Oyunqulu

 

Hekayə

 

Əzizlərim, mənim bu dəfəki söhbətim telefonlardan olacaq. Özü köhnələrdən. Yəni, illər öncəsi qara dirəklərlə, sim xətlərlə çəkilmiş ev telefonlarından. Eh, bilirsinizmi ki, bir zamanlar çox matah sayılardı onlar? Hər başı papaqlının evində ola bilməzdi. Elə bizim bu böyüklükdə qəsəbədə cəmisi üç-beş adam telefon yiyəsi idi. Evinə telefon çəkilmiş üç-beş kişidən biri də mən idim. Bu səbəbə sevincimə yer-göy darlıq edirdi. Elə indinin özündə də "köhnə" adlandırdığımız telefonlar nəzərdən düşməyib. Heç düşə də bilməz. Çünki həmin telefonlarda baş verən nasazlıq evdə hamının əməlli-başlı xəstəsinə çevrildiyi internetin də normal işləməsini əngəlləyir... bu isə heç bilirsiniz nə deməkdir?! "Faciə", özü də əsl "faciə". Məsələn, evdə bu cür "Fövqəladə" hal baş verdikdə, uşaqlı-böyüklü düşəcəklər üstünə ki, interneti təcili düzəltdir. Və anlayanda ki, internetin işləməsi ev telefonunun sazlığından keçir, o zaman ağlına montyor arayıb -axtarmaq düşəcək.

Başıma gələn əhvalatdır: Telefonumuz dayanmışdı. Küçəmizin uzaq başında yaşayan montyor Oyunqulu gözlərim önünə gədi. Oyunqulu doğmaca adı deyil onun, ayamasıdır. Əsl adı başqadır. Qəsəbəmizdə isə hamı onu Oyunqulu kimi tanıyır... Hə, dostlar, axır ki, gəlib yetişirik əsas mətləbə. Əslində telefonlardan bir qədər uzun-uzadı söz açmağımızın səbəbkarı məxsusi olaraq elə o, Oyunquludur.

Zahirən sakit, mülayim xasiyyəti var. Şirin dili, mehribanlığı isə ayrı aləmdir. Daxilində nələr yatır, onu deyə bilmərəm... Bəzən başqa cür yozanlar da az olmur: Sakitliyinə baxmayın, fırıldaqçının biridir. Oyunqulu ləqəbini nahaq qoymayıblar ki! Və s. və ilaxır.

Bir başqası da belə açıqladı: Nə qədər oyunbaz olsa da yaxsı insandır, dava-dalaşdan uzaqdır. Özünü qalmaqala salan deyil. Kiminlə sözə gəlirsə, bir tərəfini boşlayır. Daha doğrusu, sonranın salam-kalamına yer qoymağı bacarır.

- Daha denə bunun nəyi pisdi ki?! - Bu sözləri də mən ağzımdan qaçırdım... O ki qaldı adına. Sən demə, pasport-kitabda adı Vəliquludur. Elə bu və digər oyunabənzər hərəkətlər etdiyindən doğmaca adı dəyişilib, olub Oyunqulu. Əlbətdə, bu qədər bilgilərimə görə onu hekayəmin qəhrəmanı edə bilməzdim. Əgər mənimlə də özünəməxsus bir "zarafata" girməsəydi. Məlumunuz olsun ki, mən bəndənizlə oyunu belə başladı: Günlərin birində ev telefonumuz xırp dayandı. Daşdan səs çıxdı, ondan çıxmadı. Nə bizə zəng gəldi, nə də biz zəng vura bilmədik. Bahalı telefon aparatının sağına-soluna keçib qurdalamaqdan yorulub əldən düşdüm. Artıq evimizə daxil olan xəttin hardansa qırıldığı şəksiz idi. Təcili montyor tapmalıydım. Təbii ki, az-çox tanıdığım tək montyor Oyunquluydu. Əsgərsayağı tez-tələsik üstümü dəyişib küçəyə atıldım. Nə xoş ki, təsadüfən qabaq-qarşı gəldik. Ağız ucu salamdan sonra mətləbə keçdim. Sanki məni gözləyirmiş kimi:

- Baş üstə, müəllim, baxaram, düzəldərəm.

- Baxın, baxın, xahiş edirəm. Tez baxın.

Mən səni narazı qoymaram.

Bu ani görüşün üstündən o qədər də vaxt ötməmişdi ki, həyət qapısı döyüldü, ardınca da Oyunqulunun xırıltılı zil səsi havaya bülənd oldu:

- Ay filan müəllim, ay filan müəllim, telefonunuz işlədi?

