Avstriyalı yazar Tomas Bernhard: “Mənim kitablarım
almanca “ifa edilməlidir”-mənim orkestrimlə”
Avstriyalı yazıçı və dramaturqla müsahibə
Nikolas
Tomas Bernhard - 9 fevral 1931-ci ildə
Niderlandda doğulub, uşaqlığını anası
və onun ailəsi ilə birlikdə Avstriyanın müxtəlif şəhərlərində
keçirib. Bu müddətdə
yazar olan babasının himayəsində
yaşayan yazıçının
ədəbiyyat və
musiqi zövqü formalaşıb.
1957-ci ildən başlayaraq yazıçılığa başlayıb.
Bütün ömrünü
yazıçılıq sayəsində
qazandığı pulla
keçirib, 1989-cu ildə
Avstriyanın şimalında
yerləşən Qmunden
şəhərindəki evində
vəfat edib.
İkinci Dünya müharibəsindən
sonrakı Alman ədəbiyyatının
ən önəmli yazarlarından biri hesab edilir. İlk romanı 1963-cü ildə
yayımlanıb. 1970-ci ildə
Georq Büxner mükafatına layiq görülüb.
Yazıçının 15 iyul 1986-cı
ildə Vyanada bir kafedə verdiyi müsahibəni təqdim edirik.
- Kitablarınızın taleyi
sizi maraqlandırır?
- Xeyr, o qədər də yox.
- Bəs tərcümələr?
- Öz taleyimlə belə, demək olar ki, maraqlanmıram, o ki
qala kitablarımın
taleyi ola. Tərcümələr
deyəndə, nəyi
nəzərdə tutursunuz?
- Başqa ölkələrdə
kitablarınızın çapını
nəzərdə tuturam.
- Qətiyyən maraqlanmıram,
çünki tərcümə
başqa kitabdır. Orijinalla heç bir əlaqəsi yoxdur. Onu tərcümə
edənin kitabıdır.
Mən almanca yazıram. Sizə bu kitabların nüsxəsi göndərilir,
istər bəyənərsiniz,
istərsə də, yox. Üz qabıqları
bərbaddırsa, əsəbləriniz
korlanar. Bir az qurcalayıb kənara qoyarsınız, bu qədər. O əcaib kitabın adından başqa, əsərinizlə
heç bir ortaq tərəfi olmaz. Elə deyil? Çünki tərcümə mümkün
deyil. Bir musiqi əsəri bütün dünyada eyni notlar istifadə edilərək ifa edilir, eynən kitabla da elə olmalıdır, məncə,
mənim kitablarım almanca "ifa edilməlidir" (oxunmalıdır).
Mənim orkestrimlə!
- Xaricdə Avstriyadan daha ciddi yazıçı
kimi qəbul olunmağınızı, xaricdə,
həqiqətən, "oxunduğunuz"
halda, Avstriyada qalmaqal yaradan adam kimi tanınmağınızı
necə izah edirsiniz?
- Çünki Avstriya xaricində, qaraçı
və slavyan dünyasında ədəbiyyata
maraq daha çoxdur. Ədəbiyyatın
burada olmayan, tamam başqa mövqeyi var. Burada musiqiyə dəyər verilir, qalan heç bir şeyin dəyəri yoxdur. Həmişə belə olub. Küçədə, kiməsə,
mehriban yanaşanda belə insanlar sizi ciddi qəbul
etmirlər, bu, onların sizi təlxək hesab etməkləri üçün
kifayətdir. Belə adamın etdiklərinin heç bir dəyəri ola bilməz.
Ailə həyatında
da bu belədir. Əgər siz uşaq əyləncələri
ilə dolu, tam normal ailədə böyümüsünüzsə,
ömrünüzün sonuna
kimi insanlar sizə saxta olduğunuzu deyəcəklər,
nə edirsinizsə-edin,
onların fikri dəyişməyəcək. Bu münasibət məzara qədər sizi izləyəcək. Eyni şeyi dövlətə də, ölkəyə də aid etmək olar. Mehriban adam kimi göründünüzsə,
işiniz bitər. İnsanlar sizə kabare (kabare hər cür aktual mövzuya istehzalı, iynəli, satirik münasibətlə
yanaşan, sosial tənqidə üz tutan teatr növüdür
- tərc.) artisti kimi yanaşar, bu qədər. Avstriyada ciddi olan hər şey
kabareyə çevrilir.
Ciddi tərəfi olan hər şey
gülüş obyektinə
çevrilir - avstriyalılar
ciddiliyi ancaq zarafat kimi qəbul
edə bilərlər.
Başqa ölkələrdə
hələ də ciddilik hissi var. Mən də ciddi adamam, amma
həmişə yox, yoxsa, hamını dəli edər, axmaq bir şeyə
çevrilərdi. Bu, belədir.
- Qəhrəmanlarınız, siz özünüz də tez-tez heç nəyə əhəmiyyət vermədiyinizi
deyirsiniz; bu, ümumi entropiya kimi səslənir, hər kəsin hər şeyə bəşəri laqeydliyi.
