Hərami Əhmədin dastanı
Hekayə
Çovğundan göz-gözü görmürdü.
Mustafa sol qoluyla üzünə
çırpılan, çırpıldıqca
üz-gözünü yandıran
qardan qorunmağa çalışıb, az
qala qurşağına
çatan qarı yara-yara gedirdi. Sağ əliyləsə,
dalınca gəlməmək
üçün inadkarlıq
göstərən atının
yüyənini dartmağındaydı.
Səhər kənddən
çıxanda ona demişdilər ki, axşama
möhkəm çovğun
olacaq, bu gecə burda qal. Mustafa indi özünü söyə-söyə
sözə qulaq asmamağının altını
çəkirdi. Artıq
getməyə taqəti
qalmamışdı, tərs
kimi at da bir tərəfdən dartınır,
onu bir az
da yorurdu. Amma necə olsa, getmək lazım idi, dayansaydı, ikisi də ölərdi. Çovğun qurtarana oxşamırdı. Külək
dəli kimi əsib aramsız yağan qarı elədən-belə, belədən-elə
sovururdu.
Şəhər qapısının yanındakı
karvansaraya çatanda
ikisi də yarımcan haldaydı.
Mustafa yumruğunu düyünləyib
qapını döydü.
Çox keçməmiş
qapı açıldı,
karvansaraçı çıxıb
atın yüyənini
Mustafadan aldı, atı tövləyə çəkdi. Mustafa içəri
girib kandarda üst-başındakı qarı
çırpdı. İçəridə
adam çox idi, hamı yerə salınmış
həsirlərin üstündə
oturmuşdu. Kimisi bardaş qurub çörək yeyirdi, kimisi də mütəkkəyə dirsəklənib
nargilə çəkir,
nəsə içirdi.
Mustafa salam verib, salam aldı. Keçib küncdəki boş yerdə oturdu. Sağ tərəfindəki qırmızısaqqal
kişi plov yeyirdi, sol tərəfindəki
kişi isə bardaqdakı şərabdan
cama süzüb yavaş-yavaş qurtumlayırdı.
Karvansaraçı atı tövlədə
rahatlayıb gəldi,
içəri girib qapının dalına taxta qoydu. Mustafaya
yaxınlaşıb soruşdu:
- Yeməkdən, içməkdən
nə verim?
Canına
işləmiş soyuğun
təsirindən hələ
də titrəyən
Mustafa boğuq səslə
dedi:
- Əvvəlcə qəhvə
ver, içim isinsin. Sonra yeməyə də nəsə verərsən.
Karvansaraçı içəri otağa
keçdi. Mustafanın
yanında oturan kişi şərab dolu camı ona uzatdı.
- Al, bir-iki qurtum iç.
Mustafa başıyla razılıq
edib camı aldı, içməyə
başladı, əli
əsdiyi üçün
bir azını üstünə dağıtdı.
Camı qaytarıb bığ-saqqalındakı şərab
damcılarını sildi,
bu dəfə diliylə razılıq elədi:
- Sağ olasan.
- Bu çovğunda hara belə?
- Uzaq kəndlərdən birinə getmişdim, hüzür yeri düşmüşdü.
- Çoxdan çıxmısan
yola?
- Səhər ertədən.
Axşamüstü çovğun
məni haqladı.
Bura özümü birtəhər
çatdırdım.
- Gözləyib sabah gələrdin də. Havadan bilinirdi çovğun olacaq.
- Mən dulusçuyam. Sabaha sifarişim var. Getməmiş hazır eləmişdim, sabah gəlib aparacaqlar. Kənddə qalsaydım, gecikərdim...
Karvansaraçı saxsı fincanda
buğlanan qəhvəni
gətirib Mustafanın
qabağına qoydu.
- Yeməyə plovdu, cücə qovurmasıdı,
bir də bozbaş. Hansından verim?
Mustafa fincanı götürdü.
Yanındakı qırmızısaqqalın
yediyi plovun iyi bayaqdan burnunu
qıcıqlandırdığı üçün çox fikirləşmədi.
- Plov ver, - dedi,
- iki pay elə.
Hələ tanış olmadığı,
yanında oturmuş yoldaşı ikinci payın onun üçün nəzərdə
tutulduğunu başa düşüb gülümsədi.
- Bir bardaq da şərab gətir, - Mustafa dedi, - bir dənə də cam.
Karvansaraçı baş əyib getdi. İçəridəki
bürkü və isti qəhvə Mustafanın canını qızışdırmağa başlamışdı.
İsti acı qəhvə qurtumları elə bil mədəsinə
yox, damarlarına axıb bədənini dolanırdı. O, kürkünü
soyunub bükdü, balış əvəzi dalına qoyub yayxandı. Alnına düşmüş papağını
dala itələyib fincanda qalan qəhvəsini içdi.
Yoldaşı bayaq karvansaraçının
gəlməyi ilə yarımçıq qalan söhbətə davam elədi:
- Demək, bu şəhərdə yaşayırsan.
Nə əcəb birbaşa evə getmədin?
- Evim şəhərin o başındadı. Fikirləşdim,
çatmağım çox
çəkər. Gecəni
burda keçirdim, səhər birdəfəlik
gedərəm.
Karvansaraçı mis məcməyidə göyərti, şoraba, bir bardaq şərab
və təzə cam gətirib onların qabağına düzdü,
boş qəhvə fincanını götürüb
getdi.
Mustafanın hələ də,
tanış olmadığı
yoldaşı camlara şərab süzdü. İkisi də götürüb ləzzətlə
içdi.
- İnanmıram, sifarişçi
sabah gəlsin.
Mustafa heç nə deməyib yoldaşının
dən düşməyə
başlamış saqqalına,
sərt üz cizgilərinə, qalın
qaşlarının altından
baxan qara gözlərinə baxdı.
- Hava heç sabah da düzələnə
oxşamır. Gəlməz,
yəqin.
Mustafa heç nə demək istəməsə
də, yoldaşının
ona baxıb cavab gözlədiyini başa düşdü.
- Əsas odu, mən dükanda olum. Gəlib-gəlməmək
onun öz işidi.
Karvansaraçı nimçələrdə buğlanan plovu da gətirib onların qabağına qoydu.
- Sağ olasan.
- Nuş canınız.
Karvansaraçı belini dikəldib
məcməyini qoltuğuna
vurdu.
- Qış gecəsi uzun olur, - dedi.
- Bəlkə, nağılçı
babadan xahiş eləyək, gecəmizi qısaltsın? Nə deyirsiniz?
Yer-yerdən təsdiq nidaları
eşidildi. Karvansaraçı
üzünü buxarının
yanında oturan qoca kişiyə tutdu.
- Nağılçı baba, meydan
sənindi.
- Nolar? Mən həmişə hazıram.
Etiraz eləməsəniz,
elə yerimdən danışım.
Karvansaraçı da gedib onun yanında oturdu, qoltuğundakı məcməyini
qabağına qoydu. Hamı sözünü kəsib nağılçıya
baxdı. Nağılçı
boğazını arıtlayıb
aramla danışmağa
başladı.
