Amerika
Hekayə
Yuxu
Yuxuda gördüm ki, iri bərbəzəkli otaqdayıq. Sevdiyim qızla nişanlanmışıq, qızın barmağındakı nişan üzüyünün qaşı bərq vurduqca gözlərim qamaşır.
Ovqatım təlxdi, bir ucdan elə hey uduzuram, əlim gətirmir. Qız isə yanımda oturub gülümsünür. Nəhayət, axırıncı dəfə kartları sıxıram. Qurtardı, olan-qalanımı uduzdum. Süst-süst rəqiblərimə baxıram. Yenə qızın nişan üzüyü gözlərimi qamaşdırır. Durmaq istəyirəm, ancaq qalxmıram, qəfil qıza:
- Üzüyü çıxart, - deyirəm yavaşca.
O, dinməz-söyləməz üzüyü çıxarıb masaya qoyur. Təzədən oyuna başlayıram, bütün uduzduqlarımı geri qaytarıram, üstəlik, bir xeyli irəli düşürəm...
Kəşf
...Yadımda deyil, niyə ona "Amerika" deyirdik...
Biz bir məhəllədə böyümüşdük. O məndən bir yaş böyük idi, məndən bir sinif yuxarıda oxuyurdu. Məktəbə də az getdi. Zor-güc beşinci sinfi bitirdi, heç düz-əməlli adını da yaza bilmirdi.
Uşaqlıqda qarış oynayardıq, adi oyundu, gərək rəqibin yerə tulladığı xırda pula yaxın ataydın pulunu. Əgər pullar arasındakı məsafə ən çoxu bir qarış olurdusa, udurdun, yoxsa, uduzurdun... Bir az böyüyəndən sonra dominoya başladıq. Oyunu üç manatdan... Yeniyetmə vaxtı karta aludə olduq. Pokeri daha çox oynayardıq, yerdəki pullar daima dəyişirdi, həm də təkcə əlindəki xalda deyildi məsələ, gərək yeri düşəndə risk eləyəydin, qorxudaydın rəqiblərini... Bizim ovaxtkı təbirimizcə desək, blefə gedəydin... Elə olurdu ki, əlindəki ölüvay xalla bir ətək pul gotürürdün yerdən. Ancaq vay ondan ki, rəqibin duyuq düşə, ya da rəqibin əlində yaxşı xal ola və səninlə axıracan burun-buruna dayana...
Sonra biz rəqib yox, şərik olduq, necə deyərlər, bir ələ oynadıq. Çünki oyunçular qonşu məhəlləyə yığışırdı, təklikdə ikimizə də çətin idi. Şərik olandan sonra nadir hallarda uduzurduq, bəzən axıra ikimiz qalırdıq və əlimizdəki xalın fərqinə varmadan yerdəki pulları bölüşürdük. Burası məlum məsələdi ki, hərdənbir dava-şavaya da düşürdük. Gah onlar bizim sir-sifətimizə naxışlar vurardılar, gah biz onların üz-gözünü "bəzəyərdik". Ekstremal şəraitdə, yəni ki, görürdüm məni vuracaqlar, mən qabaqlayırdım - davaya qoşulardım, sən deyən dalaşqan deyildim, bədəncə də zəifdim. Ancaq onun davası... Allah göstərməsin... "Amerika" dalaşanda gözü ətrafı görmürdü...
Yayda dənizə çimməyə gedərdik. Nəfəsini içinə çəkib bədənini şişirdirdi, sanki parçalamağa adam axtarırdı. Göydəki qızmar günəş, yerdəki ləpəli dəniz onun əzələləri ilə müqayisədə fağır görünürdü. Hələ mən öz sısqa bədənimi demirəm.
Bir dəfə dəniz qırağında mənə baxıb qəfil dedi:
- Yaxşı ki, biz şərikiy...
Uzanmışdıq qumun üstündə, özümüzü günə verirdik.
- Gicsən, - dedim, - şərikliyin dənizə nə dəxli?