- Heç də elə deyil, yaxşı bir şey etmək istəyirsiniz, etdiyiniz işdən həzz almaq istəyirsiniz, bir pianoçu kimi, o da hardansa, başlamalıdır, üç
notu sınayır, sonra iyirmi dənə
öyrənir, nəhayət,
hamısını öyrənir,
sonra da ömrü boyu o notları mükəmməl şəkildə
ifa etməyə çalışır. Çünki
bu onun ən
böyük həzzidir,
buna görə yaşayır.
Bəzi insanların notlarla etdiklərini mən sözlərlə edirəm. Bu qədər sadə. Məni başqa heç nə maraqlandırmır.
Dünyanı içində
yaşayaraq öyrənirsiniz,
qapıdan çölə
çıxan anda dünya ilə üzbəüz qalırsınız.
Bütün dünyayla.
Yuxarı və aşağısıyla, arxası
və önüylə,
çirkinliyi və gözəllikləri ilə,
son dərəcə təbii
haldır. Bunu istəməyə ehtiyac yoxdur ki. Bu, kortəbii baş verir. Evdən heç vaxt çıxmasanız belə, proses eyni şəkildə baş verir.
- Mükəmməllik axtarışı
kitablarınızda mühüm
rol oynayır.
- Bütün sənətlərin
cazibəsi budur. Hər sənət belədir, seçdiyiniz aləti həmişə daha yaxşı çalmaq istəyirsiniz. İşin zövqlü tərəfi budur, bu həzzi heç
kim sizdən ala bilməz. Əgər, kimsə böyük pianoçudursa, pianoda çaldığı vaxtda
otağı boşaltsanız,
üst-başını torpağa
bulaşdırsanız, sonra
da üstünə bir
vedrə su töksəniz də, orada oturub çalmağa
davam edəcək. Ev onun üstünə
yıxılsa da, çalmağa
davam edər. Eyni şey yazmağa
da aiddir.
- Nə cür intellektual hədəfləriniz
var?
- Bu sualın cavabı yoxdur, çünki heç kim özünə belə sual vermir. İnsanların
hədəfləri olmaz.
Gənclər, iyirmi üç yaşına qədər bu tələyə düşə
bilərlər. Yarım
əsr yaşayan insanın hədəfi olmaz, çünki gedəcəyi yer yoxdur.
- Sizi həmişə dağlarda tənha yaşayan fermer kimi qələmə veriblər.
- Nə etmək olar ki?! Bir ad qoyarlar sizə, məsələn,
"Tomas Bernhard" olarsınız və ömrünüzün
axırına qədər
belə qalır. Meşədə gəzintiyə
çıxanda təsadüfən,
kimsə şəklinizi
çəksə, növbəti
səksən il ərzində
sizi meşədə gəzən biri olaraq yad edəcəklər.
Bu mövzuda edə biləcəyiniz heç bir şey yoxdur.
- ...Sonra
qəfildən Vyana kafesi kimi şəhər
ortamında olursunuz.
- Şəhərli olmaq insanın daxilindən gələn xüsusiyyətdir.
Sonradan əldə edə biləcəyi bir şey deyil.
Axmaq fikirlərdən
başqa heç nə yoxdur. Amma bəşəriyyət ancaq
axmaq təsəvvürlərdə
mövcud olub, bundan qaçmaq mümkün deyil. Axmaqlığın müalicəsi
yoxdur. Bu, həqiqətdir.
- Oxucularınızın çoxu,
o cümlədən yüksək
səviyyəli tənqidçilər
də, kitablarınıza
dəfələrlə mənfi
rəylər veriblər.
- İnsanların kitablarımı
necə qiymətləndirdiyi
mənə maraqlı
deyil.
- İnsanlar sizə zəng edib sizinlə intihar etmək istədiklərini
deyəndə belə?
- Şükürlər olsun
ki, insanlar artıq demək olar ki, zəng vurmurlar.
- Ədəbiyyata şeir yazmaqla başlamısınız.
Bu, hazırda sizin üçün nə deməkdir?
- Heç bir şey. Bu barədə düşünmürəm belə.
Atdığınız hər
addım haqqında oturub düşünmürsünüz,
elə deyil? Elə olsa, milyonlarla, milyardlarla fikirlərlə baş-başa
qalmalısınız. Daim
keçmişi fikirləşsəniz,
heç vaxt maraqlı yerə gedib çıxmazsınız.
- Digər yazıçı
həmkarlarınızdan qəsdən
uzaq durursunuz?
- Xeyr, bu, qətiyyən
qəsdən olan şey deyil. Təbii olaraq belə alınır. Maraq olmayan yerdə
tələb də yoxdur.
- Siz, bəzən Kanetti (Elias Kanetti - yəhudi əsilli yazıçı) və Handke (Peter Handke - avstriyalı Nobel mükafatı
laureatı, dramaturq, tərcüməçi, şair,
kino rejissoru və ssenarist) kimi onları da təhqir edirsiniz.