Hərami Əhmədlə Güləndam
xatunun əhvalatı
Bir neçə vaxt bundan əqdəm, Qırım (Krım yarımadası) diyarında
Əhməd adında
bir igid yaşarmış. İgid,
nə igid, qartal baxışına oxşayan gözlərini kimə diksəymiş, o adamın canına vəhmə salarmış.
Elə qüvvətliymiş
ki, yumruğuyla qaya parçalarmış, daşı
ovcunda əzib muma döndərərmiş.
At çapmaqda, qılınc
oynatmaqda, ox atmaqda çox mahirmiş. Qırım diyarı binə olandan belə bir igid
görməyibmiş. Amma di gəl, yaxşı adam deyilmiş bu Əhməd. Özü kimi doqquz nəfəri başına cəm edib həramiliklə məşğul olurmuş.
Elə həramiymiş
ki, onun adı gələndə nəinki
Qırımda, yaxın
obaların, şəhərlərin
hamısında adamlar
tir-tir əsirmiş.
Əhməd başının dəstəsiylə
Qırım yolunun üstündəki qayalıqda
binə salıbmış.
Bir karvanı, bir arabanı, bir süvarini, bir piyadanı boş buraxmazmış. İş
o yerə çatıbmış
ki, daha heç kim o yoldan ötməzmiş.
Dövlətli-dövlətsiz, hamı yolunu dəyişdirib uzaq-uzaq yerlərdən gedərmiş.
İstər qar qurşaqdan olsun, istər gün təpəni deşsin, heç kim qısa və rahat yolla getməzmiş
Əhmədin qorxusundan.
Uzaq və çətin yola düşərlərmiş, təki
başları səlamət
olsun.
Belə
Əhməd imiş hərami Əhməd. O qədər var-dövlət
yığıbmış ki, yeddi nəsil nəvə-nəticəsinə də çatarmış.
Amma adam ki, bir şeyə vərdiş elədi, bir də çətin onu tərgidə. Əhmədin həramiliyi
də vərdiş imiş. Bir növ, adətkərdə olubmuş.
Həramiliyi tərgidə bilməməyinin
bir səbəbi də sehrkarlığı
imiş. Sehrkar imiş Əhməd. Elə əfsunlar bilirmiş ki, o əfsunların
qabağında yeddi laylı, qırx qıfıllı qapılar
da davam gətirmirmiş.
Hər cür müşkül qapının
sökülməyi Əhmədin
ağzını açmağına
bənd imiş.
Günlərdən bir gün Əhməd doqquz silahdaş-yoldaşını çağırıb
demiş:
- Daha Qırımda və ətraf şəhərlərdə açmadığımız
qapı, talamadığımız
xəzinə, soymadığımız
karvan qalmadı. Eşitmişəm, Bağdad
padşahı Şahənşahın
xəzinəsi saya-hesaba
gəlməz. Harundan dövlətlidir Şahənşah
padşah. Deyirəm, Bağdada gedək, o xəzinəni ələ keçirib gətirək.
Əhmədin doqquz silahdaş-yoldaşı
bu tədbirə "Əhsən!" demiş.
Elə həmən gün adama bir-iki kisə qızıldan, gümüşdən
götürüb yola
düşmüşlər. Tez-tez dincələ-dincələ,
yaxşı yeyə-yeyə,
içə-içə yol
getmişlər. Dörd
həftənin tamamına
iki gün qalmış Bağdad şəhərinə varid
olmuşlar. Bağdad elə şəhərdir
ki, vəsfi dilə gəlməz, onu təsvir eləmək istəsən, sözlər
acizliyindən utanar. Hündür minarələri,
günbəzləri bir
günlük yoldan görünər, adama
"gəl-gəl" deyər.
Hər iki tərəfinə güllər,
çiçəklər əkilmiş
daş döşəməli
yolları o qədər
təmiz olar ki, ayaq basmağa çəkinərsən, meydanlardakı
hovuzların suyu o qədər duru və şəffaf olar ki, o duruluğa xələl gəlməsin
deyə, əyilib əksinə baxmağa utanarsan.
Kütahı, Əhməd doqquz
silahdaş-yoldaşı ilə
bu şəhərə
varid olmuş, saraya yaxın məhəllələrdəki karvansaraylardan
birində məskən
salmış, hər imkan düşdükcə
sarayı güdüb-gözətləməyə
başlamış. Amma saray
elə möhkəm qorunurmuş ki, Əhməd
tez bir zamanda
güdməklə əlinə
heç nə keçməyəcəyini başa
düşmüş. Axır
ya kisəsindəki qızılın, gümüşün
gücünə, ya
da sehrkarlığının - əfsununun hesabına saray xidmətçilərindən
birinin dilini açıb sirri ondan almış. Deməgilən, Şahənşah
xəzinəsini öz
sarayında saxlamırmış.
Şahənşahın vardan-yoxdan
gözünün ağı-qarası
Güləndam xatun adlı bir qızı
varmış. Şəhərdən
qıraqda öz sarayı varmış Güləndam xatunun. Qırx incə belli qaravaşla o sarayda yaşarmış Şahənşahın
qızı. Xəzinə
də onun sarayındaymış.
Əhməd bir neçə
gecə də Güləndam xatunun sarayını gözətləyib-güdmüş.
Bir qərib yerdəymiş
saray, düz qayalıqda tikilibmiş. Sıldırım qayalar qoruyurmuş sarayı. Cəmisi bircə yol varmış, iki qayanın arasından keçən yol o qədər darmış ki, iki atlı yanbayan keçə bilməzmiş.
Əhməd hər şeyi yerli-yataqlı öyrənib
silahdaş-yoldaşlarının yanına qayıtmış,
qəziyyəni onlara danışıb tədbir
tökmüş. Növbəti
gecə yaraqlanıb-yasaqlanıb
yola düşmüşlər.
Atları qayalıqdan
kənar çidarlayıb
piyada dar keçidi keçmişlər.
Qapıdakı gözətçiləri
öldürüb başlarını
bədəndən ayırmışlar.
Əhməd əfsun oxuyub sarayın qapılarını açmış.
Xəzinə sarayın
birinci mərtəbəsindəymiş,
qırx incəbelli qaravaşla Güləndam
xatun üst mərtəbələrdə qalırmış.
Əhməd doqquz silahdaş-yoldaşıyla xəzinəni
çapıb talamış,
vəzndə yüngül,
qiymətdə ağır
nə varsa, kisələrə doldurmuş.
Həramilər kisələri
dalına atıb saraydan çıxmış.
Deməgilən, nə sirdisə,
o gecə çox lətif gecəymiş. Belə gözəl gecədə yuxuya təslim olmağı günah sayan Güləndam xatun pəncərə qabağında
oturub Bağdad evlərinin pəncərələrindən
gələn təkəmseyrək
işıqları seyr
edirmiş. Bu dəm
on həraminin gözətçiləri
öldürüb saraya
girdiyini görmüş.