Nədənsə, mənə elə gəlirdi ki, sahildə dənizlə günəşin birliyindən ləzzət alırıqsa, elə söz-söhbətimiz də günəşə və dənizə aid olmalıdı.
"Amerika" qumun altından siqaret qutusunu çıxarıb iki siqaret götürdü, birini damağına qoydu, birini mənə verdi.
- Yox e, yəni sən tülküdən bicsən, - dedi. - Mən də güclüyəm... - kibrit çəkib əvvəlcə öz siqaretini alışdırdı, sonra əyilib mənimkini yandırdı.
Siqareti tüstülədib:
- Bic sənin dədəndi, - dedim.
Sözlərimi vecinə almadı.
- Səndə baş var, məndə güc... - yumruqlarını düyünləyib əzələlərini oynatdı.
- Baş, üstəgəl güc, nə eləyər? - soruşdum, sualı ikimizə verirdim, amma ağılıma qənaətbəxş cavab gəlmədi.
"Amerika"
isə azca fikrə gedib:
- Raykom, - dedi.
O vaxt mən kəşfimizi
riyazi düstur şəklində qumun üstünə yazdım:
B + G =R
Dərs
"Amerika"nın bir bacısı vardı. Nilufər... İdmançı
idi, qaçış
üzrə ustalığa
namizəd... Həm də basketbolla-zadla məşğul olurdu və bir axşamüstü
mən Nilufərin məhəlləmizdəki orta
məktəbdə gəzintiyə
dəvət elədim.
Nilufər oğrun-oğrun
ətrafa baxa-baxa iki-üç il qabaq bitirdiyi (guya, bu xaraba məktəbdə
nə isə dəyişmişdi və
evlərinin iki addımlığındakı məktəb
üçün Nilufər
doğrudan-doğruya qəribsəmişdi)
uçuq-sökük binaya
girdi. Mən də tez onun
ardınca özümü
içəri atdım.
Əlbəttə, mən
uşaq deyildim, bilirdim ki, Nilufər məktəbə tez-tez baş çəkir, onu "gəzintiyə"
çağıranacan bir
neçə gün
"bişirmişdim".
Yarıqaranlıq dəhlizdə Nilufər
əlimdən tutub pıçıltı ilə:
- Gəl, - dedi.
İkinci
mərtəbəyə qalxdıq.
Sakitlik idi, amma mənim ürəyim bərk-bərk
döyünürdü. Sükür,
deyəsən, zəhmətim
hədər getməmişdi,
Nilufər mənə
maraqlı şeylər
göstərəcəkdi.
Pəncərədən bayıra baxdım. Gün batandan sonra məktəbin həyətindəki
çinarın yarpaqları
qara yelkənə bənzəyirdi. Bir az aralıdakı dayanacaqda tumsatan Fatma xala yır-yığışa başlamışdı.
- Gəl də, nə durmusan... - Nilufər buralara məndən də yaxşı bələd olduğunu büruzə verdi.
Mən onun arxasınca otağa girdim, Nilufər qapını örtüb:
- Qorxma, - dedi, - gözətçi hava qaralanda gəlir...
Onsuz da dünya vecimə deyildi, adi, mənə
tanış sinif otağıdı, neçə
dəfə dərs keçmişdik burda. Lövhəsinə də yazılmışdı: "Uşaqlar
qar topu oynayırlar". Düz yazmamışdılar, qartopunu
bir yerdə yazaydılar gərək. Lövhəyə göz gəzdirəndən sonra səfehlik də elədim; divardakı düyməni basıb işığı yandırdım.
Tez işığı söndürdü.
- Neynirsən? - pəncərənin
qabağına gəlib
həyətə baxdı
ürkək-ürkək...
...Nilufər köynəyini çıxarıb masanın
üstünə uzandı.
Bu masada müəllimlər
jurnal yazardı...
Cins
Nilufərnin birinci "dərsindən"
sonra "Amerika" ilə
şərik olmadım.
