Poetika məktəbinin banisi
Mən Bakı Dövlət Universitetinin filologiya fakültəsinə Mir Cəlal
müəllim dünyasını
dəyişəndən bir
il sonra, 1979-cu ildə
qəbul olunmuşam.
Amma elə birinci kursdan müəllimlərimiz,
professorlar Təhsin Mütəllimov və rəhmətliklər - Xalid
Əlimirzəyev, Cəlal
Abdullayevin söz-söhbətləri
ancaq Mir Cəlal müəllimdən olurdu.
Elmin, ədəbiyyatşünaslığın
hansı sahəsindən
danışırlarsa-danışsınlar,
axırda ustalıqla söhbəti Mir Cəlal müəllimlə əlaqələndirir,
onun necə böyük ürəyə
malik insan, alim, pedaqoq olduğunu vurğulayırdılar.
Və biz, birinci kursu beləcə, müəllimlərimizdən, həm
professor Mir Cəlal Paşayevin
professor Pənah Xəlilovla
birgə qələmə
aldıqları "Ədəbiyyatşünaslığın
əsasları" kitabını
oxumaqla, öyrənməklə,
həm də müəllimlərimizin dilindən
Mir Cəlal müəllim
haqqında xatirələri
dinləməklə başa
vurduq. Və müəllimlərimizdən - Mir Cəlal müəllimin müasirlərindən Mir Cəlal
müəllimin necə
böyük bir insan olduğunu öyrənməklə yanaşı,
eyni zamanda müəllimə hörmətin,
ehtiramın necə
ola biləcəyini də
öyrəndik. Mir Cəlal
müəllim, hətta
dünyasını dəyişəndən
sonra belə əsərləri, kitabları
vasitəsilə bizə
ədəbiyyat nəzəriyyəsinin
bütün dərinliklərini
öyrətdiyi kimi, bu mənəvi keyfiyyəti də öyrətdi: tələbələrinin,
həmkarlarının simasında
bir ömür boyu qazandığı müəllim, yazıçı,
alim, ziyalı şəxsiyyətinə
hörmətin, ehtiramın
ehtişamını...
Yuxarı
kurslara qalxdıqca Mir
Cəlal müəllimlə
daha bir neçə dəfə
"görüşdük". Belə "görüşlərdən"
birinə isə Mir Cəlal müəllimin
"Füzuli sənətkarlığı"
kitabı səbəb
oldu. Bu kitab Füzuli yaradıcılığı haqqında
azsaylı əsərlərdən
və xüsusi ilə Füzuli sənətinin poetikası
barədə ilk kitab olduğundan,
çox maraqla oxuduğum və o gündən mənim stolüstü kitablarımdan
birinə çevrilən
monoqrafiyalardan oldu...
Füzulişünaslığın tarixi Füzuli irsinin tarixi qədər qədimdir. Hələ Füzulinin öz dövründə müasirləri
Qəstəmonulu Lətifi,
Əhdi Bağdadi, Sam
Mirzə şair haqqında məlumat vermiş, onun sənətini yüksək
qiymətləndirmişlər. Sonralar "Azərbaycan ədəbiyyatı" əsərində
Firudin bəy Köçərli orta əsr təzkirəçilərindən
fərqli olaraq, Füzuli yaradıcılığına
bir qədər başqa bucaqdan yanaşsa da, Füzuli yaradıcılığı, demək
olar ki, yenə də öz həqiqi qiymətini almamış qalırdı.