Güləndam xatun çox ərlərin könlünə od salan, adla deyilən
gözəl olmaqdan savayı, həm də ərənlərə
tay döyüşçüymüş.
Qılınc tutanda əlinin əsdiyini, ox atanda hədəfinin yayındığını hələ
bir kimsənə görməyibmiş. Güləndam
xatun durub cəng paltarını geymiş, əsləhələrini
qurşanmış, pəncərədən
örkən salladıb
aşağı düşmüş,
qayalıqdakı dar keçiddə marığa
yatmış.
Kütahı, həramilər qır-qızıl
dolu kisə dallarında bir-bir dar keçiddən çıxmağa başlamışlar.
Güləndam xatun fürsəti fövtə
verməmiş, həramilər
çıxdıqca növbət
ilə doqquzunun boynunu vurmuş, onları cəhənnəmə
vasil eləmiş. Əhməd özü ən axırda gəlirmiş. Qismətə
baxgilən ki, Güləndam
xatun onuncu dəfə qılıncını
endirəndə Əhməd
tezcənə duyuq düşüb başını
çəkmiş, qılınc
onun başını boynundan ayırmaq yerinə kəlləsindən
bir tutam saçını dəriqarışıq
üzmüş. Nə
sirri-hikmətdirsə, Əhməd
özünü itirməmiş,
Güləndam xatun qolaylanıb ikinci zərbəni endirənə
qədər qaçıb
gecənin qaranlığına
qarışmış.
Şəhərin xəlvət dalanlarından
birinə gələn
Əhməd onu heç kimin izləmədiyindən əmin
olandan sonra yarasını sarımış,
üstündən də
papağını basıb
karvansaraya gəlmiş.
Yubanmayıb olanını-qalanını
toplamış, gecə
ikən Bağdaddan çıxmış. Səhəri
günün axşamı
yolüstü balaca şəhərlərdən birinə
çatmış, təbib
tapıb yarasına məlhəm qoydurmuş, təbib duyuq düşməsin deyə
də, gecə yolda həramilərə tuş gəldiyini demiş. Yarası tamam-kamal sağalıb bitişəndən sonra yola düzəlmiş, qaysağı qopana qədər Qırıma yetişmiş.
Başqası olsaydı, çox
yəqini Qırımda
rahat-xatircəm yaşamağa
davam edərmiş.
Amma bu fikir Əhmədin ağlına
da gəlməmiş. Qisas
almaq ehtirası onun ürəyini didib-parçalayırmış. Çox fikirləşməyib
hazırlaşmış, kahasındakı
xəzinədə nəyi
var, yığıb-qablaşdırmış,
bir karvan yükü hasil olmuş. Yola düzəllənib,
əvvəlcə, Şam
şəhərinə gəlmiş.
Şamda özünə
nökər-qulluqçu tapmış,
Şahənşah üçün
əntiq-əntiq hədiyyələr,
ənamlar almış,
yığışıb-hazırlaşıb
Bağdada varid olmuş. Karvanını çəkmiş birbaşa
Şahənşah padşahın
sarayının qabağına.
Qapıçı ilə
içəri xəbər
göndərmiş, onu
qarşılamağa, əvvəlcə,
vəzir çıxmış,
niyyətini-mətləbini sormuş.
- Qırım diyarından gəlirəm, - Əhməd
demiş, - Şahənşah
padşah üçün
ənamlarım var. Qəbulu
olsa, onunla görüşüb ənamlarımı
birbaşa padşahın
xaki-payinə düzməyi
təvəqqe edirəm.
Şahənşah onu hörmət
və artıq izzətlə qəbul etmiş. Əhmədin gətirdiyi ləl-cəvahirat,
xalı-xalça, top-top parçalar
Şahənşahın nəhayət
dərəcədə xoşuna
gəlmiş. Əhmədi
ən əziz qonağı kimi sarayında saxlamış,
hörmətini üstün
tutmuş. Günlər
keçdikcə Əhməd
ya mehribanlığı
və ağlıyla, ya da sehrkarlığı və əfsunlarıyla Şahənşahın könlünə
girmiş, onun yaxın adamlarından biri olmuş.
Qisas hissi onun fikrini
məşğul edib içini dağıtmağındaymış,
amma Əhməd nə qədər eləyirdisə, heç cür o dar keçiddə kimin pusqu qurub doqquz
silahdaş-yoldaşını qətl etdiyini, özünü isə yaraladığını öyrənə
bilmirmiş.
Günlərdən birində Şahənşah
Əhmədi divanına
çağırmış, sağında oturdub demiş:
- Əhməd, görürəm,
nəhayətdə ərən
və səxavətli
cavanmərdsən. Günlərdir
fikir edirəm, vəzir-vəkilimlə də
məsləhət-məşvərət eləmişəm. Mənim
bir qızım var, adına Güləndam xatun deyərlər. Günəş onun gül cəmalını görəndə gözəlliyindən
utanar. Həm də çox igid cuvanəzəndir. Bir neçə ay qabaq on hərami sarayın qapısını açıb
xəzinəyə daraşıb,
qızım Güləndam
xatun pusqu qurub, həramilərdən
doqquzunun canını
alıb. Onuncunu yaralasa da, hərami qaça bilib. Bax, belə qızdır Güləndam
xatun. İstəyəni
çoxdur, qalmayan padşahlar, şahzadələr,
sərkərdələr elçi
daşımızı döyəcləyib,
gərçi heç
biri qızımın
layiqi olmayıb.
İndi günlərdir, fikir
edib çək-çevir
edirəm, qızıma
səndən daha layiqlisini gümana gətirə bilmirəm. Gəl, Güləndam xatunu verim sənə.
Bir-birinizin babısınız
ki, dayanıb-durmusunuz. Mən
qoca kişiyəm, bu gündə-sabahda öləndə gözüm
dalda qalmasın, xətircəmlik içində
karvanımı sürüb
gedim.
Əhməd Şahənşahın sözlərini eşidib barmağını dişləmiş.
Deməgilən, doqquz
silahdaş-yoldaşının canını alan, özünü isə yarımcan edən bir zənən xeylağıymış, o da kim
ola, Şahənşahın qızı Güləndam
xatun. Axtardığı
ov özü öz ayağıyla gəlib onun tələsinə düşmüş.
Əhməd Şahənşahın ətəyini öpüb demiş:
- Şah sağ olsun, sənin ən xırda istəyin də mənimçün böyük
əmrdir ki, o istəyin-əmrin
yerinə yetirilməsi
üçün nəinki
malımı, canımı
da əsirgəmərəm. Vəxta ki, mən həqiri qızın Güləndam xatunun layiqi bilirsən, nə karəyəm, sənin istəyindən çıxam? Bu elə xoşbəxtlikdir ki, yatıb
yuxuda görməyi də arzulaya bilmərəm.