"Amerika"nın gözləri
kəlləsinə çıxmışdı:
- Nöş getmirsən oynamağa? Pulun yoxdu, verim... - inamsızcasına deyirdi, bilirdi ki, evdəkilər məni pulsuz qoymur.
- Yox, pulum var. Day oynamayacam, - bəlliydi ki, bu yerdə izahsız
ötüşmək mümkün
deyil. - Şəhərə
gedəcəm oxumağa.
Məktəbi qurtaran kimi... İnstituta hazırlaşmalıyam. Onuncuya
keçirəm axı...
Heç
nə deməyib getdi. İki gün onu görmədim,
üçüncü gün
gəlib məni evdən çağırdı:
- Day mən də oynamayacam, - dedi. - O banditdərnən tək bacarmaq olmur. İki gündü məni sağırlar...
- Get nömrəni nənənə
gəl... - dedim. - Dərd Lalə dərdidi...
"Amerika"
dik atıldı:
- Yox, Allah haqqı!..
- Lalə qoymur səni...
- Yox!.. -
"Amerika"nın cin
atına minməyi canıma yağ kimi yayıldı, qoy bir də
məni hərifləməyi
ağlına da gətirməsin...
Lalə
mənimlə oxuyurdu,
bizim sinifdə. Arıq, çəlimsiz qız idi, ayaqları
üzükdən keçərdi.
Di gəl, "Amerika" boyda
əjdahanı dəli
eləyib salmışdı
çöllərə, lap dəqiqi, qapılarının
ağzında zəncirləmişdi,
"Amerikan"ı harda
axtarsaydın, Laləgilin
məhəlləsində tapardın.
Mən Laləyə
"Cins" deyirdim.
Bu söz, bu ləqəb, bu ayama da "Amerika"nın
vicdanına yazılmalı
idi. Çünki günlərin birində mənə doğrudan-doğruya
bir məsələni
"Amerika"dan soruşdum:
- Nə düşmüsən
Lalənin dalına, nə var e, onda?
"Amerika"
dinmədi.
- Başdan-ayağa sür-sümükdü,
əti-məti də yoxdu...
Bu dəfə qızışıb
üstümə gəldi:
- Nə gijdiyirsən sən? Qurtar də...
Mən geriləsəm də, dilimi dinc qoymadım:
- Dayan görüm... Biz nəyik?.. Dostuq, hə? - gördüm əclaf cavab vermir, özüm
təsdiqləməli oldum.
- Hə... Mən bir dost kimi səndən
söz soruşa bilərəm?.. Hə, ya
yox?
Bu dəfə çar-naçar
başını tərpədib
mızıldandı:
- Hə...
Mən qızışdım:
- Bax, Laləni verdilər sənə ki,
ala, - əllərimdə nəsə
varmış kimi irəli uzatdım. - Sən neyniyərsən ona?
"Amerika"
duruxub key-key üzümə
baxaraq fikrə getdi, handan-hana:
- Ona bir cinslər geyindirrəm ki... - kəlmələri
pıçıltı ilə
dodaqlarından axdı.
Bu "Amerika"nın qırx qıfıllı qapının
arxasındakı arzusu
idi. Mən o arzunu oğurladım. Oğurlamadım yox, zor-güc, həm də, min bir hiylə ilə aldım ondan, yoxsa, "Amerika" sirli-sehrli
qapılar arxasındakı
arzusunu nə təkcə zorla, nə də yalnız hiylə ilə əldən verərdi. Məndən qəhqəhə qopanda
"Amerika" özünə gəldi, lakin gec idi, iş-işdən
keçmişdi.
O gündən Laləni
"Cins" çağırmağa
başladım. Səbəbini
qıza deyəndə
o da qəhqəhə çəkdi.
Qətl
Sonra mən şəhərə
oxumağa gəldim...
Sonra Lalə ərə getdi...
Sonra
"Amerika"nı öldürdülər...