Azərbaycan ədəbiyyatşünaslığında
Füzuli sənətinin
öz həqiqi, layiqli qiymətini alması füzulişünaslıqda
ədəbiyyat tarixi və poetika məktəblərinin əsaslarını
qoyan, ümumiyyətlə,
Azərbaycan ədəbiyyatşünaslığında
bu məktəblərin
baniləri sayılan Həmid Araslı və Mir Cəlalın adları ilə bağlıdır. Belə
ki, Füzulişünaslıqda bu iki alimin
tədqiqatları həmişə
qoşa addımlamış
və Füzulişünaslığın
qoşa qanadına çevrilmişlər. Bu mənada,
heç də təsadüfi deyildir ki, Həmid Araslının istər 1944 və istərsə də,
1958-ci illərdə tərtib
etdiyi Füzulinin Azərbaycanca-türkcə divanına
məhz Mir Cəlal Ön söz yazmışdır.
Mir Cəlal "Füzuli sənətkarlığı" əsəri ilə Azərbaycan ədəbiyyatşünaslığında
poetika məktəbinin
əsasını qoymuşdur.
Onun Füzulinin poetikası haqqında qələmə aldığı
və 1958-ci ildə çap olunmuş "Füzuli sənətkarlığı"
əsəri istər Füzuli yaradıcılığı
və istərsə də, ümumiyyətlə,
poetika sahəsində
Azərbaycan ədəbiyyatşünaslığında
olduqca qiymətli,
fundamental tədqiqat əsəridir.
Bu əsər Füzuli
sənətinin sənətkarlıq
xüsusiyyətləri haqqında
uzun illər yeganə tədqiqat əsəri olmuş və yazılmasının
üzərindən təqribən
səksən ilə yaxın bir müddətin keçməsinə
baxmayaraq, ədəbiyyatşünaslığımızda
öz mövqeyini daha da möhkəmləndirmiş,
ondan sonra bu mövzuda qələmə alınan
bir-iki əsər də əslində Mir Cəlal müəllimin əsərinin təsiri ilə araya-ərsəyə
gəlmişdir. Bu mənada,
bu günlərdə
Mir Cəlalın "Füzuli
sənətkarlığı" əsərinin alman dilinə
çevrilərək, Avropa
elminə təqdim olunması heç də təsadüfi deyildir və əslində tamamilə təbiidir. Çünki bizcə, ilk növbədə,
bu əsər və daha sonra
bu qəbildən olan digər əsərlər mütləq
Avropa dillərinə tərcümə olunmalı,
Avropa elmi mühiti Şərqin böyük şairləri
ilə bir daha tanış olmaqla bərabər, eyni zamanda, Şərqdə
bu şairlər haqqında yazılan qiymətli monoqrafiyalar, elmi əsərlərlə
də tanış olmalıdırlar. Əsər
Azərbaycan ədəbiyyatının,
ədəbiyyatşünaslığının
dostu, Nəsimi irsinin tədqiqatçısı,
Qiesen Universitetinin professoru, görkəmli
alman alimi Mixael Raynhard Hess tərəfindən
alman dilinə tərcümə
edilmişdir. Kitabın
Almaniyanın tanınmış
Erqon-Nomos nəşriyyatının
"Bibliotheca Academica" Şərqşünaslıq
sahəsində seçilmiş
nəşrlər sırasında
çap olunması münasibətilə 2023-cü il noyabr ayının 13-də
Azərbaycanın Vyanadakı
Mədəniyyət Mərkəzində
təqdimat mərasimi
keçirilmişdir. Qeyd
edim ki, təqdimatı,
ilk olaraq, Mədəniyyət
Mərkəzinin rəhbəri
Dr. Leyla Qasımova açdı.
Sonra Bakıdan təqdimat
mərasiminə qonaq kimi dəvət olunan AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
baş direktoru, akademik Teymur Kərimli, Üzeyir Hacıbəyli adına
BMA-nın Humanitar fənlər kafedrasının
müdiri, Prof.Dr. Tərlan Quliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin
Linqvistik Təminat İdarəsinin rəisi
Dr. Rizvan Nəbiyev və Almaniyadan gəlmiş Prof. Dr. Mixael
Raynhard Hess çıxış
edərək, Füzuli
yaradıcılığı, Mir Cəlalın "Füzuli
sənətkarlığı" kitabı haqqında öz təəssüratlarını,
elmi qənaətlərini
bildirdilər. Sonda isə görkəmli ədibin qızı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Ədibə
xanım Paşayeva çıxış edərək,
Mir Cəlal haqqında
xatirələrini söylədi.