Səsi qulağıma dəyən kimi həyətə adlayıb onu görməzdən öncə geri qanrılıb telefonun dəstəyini qaldırıb diqqət kəsildim. Artıq qaydasındaydı, işləyirdi. Və sonra tələsik bayıra sıçrayib cavab intizarında farağat dayanan montyora sevincimi bəlləndirdim, gülə-gülə işləyir, işləyir!-dedim- Çox sağ olun... Ardınca da yaxınlaşıb cibinə pul saldım. Rəsmiyyət xatirinə evə dəvət etdim.

- Vaxtım yoxdu, ay müəllim. İşlərim başdan aşır- deyib tez geri döndü.

O getdi. Mən isə evə qayıtdım. Və telefonun işləməsinin sevincini bir daha rahatlıqla yaşadım.

Beləcə günlər ötdü, həftələr arxada qalıb yaxın tarixə çevrildi. Telefonun normal şəkildə işləməsindən olduqca məmnunuyduq. Təəssüf ki, məmnunluğumuz uzun ömürlü ola bilmədi. Telefonumuzun birdən-birə susması xəbərini 11 yaşlı nəvəmdən eşitdim. Sonra əllərində mobillərini oynadan ailə üzvlərimizin də demək olar ki, hamısı üstümə töküldü. Sanki dəhşətli bir hadisə baş vermişdi. Uşaqların sir-sifətlərindəki sevinc və gülüş anidən kədərə dönmüşdü. Məndən acizanə imdad diləyirdilər. Yəni internetin dayanmasına bais olmuş ev telefonunun düzəltdirilməsini istəyirdilər.

Sizdən gizlədim, özüm də yasa batmışdım. Axı internetlə izlədiyim çox cəlbedici bir filmə sonadək baxa bilməmişdim. Demək, fikrimiz, istəyimiz yekdil idi: Montyor dalınca getmək! Artıq vaxt itirməyə nə lüzum?! Bunu düşünüb Oyunqulunun dalınca yollandım. Ondan-bundan soraq tutub yerini öyrəndim. Dərhal da maşını həmən ünvana sürdüm. Canbir şüşə dostlar kimi görüşüb hal-əhval tutdum. Hələ gəlişimin səbəbini bildirməmiş əlimi cibinə saldım. Yungülvari etirazını bildirdi. Təbii ki bu gözə gəlməyən etiraza məhəl qoymayıb (Təkidlə də etiraz etsəydi, əlimi çəkən deyildim) "borcumu" ödədim. Sonra vaxt itirməyib məsələni dərhal ona bəyan etdim.

- Baş üstə, bu dəqiqə, müəllim...Amma bir qədər səbrinizi basın, əlimdəki işimi yoluna qoyum.

- olar, olar, gözləyirəm-deyə tez cavab verdim və bir qədər kənara adlayıb dayandım.

Arxadan Oyunqulunun səsi eşidildi:

- Ay müəllim, gözləməyə ehtiyac yoxdur. Siz arxayın gedin. Mən özüm xətləri yoxlayıb taparam, inşəallah.

Vallah, halal olsun Oyunquluya, dediyi kimi də etdi, telefonumuz qaydaya düşdü. Xeyli vaxtadək də bizə əməlli-başlı rahatlıq yaşatdı. Amma... amması da odur ki, arada yenə "dəliliyi" tutdu. İşləmədi ki işləmədi. Və bu minvalla Oyunqulu ilə başlanan oyunumuz uzandı. Yenə Oyunqulu, yenə pul...

Növbəti dəfə... Bax, elə həmin o növbəti dəfə telefonumuz susdurulanda heç ağlım kəsməyəcək bəzi-bəzi işləri qulağıma çatdırdılar... Qoy elə olduğu kimi də danışım: Qəsəbə meydanında görüşdüyüm dostlardan birinə telefon əhvalatını yerli-yataqlı çatdırdım, montyor Oyunquludan söz açdım. Tanışım gülməyini saxlaya bilmədi. Sonra ciddiləşib heç bilirsiz nə söylədi? Dedi elə sənin telefonunun tez-tez dayanmasının səbəbkarı Oyunqulunun özüdür. Təkrar etdi: -Hə, hə, özüdür!.. Düzü inanmağım gəlmədi. Fikirləşdim mənimlə zarafat eləyir. Sonra yenidən -Zarafat-zad etmirəm ha- deyə dilləndi. Bir vaxtlar mənim də başıma buna bənzər oyunları açmışdı o. Nə qədər pulum getdi. Handan-gecdən kələyini anlayıb abrını bükdüm ətəyinə. O zamandan daha nə telefonumuz dayanır, nə də havayı pulum gedir.

