən "Dantenin yubileyi" çəkdi.
Diqqətli oxucularımızın xatirindədir
ki, bəndeyi-fəqiriniz hələ
aylar öncə bu işin səbəbkarlarını
məşq prosesindən
izləyib, cızma-qara
eləmişdi.
Tamaşa mənə görə fərqli, maraqlı üslub və baxış bucağı ilə seçilən perspektivli rejissorun - Bakıda aktyorluq təhsili alıb, rejissorluq üzrə öyrənəcəklərini
rusiyalı teatr mütəxəssislərinə etibar edib, arabir
buralarda tamaşalar qurub, gedən Ərşad Ələkbərovun
işidir.
Onun rejissor maneraları bizlərə
çoxdan tanışdı.
Onu böyük teatr mütəxəssisi İsrafil İsrafilov Akademik Milli Dram Teatrına
rəhbərlik edərkən
kəşf etmiş və nəticə olaraq "Müsyö
İbrahim və Quran çiçəyi"
ərsəyə gəlmişdi.
Unudulmaz Xalq artistimiz
Fuad Poladovla daha çox yaddaqalan tamaşadan savayı, o, həm də Akademik Rus Dram Teatrında
"Mərasim", "Mən,
sən, o və telefon" qurub. Rejissor kimi, qardaş Qazaxıstanda hazırladığı bir
tamaşasını da video-link vasitəsilə izləmişəm.
Yəni, onun rejissor və ondan daha irəlidə
tərtibatçı və
musiqi həlli baxımından üslubuna,
yanaşma və zövqünə az-çox
bələdəm.
Qısacası, mənsub olduğu cərəyan və rejissor kimi ideyalarındakı ümumiləşmiş fabulasından
az-çox haliyəm.
Bütün bunlara rəğmən, növbəti
işində - "Dantenin
yubileyi"ndə də
ondan umduğum rejissor performansını göstərə bildi. Ən azından ona görə ki, illərdir az qala ştamplamış oyun buxovunda çırpınan bir neçə aktyoru bizə tam başqa yöndən göstərdi.
Bu barədə məndən əvvəl həmkarlarım, eləcə
də, ustad hesab etdiyim teatrşünaslar
çox yazıblar, üstəlik, bəzi tənqidçilər jurnalist
analizlərinə birmənalı
yanaşmırlar deyə,
spesifikaya girmədən
(bu, o demək deyil ki, bilmirəm) həndəvərdə ümumi
planı nəzərdən
keçirəcəyəm.
Tamaşa tərifəlayiqdirmi? Birmənalı
olaraq, bəli. Rejissor burada əsərin ideyasını
tamaşaçının istədiyi
istiqamətə çəkə
bilibmi? Əlbəttə.
Ondan tələb olunan mexaniki üslub fərqini tətbiq edibmi? Müəyyən səthilikləri
çıxmaq şərti
ilə, o da bəli. Yaxşı, "Dantenin yubileyi" Azərbaycan teatr mühiti üçün yenilikdirmi?
Hə, bax, burada bir az
dolayı, tərəddüdlü
və bir az da yayındıracaq cavab verməsəm, olmaz. Son 20 ilin teatr prosesini əlinin içi kimi izləyən və analiz edən zövqlü və diqqətli tamaşaçı kimi deyim ki, xeyr. Bunu deməyi özümə ona görə borc bilirəm ki, səhnədə
hazırda dünyada olan və olmayan
bir neçə rejissorumuzun məhz Ərşad bəyin müraciət etdiyi teatr məktəbinə uyğun və hətta ondan bəhrələnməklə daha
yaxşı işlərini
görmüşəm. Həvəsiniz
olsa, rastlaşanda sadalayaram.
Keçək,
Akademik Milli Dram Teatrının
"Dantenin yubileyi"nə.