Eyni zamanda Ədibə xanım Mir Cəlal Paşayevin həm elmi, həm bədii yaradıcılığı və
həm də onun bir ziyalı
kimi mənəvi dünyası haqqında qısaca danışaraq,
"Füzuli sənətkarlığı"
kitabının alman dilində
işıq üzü
görməsində zəhməti
keçən bütün
insanlara təşəkkürünü
bildirdi. Olduqca səmimi, lakin yüksək elmi və intellektual səviyyədə keçən
təqdimat mərasimi
Azərbaycan musiqiçilərinin
musiqi nömrələriylə
tamamlandı. Yəqin
ki, bu təqdimat, təqdimatda iştirak edən alman dostlarımızın,
avstriyalı vətəndaşların
və eləcə də Vyanada yaşayan azərbaycanlıların
yaddaşında əbədi
qalacaqdır.
Qeyd edim ki, "Füzuli sənətkarlığı" kitabının 2018-ci il Bakı
çapının Ön
sözünün müəlliflərindən
biri kimi, mən də bu təqdimat mərasimində iştirak
etdim. Azərbaycan Respublikasının Vyanadakı
Mədəniyyət Mərkəzinin
çox yüksək
səviyyədə təşkil
etdiyi bu tədbir mənim də yaddaşımda əbədi qalacaqdır.
İndi isə mən
hörmətli oxucularımıza
Vyanadakı Mədəniyyət
Mərkəzində etdiyim
qısa çıxışın
mətnini təqdim edirəm.
Mir Cəlalın "Füzuli
sənətkarlığı" əsərinin alman dilinə
olan
tərcüməsi münasibəti
ilə Azərbaycan Respublikasının Vyanadakı
Mədəniyyət
Mərkəzində təşkil edilmiş təqdimat mərasiminə
Əziz
dostlar, cənablar və xanımlar,
Sizi, bu gözəl ölkədə, gözəl
məkanda salamlamaqdan olduqca məmnunam. Və bir də
ona görə məmnunam ki, Avropanın ən gözəl ölkələrinin birində,
Azərbaycanın və
ümumiyyətlə Şərqin
ən böyük söz ustadlarının birinin yaradıcılığı
haqqında yazılmış
əsərin alman dilinə
tərcüməsinin təqdimat
mərasimində iştirak
edirəm. Qeyd edim ki, təqdimatına yığıldığımız bu əsər, Mir Cəlalın "Füzuli
sənətkarlığı" əsəri, Füzulişünaslıqda,
Füzuli irsinin öyrənilməsi tarixində
müstəsna yer tutur və xüsusi
əhəmiyyətə malikdir.
Məlumdur ki, XVI əsrdə yaşayıb-yaratmış
Məhəmməd Füzuli
(1494-1556) Şərqin, xüsusi
ilə türkdilli xalqların ən böyük şairlərindən
biridir. Onun böyüklüyünü hələ
öz müasirləri
duymuş, öz əsərlərində onun
haqqında məlumatlar
vermişlər. Lakin bu
əsərlərdə verilən
məlumatlar olduqca qısa olmaqla bərabər, təzkirə
xarakteri daşımışdır.
Füzuli əsərlərinin
müasir dünya şərqşünaslığı, Avropa standartları baxımından elmi-metodoloji
əsaslarla təhlili
tarixi isə təqribən 70-80 il bundan
öncə başlayır
ki, bu tarixin də ən ön cərgələrinin
birində Mir Cəlal
və onun "Füzuli sənətkarlığı"
əsəri durur. Qeyd edək ki, Mir Cəlal (1908-1978) Azərbaycan
mədəniyyəti tarixində
təkcə görkəmli
Füzulişünas kimi
deyil, eyni zamanda, olduqca görkəmli yazıçı,
ədəbiyyatşünas, pedaqoq və görkəmli ziyalı kimi də mühüm
yer tutur. Bu mənada, Füzuli haqqında yazılan ən qiymətli tədqiqatlardan birinin də Mir Cəlalın qələminə məxsus
olması tamamilə təbiidir.