- olmuşdu axı? Tanışıma maraq və intizarla müraciət etdim.

Anlatdı mənə hər şeyi. Söylədi ki, çox sadə bir oyun oynayırmış. Yəni özü lazım bildiyi vaxt -vədədə telefon xəttini ayırıb onun işləməsini qəsdən dayandırırmış. Məqsəd də səndən pul qoparmaq idi. Kələyi baş tutanadək oyununu davam etdirir. İşin üstü açılanda isə sakitcə dayanır, səsini belə çıxarmır.

- Bəs onda mən nə edim? Bu sualla da ondan məsləhət verməsini, yol göstərməsini istədim. O isə hökm çıxarırmış kimi qətiyyətlə bildirdi:

- Pul zad vermə ona, anladın? Vermə pul! Onda o, kələyin baş tutmayacağını yəqin edib, daha sənin telefonun haqda düşünüb oyun-filan qurmayacaq. Hələ üstəlik onunla qabaq-qarşı gələndə ciddi görkəm al, gülərüz sifətini də dəyişib barıt çəlləyinə döndər. Qoy səndən qorxub-çəkinsin. Və beləliklə də telefonunuz bizimki təkin daim saz vəziyyətdə qalsın. Pulun da cibini havayıca tərk etməsin.

Tanışımın tapşırıqlarını sırğa edib asdım qulaqlarıma. Yəni nə pul verdim, nə də şirin sifət göstərdim. Telefonumuz "öz-özünə" düzəldi. Və beləcə günlər keçməkdəydi. Amma nigaranlıq çəkirdim. Fikrim-zikrim telefonumuzda qalmışdı. Düşünürdüm, bu gün dayanar, sabah dayanar. Mənə çox maraqlı gəlirdi ki, görəsən tanışımın dedikləri düzmü çıxacaq?! Axı belə oyun ola bilərdimi?.. Sən demə, olarmış. Aradan bir ay təs-tamam ötmüşdü. Özümü lap arxayın salmaq üçün bir qədər də səbrimi basıb gözləməkdə davam etdim. Telefonumuzsa, sanki hər şeydən xəbərsiz işləməyində imiş. Elə bil mənə çatdırırdı ki, daha dayanan deyiləm. Sənin artıq nigarançılıqla gözləməyinə gərək yoxdur.               

Həqiqətən beləymiş. Ürəyim tam sakitləşdi. Qət etdim ki, evdəkilər də saatlarla sürən söhbətlərini, qeybətlərini könül xoşluğu ilə başa vura biləcək, və ya usaqlı-böyüklü gözlərini sosial şəbəkələrdən məcburi götürmək zorunda qalmayacaqlar. Dönə-dönə -Nə yaxşı, min şükür -dedim. Sevindim, eynim açıldı. Çünki evimizin vacib bir problemi çözülmüşdü.

Di gəl ki, Oyunqulu bir an belə yadımdan çıxmır. Vallah, nə oyun çıxarmış olsa da, ona nifrət etməkdən uzağam. Hələ üstəlik halına acıyıram, yazığım gəlir ona. Axı nəyə görə bu cür əcaib kələklərə qol qoyurdu? Bəlkə ailənin ehtiyaclarından doğurdu bütün bunlar?.. Bəlkə də. Ailə vəziyətlərinin çətinliyini, dövlət universitetində uşaq oxutmasını eşitmişdim. Özü də dedilər ödənişliyə düşüb qızı. İldə bir ətək təhsil haqqı ödəyirlər. Zarafat gəlməsin, 250-300 manat aylıq qazancla necə ailə dolandırsın, necə uşaq oxutsun yazıq Oyunqulu?.. Bunları düşünəndə ağlıma gülməli bir fikir gəldi: dedim telefonumuz kaş həqiqətən xarab olaydı, ya da onun özü yenə bir oyun qurub telefonu qeyri-işlək hala salaydı... İnanın, sevinə-sevinə onu tapıb cibinə pul basar və həmişəki kimi deyərdim: Ay Oyunqulu, sən Allah, tez ol, tez düzəlt telefonumuzu.

Sözsüz ki, mənim verəcəyim qəpik-quruş onun yarasını sağaltmayacaqdı. Amma yenə olsun... Kaş mənim kimi düşünənlər çox olaydı. O da yaşamalıdı axı.

 

Fərəc Fərəcov

 

Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, ¹37-38.- S.29.