Türk siyasi zəkasının
modern modeli:
Azərbaycan Prezidenti
İlham Əliyev
Qarabağda Rusiya ilə
diplomatiya dilində,
Ermənistanla hərb
dilində danışdı -
Yar içün əğyar ilə mərdanə
cəng etsəm, gərək
İt gibi murdar rəqib ölməzsə,
yar əldən gedər.
Fateh
Sultan Mehmet
Bizans
imperatoru Malazgirt savaşından öncə, Alparslana məktub
yazmışdı ki, "Biz İsfahanda qışlayarıq,
atlarımız da Həmədanda..." Səlcuqlu
sultanının cavabı kəskin olmuşdu:
"Atlarınız Həmədanda qışlaya bilər, fəqət,
özünüzün harda
qışlayacağınızı yalnız Tanrı
bilir". Alparslan Diogeni məğlub etdi, bizanslılar isə
öz məğlub imperatorlarının gözlərini
çıxardılar. Çünki Bizans tarixdə ilk dəfəydi
ki, məğlub olurdu. Doğrudan da, Diogenin harada
qışlayacağını Tanrı bilirmiş.
240 il əvvəl
II Yekaterinanın Qafqazlara tulladığı siyasi bumeranq 240
ildən sonra qayıdıb Rusiya səltənətinin
özünə dəydi. Qarabağ xanlığı yeni
qurulanda Pənahəli xanın hakimiyyətini qəbul
etmiş erməni məlikləri II Yekaterinaya müraciətlərində
vəd edirdilər ki, "erməni məlikləri rus
qoşunlarının Qarabağa yürüşü
zamanı onlar müsəlmanlara qarşı silahlı
mübarizəyə qalxacaqlar" və imperatriçədən
Qarabağa 10 min nəfərə qədər piyada qoşun
göndərilməsini və həmin qoşuna
komandanlığın Suvorova tapşırılmasını
istəyirdilər.
Üstündən
250 il keçir. İndi erməni lideri və ideoloqları
Rusiyanı ermənilərə xəyanətdə
suçlayır. Rusiya rəsmiləri isə erməniləri
rol dəyişikliyində ittiham edir. Tarixin heç bir mərhələsində
rus və erməni amili bu şəkildə ziddiyyət
halında olmayıb. Bu, cənubi Qafqazda tamam yeni hadisədir.
Qafqazda ən yeni tarix başlayır. Azərbaycan Prezidenti
İlham Əliyev Qarabağda Rusiya ilə diplomatiya dilində,
Ermənistanla hərb dilində danışdı. Avropa isə
türk siyasi zəkasının belə modern modelinə
hazır deyildi. İlham Əliyev 250 ildir ki, əzab çəkən
heysiyyətimizin, qürurumuzun qisasını aldı. Nəinki
Qarabağdakı qondarma rejimi, həm də dünyadakı erməni
mifinin özülünü məhv etdi. Dünyanın bir
qanunu var: "Əzməyən əzilir!" İlham
Əliyev dünyanın gözü qarşısında
Daşnaksütyun, Nemesis, Andranik, Şaan Natali mifini əzdi,
tarixin axarını dəyişdi. Rusiyanı Cənubi Qafqazda
hakim qılan ideya - II Yekaterinanın erməni
knyazlığı layihəsi süqut etdi.
1783-cü
ilin aprelində Potyomkin məktublarının birində
yazırdı: "Şuşalı İbrahim xan devrilməlidir.
Çunki bundan sonra Qarabağ Rusiyadan başqa hec kimdən
asılı olmayan erməni vilayətini təşkil edəcəkdir...
Bu vasitə ilə digər vilayətlərdə olan ermənilər
bura axışacaqlar".
240 il
bundan əvvəl necə axın etmişdilərsə, 240 ildən
sonra, elə o şəkildə də Qarabağdan
çıxıb getdilər. Özü də 44 günlük
savaşdan sonra deyil, 24 saatlıq antiterror əməliyyatından
sonra getdilər.
İnanmaq
istəyirəm ki, İlham Əliyev Cümhuriyyət
dövründəkı tarixi yanlışlarımızı
da təshih edəcək.
1918-ci il
mayın 23-də Tiflisdə Qafqaz seyminin iclaslarını
müşahidə edən Əli bəy Hüseynzadə
Osmanlı imperatorluğunun Başkomandan vəkili Ənvər
Paşaya məktub yazmış və bildirmişdi ki,
buradakı, yəni seymdəki türk nümayəndələr
(yəni azərbaycanlı nümayəndələr) və
seym üzvləri Qafqaz Konfederasiyasına daxil olmaları
üçün ermənilərə torpaq güzəştinə
hazırdırlar. Ənvər Paşa isə cavabında Qafqaz
İslam Ordusunun generalitetinə belə bir məktub
ünvanlamışdı: "Anlaşıldığına
görə, ermənilər bizə qaytardıqları ərazilərə
müqabil, Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən
bir qism almaq istəyirlərmiş və müsəlmanlar da
buna razı olacaqmış. Məncə, bu, tamamilə
yanlışdır. Əgər bu gün Qafqazda
beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə
malik kiçik bir Ermənistan təşəkkül edərsə,
gələcəkdə Amerikadan gəlmə ermənilərlə
bu hökumət milyonlarla əhaliyə sahib olar və bizim
üçün Rusiyadan daha müzir bir düşmənə
çevrilər".