- Mən heç kəsi təhqir etmirəm. Cəfəngiyyatdır.
Demək olar ki, bütün yazıçılar
fürsətçidirlər. Ya sağçılara, ya da solçulara şərik olurlar, orda-burda vəzifəli adamları mədh edirlər, belə qazanırlar çörək
pullarını. Bu da heç
xoş hərəkət
deyil, bunun niyə pis hərəkət
olduğu deyilməsin
ki?!
- Mətnlərinizdə xüsusi
olaraq Avstriyaya aid, nəsə olduğuna inanırsınız?
- Buna inanmağıma ehtiyacım
yoxdur. Mən avstriyalıyam, bunu qeyd etməyə belə ehtiyac yoxdur. Bu, inanc məsələsi deyil
ki?!
- Alman yazıçı belə
yaza bilər?
- Əlbəttə, yox. Nə yaxşı ki də yox. Almanların
musiqisi yoxdur, bu tamam başqa
şeydir. Amma nəzərəçarpan
bir şeydir. Kitabı açmamışdan
əvvəl, başlığında
belə onu hiss edə bilərsiniz. Qoxusu belə tamam başqadır.
- Bəzən sizi bəsləyən əli dişləyirsiniz - təəssüratı
yaradırsınız, məsələn,
Haydeggeri "beyinsiz
Alp mütəfəkkiri" adlandırmaqla...
- Məni bəsləməyib
heç vaxt. Niyə məni bəsləsin ki? O, sadəcə,
dözülməz şəxsiyyətdir,
nə ritmi var, nə də başqa özəlliyi.
Bir neçə yazarın
sayəsində məşhurlaşıb,
onlar olmasa, halı nə olardı?! Haydegger heç nədir, başqa yazarların beyinləri hesabına yazıçı olub.
- Tənqdiçilər sizi
insan növünə
nifrət edən əks-Maarifçi yazıçı
kimi təsvir edirlər.
- Bunu yazan insanlara baxın. Onlar, sadəcə olaraq, vulqar, primitiv və zövqsüz axmaqlardır, təsvir etdikləri və oxuduqları şeylərin
ilk düşüncələrindən xəbərsizdirlər. Onların
nə işlə məşğul olduqları
barədə heç
bir fikirləri yoxdur. Onlar alçaq
dəstədirlər. Onların
nə adlandırıldıqları
kimin vecinədir ki?! İstər Almaniyada olsun, istər... düzü, başqa yerdə belə insanlar olmaz.
- Tənqidçilər sizi
protofaşist meyillərdə
ittiham edəndə...
- Faşist - bu sözü bəyənmirəm,
mənə deyilməyən
şey qalmayıb. Nə deməyiblər ki haqqımda?! Kommunist, faşist, anarxist, hər şey.
- Sizcə, müsahibə nədir?
- Mənim, adətən, etmədiyim şeydir. Müsahibə vermək istəyən insanlardan şübhələnirəm, çünki
onlar təmin edə bilməyəcəkləri
bəzi spesifik gözləntiləri ortaya
qoyurlar. Adi, sadə insanlarla danışmaq çox gözəldir.
Amma müsahibə olacaqsa,
onda hər şey qorxulu hala gəlir!
- Yazılarınızın arxasındakı hərəkətverici
qüvvə xəstəlikdir?
- Bəli, ola bilər, güman ki, elədir. Çünki həyatım
boyu mənimlə olub. Görürsünüz,
bəzən, bəzi adamlar həmişə ağır xəstə olurlar, amma uzun
da yaşayırlar. Bu insanlar
üçün xəstəlik
yaxşı şeydir.
- Son kitablarınızda təhlükəli
atmosfer geri çəkilib, daha çox kvazi - riyazi həndəsi sevinc ab-havası hökm sürür.
- Yaşlandıqca hər şey dəyişir. Buna görə də, mövzuların dəyişdirilməsindən
narahat olmağa ehtiyac yoxdur, çünki bu, təbii olaraq sizin təcrübənizdən
irəli gəlir. Axmaq yazıçı, axmaq rəssam həmişə motivlər
axtarır, əslində
ona yalnız özü lazımdır,
öz həyatını
izləmək lazımdır.
O, həmişə eyni
qalmaq istəyir, amma həmişə eyni şeyi yazmaq istəmir. Əsas kilid nöqtə məhz bu məqamdır.
- Adi, sadə insanlarla danışmağı xoşladığınızı
demişdiniz.
- Həmişə zövq alıram.
- Vyanada belə sadə insanlar tapa bilirsiniz?
- Bu günlərdə mənim
evimdə sadə insanlar var. Bir az qarışıqlıq yaratsalar
da, bu, son dərəcə
gözəl vəziyyətdir.
Onların zehni təhsillə məhv edilməyib.
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2023.-7 oktyabr, ¹37-38.- S.28-29.