Keçən həftə sevdiyim
qızın ad günü idi. Hədiyyə almaqdan ötrü mağazaları
gəzəndə gördüm
Nilufəri. Mən mağazadan çıxanda
o, başılovlu içəri
dürtüldü. Az qala
kəllə-kəlləyə dəyəcəkdik.
- Gözün görmür?
- yüngülcə payımı
verdi və üzümə baxıb geri çəkildi. - Aa...
qonşu... - deyəsən,
adım yadına düşmədi. - Sənsən?..
Gülümsündüm:
- Yox, kölgəmdi...
- Gedək oturaq bir yerdə, dərdləşək... - ərklə
qoluma girib dedi.
- Hələ gəzişək
bir az, - dedim. - Oturmalı hava deyil... - Yönümüzü bağa
tərəf saldıq.
- Çoxdan şəhərdəsən?
- soruşdum.
- Hə, - dedi. - Xalamnan qalıram burda...
Eşitdiyimə görə, xalasının
yanına özxoşuna
gəlməmişdi, evdəkilərin
qorxusundan qaçmışdı.
- İşləyib-eləyirsən?
İçini çəkdi:
- Yox...
Akasiya ağacının kölgəsindəki
skamyada oturdum, o da yanımda əyləşdi.
- Bayaqdan deyirdin gəzişək, boş yer görən kimi oturursan...
- Bağda oturmaq elə gəzişməkdi
də...
- Tək qalırsan sən?
- Hə...
- İşləyirsən?
- Hə... Bura bax, ərə-zada getməmisən
ki? - deyəsən, korladım
işləri.
Nilufər qızarıb:
- Yox, - pıçıldadı.
- Sən evlənmisən?
- Yox.
Araya sükut çökdü.
Əlimi Nilufərin saçlarına çəkdim,
o, gözlərini yumsa
da, etiraz elədi:
- Camaat baxır...
Əlimi
saçlarından götürdüm:
- Evinizdən nə xəbər?
Gözlərini açdı:
- Necə ki?
- Heç elə-belə... Görəsən, oralarda nə var, nə yox? "Amerika" neyniyir?..
Nilufər kəsik-kəsik:
- Sən... bilmirsən?.. - soruşdu və donuq-donuq üzümə baxdı.
Çiyinlərimi çəkdim:
- Nəyi?
O, bir müddət susdu, sonra:
- "Amerika"nı öldürüblər,
- dedi, yüngülcə
nəfəsini dərdi,
elə bil ağır işdən sonra yorğun-arğın
yatağa uzanıb bütün bədəninin
xoş giziltisindən
ləzzət alırdı.
- Yazığın yasına
da gedə bilmədim.
Mən yanımı kənara çəkdim, sanki indicə "Amerika" gəlib
ikimizin arasında oturacaqdı.
- Kim öldürüb onu?
Nilufər titrək əllərini
üzündə gəzdirdi,
barmaqları ilə burnunu sığalladı.
- Elə öz uşaqlarınız...
Elə deyirdi ki, guya, qardaşının ölümündə
mənim də günahım vardı.
- Bizim uşaqlar adam öldürən deyil. Özü də kimi-kimi "Amerika"nı. Açıq
de görüm...
Sözümü bitirməyə imkan
vermədi, daha doğrusu, mən kəlməmi yarıda kəsdim.
- Lalənin əri... öldürdü onu... - dedi.
Zəng
O gün sevdiyim qıza alacağım hədiyyənin pulundan bircə manat da xərcləmədim.
Telefonun
zəngi çalındı.
Dəstəyi götürdüm.
- Alo... Salam... Yaxşıyam...
Sən necəsən?.. Yuxumu qarışdırmışam,
yaman əzginəm... Qadan alım, incimə, qoy qalsın sabaha... Küsmürsən ki?.. Yaxşı, hələlik...
1993-95
Mübariz CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2023.- 7 oktyabr, №37-38.- S.3.