1918-ci ildən
sonra keçən illər Ənvər Paşanın fəhmini
gerçəkləşdirdi. Ermənilər erməniliyin təşəkkülü
üçün azərbaycanlılar tərəfindən
onlara buraxılmış İrəvan ərazisində təşkilatlanıb,
daha böyük düşmənə çevrildilər və
üstündən bir əsr keçəndən sonra bu
acı gerçəklərin siyasi təsnifatını Azərbaycan
lideri olaraq tarixdə ilk dəfə İkinci Qarabağ
savaşından 9 il öncə - 2011-ci il iyulun 5-də
İlham Əliyev verdi: "Bizim ata-baba torpağımız
olan İrəvan xanlığı, Zəngəzur mahalı,
digər torpaqlar indi Ermənistan dövləti
üçün torpaq olubdur. Bunlar bizim tarixi
torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı
torpaq iddiası irəli sürmürük. Halbuki sürə
bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi
ərazi qədim türk, Azərbaycan torpaqlarıdır.
Əgər onlar öz xalqının gələcəyi
haqqında düşünürlərsə, öz siyasətində
dəyişiklik etməlidirlər. Azərbaycanın
işğal olunmuş torpaqlarından qeyd-şərtsiz
çıxmalıdırlar və Türkiyəyə
qarşı əsassız ittihamlardan əl çəkməlidirlər.
Əks təqdirdə, Ermənistanın özünün
müqəddəratı sual altına düşə bilər..."
Qeyd
etdiyim kimi, Prezident bu sözləri 2011-ci ildə dünya azərbaycanlılarının
qurultayında söylədi və üstündən 9 il
keçəndən sonra Azərbaycan tarixində misli
görünməmiş addımı atdı və indi erməni
lideri Paşinyan da təsdiq edir ki, belə davam eləsə, əks
təqdirdə, Ermənistanın özünün müqəddəratı
sual altına düşə bilər.
Sovetlər
dönəmində "Yediniy rasplav"
çağırışı ilə Azərbaycan türklərinin
assimiliyasiyasını təklif edən Zori Balayanın
ideyaları ilə havalanıb, millətimizin qanına susayan və
etdikləri vəhşiliklərin hesabına yaxalarına orden
və medal taxan erməni milli "qəhrəmanları"na
Azərbaycan Prezidentinin dedikləri 3 ildir ki, ermənilər
üçün qəfil çaxan ildırım effekti
yaradıb: "Biz Ermənistan ordusunu
çökdürdük və eyni zamanda Ermənistana uzun illər
rəhbərlik etmiş cinayətkarlara da dərs verdik... Bəs
hanı, sizin qəhrəmanlığınız?
Döşünüzə taxmısınız saxta "qəhrəman"
ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri...
Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları,
Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin
ordunuzu məhv etmişik. Bax, budur bizim gücümüz, budur
bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi..."
***
Türk
birliyi məfkurəsinin, o cümlədən İlham
Əliyevin bədxahları, hətta millətimiz
üçün mühüm əhəmiyyət kəsb edən
bu tarixi mərhələdə belə, avtoritarlıqdan bəhs
edir və Azərbaycanın yanında olan Ərdoğanı
da, Macarıstan Baş Naziri Orbanı da avtoritarlıqda
suçlayırlar. Əgər avtoritarlıq Vətəni
xilas etməkdirsə, o zaman makronpərəstlərin
fransız üslublu demokratiyası təkcə Avropanın
deyil, dünyanın üzqarasıdır...
Noyabrın
8-də - Zəfər günümüzdə Xankəndidə
Azərbaycan ordusunun hərbi paradı keçirilirdi. Azərbaycan
Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlılarının,
Xarici Kəşfiyyat Xidmətinin Xüsusi Təyinatlılarının,
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının
Xüsusi Təyinatlılarının, Dövlət Sərhəd
Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidmətinin Milli Qvardiyasının hərbi
qulluqçularından ibarət heyətləri paraddan
keçərkən, səslənən hərbi marş diqqətimi,
xüsusən cəlb etdi. Bu, 1918-ci il sentyabrın 16-da
Bakını və ətraf bölgələri erməni və
bolşeviklərdən azad edəndən sonra Nuru
Paşanın başçılığı altında
keçirilən ilk hərbi paradda səslənən marş
idi: "Vatan beni yetiştirdi, bu ellere yolladı. / Bu toprağa
kurban deyib, Allaha ismarladı. / Boş oturma, çalış
dedi, hizmet eyle Vatana / Sütüm sana helal olmaz, san baş eysen
düşmana".
Bu ordu iki
yüz il əvvəl Xanbağında İbrahimxəlil
xanı, Gəncədə Cavad xanı qətlə yetirən
Lisaneviçin ruhunu tapdayıb keçirdi. Özü də
Xankəndidə.
Paradı
qəbul edən isə tarixin axarını dəyişən
Azərbaycan Ordusunun Ali Baş Komandanıydı...
24 noyabr
2023
Azər
TURAN
Ədəbiyyat
qəzeti.- 2023.- 25 noyabr, ¹45.- S.3.