Xalq yazıçısı
Anarın "Dantenin yubileyi" povestinin motivləri əsasında
hazırlanan eyniadlı
tamaşaya, yuxarıda
da dediyim kimi, Ərşad Ələkbərov
quruluş verib. Səhnə aktının
musiqi tərtibatçısı
Ayat Baxşıyev, rejissor
assistentləri Dilbər
İsmayılova və
Vüqar Məmmədov,
quruluşçu rəssamı
Samirə Həsənova,
geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı
Rafael Həsənovdur (sonra
unudaram deyə, qoyun, elə buradaca deyim ki, R. Həsənov teatr sahəsində cəmi iki olan teatr
işıqçısı, əsl səhnə işıqlandırandır (elektrik
ilə qarışdırılmasın
deyə terminin dilimizdə mənası belə alınır) ki, məncə, ilkin mərhələdə digər
teatrlarda onun təcrübəsindən istifadə
olunmalıdır).
Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), Əməkdar
artistlər - Sənubər
İsgəndərli (Həcər),
Elşən Rüstəmov
(Səyavuş), Mətləb
Abdullayev (Ağamehdi), Anar
Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura);
aktyorlar - Şəhla
Əliqızı (Anaxanım),
Rüstəm Rüstəmov
(Əlikram), Vüsal
Mustafayev (Məcid Ələsgərov),
Məhsəti Tahirzadə
(Lena), Ramin Şıxəliyev
(Gənc tənqidçi),
Cümşüd Zeynalov
(Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın),
Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova (Roza) çıxış
edirlər. Tamaşanın
dəvət olunmuş
iştirakçıları (musiqiçilər) Ayat Baxşıyev,
Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.
Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinskidir. O, öz faciəsini dərk eləyə-eləyə,
bu faciəni bir ağrı kimi daşıyaraq yaşayır. Amma həm də daxilən xoşbəxtdir və sənətə xidmətdə
keçən ömrü
ilə qürurlanır.
Amma əslində, nə
sənətdə, nə
də ailədə yeri yoxdur. Gücsüz,
əlacsız, yaşlı,
uğursuz aktyorun yeganə qazancı saflığını saxlaması,
faciəsi isə uğursuzluğunu dərk
edə-edə məsud
görünməsidir.
Allaha inanmayan Kəbirlinskinin yeganə tapınağı səhnə
və alçaldılmış
sənətkarlığının zirvəsini yaşadığı
karamel fabrikindəki dərnəyidir. Axı, bütün günü rejissor Səyavuşun danlaqlarını eşidə-eşidə
çalışdığı teatrın səhnəsində
kiçildikcə, məhz
fəhlələrdən ibarət
dərnək üzvlərinin
qarşısında nəhəngləşə
bilir.
Qısacası, teatrda, sənətdə istedadsız
və faydasız olsa belə, Kəbirlinski yaxşı insandır, ərdir və atadır. Özünün olmayan uşağa təmənnasız
məhəbbətlə bağlıdır.
Hətta ondan bezən arvadı Həcərə də.
İstedadsız olsa da, sənəti, səhnəni
böyük məhəbbətlə
sevən bir aktyordur. Ömrü avtobusda teatr-dublyaj-televiziya-evi
arasında keçən
Kəbirlinski bəzən
adamı hövsələdən
çıxardacaq qədər
inadkar və nikbindir. Təslim olmur və sonda
öz istəyinə çatır - əsas mahiyyətini ifadə edə bilir və özüqarışıq
hamının silinib-süpürülərək,
bir "Paz"a mindirilərək ünvansız
bir səfərə çıxmalarına nail olur.
Mesaj qısa və çox sərtdir: Kəbirlinskilərsiz
teatr ya olacaq, ya da yox.
Məşhur "olum,
ya ölüm?!" kimi...
Onu deyirdim axı, tamaşa boyu səhnədə yalnız sarı rəngli "Paz" avtobusu
oldu və o, rəmzi, eyni zamanda çoxfunksiyalı
məkan funksiyasını
yerinə yetirdi. Bütün hadisələr
onun içində, ətrafında cərəyan
etdi.
Tamaşanın ümumi təəssüratı haqqında
bir neçə kəlmə desək: bu əsər pyes olmadığından teatrımızda heç vaxt səhnələşdirilməyib
və bu mənada tamaşanı bizim teatr üçün
yeni yanaşma saymaq olar. Üstəlik, rejissor istedadlıdır və aktyorlarla çox yaxşı işləyib. Sözsüz
ki, dünyada, xüsusən,
qonşu-bacamızda bu
tipdə saysız tamaşalar var. Sadəcə,
bu tərz bizim üçün yeni olduğundan belə qəbul edirik. Vallah, durub xırdalasaq,
özünəməxsus, bariz
qüsurları da az deyildi. Xüsusən, texniki baxımdan kifayət qədər natamamlıqları vardı.