Əhməd, dübarə, Şahənşahın
ətəyini öpüb
könlünü şad
etmiş. Şahənşahın
əmriylə elə həmin dəqiqədən
toy tədarükü başlamış,
otuz doqquz gün toy olmuş, qırxıncı gün Əhmədi kamına çatsın deyə, Güləndam xatunun hərəmxanasına ötürmüşlər.
Güləndam xatun Əhmədin
kim olduğunu bilmirmiş, hamı kimi o da Əhmədi Qırımlı tacir zənn edirmiş. Amma qətiyyən ona meyli yoxmuş. Bu səbəbə gərdəyə
özü girməmiş,
yerinə özü kimi etibar etdiyi
can bir qəlb qaravaşını göndərmiş.
Nağılçı dili yüyrək olar, bu minvalla bir
neçə ay keçmiş.
Əhməd qisas almaq üçün tədbir tökməyə
başlamış. Bir gün
gəlmiş Şahənşahın
hüzuruna, Güləndam
xatunu öz ailəsiylə tanış
etmək üçün
Qırıma aparmağa
rüsxət istəmiş.
Şahənşah razılaşmış,
tapşırmış ki, gedin,
amma Qırımda çox yubanmayın.
Bir həftə hazırlaşmışlar,
karvan-karvan ənam və xeyli müşayiətçi
ilə yola çıxmışlar. Qırım
yolunda Əhmədin əvvəlki məskəninə
çatanda gecələməyə
düşmüşlər. Əhməd əfsun oxuyub hamını yuxuya vermiş, Güləndam xatundan savayı hamını qılıncdan keçirtmiş.
Güləndam xatunun özünü isə dara çəkmiş. Güləndam xatun səbəbini sorduqda Əhməd belə cavab vermiş:
- Doqquz silahdaş-yoldaşını
öldürüb özünü
isə yaraladığın
hərami mənəm.
İndi səndən qisas
alacağam. Gedib meşədən odun gətirib səni yandıracağam. Səni
misli görünməyib-eşidilməmiş
əziyyətlə öldürəcəyəm.
Ocaqda diri-diri ətin bişəcək.
Əhməd atlanmış, odun
yükləmək üçün
də bir atı yedəyinə alıb meşəyə yollanmış.
Əhmədin birinci dəfə
Bağdada getməyindən
xeyli vaxt keçmiş, buralarda sakitlik, əmin-amanlıq bərqərar olmuş.
Amma Qırım və
ətraf şəhərlərin
camaatı Əhmədin
burda olmadığını
bilmədiyindən hələ
də bu yoldan gedib-gələn olmurmuş. Günlərlə
gözləyəsən, nə
bir karvan, nə də bir atlı və
ya piyada bəni-adəm burdan keçmirmiş. Buna görə
Güləndamın fəryadına
haray verən olmamış. Güləndam
qışqırmaqdan yorulub
çarəsizlik içində
ağlamağa başlamış.
Deməgilən, taleyin
gərdişindən buralara
nabələd bir sarvan karvanını məhz bu yola
salmış. Sarvan Güləndamın halətini
görüb karvanı
saxlamış, gəlib
onu xilas etmiş. Güləndamın
qəziyyəsindən xəbər
tutandan sonra demiş:
- Biz İsfahana gedirik, istəsən, bizə qoşula bilərsən.
Güləndam xatun sevinclə
razılaşmış. Öz
karvanlarından qalan yüklü dəvələri,
atları sarvanın karvanına qoşub İsfahana yol almışlar.
Əhməd Güləndamın ocağı
gur yansın deyə, çox odun yığdığı
üçün yubanmış.
Qayıdanda nə Güləndamdan, nə də karvandan əsər görməmiş,
yerlərində yel əsib yengələr oynayırmış. Bircə
özünün öldürdüyü
qul-qaravaş meyitləriymiş
ki, onları qarğa-quzğun
didişdirirmiş.
Əhməd qalsın hirsindən
zəncir çeynəyə-çeynəyə,
görək, Güləndam
xatun neyləmiş. Karvan İsfahana yetəndə sarvan Güləndama demiş
ki, meyli varsa, onunla qalsın, amma Güləndam xatun razılaşmamış.
- Başım vayqanlıdır,
- demiş, - səni də bəlaya salaram.
Öz karvanında hər nə vardısa, sarvana peşkəş eləmiş, canını
xilas etdiyi üçün onu alqışlamış və
ondan ayrılmış.
"Məni ancaq İsfahan padşahı xilas edə bilər" fikrilə saraya gəlmiş. Bəxtindən,
saray qapısına çatanda İsfahan padşahı
Güləfruxun anası
seyrdən qayıdırmış.
Ana Güləndamı qəbul
etmiş, qəziyyəsindən
hali olub mehribanlıq göstərmiş,
günlərlə qonaq
saxlamış. Güləndam
bir gün ona demiş:
- Mehribanlığınız və
mehmannəvazlığınız üçün artıq dərəcədə minnətdaram.
Ancaq sizin də rüsxətiniz olsa, Bağdada, atamın yanına qayıtmaq istərəm.
Ana fikrə gedib vəziyyəti hərtərəfli
götür-qoy etmiş,
Güləndama demiş:
- Həramiyə üst-üstə
neçə zərbələr
vurmusan. O heç səni bağışlamaz
və qisasının
dalınca gələr.
Əlbət ki, səni
Bağdadda axtarar. Bu halda, sənin Bağdada getməyin ayağınla ölümə
getməyin deməkdi.
Gəl, sən burda qal, səni
oğlum Güləfruxla
evləndirim. Onsuz da ona bab qız
axtarırdım. Səndən
yaxşısı harda
var? Evlənin, yaşayın,
bir müddətdən
sonra atana xəbər göndərərik,
o da hali olar.
Bu məsləhət Güləndamın
ağlına batmış
və o, ananın təklifilə razılaşmış.
Güləfruxla görüşüb-tanışandan
sonra ondan təvəqqe eləmiş
ki, sarayın bağçasında
qırx pilləkanlı
başqa bir saray tikdirsin. Sarayı qorumaq üçün həyətə
iki aslan buraxsın, qırx pilləkanın hər birində bir əliqılınclı qul
dayansın.
Güləfrux razılaşıb dərhal
sarayın tikilməsi
üçün göstəriş
vermiş. Saray tezliklə hazır olmuş və Güləfruxla Güləndam
evlənib o sarayda yaşamağa başlamışlar.
Onlar ləzzət içində
yaşamağında olsun,
sizə kimdən deyim, hərami Əhməddən. Əhməd
təzədən yol almış Bağdada, şəhərə çatanda
təğyiri-libas olub
kəndli paltarı geymiş ki, onu tanımasınlar. Sarayı
güdüb-gözətləməyə başlamış. Yenə
də ya kisəsindəki qızıl-gümüşün
hesabına, ya da sehrkarlığının - əfsununun
gücünə saray
xidmətçilərindən birini dilə tutmuş, Güləndam xatunun hələ qayıtmadığını öyrənmiş.