Dediyimiz
kimi, Şərq ədəbiyyatı tarixi olduqca böyük söz sənətkarları
ilə zəngindir. Bunlardan biri də Füzulidir. Ümumiyyətlə, Şərqdə
şairin böyüklüyünü
iki baxımdan dəyərləndirirlər: 1. O, nə deyib? 2. Həmin fikri necə, hansı poetik keyfiyyətdə söyləyib? Qeyd edək ki, Mir Cəlal Füzuli yaradıcılığına
ilk dəfə bu istiqamətdən yanaşan
tədqiqatçılardan biri
olmaqla, ümumiyyətlə,
Füzuli yaradıcılığını
poetik baxımdan ilk araşdıran tədqiqatçıdır
və Azərbaycan ədəbiyyatşünaslığında bu istiqamətin başında duran alimdir. Amma Füzuli sənətinin mahiyyətinin,
məğzinin açılmasına
da biganə deyil. Çünki Füzuli poetikasının açılmasının
yolu əslində Füzuli əsərlərinin
məzmununun mahiyyətinin
açılmasından keçir.
Mir Cəlal da məhz
bunu bildiyi üçün, "Füzuli
sənətkarlığı" kitabında, ilk növbədə,
Füzuli əsərlərinin
məzmununun şərh
edilməsi məsələlərinə
toxunmuş, Füzulinin
və ümumiyyətlə,
bütövlükdə Şərq
ədəbiyyatının əsas
mövzusu olan, Şərq ədəbiyyatından
qırmızı bir xətt kimi keçən eşq mövzusunun izahını,
şərhini vermişdir.
Bu mənada, eşq nədir? Bu böyük və çox çətin izah olunan suala qısaca,
bir cümlə ilə cavab verəsi olsaq, onu deyə bilərik
ki, eşq İslam dininə,
ictimai-fəlsəfi-poetik fikrinə
görə, insanı
Allah ilə bağlayan
vasitədir, əlaqədir,
duyğudur. Buna görə
də, bu mövzunu açmadan Şərqdə heç bir şüur məhsulunu axıra qədər dərk etmək olmaz. Mir Cəlal da məhz "Füzuli sənətkarlığı"
əsərində təqribən
80 il bundan öncə,
Sovetlər Birliyinin bu mövzular haqqında danışmağı
qadağan etdiyi dövrlərdə, Azərbaycan
ədəbiyyatşünaslığında
ilk dəfə böyük
cəsarətlə Füzuli
yaradıcılığında eşq məsələsini
qaldırmış və
onu dövrünün
verdiyi sərt elmi çərçivələr
hüdudunda olduqca doğru və elmi şəkildə şərh etmişdir. Bəli, bundan sonra Füzuli yaradıcılığında digər məsələləri
izah etmək olar ki, Mir Cəlal da məhz belə etmiş və yenə də ilk dəfə olaraq, ümumiyyətlə Füzulişünaslıqda
və xüsusilə də, Azərbaycan Füzulişünaslığında Füzuli lirikasının
motivləri və obrazları, "Leyli və Məcnun" əsərinin poetik xüsusiyyətləri, aşiq
portretinin poetik cizgiləri, Füzuli qəzəllərinin məzmun
və sənətkarlıq
xüsusiyyətləri, Füzuli
nəsrinin, alleqoriyasının,
fəlsəfi əsərlərinin
dil, vəzn və qafiyə problemləri, Şərq ədəbiyyatşünaslığında məşhur olan təşbeh, istiarə və s. kimi poetik fiqurların Füzuli yaradıcılığına
tətbiqi xüsusiyyətləri
haqqında olduqca qiymətli elmi fikirlər söyləmişdir.