Üstəlik, işıq
ilə işi çıxmaq şərti
ilə rekvizit kimi seçilən avtobusdan musiqi həllindəki gitara ilə tarın bir neçə məqamda yersiz uzlaşdırılma cəhdi
harmoniyadan daha çox, qarmaqarışıqlıq
yaradırdı, deyə
bəzi ciddi detalların üzərindən
keçməliyik.
Amma məncə, rejissorun yeganə uğuru aktyorları ilə mükəmməl iş, aktyorların da ən bariz uğuru
özlərinə kənardan
baxmaqla məmnun oyunları idi. Məhz bu detal
- ifaçıların icra
prosesindəki səadəti
nəyə desən, dəyərdi.
Məhz bu məqamda
yadıma Stanislavskinin
"Yaşama artistə
səhnə sənətinin
əsas məqsədini
yerinə yetirməyə
kömək edir. Məqsəd isə rolun "insan ruhunun həyatı"nı
yaradarkən, bu həyatı səhnədə
bədii formada verməkdən ibarətdir"
təyini düşdü.
Odur ki, rejissorun nə istədiyini rahatlıqla duyub, onun bu yaradıcılıq
aclığına bol
(sözsüz ki, məşq
prosesində bunun elə də asan olmadığını
və rejissorun bir tikə "qopardanadək" aktyorları
necə "cırmaqladığın"da
görmüşəm) nemətlər
sərgiləmələri görmək
arzusunda olduğumuz mənzərədir.
Burada ifaçıların
ən usta gedişi hissi yaratmaq, oynamaq yox, obrazlarını düzgün çatdırmaları
idi.
Düzü, ayrı-ayrılıqda
aktyorlar arasında bölgü edib, sıralamaq istəməzdim.
Amma məncə, Sabir Məmmədov
səhnəyə gələndən,
bəlkə də elə ilk dəfədən
- kütləvi səhnədə
nizə tutandan məhz Kəbirlinski olmamaq üçün mübarizə aparıb.
Ona tamaşa edərkən,
içdən-içə qəhrəmanına
acıdığını, ona bağlandığını,
hətta heyranlığını
gördüm. Yoxsa, aciz və uğursuz
aktyor, "mestkom"dan
bir dəvətnaməyə
layiq olmayan Kəbirlinski səhnəsində
və həyatında
uğurlu Xalq artistinin ifasında bu qədər təsirli alınmazdı...
Bertolt Brext və epik teatr
ənənəsindən az-çox
hali olanlar bilirlər ki, forma və məzmun vəhdətinin təsnifatı məsələsində
bu nəzəriyyəçi
ustadır, səbəbkardır,
istinad yeridir. Çünki məhz o, incəsənətin katarsis
kimi qəbuluna alternativ "epik teatr" nəzəriyyəsini
təqdim edib. Bu mənada onun üslub azadəliyini, poetikasını öz rejissor iş prinsipinə əlavə edən Ə. Ələkbərov
nəyi haradan başladığını yaxşı
bilirdi və tamaşa boyu bu vahid prinsip
özünü göstərdi.
Sözsüz ki, tamaşanın üsluba adekvat olmayan tərtibatını
və dilin ifadə tezliyinə tərs-mütənasib temp saxlamaq
üçün sürət
seçimini çıxmaq
şərtilə.
Məsələn, səhnənin düz ortasına qoyulan "Paz" avtobusu estetik və funksionallıq baxımından
olduğu kimi, istifadə məqamında
da narahatlıq yaradırdı.
Düzdür, bir anda çox şey - ev, mətbəx, teatr, dublyaj, televiziya, radio, hətta küçə
-meydan olan avtobusun sonda nisgilli sakinlərini bir "Paz"a toplayıb ünvansızlığa
yürüşü, özü
də bu gedişin səbəbkarının
rejissor olması, tamaşanın rejissoru Ərşadın tamaşadakı
rejissor Səyavuşu
hakimi-mütləq elanı
şəxsən, məndə
pessimist təyin-təəssüratı yaratdı.