Başlamış hövsələylə
onun yolunu gözləməyə. Mən
deyim keçmiş altı ay, sən de, keçmiş bir il. Güləndam xatunun nə özü gəlib çıxmış,
nə də ondan bir xəbər
verən tapılmış.
Şahənşah Qırıma
xəbərçi göndərmiş.
Xəbərçi qayıdıb
Qırımda Əhməd
adlı tacirin olmadığı və Güləndam xatunun da ayağının ora dəymədiyi xəbərini
gətirəndə Şahənşah
dərddən-fikirdən yatağa
düşmüş. Bir-iki
həftənin içində
şam kimi ərimiş, axırda da elə şam kimi sönmüş. Yerinə qardaşı oğlunu padşah qoymuşlar.
Əhməd haləti belə
görüb Güləndamın
bir də bura qayıtmayacağını
yəqinləşdirmiş. Nagüman yol almış başqa şəhərlərə. Hər
çatdığı yerdə
Güləndamı soraqlamış,
xəbər almadıqca
yola davam eləmiş. Belə-belə
gəlib çıxmış
İsfahana. Qaldığı
karvansarayın nökəri
ilə dil tapmış, şəhərdə
nə var, nə yox soruşmuş. Nökər də heç nədən şübhələnməyib şəhərin
halətindən-vəziyyətindən tutmuş, Güləfrux padşahın evlənməsinə
qədər hər şeyi yerli-yataqlı danışmış. Əhməd
Güləndam xatunun sorağını alanda bir sevinmiş ki, gəl görəsən. Sarayı gözətləyib
vəziyyəti öyrənmiş.
Bir axşam çölə gedib əfsun oxumuş, kəməndinə
iki ceyran salıb şəhərə
gətirmiş. Gecə
düşüb, toran qovuşan
kimi ceyranları götürüb saraya gəlmiş. Ceyranları
aslanların qabağına
atmış, aslanların
başı ceyranları
parçalamağa qarışanda
aradan sivişib pilləkanlara çatmış.
Pilləkanlardakı qulların
qılınclarının tiyəsi
o qədər itiymiş
ki, qaranlıqda da parıldayırmış.
Hərami Əhməd
əfsun oxuyub qulları yatızdırmış,
hər pillədən
atladıqca ordakı qulun boynunu vurmuş.
Çatmış sarayın
qapısına. Elə
qapını açıb
girmək istəyirmiş
ki, Güləndam xatun
içəridən onun
üstünə atılmış.
Qılınclaşmağa başlamışlar.
Gah o üstün gəlmiş,
gah bu. Amma heç biri
digərini məğlub
edə bilməmiş.
Qılıncları atıb
güləşməyə başlamışlar. Xeyli
süpürləşəndən sonra Güləndam xatun məqam tapıb Əhmədin ayağından yapışmış,
onu bir vaxtlar
dərisini üzdüyü
kəlləsi üstə
yerə aşırtmış.
Qırx pilləkanlıq
məsafədən yerə
düşən Əhməd
özünə gəlməyə
macal tapmamış ceyranları həzmi-rabedən
keçirtmiş aslanlar
onun üstünü almış, onu da ceyran kimi parçalamışlar.
Düşmənini öldürən Güləndam
xatun Güləfrux padşahla şad-xürrəm
yaşayıb uzun ömür sürmüşlər...
Nağılçı söhbətini yekunlaşdırıb boğazını
arıtladı, camdakı
şərbətdən bir
qurtum içib, bığını əlinin
dalıyla sildi. Nağılın sehrinə
uymuş karvansara əhli özünə gəlməyə başladı.
Qulaq asanlar nağılçıya o qədər
aludə olmuşdu ki,
kimisinin yeməyi soyumuş, kimisinin nargiləsi sönmüşdü.
Görkəmindən tacirə
oxşayan birisi karvansaraçını səslədi:
- Ay karvansaraçı, nargilənin
kömürünü dəyiş.
Karvansaraçı məcməyini götürüb
ayağa durdu.
- Sağ olsun nağılçı baba, - dedi.
- İndi də sazəndələrdən
təvəqqe eləyək,
gecəmizi rövnəqləndirsinlər.
Karvansaraçı buxarının bu
biri tərəfində
oturmuş iki nəfərə işarə
eləyib özü nargilə kömürü
gətirmək üçün
içəri keçdi.
Sazəndələrdən biri
dəfini, o biri balabanını çıxartdı,
Sarənc üstündə
oxuyub-çalmağa başladılar.
Mustafa ilə yoldaşı da soyumuş plovu yeyib qurtardı. Mustafa camın dibindəki şərabı içib
bardağı götürdü,
təzədən doldurdu.
Camını qaldıranda
yoldaşına dedi:
- Yaxşı şərabdı.
Tünddü.
Yoldaşı başını tərpətməklə
təsdiqlədi. Mustafa şərabı
içəndə yadına
düşdü ki, hələ
də yoldaşının
adını bilmir. Əlini ona uzatdı:
- Mustafa.
Yoldaşı onun əlini sıxıb dedi:
- Adaşıq.
- Nə yaxşı. Amma buraların adamına oxşamırsan.
- Hə, qəribəm.
- Sənətinin adı nədir?
- Əvvəllər tacir idim. Bir neçə ildi hər şeyi
buraxıb gəzməklə
məşğulam.
- Səyyahsan?
- Elə də demək olar. Gəzirəm də. Bir ay
burda, beş ay orda.
- Bəs nəylə dolanırsan?
- Bir parça çörək
hər yerdə var.
- Əslin hardandı?
- Tavridadan (Tavrida - Krımın qədim adı). Siz ora Qırım deyirsiniz. Atam tatardı, anam qıpçaq.
- Baho, Əhmədin yerlisisən
ki.
- Hə, - qərib Mustafa camdakı şərabdan bir qurtum içib
cavab verdi.
- Bəs sən Əhmədi tanıyırsan?
- Uşaqlıq dostum olub.
- Demə! Bəs nağılçı düz
deyir ki, Əhməd sehrkardı?
- Yox, əlbəttə. Bir özün fikirləş
də, sehrkara qılınc işləyər?
Sehrkarı ancaq sehrlə-əfsunla öldürmək
olar. Həm də ki, sehrkar onu harda təhlükə
gözlədiyini bilər,
ora getməz, getsə də, əfsun oxuyub qabağını alar.
Qərib
Mustafanın dedikləri
Mustafanın ağlına
batdı.
- Düz deyirsən, heç bu tərəfini
fikirləşməmişdim.
- İstəyirsən, Əhmədin
doğruçu əhvalatını
danışım.
- Danış.
- Burda yox, gedək
hücrəyə.
Qərib
Mustafa ayağa durub karvansaraçını səslədi.
- Qonşum da mənim hücrəmdə qalacaq.
Karvansaraçı qabağa düşdü.
Qərib Mustafa içində
şərab qalan bardaqla camları götürüb başıyla
Mustafaya işarə elədi ki, gedək. Gəlib balaca bir hücrəyə girdilər. Karvansaraçı
divardakı çırağı
yandırdı, taxçadakı
döşəkləri yerə
sərib dedi:
- Siz rahatlanın, mən kömür gətirim, içəri qızışsın.