Qeyd edək ki, Mir Cəlalın Füzuli yaradıcılığında qaldırdığı bu
istiqamətlərdən bir
neçəsi diqqəti
ayrıca olaraq cəlb edir. Belə ki, bunlardan birincisi, təbii ki, onun Füzuli qəzəllərinin poetik
xüsusiyyətləri, onların
təsnifi məsələləridir.
Füzuli qəzəllərini
məzmun baxımından
əsasən, iki yerə bölən Mir Cəlal, onların daha çox aşiqanə və fəlsəfi məzmunda qələmə alındıqlarını
söyləyir. Və
əgər "fəlsəfi"
başlıqlı qəzəllərdə
Füzulinin əsasən,
dövrünün problemlərinə
qarşı yazdığı
ictimai fikirli əsərlərini nəzərdə
tutursa, "aşiqanə"
qəzəlləri bölgüsü
ətrafına daha çox sırf məhəbbət məzmunlu,
eşqdən, sevgidən,
sevən qəlbin pıçıltılarından bəhs edən əsərlərini toplayır.
Və "aşiqanə"
qəzəllərinin əsas
mövzusunun insani sevgi, insanlığa, bəşəriyyətə, dünyaya
məhəbbət olduğunu
vurğulayır. Bizcə,
bu qiymət Füzuli yaradıcılığına
verilən ən düzgün qiymətlərdən
və birincilərdən
biridir.
Mənim nöqteyi-nəzərimə görə, Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabında diqqəti çəkən daha bir məqam vardır ki, bu, müəllif tərəfindən bilərəkdən, sovet dövrünün qadağalarına görə bir o qədər də qabardılmasa da, əslində Mir Cəlalın "Füzuli sənətkarlığı" əsərinin mahiyyətinin ayrılmaz tərkib hissələrindəndir. Belə ki, xarici ölkə, daha çox türk Füzulişünasları Füzuli yaradıcılığında dini motivlərə az diqqət yetirdiklərinə görə, Azərbaycan Füzulişünaslarını həmişə tənqid etmişlər. Lakin qeyd etmək lazımdır ki, Füzuli haqqında müasir elmi metodologiya ilə yazılan ilk əsərlərin birində, hələ 80 il bundan öncə Mir Cəlal, Füzuli yaradıcılığında dini məsələlərə toxunmuş, bəzi beytləri, əsərləri şərh edərkən, dini mənbələrə söykənmiş, onun qəsidələrini şərh edərkən, onları oxucuya Füzuli yaradıcılığında "mənzərələr" başlığı altında təqdim etmişdir.
Bəli, bütün bunlar, burada dediyimiz və demədiyimiz fikirlər Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabının əsas cizgiləridir. Biz də bu kitabı 2018-ci ildə Bakıda yenidən nəşr etdirdik. Təbii ki, bu kitab, onun elmi xüsusiyyətləri haqqında çox danışmaq olar və bu kitab buna layiqdir. Mən çox sevinirəm ki, bu kitab Avropa elmi mühitinin də diqqətini cəlb etmiş və bu əsər alman dilinə çevrilərək, Avropada çap edilmişdir. Bu kitab mənim xalqıma, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına, onun haqqında gözəl bir tədqiqat əsəri yazmış görkəmli yazıçı, alim, pedaqoq, ziyalı Mir Cəlalın xatirəsinə ən gözəl töhfədir. İnanıram ki, bu gün müstəqil Azərbaycanın, inkişafda olan Azərbaycanın Avropa elmi mühiti ilə olan əlaqələri bundan sonra da inkişaf edəcəkdir. Ona görə də mən bu işdə zəhməti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə, Prof. Dr. Tərlan Quliyev
Tərlan QULİYEV
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, ¹45.- S.2-3.