Nə bilim, bəlkə
Səyavuş tam başqa
zamanda və məkanda Kəbirlinskiyə
"Bu gecə bu qoca, bu ocaq"
deməyi (sən də deyirsən ki, bəs Brext belə gəldi, Meyerxold belə getdi. Adə, bu məxluqnan Brext olar, bu
məxluqnan Meyerxold olar? Üç kəlmə sözü səhərdən adam kimi buna dedizdirə bilmirəm. Mən köpək oğlu Feyzulla Kəbirlinskiynən
böyük sənət
yaradacam?!) daha uyğun şərtlərdə
öyrədəcəkdi. Yaxud
da əksər hallarda
teatr adamlarının
sevmədiyi tənqidçi
Brextdən Çexova
teatr məktəb və cərəyanlarına
uyğun təhlillərini
orada aparacaqdı. Nə bilmək olar, çox yəqin elə Həcər də qır-qızıllı qonşusundan
baş götürüb,
öz kasıb komasında daha azad xanımlıq edəcəkdi...
Həcər demişkən, son 10 ildə Sənubər xanımı bu qədər zərif, kübar, səmimi və təbii, bir sözlə, özü ola bilən ifasını görməmişdik.
Aktrisa rolunu ustalıqla mənimsəyərək
Kəbirlinskinin deyingən
arvadı olmaqdan bezar Həcəri bizə dözümlü,
sədaqətli və
yeri gələndə
də ərindən qəhrəman düzəldən
sadəlövhlükdə müxtəsər
və müvəffəqiyyətlə
çatdırdı.
Bu sözləri fərqli ampluada (bu sözdən də zəndeyi-zəhləm
gedir) gördüyüm
rejissora, teatrşünas,
gənc tənqidçiyə,
qeybətcil qonşu Anaxanıma, ortada yeyib, qıraqda gəzən Ağamehdiyə,
yarıtmaz, çoxbilmiş
Səfurəyə, əla
yaramaz Məcid Ələsgərova da aid etmək
olar. Rejissor kimi Ərşadın ən böyük uğuru həyatda da Cavad Cabbarovun bütün xüsuslarını
daşıyan rolu Əməkdar artist Anar Heybətova verməsi di.
Tam məsuliyyətim və
səmimiyyətimlə deyim
ki, bu, A. Heybətovun gördüyüm ən yaxşı roludur.
Tamaşanın ideal cütlüyü
də vardı - Mamed-Cümşüd Zeynalov
və Eldar-Elsevər Rəhimov. Cümşüdü
bu tip rollarda görməyə alışmadığımdan
bu obrazı məndə onun aktyor kimi tam fərqli oyun manerasını - dramatizmdə
komik elementlərə
asanlıqla keçidini
tapmaq imkanı verdi. Ondan fərqli
olaraq səhnədə
cəmi ikinci dəfə gördüyüm
E.Rəhimov, vallah, ən xoş sözlərə layiqdir. Gənc və potensiallı, səhnədə duruşu,
səs tembri, plastikası və tamaşaçı ilə
tərəf-müqabili vasitəsilə
də asanlıqla ünsiyyətə girmək
qabiliyyəti görülməyə
dəyər.
Ümumiyyətlə, onu deyim
ki, Elsevər, eləcə
də bundan öncə bir-iki tamaşada diqqəti özünə cəlb edən aktyorlar, ana teatrın növcavan balaları bütün mənalarda yaxşı, uğurlu seçimin nəticəsi kimi alqışa layiqdirlər.
İnanmaq olar ki, onlar akademik teatrın repertuar fabulasında nəzərə
çarpmaqla, istənilən
əsərə müraciətə
zəmin yarada bilərlər.
Unutmadan deyim ki, Nəzrin Abdullayevanın
da səs, plastika və tamaşaçı
ilə ünsiyyəti
uğurlu alınmışdı
və bu aktrisa da truppada öz yerini möhkəmləndirə bilər.
Qısacası, bizim səhnə
üçün yeni olan
köhnə teatr fədaisi haqqında həzin ballada sayılan "Dantenin yubileyi" alındı...
Həmidə Nizamiqızı
Ədəbiyyat qəzeti.-
2023- cü il.- 25 noyabr.- ¹ 45.- S. 4-5.