- Bir bardaq şərab da gətir, - qərib Mustafa dedi.
Karvansaraçı baş əyib çıxdı. Hərəsi
öz döşəyinin
üstündə oturdu.
Karvansaraçı balaca
manqalda közərən
kömürü gətirib
döşəklərin arasına
yerləşdirdi. Qoltuğundakı
şərab bardağını
qərib Mustafaya uzadıb dedi:
- Gecəniz xeyrə qalsın!
Karvansaraçı çıxandan sonra
qərib Mustafa camları
doldurub danışmağa
başladı.
Hərami Əhmədin həqiqi
əhvalatı
Bayaq da dedim, Tavridada doğulub-böyümüşəm. Bizim Tavrida sizin
Baquan (Baquan və ya Baqavan
- Bakının qədim
adlarından biri) kimi dərya qırağındadı. Amma bizim
təbiət sizinkinə
oxşamaz. Baquanda olmusan, əlbət. Ora quraqlıqdır, şoranlıqdır.
Yerdən yağ çıxdığı üçün
torpaq əkin-biçinə
çox yararlı deyil. Tavrida başqa cürdü amma, torpağı münbitdi oraların. Çubuğu basdırsan,
bəhər verər.
Biz şəhər ətrafında
yaşayırdıq. Atamın
əkin sahəsi vardı. Atam, anam, balaca bacı-qardaşlarım
- hamımız sahədə
işləyirdik. Məhsulumuz
çox olurdu. Heç nədən korluq çəkmirdik.
Mal-qaramız, qoyun-quzumuz
da çox idi.
Əhməd bizim qonşumuzun
oğlu idi. Qardaş kimiydik onunla, bütün uşaqlığımız bir
yerdə keçmişdi.
Tavridadan
bir az aralı
Kaffa (Feodosiya şəhərinin
qədim adı) şəhəri var. Deyirlər,
əvvəllər balaca
kənd olub. Sonra Genuya tacirləri oranı alıb, sahilində böyük bəndər (liman) salıblar. Kaffa günü-gündən böyüyüb,
olub şəhər. Ətrafında möhkəm
qala tikilib. Bu yaşımacan, az qala, dünyanın yarısını gəzmişəm,
amma Kaffa bazarı boyda bazar görməmişəm. Quş
südündən belə
nə istəsən, tapardın bu bazarda. Hər millətdən adama rast gələrdin. Sanasan, dünyanın ürəyi bu bazarda döyünürdü.
Atam da məhsulumuzu bu bazara gətirib satırdı, Əhmədin
atası da. Bir az böyüyəndən sonra
atalarımız bizi də alverə göndərməyə başladı.
Çox olan məhsulları, buğdanı,
çovdarı, darını
atalarımız aparırdı,
bostan meyvəcatını,
ağartını biz aparırdıq.
Yavaş-yavaş alverin
təhərini öyrənirdik.
Əvvəl-əvvəl xam
olduğumuzu görüb
bizi aldadırdılar,
getdikcə hər şeyin çəmini tapırdıq. Gəlirimiz
çox yaxşı idi, amma göz
doymur ki. Əhmədlə
fikirləşdik ki, gəlsənə,
özümüz Kaffa
bazarında dükan açaq? Oturaq, əlimiz-ayağımız təmiz,
bundan alıb ona sataq. Pulu
pul, hörməti hörmət. Gedib atalarımıza dedik, çətinliklə icazə
aldıq. Buraxmaq istəmirdilər, ancaq tezliklə başa düşdülər ki, qabağımızı
ala bilməyəcəklər. Naçar razılaşdılar.
Gəlib
bazarın ucqarındakı
boş dükanlardan birini kirayələdik, karvansarada daimi otaq tutduq. Ədviyyat
alveri edirdik. Əvvəlki aylarda qazancımız az oldu, çünki biz ancaq əlimizin məhsulunu satmağa öyrəşmişdik. Birindən
alıb, başqasına
satmaq isə tamam başqa sənətdir. Amma bunu da öyrəndik. Qazancımız
çoxaldı, yanımızdakı
dükanı da götürüb
öz dükanımıza
qatdıq, işləri
böyütdük. Dükana
işçilər götürdük.
Daha malları özümüz yükləyib-boşaltmırdıq,
özümüz çəkib
müştəri yola
salmırdıq. Bu işlərin
hamısını işçilərimiz
görürdü. Bizim
işimiz ancaq pul saymaq idi.
Tez-tez gedib evə dəyirdik, pul verirdik.
Əhməd şəhərdə özü üçün
ev alıb evləndi. Amma mən hələ də karvansarada qalırdım. Evlənməyə tələsmirdim.
Bazarın adlı tacirlərindən
olmuşduq. Müştərimiz
çox idi. Biz başqaları kimi aldatmırdıq deyə bizə inanırdılar. Tərəzimiz düz işləyirdi, ağır
gəlsin deyə ədviyyatlara toz-torpaq qatmırdıq. Çünki
başa düşmüşdük
ki, düzlükdən böyük
biclik yoxdur. Müştərini bir dəfə aldadıb xeyli qazanc götürə
bilərsən, amma o müştəri bir də səndən mal almayacaq. Az qazanıb daimi qazanmaq daha yaxşıdır. Biz
bazardakı azsaylı
halal tacirlərdən idik.
Neçə il belə işlədik.
Əhmədi bilmirəm,
amma mənim kalan pulum yığılmışdı.
Ata evində kisə-kisə
qızıllarım vardı.
Hər təzə kisə dolduqca aparıb o birilərin üstünə yığırdım.
Əhməd evlənəni aramız
soyumağa başlamışdı.
Subayla evlininki çox da tutmaz. Axşam olcaq Əhməd evə gedirdi, mən meyxanaya. Bir müddətdən
sonra Əhməd təzə dostlar tapdı. Hər gün yanına cürbəcür adamlar gəlirdi. Dükanın bir küncünə çəkilib xosunlaşırdılar.
Dükanın əsas
yükü üstümə
düşmüşdü, Əhməd işimizə
başısoyuq yanaşmağa
başlamışdı. Xətrimə
dəysə də, üzünə vurmurdum. Arada illərin dostluğu, xətir-hörməti
vardı. Bir gün Əhməd dedi ki, uzun səfərə çıxacaq, hardasa bir ay burda olmayacaq.
Soruşdu, dükanı
tək idarə edə bilərəm? Dedim, etməyinə edərəm, amma hara getdiyini desən yaxşı olar. Dedi, qayıdanda deyərəm. Əhməd
təzə dostlarıyla
yığışıb yola
düşdü, bayaq
dedim e, dükana gəlib-gedən adamlar, bax, onlarla. Səhər
tezdən yola çıxdılar. Şəhər
qapılarınacan yola
saldım onları. Hamısı bir yerdə on nəfər idi. Biri Əhməd, doqquzu təzə yoldaşları. Onlara yaxşı yol arzulayıb şəhərə
qayıtdım.
Nə başını ağrıdım,
gəlməkləri bir
aydan çox çəkdi. Bir axşam
meyxanadan çıxıb
karvansaraya gedirdim. Əhməd gəlib yolda tapdı məni. Dostumu qucaqlayıb əhval tutdum. Dedi, meyxanadan
şərab götürüb
gedək karvansaraya. İki bardaq şərab alıb getdik. Əhmədin kefi ala buludda idi. Soruşdum, xeyirdimi? Dedi, xeyirdi, özü də lap xeyirlisindən.
Adaş,
bayaq dedim ki, Kaffa bazarı çox böyük idi. Bazarda meyvəcatdan,
səbzəvatdan, ədviyyatdan
savay qul-qaravaş da satılırdı. Bu işə
baxan xüsusi dəstələr vardı.
Gedib çöllərdəki,
səhralardakı qeyri-millətlərdən
əsir tutub gətirir, bazarda satırdılar. Əsirləri
əsasən əcnəbi
tacirlər alıb dəniz yoluyla aparırdı.
Əhməd də o dəstələrdən
birinə qoşulubmuş.
Gediblər çölə,
balaca moğol kəndlərindən birinə
basqın ediblər. Kənddəki orta yaşlılarla qocaları
qılıncdan keçirdiblər,
cavan qızlarla uşaqları əsir gətiriblər.
Əhməd dedi, əsirləri
Kaffadan yarım günlük məsafədə
saxlamışıq, sabah
yoldaşlar gətirib
satacaqlar. Hələ mənə də təkəllif elədi, dedi, qəşəng qızlar var, göyçək
oğlan uşaqları
da var. Sabah gəl bax,
hansını istəsən
bir-iki günlük götür, sonra satarıq. Soruşdum, əsirlərin hamısını
əldən keçirtmisiniz?
Dedi, hə, yol uzun, gecələr
səksəkəli. Necəsə
rahatlamaq lazımdı
axı. Dedim, ay bişərəflər, qohum-əqrəbalarını
öldürməyiniz, özlərini
əsir eləməyiniz
bəs deyil? Daha zorlamaq nə
üçün? Gülüb
dedi ki, onları bilirsən nə qədər zorlayacaqlar?
Bir nəfər az, bir nəfər çox, onlar üçün nə fərqi?
Eşitdiklərim, Əhmədin bu
yola düşməyi
mənə çox pis təsir elədi. Özümə gəlmək üçün
bardaqda qalan şərabı başıma
çəkdim. Əhmədin
başına ağıl
qoymaq istədim. Dedim, Əhməd, cavansan, başa düşürəm, qanının
qaynayan vaxtıdı,
çoxlu qazanmaq istəyirsən, macərapərəstlik
başına vurub.
Amma tutduğun yol düz yol deyil.
Ağlını başına
cəmlə, qayıt
nə qədər gec deyil. Gül kimi ailən var. Bu bir dəfəni bağışlayaq uşaqlarının
gül camalına. Onsuz da çox qazanırsan, dükanın
gəliri yaxşıdı,
lap əgər sənə
azlıq edirsə, mən öz payımın da yarısını
sənə verim. Yox əgər macəra axtarırsansa, nə çoxdur gəzməli diyar. Get, gəz. Daha günah işlərə bulaşmağın nə
üçün?
Qısası, mən çox
dedim, Əhməd az eşitdi. Dedi, mən yoldaşlarla peyman bağlamışam, onları
yarı yolda qoya bilmərəm.
Sözümüz çəpləşdi, az qaldı əlbəyaxaya
çıxaq. Qovdum onu. Səhəri gün malımızı tən böldüm, dükanları ayırdım.
Dedim, səninki səndə, mənimki məndə. Görməyinə
hər gün görürdüm onu, qonşu dükanlarda idik də. Hər
dəfə üzümü
çevirirdim.
Əhməd bu qul-qaravaş
işini şakərə
çevirdi. Gedib əsir gətirirdilər,
satırdılar, ay tamam
olmamış yenə
çıxırdılar səfərə.
Bilmirəm neçə il keçdi
aradan. Mən də evlənib özümə yurd-yuva elədim. Sonra qıtlıq
illəri gəldi. Yadına gəlmiş olar, hardasa on beş il qabaq iqlim dəyişdi, yay da payız kimi keçirdi, qışdan danışmağa dəyməz.
Tacirlər danışırdılar
ki, Həbəşistan kimi
ölkədə də
qar yağır. Yerli məhsul çıxmırdı, xaricdən
də o qədər az gəlirdi ki, heç gözə görünmürdü. Özümüzə
tacir deməyə utanırdıq, çünki
tacir mal satar, alver edər. Alıb-satmağa heç
nə yoxdursa, onda sən nə
tacir oldun? Xeyli adam qırıldı
o qıtlıq illərində.
Elə mənim iki bacım aclığın qurbanı
oldu. Yemək tapmaq olmurdu.
Həmin
o illərdə Kaffa bazarı çökdü.
Genuya tacirlərinin əksəri daha gəlmirdi bu tərəflərə. Bəndərdə
gəmi gün-gündən
azalırdı.
Çərx dönəndə hər
şeyi birdən döndərir. Əhmədin
başına fəlakət
də o vaxtlarda gəldi.
Bir gün dükanda oturub keçmişi-gələcəyi
fikirləşirdim. Əhməd
gəldi. Başı sarıqlıydı, özü
də yaman günə düşmüşdü.
Bir istədim qovum onu, yalvarıb and verdi. Dedi, sözümə
qulaq as, sonra istəsən qovarsan. Dedim, danış.
Qısası, bunlar yenə yığışıb gedirlər
səfərə. Çöllərdə
hansısa balaca kəndə hücum edib asdıqlarını asırlar, basdıqlarını
basırlar. Əsirləri
yığıb üz
qoyurlar qayıtmağa.
Necə olursa Əhməd əsir qızlardan birinə bənd olur. Onu o biri yoldaşlarına
vermir, hər gecə öz yanına salır. Qıza qandırır ki, səni satmayacağam, özümə saxlayacağam.
Qız da bu yandan şirinlik edib girir Əhmədin
qılığına. Bir gecə
yatanda qız Əhmədə deyir ki, ip biləklərimi doğradı. Əhməd
inanıb qızın
əllərini açır,
qucaqlaşıb yatırlar.
Hamı yuxuya gedəndən sonra qız durub əsirləri azad edir. Qılınc götürüb düşürlər
quldurların canına.
Əhmədin doqquz yoldaşını öldürürlər.
Qız Əhmədin boynunu vurmaq istəyəndə Əhməd
nagahani oyanıb başını qaçırda
bilir. Qılınc onun boynunu yox,
əmgəyini tutur, kəlləsindən bir tutam saçı dəriqarışıq üzür.
Əhməd qılınc
götürəndə əsirlər
dayanmayıb qaçırlar.
Əhməd başını
sarıyıb yaralı-yaralı
günlərlə yol
gəlir, ölüm-zülüm
özünü Kaffaya
çatdırır.
Əhməd bunları danışıb
ayağıma düşdü.
Dedi, bir qələtdi eləmişəm,
bağışla məni.
Fikir elədim ki, allahın vurduğunu bir tərəfdən də bəndənin vurmağı kişilikdən
deyil. Əhmədi yenə çəkdim öz yanıma, dükanları birləşdirdik.
Amma alver düzəlmirdi. Bir qədər fikirləşəndən
sonra qərara gəldim Hindistana gedim. Bazardakı tacirlərdən bir neçəsi çoxdandı
bu fikrə düşmüşdü. Tədarük
görüb qoşuldum
onlara. Əhmədə
də təkəllif elədim bizimlə gəlsin, razılaşmayıb
Kaffada qaldı.
Səfərimiz uzun və ağır oldu. Dörd aya Hindistana
çatdıq. Hardasa
bir ay ordakı alverimiz çəkdi. Olanından-olmazından alıb
yükümüzü tutduq,
yola düzəldik. Dörd ay da hesabla dala qayıtmağımızı.
Doqquz aydan beş-on gün artıq keçmişdi
ki, gəlib Kaffaya çatdıq. Kaş gəlməzdik, kaş yolda ölüb qalardıq, gəlib şəhərin bu gününü görməzdik.
Şəhərə vəba
yayılmışdı. Qala
qapılarını bağlamışdılar,
giriş-çıxış qadağandı. Ölənləri
meydana yığıb
yandırırdılar. Yanıq
ət iyi daş-divara hopmuşdu, havadan da ütülmüş
bədən iyi gəlirdi.
Yaxın
kəndlərdən birinə
gedib karvansarayda düşdük. Karvansaraçıdan
qəziyyəni soruşduq.
Dedi, beş-altı ay
qabaq moğol xanı Canıbəy qoşununu yığıb
Kaffaya hücum eləyib. Əhmədgilin
dəstəsi kimi çoxlu dəstələr
vardı şəhərdə,
əksəri də moğolların üstünə
hücum edirdi. Canıbəy axır boğaza yığılıb,
məsələni bir
dəfəlik həll
eləməkçün Kaffanı
tutmaq fikrinə düşüb. Kaffa qalası möhkəm qaladı. Canıbəy şəhəri bir ay mühasirədə saxlayıb,
amma ala bilməyib. Canıbəyin qoşununda
vəba varmış,
gündə neçə
əsgəri ölürmüş.
Onlar bilmirmiş bu nə xəstəlikdi.
Bir aydan sonra Canıbəyin qoşunu çəkiləndə ölən
əsgərlərin meyitini
mancanaqla şəhərə
atıb gediblər. Yerli camaat onların
bu hərəkətini
başa düşməyib.
Yəqin, heç moğollar da nə etdiklərini bilmirmiş. Hər halda ölünü torpağı
qazıyıb basdırmaqdansa,
mancanağa qoyub atmaq daha asan
görünüb onlara.
Yerli camaat meyitləri yığıb
basdırıb, amma vəba artıq şəhərdə idi. Axırını da gördünüz,
karvansaraçı dedi.
Uzun danışıb başını
ağrıtmaq istəmirəm.
Aylar keçdi, xəstəlik sovuşdu, şəhərin qapıları
açıldı. Vəba
Əhmədlə ailəsini,
mənim də arvadımla oğlumu aparmışdı. Kənddəki
qohumlarımdan da qalan
yox idi. Tək qalmışdım.
Göydəki ay kimi təmtək.
Daha Kaffada qalmaq istəmədim. Nəyim qalmışdısa yığdım,
düşdüm yollara.
Bu gün sizin şəhərdəyəm, sabah
allah bilir harda olacağam...
Qərib
Mustafa söhbətini qurtarıb
bardaqdakı şərabı
camlara paylaşdırdı,
içdilər. Manqaldakı
köz öləzimişdi,
hücrə soyuyurdu.
- Yataq daha, - qərib
Mustafa dedi, - bir azdan səhər açılacaq, gözümüzün
acısını alaq.
- Bəs bu Əhmədin
Güləndam xatunla olan əhvalatını kim uydurub?
- O vaxt hələ Əhməd sağ olanda Qırımda meyxanada oturub öz əhvalatını
danışırdı. Amma hər dəfə də dəyişdirirdi. O
əhvalatı eşidən
qəriblər gedib öz diyarlarında danışıblar. Hər
adam danışdıqca
nələrisə dəyişdirib,
nələrisə artırıb,
nələrisə azaldıb.
Sizin diyara da bu əhvalat gəlib çıxıb.
- Demək, hər yerdə bir cür danışırlar.
- Hə. Trabzonda deyirdilər, Əhməd doqquz yoldaşı ilə gedib yeddibaşlı əjdahanı
öldürüb. Moğollar
Əhmədin doqquz yoldaşı ilə altı dəniz üzdüyünü deyirdi.
Sibiryada danışılana
görə isə Əhməd doqquz yoldaşını dirilik suyunu axtaranda qurban verib. Əhvalatlar
dəyişir. Dəyişməyən
tək şey Əhmədin doqquz yoldaşı ilə bir tutam saçının
dəriqarışıq üzülməyidi.
Əhməd haqqında
o qədər şey eşitmişəm ki, heç
öz danışdığımın
da düz olub-olmadığını
bilmirəm daha.
- Bəs onda mən
hansına inanım?
- Hansı xoşuna gəlirsə, ona da inan.
Qərib
Mustafa durub papağını
çıxartdı. Çırağı
söndürüb yerinə
uzandı. Mustafa da kürkünə
bürünüb yerinə
girdi, gözünü
yuman kimi yuxu onu apardı.
Səhər duranda qərib
Mustafa hücrədə yox
idi. Mustafa çıxıb
karvansaraçıdan soruşdu.
Karvansaraçı dedi:
- Yoldaşın səhər
ertədən getdi.
Mustafa ona pul vermək
istəyəndə karvansaraçı
almadı.
- Yoldaşın haqq-hesabı
üzüb. Sənin atını da apardı, dedi, gecə sənin özünlə sövdələşib. - Karvansaraçı
balaca kisədə pul uzatdı Mustafaya. - Dedi, bu sənə çatacaq.
Mustafa pulları saydı, kisədə on atın pulu var idi. Sikkələrdən
birini karvansaraçıya
verib çıxdı.
Çovğun kəsmişdi.
Mustafa evə gedə-gedə fikirləşirdi ki, görəsən
gecə qərib
Mustafa papağını çıxaranda
doğrudan kəlləsindəki
bir tutam saçın yeri boş idi, yoxsa
içdiyi şərabın
təsirindən gözünə
elə görünmüşdü...
Həmid Piriyev
Ədəbiyyat
qəzeti.- 2023.-7 oktyabr, №37-38.- S.30-32.